Gəzirəm

 

Deyirlər həyatın fəsilləri var,

Hardadır bəs mənim yazım, gəzirəm.

İçimdə payızdır, çölümdə bahar,

Qışın soyuğuna dözüm gəzirəm.

 

Sular bulanıqdır, göy üzü duman,

Kimdir gölməçədən təmizlik uman?

Dəniz özgələşib yad olan zaman

Bir damla içində lüzum gəzirəm.

 

Düşdüyüm alova düşüb yanan yox,

Deyirəm yanıram bir inanan yox,

Şair Təbib ilə maraqlanan yox

Gəzirəm, özümü özüm gəzirəm.

 

 

Üzü Qafana doğru

 

Anam elə öyrətmişdi ki, uşaqlıqdan üzümüzü Qafana tərəf çevirib

yuxuya gedərdik...

Yurd həsrətli bir dostumuzun dedikləri.

 

Üzü Qafana doğru çevirib yatan dostum,

Doğma yurdu, ocağı müqəddəs tutan dostum!

 

Bilirəm, o torpağa,

O bostana, o bağa,

Ağacdakı budağa,

Budaqdakı yarpağa,

Rəngbərəng çiçəyə,

Çiçəkdəki ləçəyə

Uşaqlıqdan boylanan illər ilə bağlısan.

 

Ana ahı bir anda dünyanı alt-üst edər

Gözəl nəğmə varmıdır ana laylası qədər?

Vurulmayan kəs hanı onun doğma səsinə,

Yüz-yüz qəzəb əriyər bir ana nəfəsinə.

Adı ilə bağlıdır övlad bəxtiyarlığı,

Hava, su, torpaq,

Günəş-bu dünyanın varlığı

Ən doğru yol göstərər düşsə bir az çətinə,

Heç kəs həsrət qalmasın ana məhəbbətinə.

Dostum, çiçəkli dağlar

Gözlərin önündədir,

Sənsiz ağlar bulaqlar

Görəsən, gündədir?

 

Hardasa sıxılırsan,

Yanırsan, yaxılırsan,

Ötən günlər dalınca

Həsrət ilə baxırsan.

 

Səni duyuram mən

Yayın isti günündə

Buz bulaqlar bir yana

Kim deyər ayrana,

Nehrədən çıxan yağa...

Bilirəm, o torpağa,

Dərə-təpəyə, dağa

Ana südündən keçən tellər ilə bağlısan.

 

Sənin bu hissin mənə xeyli

doğma göründü,

Ürəyim ritmini dəyişərək döyündü.

Baxıram duyğulusan

Vətəndən qayğılısan.

Yanmağı bacarırsan-sinən dolu köz olub,

Ağrın alov diliylə gözlərində yazılıb.

Sənin yanından belə sakitcə keçmək olmaz,

Dərdin elə böyükdür-bölüşsək azalmaz.

 

Çünki qanır, yanırsan,

Haqqına inanırsan.

Tərsinə gedən işlər,

Nəticəsiz görüşlər

Sakit buraxmır səni

Düşünürsən Vətəni,

Vətənin sənsiz düşən cığırını, daşını...

 

Çox darıxma, eloğlu, uca saxla başını!

Bu xalqın, bu millətin damarında axan qan,

İllər boyu yığışmış qəzəb, nifrət, həyacan

Özünü göstərəcək

Bütöv Azərbaycanı bütün dünya görəcək!

 

...  Vətən qalib olunca

Sən sevinəcəksən,

Uşaqlığın dalınca

Kəndinə dönəcəksən

Buna əminəm, qağa,

Çünki sən o torpağa

Kökünlə sənə bağlı ellər ilə bağlısan,

Uşaqlıqdan boylanan illər ilə bağlısan...

 

 

Ağacın taleyi

 

Bir ağac böyüyür  qonşu həyətdə

Vaxt, zaman ömründən axır su kimi.

Axşamlar oturub qonşu həyətdə

Seyr edir ağacı arzusu kimi.

 

Ağac kök atdıqca torpağa sarı,

Uzanır gövdəsi, həm budaqları.

Yamyaşıl yarpaqlar bəzəyir onu

Bəzəyir qonşunun bir arzusunu

Ağac böyüyəcək, nəhəng olacaq,

Bütün həyətinə kölgə salacaq

Yayın qızmarında sərinləyəcək,

İlahi, bu günə şükür deyəcək.

 

Təbiət əziyyət çəkir insanın

Bu qədər texniki tərəqqisindən.

Bədəndə tərkibi dəyişir qanın

Oksigen azalır hey günü-gündən

 

Qonşunun ümidi ona qalıb ki,

Saflaşdıracaqdır havanı ağac

Qəribə olsa da belə olub ki,

İnsandan çox sevir insanı ağac.

 

Söz var ki, bu həyət söküləcəkdir,

Yerində başqa ev  tikiləcəkdir.

Ağac kəsiləcək, məhv olacaqdır,

Bu da növbəti bir səhv olacaqdır.

Qonşunun fikrini heç öyrənmədən

Həyata keçəcək bu qərar.

Nədən?

Bəs hanı ədalət, bəs hanı düzlük,

Yoxsa tərk eyləyib insanı düzlük?!

 

Ağac bir qədər göyə ucalıb

Bəs sabah? Sabahı bilinmir hələ

Ağacın taleyi üz-üzə qalıb

Ağac kəsənlərin insafı ilə...

 

 

Şair TƏBİB

 

525-ci qəzet.- 2013.- 26 yanvar.- S.29.