Təndir başındakı
söhbətlər
Hekayə
“Yaddaş eskizləri” silsiləsindən
Müəllifin
qeydi: Dialoq və təsvirlərdə orfoqrafik “səhvlər”
baş verənlərin orijinallığını, ləhcənin
koloritini vermək üçün “edilmişdir.”
Utancaq idim, etiraz eliyə bilmirdim, yay tətilində
rayonda dincəlirdim deyə, nə nənəmə, nə də
babama deyə bilmirdim ki, məni təndir çörəyi,
lavaş almağa göndərməsinlər. Birincisi, səhər
doyunca yatmaq istəyirdim, – saat səkkiz, doqquzun
yarısında orda olub növbə tutmaq lazımıydı,
– çörək satanlar on iki məhlə bizdən
aşağıda olurdu. İkincisi,
çörək bişib müştərilərə verilənə
qədər isti təndirin qırağında oturub
arvaddarın səy-səy söhbətdərinə qulaq
asmağa məcburuydum. Onda ikinci sinifdə oxuyurdum,
onnarın nə dediyini, nə istədiklərini çox da
başa düşmürdüm....
–
Zülüüüş! Ay Zülüüş!! Az canın yanmasın, harda ölüfsən?!!
Xamır qıjqırdı axıı!!!
Təndirdə çörəyi bişirən Şahsənəm
arvad iyirmi iki yaşlı ən kiçik qızı
Zülfiyyəni çağırırdı. Zülüşün səsi
gəlirdi: “Ay maa!!! Gəliləm!!”, pəltək
idi, deyə nə dediyini bəzən tam başa düşmək
olmurdu, amma anası qızının pəltəkliyinə
öyrəşmişdi, nə dediyini anışdıra
bilirdi.
Üş
dəyqə keçməmiş Şahsənəm təzdən
qışqırırdı:
– Aaz səni
lal qalasan!! Camahat səni burda gözdüyür axı!!
Başqa bir qarğışında qızına evdə
qız qalmağı arzulayırdı. Deyəsən,
başa düşmüşdü ki, pəltək
qızının ərə getməsi müşkül məsələdi,
ona görə buna heç qarğış da demək
olmazdı.
– Sən Allah elə demə, qəşənkcə
qızdı, yedəjəy ərə, – bunu isə təndirin
qırağında oturub çörək gözdüyən
arvaddardan biri Şahsənəmə deyirdi.
Dumannı xatırlıyıram, amma Zülüş
doğrudan qəşəng qızıydı, sözün
düzü, sora heç bilmədim ərə getdi, yoxsa
qız qaldı evdə.
Təndir
başındakı arvaddarın söhbətdərinin əsas
mövzuları kiminsə ərə getməsi, kiminsə
boşanması, kimin neçə uşağı olması (neçəsinin
qız, neçəsinin oğlan), ərinin arvadı işdəməyə
qoyub-qoymaması, döyməsi, bir də ki, əlbətdə
qaynana-baldız-gəlin, qaynata-gəlin-qaynana, ər-anası-arvadı-qaynanası
və bu kimi üç, dörd, beş, bəzən də
altıbucaqlı çırpışmalar, boğuşmalar,
qab-qacax sındırma və buna oxşuyan hadisələr idi.
“Deyir yengə üş saat gözdüyüf
qapiin (yəni qapının) ağzında”, “Gül kimi gəlindi,
di gəl qaynanana ilandı ilan”, ya əksinə, “Qaynana
uşağın tursuxlarına qədər yuyur, bircə
baldızı itdi, yaşı otuzu keçib, amma evdə
qız qalıf hələ də, gəlinə də gün
vermir” və sairə.
Bu qadınlar üçün gözəl qız,
qadın mütləq kök, heç olmasa dolubədənli,
matax şey və mütləq enlisifət olmalıydı.
– Aaaz,
yanmış elə gözəldi, sifət deyil e tabaxdı,
tabax.
Xəmiri yaymaq üçün tabaq sifətin enliliyini
xatırladan bir simvol idi. Bu sözləri deyən qadınlardan biri
hər iki əlini yanaqlarından aralayıb, o birilərə
bir növ tabağın formasını göstərirdi.
Vay o olaydı ki, təndir başında toyun,
toydan sorakı hadisələrin qiybətini eliyəydilər,
üstəlik də, çörək gözləyən
arvaddardan kimsə həmən toydan sorakı işdə yengə
olaydı, pah, Şahsənəm arvadın sifəti par-par
parıldıyırdı.
–
Eşitdim sən yengə olufsan, sən Allah, – Şahsənəm
keçirdi sualına . – Düzünü
de, a bajı, qapiin ağzında nə qədər gözlədin?
