Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

(1917-aprel 1918)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

 

Transliterasiya redaktorları:

 

professor Şamil VƏLİYEV,

elmi işçi Samir MİRZƏYEV

 

IV cild

 

1916-cı il

 

Bir qanlı il daha. Bu qanlı ildə məmləkət nə kibi hallar keçirmiş, daha nə kibi zərbələr yemiş, üç-dörd aydan artıq davam edə biləcəginə bir növ inanılmaq istənilmədigi halda üçüncü ili haqlayan aləmşümul müharibə nə kibi mərhələlər atlamış? 1917-ci ilə girdikdə bu sualların mütəzəmmin olduğu əhvalı müxtəsərən də olsa mütaliə edəlim:

Keçən il müharibə meydanlarındakı əhval iki düşmən tərəfin mütəqabil müvəffəqiyyətləri ilə qurtarmışdır. Qafqasiya xəttində bir tərəfdən rus ordusu Ərzurum qalasını, sonra da Trabzonu almaqla zəfəryab olub Türkiyə Ermənistanını yədi-istilasına almışdır. Türklər də qüvvətül-məmarədəki ingilis qüvvəsini mühasirəyə salıb general Taivinsindi əsir eləmiş, köməgə gələn Leqi sındırmış, sonra da böyük qüvvə toplayaraq İrana hücum eləmiş, əvvəlcə rus ordusunun təzyiqi altında Bağdada sıxışmış ikən Həmədana qədər gəlmiş, bu şəhəri aldıqdan sonra Qəzvin yolları üzərində dayanıb qışlamışdır.

Asiya səhneyi-hərbində əhval bu yolda ikən Avropa cəbhələrində almanlarla avstriyalılar Fransaya, sonra da İtaliyaya hücumavər olub Verden altında aylarla adətən Yanar Dağdan lava axan kibi dəmir və atəş yağdırmış, fəqət nəticədə fransızların əzm və mətanəti bütün bu “lava” axıntısına qarşı davam edərək Verden təşəbbüsü də Dardanel müdafiəsi kibi bir şöhrət qazanmaqla natamam qalmışdır. Almanlar Verdendə, avstriyalılar da İtaliyada düşməni zorlamaqda ikən ruslar Qaliçiyadan, ingilislər də Susima tərəfdən hücumavər olub bir qədər irəliləmiş və bu surətlə düşməni mühacim bir vəziyyətdə saxlamağa müvəffəq olmuşlardır.

Hal böylə bir şəkil alınca 1916-cı ilin ən şayani-qeyd hadisəsi üz vermiş. Romaniya müharibəyə qarışaraq Avstriyaya elani-hərb eləmişdir. Elani-hərb ilə etilaf dövlətləri məmləkətlərində böyük ümidlər oyadan Romaniya dövləti haman Transilvaniyaya sürüb Avstriya ordularının kəndi qabağından çəkildigini görmüşdür. Fəqət çox keçmədən Almaniya, Avstriya, Bolqariya, türk ordularından ibarət orta dövlət qüvvəti iki mahir komandan idarəsində (Dobriçdən – Makinzon, Transilvaniyadan – Qalkinhaym) iki qol olaraq hücuma başlamış və az bir müddətdə Romaniyayı kəndi şəhər və qəsəbələrini boşaldıb tərk etməgə məcbur eləmişdir.

