“Elə
bir model təklif edəcəyik ki, Müsavat imtina etməsin”
Yusif
Bağırzadə: “Tanınmış bir ziyalının təşəbbüsü
ilə partiyalararası danışıqlar başlayıb”
Bakı.
Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal
Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin
APA-ya müsahibəsi
-
AMİP-in seçki strategiyası
müəyyənləşibmi?
- AMİP
hakimiyyətə gəlməyin
yolunun seçkidən
keçdiyi qənaətindədir
və Azərbaycanda hakimiyyət uğrunda mübarizə apardığını
bəyan edən ilk siyasi partiyadır. Bundan başqa, müxalifət partiyalarının inteqrasiyası
məsələsi də
strateji xəttimizin bir hissəsidir.
- Ötən il
AMİP-in İctimai Palatanı
tərk etməsini bu partiyanın müxalifətin inteqrasiyasına
xidmət etməməsi
kimi şərh edənlər oldu. Hələ də İctimai Palatanı tərk etməklə düzgün
addım atdığınız
qənaətindəsiniz?
- Bu qərar tək mənim yox, partiyanın qərarı olub. Çünki AMİP-də bütün
qərarlar kollegial qəbul olunur. İctimai Palatada və ya digər qurumlarda
partiyanın təmsilçiliyi
təkcə mənim arzumla həyata keçmir. Bizim İctimai Palatanın
təsisçisi olmağımız
da, buradan çıxmağımız da
AMİP-in rəhbər strukturunun
verdiyi kollegial qərara əsasən həyata keçib.
O ki qaldı atdığımız addımın
düzgün olub-olmamasına,
bunu birmənalı olaraq bildirim ki, AMİP-in İctimai Palatanı tərk etməsi düzgün qərar idi. Sonuncu hadisələr də göstərdi ki, bu qərarı verməklə düzgün
addım atmışıq.
Düşünürəm ki, bu vəziyyətdə AMİP-in bu
qurumda olmaması yaxşı haldır.
- İctimai Palatadan
kənarlaşdıqdan sonra
partiyanın hər hansı birlikdə olmayacağı qənaəti
vardı. Səhv etmirəmsə, AMİP-in buna
bənzər açıqlaması
da olmuşdu...
- Bayaq dediyim kimi,
İctimai Palatanı tərk etməyimiz düzgün addım idi. Bunu hazırkı situasiya
da göstərdi.
Digər
birliklərdə təmsilçilik
məsələsinə gəldikdə
isə, AMİP yarandığı
gündən üzü
bəri yaranmasında
və təşkilatçılığında
iştirak etmədiyi heç bir birlikdə təmsil olunmayıb. Biz ancaq yaranmasında özümüz iştirak
etdiyimiz birliklərdə
təmsil olunmuşuq.
Məşvərət Məclisinin
yaranmasında da məqsəd İctimai Palatadakı səhvləri
təkrar etməmək
və müxalifətin
daha geniş konsolidasiyasına nail olmaqdan
ibarət olub. Biz Məşvərət Məclisini yaratmaqla kənarda qalan siyasi dairələrin də fəallaşmasına
nail olduq və bu istiqamətdə fəaliyyətimiz bundan sonra da davam
edəcək. Bu gün müxalifətin konsolidasiyasını ən
çox istəyən
və bununla bağlı “Seçki İslahatları Memorandumu”nu
belə qəbul edən ilk birlik Məşvərət Məclisidir.
- Bu istəyi İctimai Palatada reallaşdırmaq mümkün deyildimi?
- İlk gündən
biz İctimai Palatanın
daha geniş formatda olmasını istəyirdik. Çünki əvvəldən də bu niyyət
razılaşdırılmışdı.
Ancaq bu olmadı. Bunun əvəzinə İctimai
Palata qapıları bağlamaq siyasəti apardı, bura gəlmək istəyən
partiyaların yolu kəsildi və onların qarşısına
müəyyən şərtlər
qoyuldu. Bundan savayı, hər
hansı bir təşkilatlanma olmadan vaxtsız aksiyaların keçirilməsi barədə
qərar qəbul edildi. Bu da
düzgün addım
deyildi və zaman da bunu
sübut etdi. Bu gün artıq
İctimai Palatada olan bir qisim
qüvvələr də
müxalifətin daha geniş koalisiyasının
yaranmasının vacib
olduğu haqda fikirlər bildirirlər.
Düşündük ki, bu qurumun belə formatda müxalifətin güc mərkəzinə
çevrilməsi mümkün
olmayacaq. İkincisi də
2010-cu ilin parlament seçkiləri kimin iqtidarla birgə olduğunu, kimin isə olmadığını
göstərdi. Baxın, AMİP nə edir? İctimai Palatada olan qurumların
vaxtilə öz yanında görmək istəmədiyi partiyaları
Məşvərət Məclisi
formatında bir-birinə
yaxınlaşdırır. Biz bununla müxalifətin
inteqrasiyası ilə
bağlı niyyətimizi
ortaya qoymuşuq.
AMİP ilk gündən siyasi təşkilatların
klub formatında birləşməsinin əleyhinə
olub. Biz müxalifətin
təklif etdiyi islahatlara nail olmağın
birgə fəaliyyətdən
keçdiyi qənaətindəyik.
