Azərbaycan – dini və
milli tolerantlıq məkanı
XXI əsr qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi
nəticəsində dünyanın geosiyasi arenasında əhəmiyyətli
dəyişikliklərin baş verməsi ilə xarakterizə
olunur. Qloballaşma şəraitində ümumbəşəri
dəyər kimi müxtəlifliyin qorunması məqsədilə
mədəniyyətlər və dinlər arasında dialoqun
qurulması, tolerantlıq və dözümlük ənənələrinin
inkişafı olduqca vacibdir.
Tolerantlıq müxtəlif və zəngin dünya mədəniyyətinin,
fərdiliyin təzahür tərzi və özünüifadə
formasının qəbul edilməsi, doğru şəkildə
anlaşılması və ona hörmət göstərilməsi
deməkdir. Tolerantlıq – müxtəliflikdən doğan
harmoniyadır. Bu yalnız mənəvi
borc deyil, həm də siyasi və hüquqi tələbatdır.
Tolerantlıq – sülhün əldə edilməsini
mümkünləşdirən və müharibə mədəniyyətini
sülh mədəniyyəti ilə əvəzləyən
xeyirxahlıqdır (16 noyabr 1995-ci ildə YUNESKO-nun Baş
konfransının 5.61 Qətnaməsi ilə təsdiqlənmiş
tolerantlıq prinsipləri Deklarasiyasına uyğun olaraq).
Azərbaycan
müxtəlif
xalqların və konfessiyaların nümayəndələrinin
əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq
şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənəyə,
dərin tarixə və mənəvi köklərə malik
olan tolerantlığı Azərbaycan xalqının və
dövlətinin milli-mənəvi dəyəri hesab etmək
olar. Bizim gücümüz – birlikdə,
ölkəmizdəki sabitliyin möhkəmləndirilməsində,
eləcə də dini və milli əmin-amanlığın təmin
edilməsindədir.
Tarixən Azərbaycanda İslam, Zərdüştilik,
Xristianlıq, İudaizm kimi müxtəlif dinlərin nümayəndələri
yanaşı yaşamış və fəaliyyət göstərmişlər. Hələ qədim
zamanlarda Azərbaycan ərazisində mənəvi mədəniyyət
bütpərəstlik, atəşpərəstlik və
Tanrıçılığın sıx mövcud olması
şəraitində inkişaf etmişdir. Eramızdan
əvvəl I minillikdə yaradılmış Zərdüştiliyin
dini-fəlsəfi sistemi və Avestanın təlimi həyatın
mənasına unikal yanaşmasına görə alim və
mütəfəkkirləri indiyədək təəccübləndirir.
Abşeron yarımadasında tarixi və
memarlıq abidəsi kimi qorunmuş atəşpərəst məbədi
– Atəşgah Azərbaycan xalqının mənəvi irsinin
parlaq tarixi-mədəni ünsürlərindən
sayılır.
Ölkəmizdə yüksək səviyyədə
dözümlük mühitinin formalaşmasında İslam
dininin böyük rolu olmuşdur. Çünki azərbaycanlıların
ənənəvi dini olan İslamda tolerantlıq,
dözümlük yüksək mənəvi dəyər və
mədəniyyət kimi qiymətləndirilir. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycanda
bütün dövrlərdə müsəlmanlar öz
inanclarına söykənərək digər dinlərin mənsublarına
nəinki qucaq açmış, hətta ibadət evləri
tikmək, etiqadlarına uyğun yaşamaq üçün
onlara yardım göstərmişlər. XIX
əsrin sonlarına yaxın Bakıda “Qızıl kilsə”
kimi tanınan “Aleksandr-Nevski” kilsəsinin inşası
üçün toplanılmış ianənin böyük
hissəsinin müsəlmanlar tərəfindən verilməsi
dünya tolerantlıq tarixinin parlaq səhifələrindəndir.
