Sənət sərhəd
tanımır
(2-ci
yazı)
Avropa və rus klassik musiqisi
Avropa
dünyaya A. Vivaldi, F. Hendel, İ. Bax, J. Haydn, T. Arne, F.
Mendelson, C. Bize, R.Vaqner, C. Verdi, A. Dvorjak, F. List, İ.
Ştraus, F. Şopen, N. Brams və başqa dahi bəstəkarları
bəxş edib. Lakin
iki dahi bəstəkar var ki, mənim
üçün heç kimlə müqayisə oluna bilməz.
Bunlar – Volfqanq Amadey Motsart və Lüdviq Van
Bethovendir.
Motsart artıq 5-6 yaşı olanda musiqi bəstələməyə,
konsertlər verməyə, Avropanı gəzməyə
başlamışdı. Londonda 10 yaşında ilk
simfoniyasını, 11 yaşında ilk operasını
yazmışdı. 18 yaşına qədər
bu vunderkind artıq 25 simfoniya bəstələmişdi.
O, çox qısa (cəmi 35 yaş) ömrü boyu “Sehrli
fleyta”, “Don Juan”, “Fiqaronun toyu” kimi əsrlər boyu
dünyanın ən məşhur səhnələrinin
repertuarından düşməyən operalar, 41 simfoniya,
fortepiano və orkestr üçün konsertlər, skripka,
fleyta və orkestr üçün konsertlər, divertismentlər,
sonatalar, serenada və fortepiano pyesləri yazıb. Şedevr musiqi yaradıcılığının həcminə
görə Motsartın tayı-bərabəri yoxdur.
Motsart musiqiyə işıq gətirdi, öz musiqisi ilə
insanlara sevinc, nikbinlik, insanların ən çətin məqamlarında
onlara həyat, yaşamaq eşqi, ümidi bəxş elədi. Neçə əsrlərdir
ki, Motsart musiqisi insanları sevgiyə, həyatdan həzz
almağa çağırır. Təəssüf
ki, bu dahinin şəxsi həyatı onun işıqlı
musiqisi ilə uzlaşmadı. O, ömrünün
sonlarını səfalət içərisində
keçirdi. Xəstəlik, tənhalıq, cəmiyyətdən
təcrid olunmaq, heç kimə lazım olmamaq, unudulmaq fikri
onun ömrünün sonu gəldiyindən xəbər verirdi.
O, bu hisslərin təsiri altında dahiyanə, lakin onun
optimist ruhuna uyğun gəlməyən “Rekviyem”i yazır
(ölümünə az qalmış). “Rekviyem” onun ölüm himni idi. Bax
beləcə, ədalətsiz cəmiyyət, onun fantastik
yaradıcılıq uğurlarını gözü
götürməyənlər, onu ölüm ayağına gətirdilər,
öldürdülər. Öz musiqisi ilə milyonlarla
insana sevinc gətirən bir dahinin dəfnində cəmi bir neçə iştirak etdi.
Bəzən fikirləşirəm ki, təki Motsart
“Rekviyem”i yazmayaydı. Gözümdə nikbin, optimist, həyatı,
insanları sevən Motsart kimi qalaydı. Lakin “Rekviyem”in ədalətsiz,
riyakar cəmiyyətə, insanlara, haqsızlığa, layiq
olmadığı səfalətə, unutqanlığa etiraz
himni kimi səsləndiyini qəbul etdikdə, nə
yaxşı ki, “Rekviyem” yazılıb qənaətinə gəlirəm.
Lüdviq Van Bethoven musiqiyə əzəmət, möhtəşəmlik,
qəhrəmanlıq gətirdi. Onun 9-cu, 6-cı
simfoniyaları, “Eqmont” simfonik süitası simfonizmə yeni səslər
gətirdi, simfonik orkestrin bütün imkanlarından necə
istifadə etməyin nümunələri oldu.
Bethoven simfoniyaları, opera musiqisi, fortepiano və simfonik
orkestr üçün konsertləri ilə ciddi, əzmkar,
pafoslu, təntənəli göründüyü halda
sonataları ilə, “Elizaya” şedevri ilə necə bir incə
qəlbə, mərhəmətə, coşqun sevgiyə malik
olduğunu göstərdi. Bu musiqi əsərləri
Bethovenin nəhəng istedadının ifadəsi kimi səslənir.
