“Çoxlarının
sevdiyi dil...” haqqında maraqlı vəsait
İngilis dilçisi Simeon Potterin
“Dilimiz” kitabının tərcüməsi haqqında qeydlər
Qədim ingilis dili necə
formalaşıb? Bu dil
hansı inkişaf mərhələlərini keçib?
Əsrlər boyu işlənən bu dildə indiyədək hansı
dəyişikliklər baş
verib?
İndi ingilis dilinin ölkəmizdə də geniş öyrənildiyini
nəzərə alsaq,
bu sualların aktuallığını anlamaq
çətin olmaz. İngilis dili,
bu dilin tarixi və keçdiyi inkişaf yolu haqqında bütün bu və digər sualların cavabı tanınmış ingilis dilçisi Simeon Potterin “Dilimiz” (“Our Languaage”) kitabında verilib. Bu yaxınlarda Azərbaycan oxucusuna Azərbaycan dilində təqdim olunan bu kitab “çoxlarının
sevdiyi və çox az insanın
ondan necə istifadə etməyi bildiyi dil haqqındadır”
(R.V.Çəpmən)...
Müəllif dil tarixinin araşdırılmasına qədim
ingilis dilinin yaranması və formalaşması tarixinin təhlilindən başlayır.
“Qədim ingilis dili” adlı ilk fəsildə V və VI əsrlərdə müxtəlif
millətlərin (yutların,
saksonların, anqlların)
adada məskunlaşması,
bundan sonra Avropada və bütövlükdə dünyada
baş verən bir çox ictimai-siyasi proseslərin təsiri ilə dilin dəyişməsi və inkişafı, bütövlükdə dünyada
gedən yerdəyişmələrin
ingilis dilinə təsiri məsələləri
araşdırılır. Böyük alim bu qənaətə
gəlir ki, ingilis dili flektiv
dillərdən olsa da, onda yunan,
latın və ya qot
dili kimi yüksək dərəcədə
flektivlik yox idi. Bu dil
hind-Avropa sintetikliyindən
müasir ingilis analitizminə doğru aparan lingvistik yolun yarısından bir qədər çox məsafə qət edib.
Müəllif dilin söz sırasını, mürəkkəb
cümlələrin quruluşunu
və s. təhlil edərək uzun illər boyu ingilis dilində gedən mürəkkəb
proseslərin təhlilinə
geniş yer verib.
“Görəsən, nəyə
görə texniki terminlərmizin çoxu yunan mənşəlidir?”
Bu sual, əslində,
təkcə ingilis dilinə deyil, əksər dillərə,
o cümlədən Azərbaycan
dilinə də aiddir. Çünki bizim dilimizdə
işlənən terminlərin
də çoxu yunan mənşəlidir və bu baxımdan
müəllifin yunan təhsilinin ingilis dilinə və bütün dillərə
təsirinə xüsusi
diqqət yetirməsi təsadüfi deyil.
Müəllif ingilis dilində
şəxs adlarının
təşəkkülü və işlənmə tarixini də araşdırıb, ingilis cəmiyyətində şəxs
adlarının formalaşma
tarixini, şəxs adlarının daşıdığı
məna çalarlarını
sadə və anlaşıqlı şəkildə
oxucuya çatdırıb.
Kitabda Britaniya
və Amerikan ingilis dili arasında
fərqlər, bu fərqlərin yaranma tarixi və zərurəti də aydınlaşdırılır, dildə mövcud olan meyl və
istiqamətlər təhlil
edilir.
Bütün bunlar böyük ingilis dilçisinin elmi potensialından və yüksək erudisiyasından xəbər
verir və kitabın bütün dövrlər üçün
gərəkli olduğunu
göstərir. Lakin belə bir gərəkli kitabı Azərbaycan oxucusuna çatdıran, kitabı dilimizə tərcümə edən insanların zəhməti
isə heç də müəllifin zəhmətindən az deyil. Əsəri filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli
və Azərbaycan Dillər Universitetinin ingilis dilinin qrammatikası kafedrasının
baş müəllimi
Sahilə Mustafayeva tərcümə edib. Tərcüməçilər əslində çətin,
məsuliyyətli, eyni
zamanda tələbələr
və ingilis dili ilə maraqlananlar
üçün vacib
bir işin öhdəsindən uğurla
gələ biliblər.
