“Dini
tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi cəhətlərindən
biridir”
SEYİD CAMAL ƏZİMBƏYLİ:
“DİNLƏRARASI MÜNASİBƏTLƏRDƏ DÖVLƏTİMİZİN
YÜRÜTDÜYÜ SİYASƏT, TUTDUĞU MÖVQE TƏQDİRƏLAYİQDİR”
Tarix boyu Azərbaycanda ayrı-ayrı
milli azlıqlar, müxtəlif din daşıyıcıları,
təriqət sahibləri
bərabər şəkildə
yaşayaraq, öz ayinlərini azad şəkildə yerinə
yetiriblər. Əcdadlarımızın bizə miras
qoyduğu bu dəyərli nemət xalqımız tərəfindən
qorunmaqla yanaşı,
dövlətin bu sahədə yürütdüyü
uğurlu siyasət dinlərarası və milli münasibətləri
nümunəvi şəkildə
yaşadır. Dövlətin bu sahədə yürütdüyü siyasət
təqdir olunmaqla, ölkədəki dini tolerantlıq mühiti örnək kimi xarakterizə edilir. Tanınmış ictimai xadim,
şərqşünas Seyid
Camal Əzimbəyli ilə söhbətimiz bu barədədir.
– Hazırda ölkədəki
dini tolerantlıq mühitini, dinlərarası
münasibətləri necə
qiymətləndirirsiniz?
– Həqiqətən də ölkəmizdə dini tolerantlıq, dinlərarası
münasibətlər çox
yüksək səviyyədədir.
Azərbaycanda tarixən heç
vaxt milli və dini zəmində
ayrı-seçkilik və
qarşıdurma baş
verməyib, qarşılıqlı
etimada və hörmətə əsaslanan
mütərəqqi milli-mədəni
və dini münasibətlər mövcud
olub. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri
kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin
nümunəvi normalarına
çevrilib. Fikrimcə,
ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində
yaşamasında, etnik
mədəni müxtəlifliyin
günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizm və
multikulturalist dəyərlərin
müstəsna rolu
var. Dinlərarası münasibətlərlə
yanaşı, milli münasibətlər və
bu sahədə dövlətimizin yürütdüyü
siyasət, tutduğu mövqe təqdirəlayiqdir.
Bununla bərabər əsrlərdən
bəri gələn xeyirxah ənənələrdən
yoğrulmuş könül
sahibi olan Azərbaycan xalqının
bu məsələlərə
münasibəti, dini dözümlülüyü çox
yüksək səviyyədədir.
İstər ölkəmizdə məskunlaşan etnik xalqlara, istərsə də digər məzhəblərə, təriqətlərə
münasibətlərdə Azərbaycan xalqının,
eləcə də Azərbaycan dövlətinin
tutduğu mövqe alqışalayiqdir.
Düşüncəmə görə, ölkəmizdə
dini tolerantlıq özünü demokratiyanın
beşiyi hesab edən və demokratik prinsipləri digər cəmiyyətlərə
yaymağı öz missiyaları kimi qəbul edən dövlətlərlə müqayisə
olunmaz dərəcədə
yüksəkdir. Azərbaycanda dini tolerantlıq,
millətlərarası münasibətlərin
yüksək səviyyədə
olması bir tərəfdən əcdadlarımızın
bizə miras qoyduğu dəyərli ənənədirsə, digər
tərəfdən bu,
dövlətimizin uğurlu
siyasətinin məntiqi
nəticəsidir. Əsrlər boyu öz milli-mənəvi
dəyərlərini qoruyan
Azərbaycan xalqı digər xalqların dəyərlərinə də
hörmətlə yanaşıb.
Tarixi faktdır ki, azərbaycanlılar torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə
yardım ediblər.
XVI əsrdə Azərbaycan xalqının
dünyaya bəxş
etdiyi Səfəvilər
atəşpərəstlər üçün məbəd
tikintisinə şərait
yaradıblar. XX əsrin əvvəllərində
qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün
millətlərin, dini
qrupların, o cümlədən
ermənilərin qrupu
olub. Bakıda xristianlar, hətta sayı az
olan katolik icması üçün
də kilsə tikilib. Tolerantlığın daha bir nümunəsi isə erməni katolikosunun Bakıya gəlməsidir.
Fikrimcə, bir çox
ölkə Azərbaycandakı
dini dözümlülükdən
nümunə götürməlidir.
Bu, bizim tarixi
ənənəmizdir.
Ölkəmizdə dini tolerantlıq o qədər yüksək səviyyədədir ki, bir çox məkrli qüvvələr
bu sağlam mühitdən çirkin məqsədləri üçün
istifadə etməyə
də çalışıblar. Belə
cəhdlər indi də hiss edilir. Hətta bu tolerantlıq zaman-zaman Azərbaycan torpaqlarının işğalına
səbəb olub.
Hesab edirəm ki, Ermənistanın işğalçı
mövqeyi, habelə xalqımıza qarşı
çirkin niyyətlərin
həyata keçirilməsi
məhz Azərbaycan xalqının qonaqpərvərliyindən,
tolerant yanaşmasından irəli
gələn məsələdir.
Lakin biz bu məsələni heç vaxt dini müstəviyə keçirməmişik. Bunun
nəticəsidir ki, işğalı həyata
keçirən millətin dini abidələri də Azərbaycanda qorunur.