Azərbaycan ərazisində Qafqazda ən qədim kilsə
sayılan, xristian dünyasının ilk kilsələrindən
biri Alban Apostol Kilsəsi təsis edilmişdir. Qafqaz
Albaniyasında xristian icmaları hələ eramızın ilk
əsrlərində meydana gəlmişdir. Həmçinin yerli alban kilsəsi ilə
yanaşı XIX əsrdən etibarən ölkəmizdə
xristianlığın digər qolları da
yayılmışdır. Belə ki, Azərbaycanı işğal etdikdən
sonra Rusiya imperiyasının regionda apardığı aktiv
köçürmə siyasətinin tərkib hissəsi kimi
rus, erməni, alman, polyak və digər xalqların nümayəndələrinin
ölkəmizdə yerləşdirilməsi nəticəsində
burada pravoslav, yevangelik-lüteran, katolik kilsələri
yaradılmış və müxtəlif xristian məzhəbləri
fəaliyyət göstərmişdir. XIX əsrdə
və XX əsrin başlanğıcında Bakıda, rus qəsəbələrində,
ölkənin müxtəlif bölgələrində pravoslav
kilsələri və prixodlar təsis edilmişdir. 1896-1899-cu illərdə Bakıda alman
yevangelik-lüteran kirxası, 1909-1911-ci ildə katolik kostyolu
tikilmişdir.
Bəzi mənbələrə görə, İudaizmin
Azərbaycanda inkişafı dağ yəhudilərinin erkən
orta əsrlərdə bu ərazilərə köçməsi
ilə bağlıdır. Avropa yəhudiləri
– aşkenazilər isə XIX əsrdən başlayaraq miqrasiya
prosesləri, ölkənin iqtisadi-sənaye inkişafı ilə
bağlı Azərbaycana gəlmişlər. XIX əsrin sonu – XX əsrin əvvəlində
Bakıda Avropa və dağ yəhudilərinə məxsus
sinaqoqlar tikilmişdir. Bütün
bunların nəticəsi olaraq ölkəmizdə tarixən təşəkkül
tapmış çoxkonfessiyalılığı və Azərbaycan
xalqının özünəməxsus mədəniyyətinin
formalaşmasına təsir göstərmiş müxtəlif
dini dünyagörüşlərin vahid cəmiyyətdə
birgə inkişaf etməsini mədəniyyətlərarası
dialoqun mümkünlüyünü göstərən bariz
nümunə kimi qəbul etmək olar.
Sovetlər Birliyinin dağılması nəticəsində
Azərbaycan müstəqilliyi ilə yanaşı, dinlərin
və sivilizasiyaların qovşağı kimi
daşıdığı tarixi missiyanı da bərpa
etmişdir. Bu mənada Sovet rejiminin süqutu təkcə
müstəqilliyimizin bərpasının yox, həm də
milli-mənəvi dəyərlərimizə münasibətdə
yeni mərhələnin başlanğıcıdır. Azərbaycan Respublikasının Konstitusiyası hər
bir vətəndaşın vicdan azadlığına və
azad dini seçmək hüququna tam təminat verir. Eyni zamanda, 1992-ci ildə qəbul edilmiş “Dini
etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanunu ölkədə mövcud olan dini
icmalar arasında stabil dostluq əlaqələrinin və dini
dözümlülüyün inkişafına imkan yaradır.
Bu gün Azərbaycan dünyada məscid, kilsə və
sinaqoqun üçünün bir arada olduğu, eləcə də
müxtəlif dinlərin mənsublarının heç bir
ayrı-seçkilik halı ilə
qarşılaşmadıqları nadir ölkələrdən
biridir. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə
görə nəinki Şərqdə, hətta bütün
dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir.
Bu, həm də mütərəqqi
dünyanın, xarici siyasətçilərin, diplomatların
və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri
həqiqətdir. Təsadüfi deyildir ki, bütün
regionda ilk dəfə 16 noyabr Beynəlxalq tolerantlıq
günü kimi Azərbaycanda qeyd edilmiş və ümummilli
liderimiz Heydər Əliyev 1999-cu ildə öz təşəbbüsü
ilə bu əlamətdar gündə ölkəmizdəki dini
konfessiyaların başçıları ilə
görüşmüşdür. O, bununla həm tolerantlıq
prinsiplərinə münasibətini bir daha nümayiş
etdirmiş, həm də gələcəkdə mütərəqqi
bir ənənənin yaranması üçün zəmin
hazırlamışdır.