Kəndi çıxışı ilə hər tərəfdə etilaf dövlətləri lehinə əfkari-amməyə böyük nikbinliklər törətmiş olan Romaniyanın bu surətlə taleyi-nasazkar əlində zəbun olduğundan Almaniya ilə müttəfiqləri istifadə edərək, kəndilərinə qalibiyyət sözü verərək dünyaya meydan oxurcasına mütəntən bir surətdə sülh təklif eləmişlərdir. Almaniyanın bu surətlə sülh təklifində oluşu düşmənlərinin Almaniya əzilib də sülhü təklif degil, istida etmək dərəcəsinə gəlməyincə silahı yerə qoydu olmayacağını bir daha təkrar etmələrinə səbəb olmuşdur. Fəqət keçən ilin ötən digər müharibə illərinə nisbət ayrılıqlarından birisi də Almaniya təklifini mütəaqib əvvəlcə Amerika dövlətinin, sonra da digər bitərəf dövlətlərin müharib dövlətlərə sülh təklifində bulunmaları olmuşdur. Əcəba, 1916-cı ilin axırlarında əkilən bu “sülh” təklifi gögərib də 1917-ci ildə gözlənilən səməri verə biləcəkmidir? Dava meydanlarındakı əhval ilə nəticələri bu mərkəzdə ikən hərb edən dövlətlərin təşkilati-daxiliyyəsində dəxi bu il bəzi təbəddülat olmuşdur. İngiltərə, Fransa, Avstriyada hökumətlər dəgişmiş, kabinələr daha mətin və qüvvətli əllərə keçmiş. Almaniya ilə İtaliyada belə kabinə dəgişməmişsə də bəzi təbəddülat əmələ gəlmişdir. Fəqət bu daxili dəgişiklərin heç biri Rusiya qədər səmərəsiz keşməkeşlərə, faidəsiz çəkişmələrə səbəb olmamışdır. Parlaman üsulu ilə idarə olunan məmləkətlərə başlıca nöqsan olaraq bunu irad ediyorlar ki, bu məmləkətlərdə qüvvətli hökumət təşkili qeyri-mümkün olduğundan böhranlı zamanlarda məmləkət böylə bir hökumət yoxluğundan zərər çəkiyor. Bu böyük müharibə təcrübə ilə həqiqət tamamilə başqa bir şəkildə olduğunu göstərdi. Ən az parlaman üsulu ilə idarə olunan məmləkətlərin ən qüvvətsiz hökumətlərə, ən müzəbzib kabinələrə malik olduğu görüldü. Bir ilin ərzində Rusiyada dəgişən baş vəzir qədər İngiltərədə adəti vəzir belə dəgişməmidir. Fransa Cümhuriyyətində kabinə böhranı bir həftə, intəhası iki həftə davam elədigi halda, Rusiya haman demək olar ki, daima vüzəra böhranı keçirməkdədir. Başqa müharib məmləkətlərdə hökumət ilə xəlq arasında vifaq var ikən, burada işlər əksinədir. Vifaq yerini nifaq tutuyor. Bu nifaqın nə dərəcədə olduğunu isə keçəndə Dumada qopan gurultular, sonra Moskvada yığışmaq istəyən cəmaət müəssisələrinin ictimaları mən olunmaqla görülməkdədir.

Əhvali-ümumiyyə bu yolda ikən İslam Aləmi ələlümum, Rusiya müsəlmanlığı da bilxüsus haman həyati-ümumiyyə və ictimaiyyəsini keçən illər kibi müharibənin doğurduğu ağır şərtlər altında keçirmişdir. Digər məmaliki-islamiyyənin halı haman 1915-ci ildəkindən pək də fərqli bir hal almamışdır. Fəqət Rusiya müsəlmanları bu il qeyri-rusların müharibə işçiliginə çağrılmaları münasibətilə zühur edən müəssif hadisələrə məruz qalmamışlardır. 25 iyunda çıxan fərmani-hümayun ilə bu vəqtə qədər əskərlik xidmətindən müəvvəq olan Türküstan, Qırğızıstan və Qafqasiya müsəlmanları dəmir yollarında, xəndək işlərində və xüsusi zavodlarda “biyar” surətilə əmələligə dəvət olunuyorlardı. Fəqət bu dəvətin qövldən-felə gətirilməsində göstərilən tələsmişlik, üsulsuzluq və yerli məmurların naşayəstə hərəkətləri sayəsində mətləb necə ki lazımdır anlaşılmayıb Türküstan ilə Qırğızıstanda bir taqım əsəfli hadisələr çıxmasına səbəb olmuşdur.

Bu hal böyük bir kütlə təşkil edib də bu vəqtə qədər bilahərəkət qalmış olan Mavərayi-Ural və Kaspi müsəlmanlarına böyük xəsarət toxundurdu isə də, şübhəsiz oralardakı lehmələnib durmuş cəmaətçilik gölünü dəxi bulandırmış oldu ki, bu hal gölün durulması üçün bəlkə də lazım idi.

Qafqasiya ilə Türküstan həqqində bir gündə və bir fərmanda sadir olan işçilik əmri Türküstan ilə Qırğızıstanda bəzi məlumata görə fərmanın südurundan belə neçə gün tətbiqə başlanmış ikən, Qafqasiya Canişininin təşəbbüsü ilə ikinci bir iradeyi-hümayun çıxaraq bu tərəf müsəlmanları 25 iyun qaidəsi ilə işçiligə dəvət təklifindən qurtarmış oldular. Bədə bu təklif icbari degil, bir növ könüllü əmələ vermək şəklində zühur etdisə də bu günə qədər müəyyən bir şəkil və tərtibə salındığı yoxdur.

