Mirzə Fətəlinin yubileyinə layiqli
töhfə
Böyük
ədib, milli dramaturgiyamızın banisi Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyi münasibəti ilə AMEA
M.Füzuli adına Əlyazmalar
İnstitutunda bir sıra tədbirlər həyata
keçirilib. Məlum olduğu kimi, Mirzə Fətəli
Axundzadənin sənədlərindən, əsərlərinin
əlyazmalarından, məktublarından, kitablarından ibarət
zəngin şəxsi arxivi Əlyazmalar İnstitutunda
saxlanılır. Ötən yubiley ilində
bu eksponatlar içində ən maraqlılarının
fotolarından ibarət sərgi təşkil edilib. Yubileyin
keçirildiyi dövrdə Əlyazmalar İnstitutunda üzə
çıxarılmış, tədqiq edilərək oxuculara
çatdırılmış bəzi materiallar, fikrimizcə,
axundzadəşünaslığa töhfə ola
bilər.
M.F. Axundzadənin Təbriz naibül-vəzarəsi Mirzə
Yusif xanın “Yek kəlmə” əsəri barədə yazısında
onun dünyagörüşü, Şərqin geriliyinin səbəblərinə
dair fikirləri əksini tapmışdır. Mirzə Fətəlinin
əsərindən xəbərimiz olsa da, MirzəYusif
xanın “Yek kəlmə” əsərindən xəbərimiz
yox idi. İnstitutun elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru Sevər Cabbarlı əsərin əlyazma
nüsxələri əsasında “Yek kəlmə”ni fars dilindən
tərcümə edərək geniş ön söz(müəllifi
filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovdur)
və faksimile ilə çap etdirmişdir. Əsəri
oxuduqca Mirzə Yusif xanın dünyagörüşü
etibarı ilə Axundzadəyə yaxın bir adam
olduğunu görürük.
İran
şahzadəsi,Fətəli şah Qacarın nəvəsi,
Abbas Mirzənin oğlu, bir çox dəyərli əsərlərin
müəllifi Fərhad Mirzə 1875-1876-cı illərdə Məkkə
ziyarətinə gedərkən və oradan qayıdarkən
yolüstü bir müddət Şimali Azərbaycanın
şəhər və kəndlərini də gəzmiş,
Nizami Gəncəvinin məqbərəsini görmüş,
M. F. Axundzadə və H. Zərdabi ilə
görüşmüşdür. Sonralar yazdığı “Səfərnamə”
əsərində onun Mirzə Fətəli, Həsən bəy
ilə söhbətləri də əksini
tapmışdır.Həmin əsərin Almaniyada yaşayan həmvətənimiz
Məhəmmədəli Hüseyninin yardımı ilə əldə
etdiyimiz İran çapının mətnini institutun əməkdaşı,
tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə
fars dilindən tərcümə edərək ön sözlə
(müəllifi tarix üzrə elmlər doktoru Kərim
Şükürovdur) nəşr etdirmişdir. Qeyd etmək istərdik
ki,əsər böyük ədibimizin həyat
və yaradıcılığının daha ətraflı
öyrənilməsi baxımından əvəzsiz mənbədir.
Kitabda Mirzə Fətəlinin Tiflisdəki
çar canişiliyindəki, yüksək cəmiyyətdəki
mövqeyinə, əlaqələrinə, ona qarşı
münasibətə dair maraqlı məlumatlar diqqəti cəlb
edir. Məsələn, kitabda Bakı qubernatoru,
general-mayor Staroselski Tiflisdə Fərhad Mirzə ilə
söhbətində Axundzadə barədə belə deyir:
“Axundov sizin gəlişinizi dünən mənə xəbər
vermişdir. O, xeyli səmimiyyət və mehribanlıq etdi. İnsafən gözəl əxlaqlı insandır”.
Bu həmin Staroselskidir ki, H. Zərdabiyə böyük
hörmət bəsləmiş, ilk milli qəzetimiz “Əkinçi”nin çapına əvəzsiz yardımlar
etmişdir. Əsərdə Fərhad Mirzə də
Staroselski barədə gözəl sözlər
yazmışdır. Mirzə Fətəli
Fərhad Mirzə Tiflisdə olarkən onun yüksək vəzifəli
şəxslərlə görüşlərində tərcüməçi
kimi iştirak etmişdir. Kitabdan
görünür ki, geniş bilik dairəsinə malik Axundzadə
ilə həmsöhbət olmaq, xüsusilə də onun yeni əlifba
layihəsi ilə tanışlıq Qacar şahzadəsinin
böyük marağına səbəb olmuşdur. Mirzə Fərtəli onu da ərəb əlifbasının
çətinliklərinə bunun aradan götürülməsi
zərurətinə inandıra bilmişdir. Lakin Fərhad
Mirzə bu fikirdə olmuşdur ki, geniş xalq kütləsi
yeni əlifbanı qəbul etməyəcəkdir: “Rusların
“Axundov” deyə müraciət etdikləri polkovnik bütün
Qafqazın canişininin mütərcimi Mirzə Fətəli
Axundzadə özünün ixtira etdiyi əlifbanı gətirmişdi.