Nəzərə alsaq ki, bu dahi bəstəkar bu
möcüzə əsərlərinin çoxunu eşitməkdən
məhrum olandan sonra yazıb, insan heyrətlənməyə
bilmir.
Motsart və Bethoven Haydnı öz müəllimləri
hesab edirdilər. Doğrudur, Haydnın təsiri Motsarta daha
çox olmuşdu, lakin hər iki istedadlı şagirdlər
bir-birindən fərqli, öz yolları ilə getmişdilər.
Hətta adi musiqisevər Motsartla Bethovenin
musiqisini qarışdırmaz.
Memarlıqda olduğu kimi, musiqidə də barokko
üslubu var. Bu üslubun ən görkəmli simaları
Antoni Vivaldi, Fredrik Hendel, İohan Sebastyan Baxdır.
Vivaldinin “İlin fəsilləri” orkestrlərimizin,
musiqiçilərimizin ifasında gözəl səslənir. Hendel təbiət
vurğunu idi. Bu, onun musiqisində
(Xüsusilə “Water music” (“Su musiqisi”) əsərində)
qırmızı xətlə keçir.
Bax öz orqan musiqisi ilə (xüsusilə “Toqatta”) məşhurlaşıb.
Musiqidə intibah dövrünün ən parlaq
simalarından biri Josef Haydndır. O, yüzdən çox
simfoniyanın müəllifidir. Haydnın, qeyd
etdiyim kimi, Motsartın, Bethovenin
yaradıcılığına böyük təsiri olub.
Alman bəstəkarı Riçard Vaqnerin musiqisini sevə
bilmirəm. Onun musiqisində bir sərtlik, qorxu, vahimə, hətta,
amansızlıq hiss edirəm. Vaqner Hitlerin
sevimli bəstəkarı idi. Bəlkə
elə bu fakt da mənə təsir edib.
Bəstəkar nə qədər məşhur olsa da, onu
daha da məşhurlaşdıran, tanınmış orkestrlərin
repertuarından düşməyən, konsertlərdə
mütəmadi səslənən əsərləri olur.
Məsələn, Bramsın “Macar rəqsləri”, Listin
“Macar rapsodiyası”, Dvorjakın “Slavyan rəqsləri”,
Ştrausun valsları, polkaları, marşları belə əsərlərdəndir.
Fortepianonun
Allahı sayılan Fredrik Şopen insanın ruhuna oxşayan
valsları (mənim üçün, ən sevimlisi
“Vals-fantaziya”, Vals ¹7), etüdləri,
noktürnləri ilə məşhurlaşıb.
İtalyan
xalqının fəxri Cüzeppe Verdi çoxsaylı
operaları içərisində “Nabukko”, “Otello”, “Aida”, “Trubadur”,
“Traviata”, “Riqoletto” operaları ilə dünya şöhrəti
qazanıb. Neçə əsrlərdir, bu
operalar dünyanın ən məşhur səhnələrindən
düşmür.
Puççininin
“Toska”, “Turandod”, “Bohema”, “Madam Batterflyay (Çio-Çio-San)”
operaları əsrlər keçsə də, şöhrəti
azalmayan əsərlərdir.
Feliks
Mendelsonun “Toy marşı” (bizdə “Vağzalı” ilə
yanaşı)
toyların yaraşığıdır.
Leonkavallo çoxsaylı operettaların müəllifi
olsa da, Azərbaycanda daha çox “Məzhəkəçilər
(Payatsı)” operası ilə tanınır.
İoqan
Ştrausun “Yarasa”, “İndiqo və qırx quldur”, Leqarın
“Şən dul qadın”, “Qaraçı sevgisi” operettaları
keçmiş sovet xalqlarına, o cümlədən azərbaycanlılara
yaxşı məlumdur.