– guya çörək gözdüyən
məktəbli uşaqlardan ayıb eliyirdi, sonuncunu
pıçıltıyla soruşurdu, ama dediklərini
yaxşı eşidirdik.
– Bir saat.
– Buuy, nə
çox? Bir de görüm nə verdilər saa?
–
Güllü kofta, sən deyən də bahalı deyil.
– Sağ
olsunlar genə, Aslanovgil bu xəsisdiklərinnən bir kofta
alıfdılarsa, geroydular. Zülüüş!!! Xamır
qıjqırdı!! A səni qıjqırasan, gəl
çıx dana!! Elə
qıjqırmısan da!! – sonra birdən səsini
yavaşıdıb, – Üşgünnüyünə
getmişdiz?
– Həə.
–
Çox adammı getmişdi?
– Yeddi-səkkiz
nəfər olardı.
– Bunun nəyi
çoxdu ki? Bizim vaxtımızda....
Mən də
ikinci sinifdə oxuyan şagird, bilmirəm yengənin işi nədir,
çoxlu sual verməyi xoşduyan uşax, çörəyi
alıb evə girən kimi nənəmdən soruşdum:
– Ay nənə,
yengə nə deməkdi ki?!
– Ə
kiri!! Sora bilərsən, indi hələ uşaxsan!
– Sora nə
vaxt?
– Yekə
kişi olanda.
Toyu
müzakirə edəndə mütləq yeməklər və
rəqs mövzusuna toxunulmalı idi: nə bişirmişdilər,
kimlər oynadı, “Bıy, qız tərəfdən çox
oynadılar, başınız batmasın”..
– A
bajı, Qətibə oynadımı? – Şahsənəm
adı yadımdan çıxmış bajıdan soruşdu.
Sonralar bilmişdim ki, həmən bu Qətibə
toyların bir növ xüsusi rəqqasəsidir, arvaddar
içində qəşəng rəqs eləməyi ilə məşhur
idi, qəşəng deyəndə, – çıxırdı
ortaya, hər iki ayağını eyni vaxtda sağa-sola
çöndərməklə mağarın içində hərəkət
edir, əllərini isə havada maşının pəncərisini
yuyan iki qurğu kimi hərəkət etdirirdi, sifətinə
isə son dərəcə ciddi ifadə verirdi. Nənəmin dediyinə
görə, bu qadının getdiyi bütün toylarda, bir də
gördün arvaddar xorla “Aaz Qətibə çıxsın
oynasın,” – deyirlər, deyən kimi də, onun
“Heyvagülü” mahnısı çalınır, hamı tez
qırağa çəkilir, tək Qətibə
çıxıb öz ənənəvi rəqsini edirdi.
Söhbətdərin birində iyirmi iki yaşlı
Gülbənizin qırx səkkiz yaşlı Rusetdə alver
eliyən, kənddə vaxtilə ən yekə imarət
tikdirmiş, Bakıda kvartirası olan kədçiləri Nərmana
ərə yetməsini müzakirə edirlər.
– Aaz
eşitdin? Gülbəniz Nərmana ərə yetdi, – Şahsənəm
taxtanın üstündə xəmir yoğura-yoğura bu xəbəri
yanındakı arvada çatdırdı.
– Həə,
Şahsənəm xala, bilirsənmi elçilikdə nə
oluf?
– Yox a
bajı, – Şahsənəmin qulaxlarını şəklədi,
– danış görüm.
Aaaz da
(adı yadımdan çıxıb) başladı
danışmağa:
– Deyirlər
ki, həmən bu Nərman elçiliyə özü də
gedifmiş, qız da o biri otaxdan çıxmırmış,
bilmirəm, qızın dayısı, Becan bu elçilik məsələsini
bilirmiş ya yox, qonaxların yanındaja o biri otaxdakı
bajsıqızına deyir ki, a qızım, utanma, çıx
bir Nərman dayınnan da görüş...”
Təndir başındakı arvadlar qəşş edib
getdilər.
– Pah, –
Şahsənəmə bu ləzzət eləmişdi. – Əmbə nə deyif ha. Aaz,
Becan itoynadanın biridi, yüz faiz yeznəsinə
sataşırmış, qəşəncə bilirmiş ki,
elçiliyə gəliflər.