Bu üç qisim layihədən, ixtiradan
ikisini bəyəndim.
Layihənin birində hərflər ayrı-ayrı, həm
də soldan-sağa yazılır. Şəkillərinə görə
latın əlifbasının hərfləridir.
Dedim: “Avropa yazısına oxşadığı
üçün, Xaqani demişkən, “Fələk kəcrəftar
əst əz xətti-tərsa”. İslam əhli
bunu qəbul etməyəcək. Lakin o biri
iki növ əlifba mümkün olsa, yaxşıdır.
Necə ki, İbn Müqlə kufi
yazısını nəsxlə əvəz etdi və işi
asanlaşdırdı”.
Axundzadə bu əlifbaları ixtira etməklə
çox zəhmət çəkmişdir. Ərəb və fars dillərində bəzi hərflər səslənir,
lakin hərf kimi şəkli yoxdur. Ona görə
də əgər bir sözün yazılışında
nöqtələr qoyulmasa, onda fikir ayrılıqları,
ixtilaf yaranacaq. Məsələn, əgər bir şəxs
“müxbir” sözünü oxuya bilməsə, o sözü
müxtəlif cürə oxuyacaq, yəni müxbir yox, mocir,
möbir, məxiz, müxəyyər, mühəyyər kimi
oxuyacaq.
Hərflərin ayrı-ayrı yazıldığı
layihə isə oxumağı xeyli asanlaşdırardı və
uşaqlar üçün və oxumağa yeni başlayanlar
üçün dərs xeyli asan olardı. Lakin indi iki yüz milyon islam milləti bu əlifbaya öyrəşib,
onu dəyişdirmək çətindir. ... Bu
da mümkündür ki, bəzi avam insanlar, adi xalq kütləsi
əlifbanın dəyişdirilməsini dində bidət,
küfr hesab edələr. İbn Müqlə
də kufi xəttini dəyişdirdi”.
Fərhad
Mirzə Axundzadəni yüksək savada, geniş bilik dairəsinə
malik bir şəxsiyyət kimi dəyərləndirir, onun
atasının da, anasının da əslən Cənubi Azərbaycandan
olduğunu qeyd edir: “Xülasə, müşarileyh fazil bir
insandır, rus dilini yaxşı bilir və yaxşı tərcümə
edir. Ərəb, fars və türk dillərini
də bilir, şeir yazmaq təbi də vardır. Şiəməzhəb olsa da, on ikinci imamın
zühuruna inanmır. O, şeyx Mahmud Şəbüsərinin
“Gülşəni-raz”da yazdığı bir beyti tez-tez oxuyur:
Hər an kəsra ke, məzhəb qeyri-gəbr əst,
Təbi fərmud kou manəndi-gəbr əst.
(Cəbrdən
başqa yolu seçənlər üçün
Peyğəmbər buyurdu ki, onlar atəşpərəst
kimidirlər).
Mirzə Fətəli Axundzadənin atası Mirzə Məhəmmədtağı
Xamnənin Ərvənq adlanan kəndindən idi. Ərvənq
Təbrizin 18 qəzasından biridir. Anası
Şəki əhlindən idi. Onun əsli
isə vaxtilə Şəkiyə köçmüş
Marağanın Müqəddəm tayfasındandır.
Mirzə Fətəli bir neçə il Qaradağda
yaşamış, sonra Rusiyanın və İranın
iğtişaş dövründə, 28 yaşında olarkən
Qarabağa və Şəkiyə gəlmiş, burada,
dayılarının yanında qalmışdır. Onun İrana qayıtmaq meyli olmamışdır.
Rusiya dövləti tərəfindən bir
sıra işlə təmin olunaraq vəzifə almış
sahibmənsəb bir şəxs kimi tanınır”.
Əsəri oxuduqca Mirzə Fətəlinin Fərhad Mirzə
ilə ən yüksək vəzifəli şəxslər
arasında tərcüməçilik etdiyini, Tiflisdə
böyük nüfuza malik olduğunu görürük. Kitabın başqa bir yerində
oxuyuruq: “Müşarileyhin mütərcimi Ağa Mirzə Fətəli
idi. Onun geyimi və silahı başqa
cürdür və eşikağasıların geyimi kimidir.
Mirzə Fətəli İran dövlətindən
də orden almışdır”.
Fərhad
Mirzə Axundzadənin kürəkəni, Qacar şahzadəsi
Bəhmən Mirzənin oğlu Xanbaba xanı, onun oğlu Mənsur
Mirzəni də gördüyünü qeyd edir: “Bəhmən
Mirzənin oğlu Xanbaba xan gəldi. O, öz oğlu Mənsur
Mirzəni də gətirmişdi. Mənsur Mirzə
Axundovun qız nəvəsidir. Yeddi
yaşı vardır. Yaxşı,
diribaş oğlandır. Onda Axundovun zəkasının
təsiri görünür”.