Rus klassikləri içərisində P. Çaykovski
xüsusi yer tutur. O, yaradıcılığının genişliyi ilə
bütün bəstəkarları geridə qoyur. Musiqinin elə bir janrı yoxdur ki, o, orada dərin iz
qoymasın. “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”,
“İolanta”, “Mazepa”, “Çarodeyka” operaları, “Yatmış
gözəl”, “Qu gölü”, “Şelkunçik” baletləri,
fortepiano və orkestr üçün konsertləri,
simfoniyaları, “İtalyan kapriççiosu”, “Motsartiana”
simfonik əsərləri, “İlin fəsilləri” əsərləri,
romansları onu dünya musiqisinin dahiləri sırasına
daxil edib.
M.Qlinkanın da rus klassik musiqisinin inkişafında
misilsiz xidmətləri olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operaları,
“İspan kapriççiousu”, “Araqon xotası” simfonik əsərləri,
romansları müəllifə əbədi şöhrət gətirib.
İspan mövzusunda yazılmış əsərlər
o dərəcədə ispan ruhludur ki, onların müəllifinin
rus olması inanılmaz görünür.
S.Raxmaninov həm dahi pianoçu kimi, həm də
fortepiano və orkestr üçün konsertləri ilə
dünyada məşhurdur.
A.Borodin “Knyaz İqor”, M. Musorqski “Xovanşına”
operaları və simfonik əsərləri ilə,
Rimski-Korsakov “Şəhrizad” simfonik süitası və
başqa simfonik əsərləri ilə tanınır.
Yüngül musiqi
İndi pop, rok, caz adlandırılan musiqini əvvəllər
ümumilikdə yüngül musiqi adlandırırdılar. Hay-küy,
qışqırtı, bağırtı ilə müşayiət
olunan “musiqi”ni nəzərə almasaq,
insanın ruhunu oxşayan, xoş əhval-ruhiyyə yaradan
yüngül musiqi nümunələri kifayət qədərdir.
Sevə-sevə qulaq asdığım bir neçə
nümunələri sadalaya bilərəm: “Chariots of fire”, “Old
San Juan”, “Butterfly”, “The fool”, “The Lonely Shepherd”, “The Magus” və
Yanninin başqa musiqiləri və s.
Riyaziyyatçı-mexanik
ixtisasım məni
hər şeyə ciddi yanaşmağa,
düşünməyə, araşdırmağa öyrəşdirib. Bu
azmış kimi, musiqiyə, ədəbiyyata münasibətim,
üstəlik, həyat qayğıları məni rahat,
qayğısız yaşamağa qoymur. Lakin
bir musiqi janrı var ki, onu dinləyəndə, real həyatdan
ayrılıram, heç nə barədə fikirləşmirəm,
düşüncələrim yox olur. Bu,
rok-n-roldur. Ümumiyyətlə, insan rəqs
edəndə, dərdi-səri unudur, qayğısız
görünür. Odur ki, bütün
insanlara məsləhət görərdim ki, səhər
gözünü rok-n-rolla açsın.
Cazın
mənə ən böyük ləzzət verən bir
növü var. Bu növ musiqidə alətlər bir
mövzuya, süjetə tabe deyillər, hər alət öz
bildiyi kimi çalır, saksofon bir söz deyir, truba başqa
söz, zərb alətləri, hətta, kontrabas da sərbəstliyini
tam qoruyur, bir sözlə, nizamlı xaos yaranır. Bu musiqi başdan-ayağa improvizədir. Adama elə gəlir ki, eyni musiqi hər dəfə fərqli
çalınır. Yalnız ritm
saxlanılır. Mən bu musiqini
qayğısız musiqi adlandırıram.
Musiqini dinləmək, dərk və hiss
etmək qabiliyyəti
Əgər musiqini dinləyərkən, ətrafda
baş verənlər səni bu hissdən ayıra bilmirsə,
deməli, musiqi səni öz təsiri altına alıb. Belə də
olur. Musiqi sənin çox ciddi bir işlə
məşğul olmağına mane olmur, əksinə, köməkçi
olur. Deyirlər, P. Çaykovski “Qaratoxmaq
qadın” operasının çox hissəsini toylarda yazıb.
Musiqinin nədən
bəhs, nəyi təsvir etdiyini başa düşmək, hiss
etmək insandan xüsusi qabiliyyət tələb edir. Asan, çətin başa düşülən
musiqilərlə yanaşı, adi dinləyici
üçün başa düşülməyən musiqilər
də var. Belə musiqini yalnız professional musiqiçilər,
musiqi təhsili olanlar başa düşə bilər.