– İslam dinində
dini tolerantlıqla bağlı yanaşma necədir? Bununla bağlı Qurani-Kərimdə
hansısa ayələr
varmı, müqəddəs
kəlamlarda və ya hədislərdə nə tövsiyə edilir?
– Hər zaman din cəmiyyətin rifahının
və sabitliyinin yeganə qarantı olub. İslam dini – müsəlman
coğrafiyasında hər
sahədə təməl
kimi əsas götürülən normativ
dəyərlərin qaynağıdır.
Dəyərlər dünyasında
islam hər
bir müsəlmanın
stabil həyat sürməsinə yardımçı
olub. Qərbdə isə dünyəvilik
din və dövlət
arasında münasibətlərdə
tənzimləyici rol funksiyasını yerinə
yetirib. Əgər SSRİ dağılanda Azərbaycanda 18 məscid vardısa, hazırda müsəlmanlar üçün
ibadət yerlərinin
sayı 2 minə çatıb.
İslamda dini tolerantlıq məsələsinə gəlincə,
həqiqətən də,
dini tolerntlıqla bağlı müqəddəs
kitabımızda müxtəlif
ayələr var. Həmçinin
sevgili peyğəmbərimizdən
bizə gələn müxtəlif hədislər
mövcuddur. İslam dini özü
birmənalı olaraq xoşgörünün, barışın,
birliyin, bərabərliyin
tərəfindədir. Allah-Təala Qurani-Kərimdə
buyurur ki, sizin dininiz sizə,
onların dini onlaradır. Peyğəmbərimiz
bizə söyləyir:
“Siz onların bütlərinə söyməyin
ki, onlar da sizin Allahınıza
söyməsin”. Hətta bir
hədisdə deyilir ki, bir yəhudinin
cənazəsi dəfnə
aparılırdı və
bu zaman Məhəmməd peyğəmbərimiz
(s.ə.v.) yanındakı
şəxslərə dəfn
mərasimində iştirak
etməyi tövsiyə
etdi. Dini tolerantlıqla bağlı
İslamda xeyli kəlamlar var. Məhz bütün bunlar dinimizin barış, mərhəmət, bərabər
yaşam dini olmasının göstəricisidir.
Bu, bir faktdır ki, İslamın tolerant
din olmasının ən
böyük göstəricisi
və dinimizin ən böyük tolerant adamı kimi ilk növbədə məhz Məhəmməd peyğəmbərin
(s..ə.v.) mübarək adı çəkilməlidir.
– Bəs Azərbaycan
dövlətinin bu sahədə həyata keçirdiyi siyasət, atdığı addımlarla
bağlı düşüncələriniz
necədir?
– Hesab edirəm ki, Azərbaycan hökuməti milli-mənəvi
dəyərlərimizə böyük
qiymət verir. Yaxın günlərdə
ölkəmizdə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq
qurumların təşəbbüsü
ilə “Dövlət və din: Dəyişən
dünyada tolerantlığın
gücləndirilməsi” I Beynəlxalq
Bakı Forumu keçirildi. Tədbirdə
Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
Şeyxülislam Allahşükür
Paşazadə, Türkiyənin
Diyanət işləri
başqanı Mehmet Görməz, İran prezidentinin müşaviri,
İslam Mədəniyyəti
və Əlaqələri
Təşkilatının sədri
Məhəmməd Baqir
Xürrəmşad, Küveyt
vəqflər və islam işləri nazirinin müavini Adel
Abdulla Əl-Fəlah, o cümlədən
Misir, Dağıstan və digər ölkələrin rəsmi
nümayəndələrinin iştirak etməsini mühüm hadisə hesab edirəm. Ayrı-ayrı dövrlərdə dini siyasətlə məşğul olan rəsmi hökumət nümayəndələrinin və
nüfuzlu elmi təşkilatların, eləcə
də aparıcı elmi tədqiqat mərkəzlərinin təmsilçilərinin,
görkəmli din xadimlərinin
ölkəmizdə bir
araya gəlməsini mühüm hal hesab edirəm. Bu, bir faktdır ki, qloballaşma şəraitinin sürətləndiyi
müasir dünyada gedən mürəkkəb
etnosiyası proseslərdə
dinin yeri və rolu, beynəlxalq
münasibətlərdə və cəmiyyət həyatında din amili və bəşəriyyətin
gələcək taleyi
naminə mədəniyyətlərarası
dialoq kimi qlobal məsələləri
xüsusi əhəmiyyət
kəsb edir. Zəngin mədəni-mənəvi
irsə, çoxəsrlik
tolerantlıq ənənələrinə,
nümunəvi dövlət-din
münasibətləri modelinə
malik olan və fərqli sivilizasiyaların qovşağında
yerləşən Azərbaycanın
belə müzakirələrə
ev sahibliyi
etməsi təsadüfi
deyil. Çünki ölkəmiz tarixən
bu dəyərlərə
mühüm yer verib. Hesab edirəm ki, konfransa ev sahibliyi
edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu tədbiri çox yüksək səviyyədə
təşkil edərək,
dövlətin bu sahəyə hər zaman diqqət və qayğı göstərməsini bir daha nümayiş etdirdi. Ümumiyyətlə, Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
bu sahədəki fəaliyyətinin təqdirəlayiq
olduğu düşüncəsindəyəm.
Həqiqətən də bu qurum dövlətin qeyd edilən sahədə yürütdüyü
siyasəti yüksək
səviyyədə həyata
keçirir.
Aqil LƏTİFOV
(Ardı var)
525-ci qəzet.- 2013.- 24 yanvar.- S.6.