Fərhad Mirzənin Məkkə ziyarətinə gedərkən
və ordan qayıdarkən yüksək vəzifəli şəxslər
tərəfindən çox böyük ehtiram, təntənə
ilə qarşılanması diqqəti cəlb edir. O, Tiflisdə Rusiya
imperatorunun qardaşı Mixaillə, Osmanlı dövlətində
olarkən Sultan Əbdüləzizlə, Misirdə hökmdar
İsmayıl Paşa ilə və vəliəhdlə, Hicazda
vali Şərif Abdulla ilə
görüşmüşdür. Tiflisdə Mirzə Fətəli
ona deyibmiş ki, “bu müddətə hələ heç bir
şahzadə və ya hər hansı bir əyan canişin tərəfindən
belə yüksək səviyyədə qəbul edilməmiş
və qonağa bir saat vaxt sərf edərək onunla söhbət
etmək, onu hər bir yerlə tanış
etmək olmamışdır. Bütün bunlar sizə
xüsusi hörmət və meyl xatirinə baş verdi”.
Azərbaycanda əhali Fərhad Mirzəyə
ehtiramını nümayiş etdirmiş, onun gəlişi
münasibəti ilə şənliklər, atəşfəşanlıq
təşkil edilmişdir. Fərhad Mirzə əsərində
Bakının neft quyularını da təsvir edir, qara
qızılın qiymətini Qacar hökümətinin bilmədiyini
vurğulayır, Atəşgədəni ziyarət etdiyini,
teatra getdiyini qeyd edir. Nizami Gəncəvinin
yaradıcılığına bələd olan Qacar şahzadəsi
dahi şairin dağınıq məqbərəsini görərkən
çox mütəəssir olduğunu bildirir: “...Yeddi versdən
sonra yolun sağ tərəfində kiçik bir günbəz
göründü, dağılmışdı. Bu,
Şeyx Nizaminin qəbridir və Gəncə şəhərindən
yeddi vers aralıdır. Yerə
düşüb onun qəbrinin üstünə getdim. Yaxınlıqda gözətçi məntəqəsi
yerləşir. Keşikçilər öz atları
üçün buraya o qədər ot tökmüşdülər
ki,günbəzin yanına getmək mümkün
olmadı. Bu yerdə Şeyxin “İsgəndərnamə”də
yazdığını xatırladım... Fatihə
verib geri qayıtdım”. Müəllif əsərində
Gəncənin adının dəyişdirilib Yelizavetpol
qoyulmasını da təəssüflə
yazmışdır.
Səfəri
zamanı Fərhad Mirzə Həsən bəy Zərdabi ilə
də görüşmüş, onun nəşr etdiyi “Əkinçi”
qəzeti ilə maraqlanmışdır: “Səhər “Əkinçi”
qəzetinin naşiri Həsən bəy Zərdabi gəlmişdi...
Mən dedim ki, qəzet sadə xalq təbəqəsi
üçündür, əgər onun bir tərəfi fars dilində olsa idi, İranda da xeyli oxucusu
tapılardı. O burada farsdilli əhalinin az
olduğunu söylədi. Mən ona dedim: “ Zərdabi
ifadəsi heç məlum deyil və Zərdabın harada yerləşdiyi
məlum olmur, Şirvani təxəllüsü yazsa idin, bu məlum,
məşhur şəhərdir. Şah da bilir
ki, Şirvanda sünni əhali yaşayır. Həsən bəy bildirdi ki, bu vaxtadək belə
tanınmışam və Şirvani olmaq xanzadələrin
haqqıdır. Əgər dəyişdirməli
olsaq, gərək dövlətdən izn alaq və çətin
ki, izn verələr!”
Tahirə Həsənzadə Fərhad Mirzənin “Səfərnamə”
əsərinin Qafqazla bağlı hissəsini tərcümə
etmişdir. Şübhə yoxdur ki, tədqiqatçılar Azərbaycanın
XIX əsrdə ictimai-mədəni həyatını, M. F.
Axundzadənin həyat və
yaradıcılığını tədqiq edərkən bu
hissədən dəyərli məlumat mənbəyi kimi bəhrələnəcəklər.
Fikrimizcə, gələcəkdə “Səfərnamə”
əsərinin bütövlükdə tərcümə etmək
lazımdır. Yüzillərdir ki, azərbaycanlılar,
o cümlədən, görkəmli dövlət, elm, mədəniyyət
xadimlərimiz Həcc ziyarətinə gedirlər. Onlardan çox azının bu səfər barədə
qeydləri qalmışdır. Məsələn,
Xaqaninin şeirlərində onun Məkkə ziyarəti
marşrutu, səfər zamanı görüşləri
müəyyən qədər əksini tapmışdır.
İsmayıl bəy Qutqaşınlı 1852-ci
ildə həyat yoldaşı Bikə xanımla Həcc ziyarətinə
getməsini öz “Səfərnamə”sində təsvir
etmişdir. Bu mövzuda əsərlər
çox azdır, mövcud əsərlərin isə hələ
hamısı üzə çıxarılmamışdır.
Fərhad Mirzənin haqqında
danışdığımız kitabının tam həcmdə
çap edilməsi bu boşluğu müəyyən qədər
doldura bilər.
Paşa ƏLİOĞLU,
filologiya üzrə elmlər doktoru
525-ci qəzet.-
2013.- 24 yanvar.- S.7.