Azərbaycan dövlətinin din siyasəti tarixi köklərə
malik olan çoxkonfesiyalılığın qorunması
üçün əlverişli şəraitin və dini
icmalar arasında dialoqun yaradılmasına, ictimai problemlərin
birgə həllinə yönəlmişdir. Bunun nəticəsidir
ki, Azərbaycan İslam dünyasında fərqli mədəniyyətlərin
və dinlərin qovşağı funksiyasını bu gün
də uğurla davam etdirir. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti
ilə Roma katolik kilsəsinin başçısı II
İohann Pavelin 2002-ci ildə Azərbaycana rəsmi səfərə
gəlməsi bu tezisi sübut edən bariz nümunədir.
Ümummilli lider Heydər Əliyev tarixi-dini abidələrin
bərpası və yeni ibadət evlərinin tikintisinə də
xüsusi diqqət göstərmiş, bu işlərə
mümkün olduğu qədər dövlət dəstəyini
əsirgəməmişdir. Ölkəmizdə bu proses həm də
onunla fərqlənir ki, tarixi-dini abidələrin bərpası
dedikdə yalnız İslama deyil, digər dinlərə məxsus
abidələr də nəzərdə tutulur. Heydər Əliyevin
diqqət və qayğısı sayəsində Bibiheybət
məscid-ziyarətgah kompleksinin yenidən qurulması ilə
yanaşı, Katolik kilsəsinin inşası, Rus-Pravoslav
Baş Kafedral Kilsəsinin, Qafqaz Albaniyasının mədəni-tarixi
irsi olan Kiş məbədinin əsaslı bərpası,
Bakıda regionun ən böyük sinaqoqunun dindarların
istifadəsinə verilməsi tək Azərbaycanda yox, onun sərhədlərindən
kənarda da böyük əks-səda doğurmuşdur.
Bu ənənənin
davamı kimi, bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət
göstərən konfessiyaların dini bayramlarında və əlamətdar
günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara,
xristianlara, yəhudilərə müraciət edir,
tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi
üçün dövlət səviyyəsində həyata
keçirilən tədbirlərin icrasına dəstək
verir. Prezidentin rəhbərliyi ilə
böyük tarixə malik dini məbədlərimizin bərpası
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir. Son illər ərzində Bibiheybət, Təzəpir,
İçərişəhər Cümə, digər məscid
və ziyarətgahlarda əsaslı təmir-bərpa işləri
aparılaraq, dindarların istifadəsinə verilməsi, Azərbaycan
Dövlət Filarmoniyasının kamera və orqan musiqisi
zalı – tarixi yevangelik-lüteran kirxası binasının
rekonstruksiyası Prezident İlham Əliyevin bu sahəyə həssas
münasibətinin, diqqət və qayğısının nəticəsidir.
Ölkəmizdə
dini abidələrin, müqəddəs məkanların yenidən
qurulması, bərpa və təmir edilməsi ardıcıl və
mütərəqqi xarakter daşıyır və
dövlət səviyyəsində
aparılır. Dövlət başçısının
xüsusi sərəncamları əsasında Şamaxı
şəhəri Cümə məscidində və Gəncə
şəhəri İmamzadə ziyarətgahında yenidənqurma
və bərpa işlərinin aparılması, eyni zamanda “Atəşgah
məbədi” Dövlət tarix-memarlıq qoruğunun
rekonstruksiyası və maddi-texniki təminatı bu fikrin əyani
təsdiqidir.
Yeni məscidlərin, ziyarətgahların, xristian və
iudaizm məbədlərinin tikintisi və bərpasında Heydər
Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd edilməlidir. YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu öz fəaliyyətində
milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni
abidələrimizin bərpasına böyük önəm verir.