Türküstan ilə Qırğızıstandan alınmış olan müsəlman əmələlər imdiki halda gərək daxili Rusiyada və gərək Qafqasiya səhneyi-hərbinə yaxın yerlərdə işlədilməkdədirlər.

(Məqalənin sonundan təxminən 20 xətlik mətn senzura tərəfindən çıxarılıb, yeri ağdır. – Ş.H.)

 

“Açıq söz”, 2 yanvar 1917, ¹366

 

Mühacim – hücum edən

İstida – yalvarıb istəmə

Müzəbzib – tərəddüd edən

Vifaq – uyğunluq, uzlaşma

Müəssif – təəssüf doğuran

Naşayistə – nalayiq

Məmərr – keçiləcək yer, yol

Müəvvəq – gecikdirilmiş, təxirə salınmış

 

Heyrətli xəbər həqqində

 

Müsəlman fraksiyası əzasından bəziləri ibtidai məktəblərdə təhsilin rusca olması rəyində imişlər.

Bu heyrətəngiz xəbər Şimallı qardaşlarımızı həyəcanə gətirib bittəbii yerindən oynatmış və bu dəfə Qafqasiya dağlarını aşaraq Quzğun dəniz sahillərini də ləpə (dalğa)ləndirmişdir.

Həm həqiqətən də sənələrdən bəri bəslənən arzuyi-milliyə qarşı millət amallarının rəsmi tərcümanları hesab olunan vəkillərimiz arasında “xain” olanlar var deməkdən ibarət olan bu qara şayiə başqa dürlü tələqqi olunamazdı.

Fəqət xəbərin əql və təsəvvürə sığmaz dərəcədə əcaib bir şəkildə olduğu bu xüsusda artıq ehtiyatlı olub “xoşbavərlik”dən azad olmayı icab etdirirdi. Buna görə də biz bu xüsusa aid olan fəqərə və məqaləyi “Vəqt” rəfiqimizdən nəql edərkən izahat gözləməklə qalmışdıq.

Bu gözləməmizə bir gün sonra hal-hazırda şəhərimizdə bulunan məbus Məhəmməd Yusif cənabları mütəvəccih olmuş və ən qəti cümlələrlə bəhs olunan xəbərin əsl və fəsli yox bir şayiə olduğunu bildirmişlərdi.

Çox şükür ki, fraksiyamız arasındakı məbuslar da, Büro əzası arasında – Məhəmməd Yusif cənablarının xüsusi söhbət əsnasında işlətdigi təbiri-vəchlə – hətta fraksiyanın strojunda da böylə bir fikir sahibi adam yoxdur. Məbusun təkzibi şübhəsiz təsəlli və itminanımıza səbəbdir. Fəqət zehni dırmalayan yenə bir məsələ qalıyor ki, o da əcəba, bu xəbərin çıxmasına səbəb nə? sualıdır.

Farsların bir zərbülməsəli diyor ki: “Ta nəbaşəd çiz ke mərdom nəkuyənd çiz ha”. Əcəba, bu qədər əcaib “çiz ha” intişarına səbəb olan “çiz in” nə imiş. Yanan nə imiş ki, böylə qəliz tüstü çıxarıyormuş?

“Vəqt” rəfiqimizin son alınan nüsxəsində axır zamanlarda Petroqradda bulunmuş olan Fateh əfəndi Kərimi cənabları bu xüsusda oxucularına məlumat veriyor və fraksiya həqqində çıxan xəbərin nədən nəşət elədigini ətraflı surətdə anlatmaq istiyor. Fateh əfəndinin yazdığına görə Petroqradda dəxi bu xüsusda çox danışıq varmış. Burada müsəlman fraksiyasının əzaları arasında ibtidai təlim və uçitelski seminariyalar həqqində iki axım varlığı rəvayət olunuyor, bu rəvayətlərə görə məbuslardan bir qismi ibtidai məktəblərlə uçitelski seminariyalardakı təhsilatın tamamilə öz ana dilimizdə olması tərəfdarı ikən, digər qismi ana dili ilə din dərslərinin oxunması təmin olunduqdan sonra ümumi dərslərin rusca oxudulmasına da müxalif degillərmiş. İbtidai məktəblərdə və açılacaq uçitelski seminariyalarda dərs dilinin mütləqa öz ana dilimizdə olmasını tələb edən zat məbus İsa Mirzə Yenikeyev, bununla iştiral etməyənlər isə Axtemov, Cəfərov, Tevkelev deyə söyləniyormuş.