Altmış iki yaşlı Şahsənəmin dörd
qızı, üç oğlu vardı, Zülüşdən
başqa qızdarının hamısını
köçürdüb, oğlannarını elə öz kənddərindən,
öz qohumlarının qızdarınnan evləndirmişdi, nəvələrdən
də boldu. Amma altı ildi evlənmiş, indi Urusyetdə qalan
iyirmi səkkiz yaşlı oğlundan yaman narazıydı,
çünki altı ildi evlidi, cəmi bir qızı
vardı. Oğlundan, gəlinindən giley eliyirdi:
– ...Burdaydılar, dörd-beş gün olar gediflər. Əvvəl gədii (yəni
gədəni) çağırdım, təh söhbət elədim,
dedim a köpəyoğlu, bax, altı ildi evlisən, bir
qızın var, bə utanmırsan? Deyir, ay mama,
əl çək məndən, lazım olanda uşağ
olajax. Deyirəm a gədə, uzağa niyə
gedirsən, bir götür özünü rəhmətdik dədənnən
müqayisə elə. Sora gəlinin abrını
ətəyinə tökmüşəm, gəlin də
özümüzünküdü, bajım qızıdı,
bizdə nəsillikjə belədi, istəmirik yadın
qızı bizim evdə olsun. Həə, gəlindən
soruşuram ki, a köpək qızı, gejələr
neyniyirsiz? Deyir, ay xala, sən Allah manqa belə
suallar vermə. Bir də soruşanda deyir
bu sualı oğluna ver, mən də deyirəm ki, sən
başarıxsızsan, ölüvaysan, sənin
başarığın olsaydı, indi bir oğlan
doğmuşdun.
Şahsənəm əmin idi ki, gəlini
başarıxlı olsaydı, oğul nəvəsi dünyaya
gələcəkdi. Oğul nəvəsi gözdüyən
Şahsənəm axırda oğluna, gəlininə “ultimatum”
verib ki, “gələn yayı oğlannarı olmasa, bu evə
ayax basmasınlar”, gəlininə isə bərk-bərk
tapşırıb ki, “hamilə olsa aparata göstərsin,
qız olsa heç ərinə deməmiş uşağı
saldırsın, ta oğlan olanacan, sora eybi yoxdu, genə bir
qız olmasının qorxusu yoxdu”.
Yayın
istisində başına yun yaylıq, – yaylığın
altında isə dəsmal, – bağlamış Şahsənəmin
bədəninin az qala yarısı təndirin
içindədi, əlindəki lavaşyapanla xəmiri
qızmış təndirin divarına
yapışdırır, elə təndirin içindən, iki
daşın arasında təzə gələn müştəridən,
orta yaşdı bir arvaddan soruşur:
– A gəlin,
göyçəh də gəlinsən, bə niyə
boşandın ərinnən?
– Qaynanam
boşatdırdı, ay xala.
– Bə
niyə? – başını təndirdən
çıxardan kimi sifəti qıp-qırmızı Şahsənəm
nəfəsini dərməmiş soruşur.
– Xasiyyəti
belədi, balaca qaynımı da boşatdırıb təzdən
evləndirif.
–
Neçə il ərdə oldun ki?
– Səkkiz
il.
– Bə
atangil neylədi? Siz tərəfdən bir
ağsaqqal qabağa düşmədi ki, cavan gəlinsən,
nə yaşındı ki, evdə oturasan?
–
Uşağım olmadı, qaynanam ona görə
boşatdırdı.
Şahsənəm
nəysə demək istədi, hıqqındı, amma
sözünü ağzında saxlıya bildi, hamının
diqqəti ona yönəldi, təndirin ətrafında oturan
arvaddar, boşanmış gəlin də o dəyqə
başa düşdülər ki, Şahsənəm az qaldı bunları desin: “Ta denən
uşağın olmuyuf, qaynanan yazıx neynəsin?” Amma Şahsənəm gərək heç
hıqqınmayaydı, hıqqınmasaydı, onda
ordakıların hamısı da olmasa, ən azından
yarısının diqqəti yönələcəkdi gəlinə,
üzünə deməsələr də, sifətinə
baxıb ürəklərində deyəcəkdilər ki,
“Qaynanan neynəsin? Səkkiz ildi evli
olmusan, əmbə uşağın olmayıb”. Bir az keçmiş Şahsənəm ikinci
sualını verdi:
– Bə
deyillər, qaynanan balaca gədəsini boşatdırıf,
düzdümü bu söhbət?....