“Azərbaycan
tolerantlıq ünvanıdır” layihəsi çərçivəsində
Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə
Daşkəsən şəhər məscidində, Xəzər
rayonu Binə qəsəbəsində Möhsin Səlim və
İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsində
Pirhəsən ziyarətgahında, Buzovna qəsəbəsində
Cümə məscidində, Gəncə şəhərində
Şah Abbas və Həzrət Zeynəb məscidlərində,
Cavad xan və Comərdi Qəssab məqbərəsində, eləcə
də Bakı şəhərindəki “Müqəddəs Məryəm”
katolik kilsəsində yenidənqurma və bərpa işləri
aparılmışdır.
Azərbaycan xalqının və dövlətinin
tolerantlığa bu qədər həssas və ciddi
yanaşması əslində təkcə keçmişinə
hörmətindən deyil, həm də sağlam gələcək
qurmaq istəyindən irəli gəlir. Çünki
tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə
dinlər və mədəniyyətlərarası dialoqun
baş tutması, ən əsası ictimai-siyasi sabitliyin
qorunması, sürətli inkişafın təmin olunması
qeyri-mümkündür.
Azərbaycan artıq beynəlxalq səviyyədə dinlərarası
dialoqun mərkəzinə və təşkilatçısına
çevrilir.
Bu baxımdan ölkəmizin son illər dövlət-din
münasibətlərinin tənzimlənməsinə və
dinlərarası dialoqun təşkilinə həsr olunmuş
nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi
etməsi təsadüfi deyildir. Təkcə onu demək kifayətdir
ki, 3-4 aprel 2007-ci ildə Bakıda keçirilən “Heydər Əliyev
və Azərbaycanda din siyasəti: gerçəkliklər və
perspektivlər” mövzusunda ikigünlük beynəlxalq
konfransda dünyanın 20 ölkəsini təmsil edən din
siyasətilə məşğul olan rəsmi şəxslər,
tanınmış dinşünaslar, politoloqlar, tarixçilər,
diplomatlar, habelə beynəlxalq və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak etmişlər.
Eyni zamanda, 26-27 aprel 2010-cu ildə Bakıda təşkil
edilmiş Dünya Dini Liderlərinin ikinci sammiti təkcə
regionda deyil, bütövlükdə dünya miqyasında dinlərarası
dialoqun və əməkdaşlığın
reallaşması baxımından əhəmiyyətli rol
oynamışdır. Sammitdə dünya miqyasında
tanınmış nüfuzlu din xadimləri bəşəriyyətin
sağlam gələcəyi naminə dinlərin üzərinə
düşən böyük missiya barədə geniş fikir
mübadiləsi aparmış, əməkdaşlıq və
birgə fəaliyyət haqqında önəmli qərarlar qəbul
etmişlər.
O da qeyd
edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq
siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20
faizini işğal altında saxlaması, nəticədə
bir milyondan çox soydaşımızın məcburi
köçkün həyatı yaşaması, işğal
altındakı tarixi-dini abidələrimizin məhv edilməsi
təkcə Azərbaycanda deyil, bütün regionda sülh və
sabitliyin bərqərar olmasına, eləcə də
tolerantlıq ənənələrinin möhkəmlənməsinə,
dinlərarası əməkdaşlığın
formalaşmasına ciddi problemlər yaradır. Lakin
buna baxmayaraq, Azərbaycanda tarixən formalaşmış
tolerantlıq ənənələri dövlət səviyyəsində
davam etdirilir və zaman keçdikcə bu ənənələr
yeni keyfiyyətlərlə zənginləşir.
Şübhəsiz
ki, ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu və Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi din siyasəti nəticəsində qorunub
saxlanılmış və inkişaf etdirilmiş
tolerantlıq mühiti və bərpa edilmiş tarixi-dini abidələrimiz
dövlətimizin dünya mədəniyyətinə ən
böyük töhfəsi, gələcək nəsillər
üçünsə ən dəyərli mirasıdır.
G.MUSAYEVA
525-ci qəzet.-
2013.- 23 yanvar.- S.6.