Bu danışıqlara və müxalif rəvayətlərə səbəbiyyət verən şey isə uçitelski seminariyalar layihəsinə məbus Yenikeyev tərəfindən girdirilmiş olan popravka (təshih) fəqərəsi olmuşdur. Oxucularımıza məlumdur ki, uçitelski seminariyalar layihəsi komisyonlarında baxılarkən İsa Mirzənin təşəbbüsilə bu layihəyə “qeyri millətlərə məxsus bütün təhsilatı öz dillərində olmaq üzrə uçitelski seminariyalar açılmalıdır” mənasında bir təshih əlavə edilmişdi. Fəqət müsəlman fraksiyası naminə layihəyə əlavə olunan bu təshihlə bərabər layihənin uçitelski seminariyalara pravoslavnılardan başqalarının qəbul edilməyəcəgi həqqindəki maddəsi “Kadet” fraksiyasının təşəbbüsünə rəğmən layihədən götürülməyib bu xüsusdakı təshih rədd olunmuşdu.

F.K. cənablarının yazdığına görə İsa Mirzənin bu təshihi həqqində fraksiya ilə Büroda söz olmuş. Bu popravka müvafiqmi idi, degilmi idi, deyə müzakiratə başlanmış və əksəriyyətlə (Axtemov, Cəfərov, Tevkelev) və bir də o günü məxsusən fraksiya iclasına gəlmiş olan deleqat rəylərilə məzkur popravka lüzumsuz və faidəsiz görülmüşdür. Əhvalın bu cəhətlərini nəql edərkən Fateh əfəndi bu arada məarif vəziri İqnatyevin dedigi bir sözün ağızlarda dolaşdığını qeyd ediyor. Qraf demiş imiş ki: “oxu və məktəb məsələsində müsəlmanlar arasında iki axım vardır, bir qism əskicə fikirlilər və bu cümlədən mollalardır ki, müsəlmanların ibtidai təlimləri öz ana dillərində olmayı istiyorlar. Bunlar hənuz da özlərinin əski Şərq mədəniyyəti ilə yaşamaq fikrindədirlər. Fəqət yeni tərbiyə görmüş tərəqqipərvərlərlə cavanlar müsəlmanların tizraq iləri getmələri və tizraq ümumi mədəniyyətə qoşulmalarını, tərtibə salınmış rus məktəblərindən faidələnməklə mümkün buluyorlarmış. Öz ana dilləri ilə dinlərini oxutmaqla bərabər bunlar balalarının ümumi rus məktəblərinə girib rus balaları ilə birlikdə ümumi dərslərin rus dilində oxumasını faidəlicə sayıyorlarmış”. Vəzir böylə bir söz demişmi, deməmişmi? Burasını bittəbii rəvayətlərə görə nəql edən Fateh əfəndi qəti surətdə söyləyəmiyor. Yalnız bunu əlavə ediyor ki, rus məbuslar arasında oxu və məktəb məsələsində müsəlmanlar arasında iki axım mövcud olduğu həqqində xəbər varmış və bu xəbərə görə guya İsa Mirzə Yenikeyev əski fikir tərəfdarı imiş.

Fateh əfəndiyə görə ibtidai məktəblərdəki dərs dili həqqində çıxan gurultulu şayiələrin “çizin”i bu popravka məsələsindən ibarət olsa gərək. Əsl məsələ həqqində yazacağını Kərimov cənabları başqa günə təliq etmişlərdir.

