Azərbaycan ordusu – xalqın
bağrından qopan güc
Azərbaycan Silahlı Qüvvələrində indiyədək qazanılmış uğurların əsas bazasını ordu quruculuğu işinin milli maraqlar üzərində qurulması təşkil edir. Ordu ilə xalqı və dövləti bir-birinə qırılmaz tellərlə bağlayan kifayət qədər zəngin tarixi köklər, xüsusilə regiondakı mövcud ictimai-siyasi durum Silahlı Qüvvələrimizi müvafiq istiqamətdə reallaşdırılan ən müasir islahatların məkanına çevirmişdir.
Ordu istər səfərbərlik, istər idarəçilik, istərsə də qarşıda dayanan vəzifələrin icrası baxımından hətta ən mürəkkəb mexanizmə malik nəhəng qurumları, o cümlədən ölkənin aparıcı institutlarını belə dəfələrlə arxada qoyur. Burada xidmətin bütün dönəmlərində insan amili, qarşılıqlı münasibətlər, fərdi yanaşma tərzi və s. əsasən müəyyənedici yükə malik olur. Silahlı Qüvvələri vahid məqsədin – milli maraqların təminatçısı, dövlətin dayaq və istinad nöqtəsi statusunda formalaşdırmaq, cəmiyyətin aparıcı qüvvəsinə çevirmək yalnız bir və ya bir neçə təşkilatın üzərinə düşən vəzifə deyil. Burada ölkənin birinci şəxsindən tutmuş ən sonuncu vətəndaşınadək hamının öz yeri, öz rolu və öz məsuliyyəti var.
Müasir dövrdə təlim-tərbiyənin sosial funksiyası əhəmiyyətli dərəcədə çoxşaxəli və zəngindir. Hər bir yeniyetmə 18 yaşına çatanadək hərbi xidmətə hazırlanmalı, Vətənə xidmətin məsuliyyətini dərindən dərk etməli, ölkənin tam hüquqlu vətəndaşı statusunu qazanmaq üçün bunun ən vacib və ən ümdə yol olduğunu başa düşməlidir. Yəni, bu gün hələ valideyn himayəsində yaşayan, məktəb partası arxasında əyləşən bir yeniyetmənin sabah əlinə silah alıb Vətəni qoruyan zaman öz xidməti vəzifələrini necə yerinə yetirməsinin məsuliyyəti təkcə ordu rəhbərliyinin deyil, bizim hamımızın – ailənin, təhsil müəssisələrinin və cəmiyyətin üzərinə düşür.
Unutmaq
olmaz ki, hərbi xidmətin kifayət qədər ciddi məqamlarla
xarakterizə olunan çeşid-çeşid özəllikləri
hər bir vətəndaşın ordu dönəmi ilə
bağlı həyatını
digər xidmət sahələrindən daha aktiv və daha
çevik fazada fərqləndirir. Ordu – hər hansı bir fərdin
çağırışaqədərki yaşam
dövründə bir növ adət etdiyi və adi norma kimi
qarşıladığı az qala bütün növ
azadlıqların hərbi qanunvericilik aktlarında nəzərdə
tutulmuş qaydada ya tamamilə, ya da qismən məhdudlaşdırıldığı
qaynar məkandır. Bu məkanda şəxsin bütün
arzu və istəkləri milli mənəvi dəyərlərin
fövqündə dayanan Vətən və dövlətçilik
prinsiplərinin qorunmasına, milli təhlükəsizliyin əsasını
təşkil edən ideyaların mövcud tələb və
şəraitə uyğun reallaşdırılmasına
yönəldilir.
Yəni,
ordu dönəmi insanın indiyədək ürəyində
yaşatdığı və uğrunda mübarizə
apardığı idealların müvafiq zaman kəsiyində öz yerini daha aktiv şəkildə
ümumxalq ideallarına verdiyi bir dönəmdir. Bu dönəmdə
fərdin bütün fəaliyyəti hansısa şəxsi istək və
ambisiyalırının deyil, məhz dövlət tərəfindən
qarşıya qoyulmuş xidməti vəzifələrin yerinə
yetirilməsi istiqamətində ixtisaslaşdırılır.
