“TOFİQ ABİ”
TRT-nin Azərbaycan Təmsilçiliyinə təyin
olunduğum ilk günlər idi və Tanıtma Müşaviri
Fethi Gedikli bəy ilə bir Azərbaycan ziyalısını
ziyarət etməyə qərar verdik. Təklif Fethi bəydən
gəlmişdi mən də məmnuniyyətlə qəbul
etdim. Doğrusu, ziyarət edəcəyimiz
insanla o zamana qədər heç üz-üzə gəlməmişdim.
İmzasına yalnız Bakıya gəldiyim
gündən bəri yaxından izlədiyim Azərbaycan mətbuatından
bələd idim.
Yazılarında, ara-sıra, gileylə
qarışıq olsa da, dərin bir Türkiyə sevgisi
sezilirdi. Daha doğrusu, sezilmirdi, aşkarca özünü
göstərirdi. Görüş
vaxtını Fethi hocam nizamladı. Tam
vaxtında Azərbaycan Yazıçılar Birliyində onunla
görüşdük. Bu sadəcə
tanışlıq idi. Bu insan kimdir deyə
maraqlanmışdıq və tanımaq istəmişdik.
Ancaq tanış olduqdan sonra bir ziyalı,
yazar, şair və jurnalist portretinin yanında ürəkdən
danışan, içi-çölü bir olan, səmimi bir
insan görmüşdüm qarşımda.
Və o gündən sonra ona həmişə dərin
sevgi və hörmət duydum və içimdən gələrək
“hocam” deyə xitab etməyə başladım. Daha sonra,
çəkiliş üçün bütün ön
hazırılıqlarını tamamladığım, ancaq
nümayəndəliyə prodüser olaraq yeni təyin olunan
bir dosta təqdim etdiyim “Azərbaycandan Portretlər” adlı sənədli
verilişdə, həyatını çəkməyi
düşündüyüm insanların arasında ilk
ağlıma gələnlərdən biri oldu.
Azərbaycanda işlədiyim müddətdə məndə
belə dərin iz buraxan həmin insan Tevfiq Abdindən
başqası deyil (Tevfiq Abdinin adı Azərbaycanda “Tofiq”
olaraq yazılsa da mənə kitablarını “Tevfiq” olaraq
imzaladığı üçün bu şəkildə
müraciəti tərcih etdim).
Tevfiq Abdin 1941-ci ildə Azərbaycanın
şimalındakı Türkiyənin düşüncə həyatı
da çox dərin izlər buraxan, Türkiyədə
türklük fikrinin oyanmasında başlıca rol oynayan
ziyalılarından olan Əli bəy Hüseynzadənin (Turan)
məmləkəti olan Səlyan şəhəridə
dünyaya gəlir. Babaları Ərdəbildən Səlyana
köç etmişlər. Özündən
əvvəlki iki qardaşı vəfat etdiyi üçün
səkkiz uşaqlı ailənin ən böyüyü sayar
özünü. Orta təhsilini
tamamladıqdan sonra, əslində jurnalistika sahəsində təhsil
almaq niyyətindəykən, Azərbaycan Dövlət İncəsənət
İnstitutunun teatr yazıçılığı fakültəsinə
qəbul olunur. Buradan 1968- ci ildə məzun olduqdan sonra,
həmin il, “Qobustan” adlı sənət
toplusunun teatr, kino və musiqi hissəsinin məsuliyyətini
boynuna götürür. Azərbaycan mədəniyyət
və sənət həyatında əhəmiyyətli bir yeri
olan Anarın redaktorluğu ilə nəşr olunan “Qobustan”
jurnalından danışarkən Tevfiq Abdin əsl
yazıçılıq peşəsini burada öyrəndiyini
söyləyər. Həqiqətən
burada qələmini olduqca inkişaf etdirmə imkanı tapar.
Jurnalda şöbə müdiri vəzifəsində
çalışmaqla yanaşı, Azərbaycan kinosu,
teatrı və musiqisi haqqında da yazılar yazar.
Türkiyə haqqında ilk yazılarını da elə
burada qələmə alar və jurnalda Türk sənətçilərini
təbliğ edən yazılar nəşr etdirər. O illərdə Sovet hakimiyyəti
bünyəsindəki türk dünyasına maraq duyduğunu
da, bir dostuna 1970- ci ildə, Çingiz Aytmatovun “Ağ Gəmi”
adlı əsərini tövsiyə etməsindən
anlayırıq. Tevfiq Abdin yazı yazmağa
çox gənc yaşlarında başlamışdı əslində.