S.Hacıbəyovun “Karvan” simfonik süitasını dinləyən
adi musiqisevər əsərin adını bilməsə də,
ona “Karvan” adını qoyar. Çünki
karvanın ucsuz-bucaqsız səhrada hərəkəti o qədər
inandırıcı verilib ki, özünü ya dəvənin
üstündə, ya da sarvanın yerində hiss edirsən.
Hətta dəvələrin boynundan asılan
zınqırovların səsini eşidirsən, arada qumu havaya
qaldıran, amma tez-ötüşən burulğanın
baş verdiyini hiss edirsən. Burulğandan sonra
karvan yoluna davam edir, amma karvanın tezliklə dincəlməyə
dayanacağı duyulur.
Mən Vivaldinin
“İlin fəsilləri”ni dinləyəndə,
musiqinin ilin hansı fəslini təsvir etdiyini müəyyənləşdirə
bilirəm. Amma Çaykovskinin “İlin fəsilləri”nə
qulaq asanda (burada, nəinki fəsillər, həmçinin,
bütün aylar təsvir olunur) fəsilləri ayırd edə
bilsəm də, ayları ayırd edə bilmirəm. Əslində, reallıqda da yanvarla fevralı, iyulla
avqustu ayırd etmək asan deyil.
Hendel musiqisində mən atla, tulalarla meşə ovunu
hiss edirəm.
Bu meşə sıx meşə deyil, seyrək,
atların sürətli çapılması üçün
yararlı meşədir. Ovçuların hayqırığı,
tulaların bir-birinə qarışan səsləri
şikarın yaxında olduğundan xəbər verir. Başqa bir əsərdə sakit meşə, hərdən
sakitliyi pozan quş səsləri, büllur kimi təmiz suyu
olan, sakit axan kiçik çaylar göz qabağına gəlir.
Oginskinin
“Polenez”ində ayrılığı hiss edirəm. Bu ayrılıq müvəqqəti deyil, kimdənsə,
nədənsə, haradansa ömürlük
vidalaşmadır.
Yuxarıda dediyim kimi, hər cür musiqini dərk etmək
mümkün deyil. Müəllifin fikrini ayırd etmək hər
kəsin işi deyil. Məsələn, mən
Kamera musiqisini, bəzi əsərləri anlamıram, ona
görə də onlara qulaq asmıram.
Mənə elə gəlir ki, hər musiqinin nəyi təsvir
etdiyini başa düşmək heç də vacib deyil. Eyni musiqini
müxtəlif dinləyicilər müxtəlif şəkildə
görür, eşidir. Mənim
üçün ən önəmlisi, musiqinin dinləyicinin
ruhuna oxşamasıdır, ona nikbinlik, həyat eşqi bəxş
etməsidir.
Sıravi dinləyici üçün, ən
mühüm cəhət mənə elə gəlir ki,
musiqinin melodikliyi, yaddaqalan olmasıdır. Əgər
bir musiqini zümzümə edə bilirsənsə, deməli,
bu musiqi sənin ruhuna yaxındır.
Üzeyir Hacıbəylinin operettalarından “Koroğlu”
operasının bütün ariyaları, xorları, musiqi
parçaları xalqın dilindən düşmür.
Mən
Verdinin, Motsartın bütün operalarını, Rossininin
“Sevilya bərbəri” operasını həvəslə dinlədiyim
halda, rus operalarını dinləyə bilmirəm.
Bizenin “Karmen” operasındakı 4-cü aktdakı ecazkar
musiqi parçasını, Çaykovskinin balet musiqisini,
Şopenin, Ştrausun valslarını, Ravelin “Bolero”sunu sevməyən
tapılmaz, çünki bu əsərlər yaddaqalan,
melodikdir.
Musiqi insan mədəniyyətinin ən mühüm
elementlərindən biridir. Musiqini sevin ki, ruhunuz
pak olsun.
Xəlil Məcidoğlu
525-ci qəzet.-
2013.- 25 yanvar.- S.4.