Daha doğrusu, hər bir vətəndaş ən azı əyninə əsgər
libası geyinib ordu sıralarına qatıldığı və
hərbi andı içdiyi vaxtdan tərxis olunduğu son
günədək Vətənə sədaqətlə xidmət
etmək prinsipini öz adi həyat
normasına çevirməli, əsgəri borcuna “xidməti
yola vermək” kimi zərərli mövqedən
yanaşmamalıdır.
Ölkəmizdə
müvafiq istiqamətdə həyata keçirilən kifayət
qədər ciddi və həyati əhəmiyyətli dövlət
tədbirləri bu bağlılığın daha etibarlı,
daha davamlı prinsiplər üzərində qurulmasına xidmət
edir: ordu quruculuğu işinə
dövlət rəhbərliyi səviyyəsində
prioritet bir məsələ kimi yanaşılması cəmiyyət
tərəfindən birmənalı şəkildə etiraf
olunan faktlardandır. Azərbaycan prezidentinin hər il hərbi
xidmətlə bağlı imzaladığı müxtəlif
fərman və sərəncamlar, verdiyi əmr və
tapşırıqlar mahiyyət etibarilə milli maraqları,
bu maraqların müvafiq istiqamətdə təmin
olunmasında strateji əhəmiyyət daşıyan
bütün sferaları özündə ehtiva edir: hərbi
qulluqçuların həyat şəraiti
yaxşılaşdırılır, sosial müdafiəsi
gücləndirilir; ordunun yüksək döyüş
hazırlığını şərtləndirən
maddi-texniki bazası müasir tələblər
çərçivəsində qurulur; hərbi hissələrdə,
o cümlədən ilk növbədə təmas xəttində
yerləşən bölmələrdə yaşamaq, xidmət
aparmaq üçün yeni infrastruktur yaradılır; ən əsası
isə Azərbaycanın milli sərvətinə – insan
kapitalına qoyulan sərmayələrin həcmi ilbəil
artırılır. Ali hərbi
məktəblərimizdə bir sıra xarici ölkələrdən
gəlmiş gənclərin təhsil alması, hər il
yüzlərlə azərbaycanlı hərbi qulluqçunun
müxtəlif tanınmış beynəlxalq təlim-tədris
mərkəzlərində müasir hərbi təcrübələrə
yiyələnməsi, sülhməramlılarımızın
beynəlxalq koalisiya qüvvələrinin tərkibində
terrora qarşı mübarizədə iştirakı və s.
və i. bütün bunlar Silahlı Qüvvələrimizin gələcək
perspektivini, peşəkarlığını şərtləndirən
kifayət qədər ciddi arqumentlərdir. Bütün
bunlarla yanaşı, ordu
quruculuğu işində cəmiyyətin daha yaxından dəstəyinə
də böyük ehtiyac duyulur.
Azərbaycanda
insan resurslarının zənginliyi, xüsusilə ordu
quruculuğu sahəsində manevr imkanlarını ikiqat
artırır. Yuxarıda qeyd olunanlarla bağlı hələ
də həllini gözləyən bir sıra problemlərin
mövcud olmasına baxmayaraq, son illər cəmiyyətimizin məhsuldar
hissəsi ordu quruculuğu işinə həyati əhəmiyyətli
bir məsələ kimi yanaşmaqla, müvafiq istiqamətdə
əldə olunan uğurlara qiymətli töhfələr
vermişdir. Səfərbərlik zamanı ordunun yüksək
səviyyədə komplektləşdirilməsi,
çağırışçıların hərbi xidmətə
bir qayda olaraq kütləvi şəkildə yola düşməsi
bugünkü Azərbaycan cəmiyyətinə, xüsusilə
cəmiyyətin aparıcı hissəsi kimi xarakterizə
etdiyimiz gəncliyimizə
başucalığı gətirən məqamlardandır.