Bir çobandan bəhs edən ilk
yazısını qələmə aldığı zaman 13
yaşı vardı. Və o gündən
başlayaraq bu günə qədər davam edər
yazıçılıq həyatı. Bu uzun zaman çərçivəsində
Azərbaycan Sovet Ensiklopediyasında müsahhihlik, “Qobustan”
jurnalında şöbə müdiri və katibliki, “Ulduz”
jurnalında yazıçılıq, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyində dövlət teatrlarında baş məsləhətçi,
“Mədəniyyət” qəzeti və Azərbaycan Bədii Tərcümələr
və Ədəbi Əlaqələr Mərkəzinin nəşr
etdiyi “Xəzər” jurnalında nəşr idarəçisi
köməkçisi vəzifələrində
çalışır. Hal-hazırda fəal
olaraq yazılarına davam etməkdədir. “525-ci qəzet” və “Ədalət” kimi gündəlik
qəzetlər olmaqla yanaşı Azərbaycanın bir
çox qəzet və jurnalında məqalələri nəşr
olunmaqdadır.
İlk şeirini də 1957- ci ildə qələmə
alır Tevfiq Abdin. Hər nə qədər bu şeiri əsərləri
arasında görməsə də, həyatının ən
maraqlı əsərlərindən biri olma xüsusiyyətinə
malikdir.
Bu şeiri yuxusunda görən şair heç bir yerinə
toxunmadan, yuxusunda gördüyü şəkildə qələmə
alaraq dövrü mətbuatda nəşr etdirir. Özü, hər
nə qədər bu yazdığını “şeir” olaraq
xarakterizə etməyin mümkün olmadığını
dilə gətirsə də, bu maraqlı hadisə onun şeir
həyatının başlanğıcı olur və şair
Tevfiq Abdini ortaya çıxardır. Abdinin
ilk kitabı isə 1969- cu ildə nəş olunur. “Etüd” adlı bu kitab, araşdırma
kitabıdır və mövzusu müharibəsinə
qatılan azərbaycanlı sənət adamlarıdır.
İlk şeir kitabı “Nəğməli gecələr”
i də 1972- ci ildə nəşr ediləcək və
günümüzə qədər davam edən bir çox
yeni əsərləri təqib edəcək.
Tevfiq Abdinin nəsrinin, öz ifadəsi ilə desək
“proza” larının mövzularını üç ana qrupda
yığmaq olar. Birincisi mövzusu Türkiyə ədəbiyyatı
olan, türk ədəbi həyatını,
yazıçılarını, şairlərini, jurnalist və
sənət adamlarını Azərbaycanda tanıtmağa
istiqamətlənmiş. Yazıları,
ikincisi Azərbaycan ədəbiyyatı və sənəti
haqqında olab yazıları və nəhayət öz
müşahidələrini və işlərini əhatə
edən yazılar. Şeirlərini isə
sərbəst vəzndə qələmə
almışdır. Təbiət təsvirindən
ictimai mövzulara, fərdi həssaslıqlardan sitəmlərə
qədər müxtəlif mövzularda duyğularını
dilə gətirər bu şeirlərində. Fikrət Qocanın ifadəsiylə desək, o “bir azadlıq
şairidir” eyni zamanda. Tevfiq Abdinin Azərbaycanda
Türkiyə haqqında ən çox yazı yazan insanlardan
birinci olduğunu demək olar. Türkiyəyə
ilk səfəri 1989-cu ildə təsadüf edir. Sovet hakimiyyətinin dağılmadığı bir
zamanda, fərqli millətlərdən ibarət olan insanlarla
etdiyi bu gəzinti, onun Türkiyə ilə əlaqədar ilk
canlı təsəvvürlərinin meydana gəlməsində
əhəmiyyətli rol oynayır. Ardından
Azərbaycanın yenidən müstəqilliyini əldə etməsindən
sonra 1993-cü ildə həyat yoldaşının İstanbul
Baş konsulluğunda vəzifəyə təyin edilməsi ilə
həyatında yeni bir dövr başlayır. Həyat yoldaşı və uşaqları ilə
İstanbula yerləşir.