- Bəs niyə bu istiqamətdə aparılan danışıqlar
öz bəhrəsini
vermir?
- Mən deməzdim ki, görülən işlər öz bəhrəsini vermir. Məsələn, kimin nə
deməsindən asılı
olmayaraq, 13 partiyanın
təmsil olunduğu Məşvərət Məclisi
fəaliyyət göstərir,
“Seçki İslahatları
Memorandumu” qəbul olunub. Onu da deyim ki, əslində Azərbaycanın fəal müxalifət partiyalarının
siyasi baxışlarında
ciddi ideoloji fərqlər yoxdur.
Bu da müxalifətin
birliyinə nail olmaq üçün bir şansdır.
- Demokratik Qüvvələrin
Məşvərət Məclisinin
perspektivinə inanırsınızmı?
- Məşvərət Məclisi siyasi partiyaların inteqrasiyası
məqsədilə təsis
olunub. Bu qurum
burada təmsil olunan partiyaların qarşısına heç
bir öhdəlik qoymur. Əksinə, siyasi proseslərdə
fəal iştiraka zəmin yaradır. Bu qurumun qərarları
da tövsiyə xarakter daşıyır.
- Ancaq ictimaiyyət Məşvərət Məclisindən
daha kəskin addımlar atmağı gözləyirdi...
- Niyə, bəziləri elə düşünür
ki, aksiya, piket, yürüş keçirməklə nəyəsə
nail olmaq olar? Əlbəttə, bu da lazımdır. Siyasi mədəniyyət
bir yerə toplaşıb, bu və ya digər
məsələləri müzakirə
etməklə başlayır.
Müxalifətin yolu vahid ideya, namizəd və platforma mövqeyindən çıxış
etməkdən keçir.
Keçmiş SSRİ məkanında olan ölkələrin bir çoxu uğuru bu strategiyanı
qəbul etməklə
əldə ediblər.
Yəni bu, sınanmış taktikadır.
- Müsavat Partiyasının
başqanı İsa Qəmbər prezidentliyə
namizədliyini irəli
sürüb. Belə vəziyyətdə müxalifətin
konsolidasiyasına hansı
şəkildə nail olmaq
olar?
- Əlbəttə, Müsavat
Partiyasının iştirakı
olmadan müxalifətin
birliyinin reallaşdırılması
çətin olacaq. Müsavatın hazırkı mövqeyi müxalifətin birliyinin reallaşdırılmasında problem yaradacaq. Lakin seçki kampaniyasına rəsmi start verilməyib.
Bu baxımdan hələ yaxınlaşmaq
imkanı tükənməyib.
Əgər bu baş verməsə belə, yenə də o fikirdəyəm ki, heç olmasa birlikdə mübarizə aparmaq istəyən qüvvələrin birliyinə
və vahid mövqedən çıxış
edərək birgə
mübarizəsinə nail olmaq
lazımdır.
Əslində əsas və güclü siyasi partiyaların bir araya gəlməsi daha uğurludur. Bununla razıyam.
Hətta sizə bir məlumatı verim ki, artıq
bu partiyaların seçkilərdə birgə
fəaliyyəti ilə
bağlı təşəbbüs
var və bu istiqamətdə danışıqlar
gedir. Hələlik bununla bağlı
mətbuata açıqlama
verilməməyə dair
razılaşma var.
- Danışıqlar hansı
partiyanın təşəbbüsü
ilə başlayıb?
- Heç bir partiyanın. Azərbaycanda kifayət qədər
tanınmış bir
ziyalının təşəbbüsü
ilə bu danışıqlar başlayıb.
Müzakirələr partiya sədrləri
səviyyəsində aparılır.
- Bu müzakirələrdə Müsavat
Partiyası iştirak
edirmi?
- Hələlik Müsavat
Partiyasının başqanı
bu müzakirələrə
qatılmır. Bizim niyyətimiz İsa
Qəmbərin də bu danışıqlara qoşulmasıdır. Hələ
ki buna nail olmamışıq. Ancaq dediyim kimi, həmin
partiyaların görüşü
baş tutub və müzakirələr
gedir. İlkin olaraq istəklərimizdən
biri də Müsavat Partiyasını
öz aramızda görməkdir. Biz elə bir model təklif edəcəyik ki, Müsavat bundan imtina etməsin.
- Bu
yeni model olacaq?
-
Xeyir, “Seçki İslahatları Memorandumu”ndan irəli gələn
təşəbbüsün davamıdır.
- Bəs,
bütün bunlar öz bəhrəsini verməzsə,
AMİP prezident seçkilərinə hansı formatda
qatılacaq?
-
Ümid hələ tükənməyib. Ancaq belə davam edərsə,
yəni müxalifətin birliyinə maneə yaradan partiyalar
öz mövqelərindən çəkinməzsə,
AMİP fərdi qaydada seçkiyə gedəcək. Martın
birinci ongünlüyündə AMİP Mərkəzi
Şurasının iclası keçiriləcək. İclasda
qurultayın vaxtı bəlli olacaq. Qurultayda isə AMİP-in
seçki mövqeyi və namizədi müəyyənləşə
bilər.
525-ci qəzet.-
2013.- 24 yanvar.- S.3.