Silahlı
Qüvvələrimizin vahid bir mərkəzdən idarə
olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi,
hərbi qulluqçuların sosial müdafiəsinin günbəgün
gücləndirilməsi, xüsusilə ordu tarixində ilk dəfə
olaraq hərbi doktrinamızın qəbulu ölkənin bu ən
nəhəng hərbi strukturuna qarşı yönəlmiş
xarici müdaxilələrin təsir imkanlarını tamamilə
məhdudlaşdırmışdır.
Yuxarıda
sadalananlar, həm də gənc nəsildə milli
şüurun təşəkkülündə əhəmiyyətli
rol oynayan məqamlardandır. Vaxtilə hərbi xidmətdən
yayınmaq məqsədilə bir sıra xarici ölkələrə
üz tutan azərbaycanlı gənclərin yenidən vətənə
qayıtması və ordu sıralarına qatılması
xalqın dövlətə inamının ifadəsidir. Bu mənada
işğalçı Ermənistanın ordumuza çox ciddi
və təhlükəli bir qüvvə kimi
qısqanclıqla yanaşması, köks ötürməsi təbii
qarşılanmalıdır. Orduya yanvar
çağırışı kampaniyasında sıraya
qoymağa bir nəfər də olsun
çağırışçı tapa bilməyən Ermənistan
və qondarma “Dağlıq Qarabağ Respublikası” öz vətəndaşlarının
etimadını günbəgün itirdikcə, yaşamaq
hüququnu da itirir. Nəticədə dövlətlə cəmiyyət
arasında, xüsusilə, sosial zəmində mövcud olan
uçurum daha da dərinləşir, yerli əhalinin bir tikə
çörək dalınca xarici ölkələrə
axını artır və nəhayət, xalqın tam
böyük əksəriyyətinin dövlət
başçısına yönəlmiş haqlı bir
sualına cavab almaq istəyi gündən-günə güclənir:
“Bizə izah edin görək, Ermənistan vətəndaşları
hansı qanuni əsaslarla Dağlıq Qarabağa hərbi xidmətə
göndərilir?..”
Beləliklə,
Azərbaycan Ermənistanla müqayisədə son illər
yalnız siyasi və iqtisadi cəhətdən deyil, həm də
hüquqi və mənəvi baxımdan dəfələrlə
böyük üstünlüyə nail olmuşdur. Müxtəlif
dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların
Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib
hissəsi kimi tanıması və bu ərazilərin
qeyd-şərtsiz boşaldılması ilə bağlı
verdiyi rəsmi bəyanatlar, qəbul etdiyi qətnamələr
əgər bir tərəfdən bizim o torpaqların hüquqi
varisi olduğumuzu təsdiqləyirsə, digər tərəfdən
də Ermənistanın
işğalçı siyasətini daha geniş arenada və
anlamda ifşa edir.
Bütün
bunlar isə, Azərbaycanın öz ordusunu ilbəil gücləndirməsini
həm siyasi, həm mənəvi, həm də hüquqi
müstəvidə stimullaşdırır. Cəmiyyətin
dövlətə olan inamını yeni bir formatda təqdim
edir. Mövqelər və konturlar dəyişdikcə, Azərbaycanın Cənubi Qafqazda
söz və nüfuz sahibi kimi
gündən-günə artan imici ilə bağlı
verilən proqnazların, səslənən fikirlərin əhatə
dairəsi də genişlənir.
Dövlətlə xalqın vahid bir məxrəcdə
eyni məqsəd uğrunda apardığı mübarizə
daha davamlı xarakter alır. Cəmiyyətin döyünən
ürəyi –ölkənin ən böyük güc mərkəzində
birləşən gənclər tarixi əhəmiyyətli
problemlərin həllində aparıcı qüvvəyə
çevilir. Bu işdə ordudankənar mühitin yaxından
iştirakı son nəticədə görülən işin
effektini ikiqat artırır. Regionda qüvvələr
balansının xeyrimizə dəyişməsi isə son nəticədə
tarixi torpaqlarımızın düşmən
işğalından azad olunacağı məqamı günbəgün
yaxınlaşdırır. Bu həm də xalqın
bağrından qopan gücün – Azərbaycan Silahlı
Qüvvələrinin diktə etdiyi böyük həqiqətdir.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
525-ci qəzet.- 2013.- 25 yanvar.- S.5.