Uşaqlığından
bəri davam etdirdiyi yazıçılığına burda da
ara vermir. “Orta Doğu” və
“Yeni Asiya” qəzetlərində bir çox yazısı nəşr
olunar. Türkiyədə yaşayan azərbaycanlıların
həyat hekayələrini araşdırar, siyasi, ictimai mədəni
mövzularda yazılar yazar. Bu vaxt ədəbiyyat
dünyasını da yaxından təqib edər. Nə var ki, 1993-2001-ci illər arasındakı bu səkkiz
illik zaman kəsiyi onda fərqli bir Türkiyə təsəvvürü
meydana gətirib çıxardar. “Biri var
Türkiyədə yaşamaq, biri də var orda olmaq. Mən Türkiyədə keçirdiyim günləri
yaşamaq adlandıra bilmirəm. Mən
sadəcə, orda olmuşam. Mən
Türkiyədən gözəl xatirələrlə
ayrılmışam” deyə tərif edər xatirələrindəki
o günləri. Əslidə bu əhval-ruhiyyə,
ta XIX əsrdən etibarən türklüyün mərkəzi
hesab etdikləri Türkiyəyə gəlib, bu ölkənin əslində
xaricdə xəyal ediləndən fərqli həqiqətləri
olduğunu görən bir çox xarici türk
ziyalısının yaşadığı xəyal
qırıqlıqlarının bir yenisidən başqası
deyil. Və səkkiz ilin sonunda “Gözlərimi
yumub, bir mahnını dinləyib ayrılıram
İstanbuldan” sətirləri ilə Türkiyədən
ayrılar və Bakıya qayıdar. Amma
bütün yaşadıqlarına baxmayaraq içindəki
İstanbul eşqi sönməz. Hələ
də dünya şəhərləri içərisində ən
sevdiyi şəhər İstanbuldur onun üçün.
Azərbaycana
qayıtdıqdan sonra, Türkiyə ilə bağlı
yazılarına davam etməsi, Türkiyədəki
yazılarının bir qismini yığdığı
kitabına “Ah İstanbul... İstanbul...”
adını verməsi, onun sitəminin “sevgiliyə”
olduğunu açıqca göstərər. Yenə o, Azərbaycan ədəbi mühitində,
“abi” olaraq tanınar. Azərbaycan türkcəsində “
böyük qardaş” deyilməsi ilə yanaşı, ona həm
də,danışma dilindəki söylənişiylə “abi”
olaraq xitab edilməsi Türkiyəyə olan sevgisinin davam
etdirməsinin bir təzahüründən başqa bir şey
deyil, əlbəttə.
Evli və iki uşaq
atası olan Tevfiq Abdin Azərbaycanın ən yaradıcı
qələm mütəxəssislərindən biridir. Bu
günə qədər qələmə aldığı
saysız məqalə araşdırma və şeirlərlə
yanaşı “Etüd” (1969), “Nəğməli gecələr”
(1972), “Ata Sevgisi”( şeirlər-1978), “Bəlkə bir də
görüşdük” (qəzet yazıları-1984), “Günlər
Bəşirsiz keçir (1986)”,
“Sahilsiz dünya (şeirlər-1986)”, “Şəhərimiz ayaq
açır (şeirlər-1991)”, “Şeirlər (üç
cild-2001)”, “Ah İstanbul... İstanbul... (2004)”, “Proza (2006)”, “Əsrar
Dədədən Orxan Arasadək (2008)”, “Poeziya (2009)” və
“Dövlət çevrilişi (2010)” adı ilə nəşr
olunmuş 13 kitabı var.
Tofiq Abdin bu günə qədər qələminə
sadiq qalaraq həyata əzm göstərib və bu gün də
göstərməkdədir. Hər vaxt dost canlı, səmimi bir
insandır. Dili nə söylərsə söyləsin,
Tevfiq Abdinin yanından ayrıldıqdan sonra, insanın
içində oyanan duyğu “nikbinlik”dir. Ümid və
işıqlıqdır.
Həyatından bəzi sətirləri qələmə
almağa çalışdığımız bu
yazını ona müraciət edərək bitirmək istəyirəm. “Tevfiq hocam!
Bunu bilin ki, Türkiyəyə sevginiz
qarşılıqsız qalmadı. Sizi sevən
bir çox dostunuz var Türkiyədə.
Unutmayın,
siz bizim də Tevfiq Abimizsiniz!
Abdulhəmid AVŞAR
525-ci qəzet.-
2013.- 23 yanvar.- S.7.