Tərcümədə müəllifin üslubu,
yaradıcılıq manerası
qorunub saxlanılıb,
kitab oxunaqlı və anlaşıqlı şəkildə oxuculara təqdim edilib. Çünki S.Potter ingilis
dilinin incəliklərindən
istifadə edərək
sanki oxucularla söhbət edir, ingilis dilinin hazırkı dövrə
qədər keçdiyi
uğurlu, çətin,
eyni zamanda şərəfli yolu dilçi-yazıçı ustalığı
ilə oxuculara çatdırır. Tərcümə
zamanı kitabın yazı üslubu – sadəliyi, təbiiliyi Azərbaycan dilinin gözəlliyindən istifadə
edilərək saxlanılıb.
Bu da tərcüməçilərin
peşəkarlığının göstəricisidir.
Bundan başqa
tərcüməçilər kitabı sadəcə tərcümə etməyiblər. Onlar tərcüməyə
yaradıcı yanaşıblar.
Belə ki, kitabda müxtəlif
tarixi hadisələr xatırlanır, qədim,
orta, Tüdor və Elizavet dövründə çap
olunmuş müxtəlif
kitabların – dini, tarixi, bədii, elmi əsərlərin adı çəkilir, onlardan sitatlar verilir. Müəllif bəzən
müxtəllif hadisələri
xatırladır, amma onu açıqlamadan söhbətinə davam edir. Azərbaycanlı oxucuları həmin
hadisələrlə bağlı
məlumatlandırmaq üçün
tərcüməçilər bu hadislər barədə mötərizədə
məlumat verməklə
oxucunun işini asanlaşdırıblar. Məqsəd oxucuların həmin hadisələrlə bağlı
bilgisini artırmaqdır.
Eyni zamanda orijinalda çoxlu miqdarda nümunə sözlərdən istifadə
olunub. Azərbaycanlı oxucuları tam şəkildə
məlumatlandırmaq məqsədilə
həmin sözlərin
həm tələffüzləri,
həm də tərcümələri mötərizədə
qeyd edilib.
Əsərdən görünür ki, müəllifin bəzi fikirləri bügünkü
dilçilikdə artıq
əhəmiyyətini itirib. Məsələn,
“Səslər və yazı” adlanan VI fəsildə müəllif
ingilis dilinin fonoloji
sistemini öz dövrünə uyğun
olaraq sıralayaraq şərh edib. Amma orada olan bəzi
fikirlər artıq müasir dövr üçün aktual olmadığından tərcüməçilər
həmin hissələrə
öz münasibətini
bildirib və bu barədə də fikirlərini qeyd ediblər.
Orijinalda çoxlu dövlət
xadimi, dilçi, yazıçı, şair
və s. adları çəkilir. Həmin adların orijinaldakı yazı formalarının ayrıca “Ad göstəriciləri” bölməsində
verilməsi də təqdirəlayiqdir.
Qeyd etmək yerinə düşər ki, əsərə professor İsmayıl
Kazımov,
professor Qılıncxan Bayramov, dosent Leyla Cəfərova və dosent Qələmşah Heybətov
rəy vermişlər.
Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Azad Məmmədov və filologiya üzrə fəlsəfə
doktoru Elmar Əbdülrəhimovdur.
Göründüyü kimi, bu əsər sanballı bir alim kollektivinin iştirakı ilə ərsəyə
gəlib. Bu isə
o deməkdir ki, kitab oxucuların, xüsusən ingilis dilinin tarixinə, bu dildə baş
verən dəyişikliklərə
maraq göstərən
mütəxəssislərin stolüstü vəsaitinə
çevriləcək.
Şəhla NAĞIYEVA,
Azərbaycan Dillər Universitetinin
Xarici Ölkələr Ədəbiyyatı
kafedrasının professoru.
525-ci qəzet.- 2013.- 23 yanvar.- S.7.