Şahsənəm
iyirmi iki yaşlı pəltək qızı
Zülüşü qarğısa da, “evdə qız qalajsan”
desə də, ümid eliyirdi ki, çörək almağa gələnlərdən
kiminsə yaxınlarından, qohumlarından pəltək, ya
gözü çəp fəhlədən-zaddan birinə ərə
verəcək: qızını üç dəfə
qarğıyanda, üç dəfə də tərifliyirdi:
– Tova, od parçasıdı. Gejdənnən
altıda duruf təndiri qalıyır, xamırı
qayırır. Bir toyun adamının yeməyini,
çayını qayırıf yola sala bilər. Bizdə
belədi a bajı, rəhmətdik kişi
də deyirdi, arvad süpürgədi, harda atdın, orda da
qalmalıdı. Üş qız köçürtmüşəm,
üçünə də demişəm ki, ər evinə
gedən kimi olursuz lal-dinməz, – sağ əliylə
ağzını yumur. – Ər evində nə
dedilər, deyirsiz baş üstə. Böyük
qızımı qaynatası təpəsinə-təpəsinə
vurmuşdu, de bir dəfə buna görə bizim rəhmətdik
kişi bir söz dedi onnara, hələ
qızıma qayıdıf dedi ki, ər evinə getmisən, o
evdə qapaz da yeməlisən, təpik də. Elə
Zülüşə də belə öyrətmişəm.
Zülüş tabaxsifətiydi, elə yəqin anası
da ümid eliyirdi ki, buna görə qızı kiminsə
xoşuna gələr, “ərə yedər.”
Şahsənəm çörək almağa gələn
bütün cavan qızlara iki sual verirdi. “Ərin
varmı?” Yaşı otuz-otuz beşi keçən
arvaddara birbaşa bu sualı verirdi: “A gəlin, neçə
uşağın var?”
Nəhayət, eşitdiyim tragikomik bir söhbəti sizə
danışım. Təzə müştərilərdən
qırx-qırx beş yaş arasında
başında yaylıq bir kənd gəlini çörək
almağa gəlmişdi. Şahsənəm adını,
“hası kətdənsən?” kimi ənənəvi
suallarından sonra soruşdu:
–
Neçə uşağın var, a gəlin?
– Ərə
yetməmişəm, – deyib yaylığıyla
ağzını örtdü, dalısınca, – Qız
uşağıyam, – dedi.
Bax beləcə, gəlin dörd arvadın, mən daxil, üç məktəbli uşağın yanında yaşmaqlanıb utana-utana bu cür etiraf elədi. Utansa da dedi ki, qız uşağıdı, yəqin fikirləşdi ki, tək “ərə yetməmişəm” desə, “qız uşağıyam” faktını əlavə eləməsə, təndirin qırağında oturannar fikirləşərlər ki, bu yaşda ərə yetmiyifsə, yəqin ki, bir kişi olub bunun həyatında, qısası, özünün abırlı gəlin olmasını hamıya əyan etmək istədi.
Araya kədərli sükut çökdü, ərli, uşaqlı arvaddar ürəklərində Allaha şükür elədilər, səkkizinci sinifdə oxuyan qonşuluqda qalan Gülbəniz ağzını ayırıb maraqla qız uşağına baxdı. Şahsənəm isə çaşdı, qaşlarını çatdı, udqunandan sonra soruşdu:
– Neçə yaşın var ki, sənin?
– Qırx beş, – qadın sakitcə cavab verdi, sifətində kədərli ifadə yaranıb bir andaca yox oldu: artıq belə suallara öyrəşmişdi.
– Ərə yedəjsən, qadan alım, ərə yedəjsən.
Şahsənəm ona arxayınlıqla ürək-dirək verdi. Eyni vaxtda həyəcanlandığı hiss olunurdu, deyəsən, qorxuya düşmüşdü ki, Allah eləməmiş, birdən Zülüş də bu yaşa qədər evdə qız qalar. Qadın da mızıldana-mızıldana: “Nə bilim ay xala, neçə ildi elə bu sözləri eşidirəm,” – dedi. Ordan-burdan söhbət elədilər, Şahsənəm qırx beş yaşlı qız uşağının çörəyini qəzetə büküb verəndə yenə arxayınlıqla dedi:
– Mən deyirəm, ərə yedəjsən, darıxma, yedəjsən ərə.
Qadın çörəyini götürüb ağızucu “sağ ol” deyib getdi. Düzü, bu qadının ərə getməyi müşkül məsələydi: birincisi, yaş məsələsi, ikincisi, yaraşıqsız, ensiz, qeyri-tabax sifətində qırışlar vardı, üçüncüsü də, arıq idi.
Dediyim kimi, mən onda ikinci sinifdə oxuyurdum, ürəyimdə bu arvada gülmüşdüm. “Gijdi ee bu, qırx beş yaşı var, eşşək boyda arvaddı, amma hamıya yalandan dedi ki, qız uşağıyam...” Hələ az qalmışdı, evə qayıdanda nənəmi, babamı güldürmək üçün eşitdiyim bu söhbəti onlara da danışım...
Alpay AZƏR
525-ci qəzet.-
2013.- 26 yanvar.- S.30.