Bu xüsusda Məhəmməd Yusif Cəfərov cənabları ilə elədigimiz müsahibədən anladığımız isə budur:

Neçə illərdən bəri sürünüb gəlməkdə olan uçitelski seminariyalar layihəsi son dəfə komisyonda baxılmışdır. Bu layihəyə görə uçitelski seminariyalara ancaq pravoslavnılar qəbul olunurlar. İnorodisləri çox olan yerlərdə isə məhəlli dil tədrisi caiz görülür. Bu maddənin vücudilə aşkardır ki, ümumi xəzinə xərcilə açılacaq uçitelski seminariyalar sırf pravoslavnıların malı olub qalacaqlardır. Buna görə də Kadet firqəsi ilə sair sol firqə nümayəndələri bu layihənin əleyhinə rəy vermişlərdir. Bu maddənin qaldırılması həqqində popravka vermişlərsə də, bu popravka rədd olunmuşdur. Yalnız müsəlman məbuslarından İsa Mirzə Yenikeyev digər bir popravka vermişdir ki, o da inorodislərə (qeyri-ruslara) məxsus təhsilatı ana dilində olmaq üzrə uçitelski seminariyalar açmaq lüzumundan ibarətdir. Bu popravka komisyon tərəfindən bir çox mübahisədən sonra qəbul olunmuşdur. İsa Mirzə popravkasının qəbul edilməsi ilə müsəlman fraksiyası üçün bir məsələ açılmış oluyordu. Bu popravka xatirəsi üçün layihənin keçməsinə əsasən rəy verilməlimidir? Yoxsa madam ki, layihədə uçitelski seminariyaları ancaq pravoslavnılara məxsus edən maddeyi-məxsusə baqi qalıyor, onu kökündənmi rədd etməlidir?

İştə, ixtilafi-rəy burada İsa Mirzəcə madam ki, qeyri-ruslara, o cümlədən müsəlmanlara xüsusi surətdə açılacaq, təhsilatı ana dilində seminariyalar vəd ediyor, bu layihəyi keçirməlidir. Müxalifləri isə diyormuşlar ki, bu vəd hər nə qədər əsasən qiymətdarsa da, felən heç bir əhəmiyyətə malik degildir. Çünki yalnız bir arzu halındadır. Nisyə bir qazanc müqabilində nəqd bir zərərə təhəmmül etmək müvafiq olamaz.

 

 

M.Ə.

 

“Açıq söz”, 9 yanvar 1917, ¹372

Bavər – inam, etimad, etibar

İtminan – inam, etiqad; arxayınlıq

Popravka – düzəliş

İştiral – satınalma

 

 

Böyük vüquat qarşısında və onun əlamətləri

 

Bir zamandan bəri gəlməkdə olan xəbərlər və hakəza bir takım kənar əhvallar – iləridə müdhiş və qəti böyük vüquat baş göstərəcəginə dəlalət ediyorlar. Bu vüquatın pək yaxındamı, yaxud bir müddət sonramı zühur edəcəgi, bu xüsusda hərb mütəxəssisləri belə açıq bir şey göstərəmiyorlar; fəqət hər halda yaxın zamanlarda müharibə meydanlarının dəhşətli bir vaqieyi-əzimə qarşısında olduqları müxtəlif əxbar və əhvaldan istidlal edilməkdədir.

Keçənlərdə İsveçya kralının reyxstaq məclisində söylədigi sözləri son dərəcə rəmzli və kinayəli idi. Birdən birə millət məclisi toplayıb hökmdari-məmləkət tərəfindən bəyan olunan o sözlərə şübhəsiz əhvali-cahaniyanın mühüm bir şey qarşısında olduğuna əlamət kibi gəliyordu. Xüsusən anın “İsveçya sərhədlərinə yaxın olan sulardakı əməliyyatın artması” deyə qeyd etdigi bir cümlənin məzmunu bir çox fikirlərə sövq edə bilən mənadadır. Bir tərəfdən bu. Digər tərəfdən şu günlərdə Bukreşdə dördlü ittifaq dövlətlərinin ümumi bir görüş məclisi olduğu, bu görüşdə Almaniya imperatoru Vilhelmin, Avstriya imperatoru Karlın, bolqar çarı Ferdinandın, Gindenburğ, Radoslavov, Yeqovun, Ənvər Paşanın iştirak etdigi və böyük bir müşavireyi-mühümmə vaqe olduğu, hətta bu məşvərətə Sultan həzrətlərinin belə dəvət olunduğu xəbər verilmişdi.

Böyük qəzetələrin bir çox təriqlər vasitəsilə əldə etdikləri məlumata və digər bir takım qiyasiyatə nəzərən bu mühüm şurayi-kəbirdə gələcəkdə başlanacaq vüquati-hərbiyyənin əsas planları qərara alınmış və ümumi proğram çizilmişdir. Son günlərdə gəlməkdə olan xəbərlər isə, hal-hazırda Berlində Almaniya, Avstriya-Macarıstan, Türkiyə-Bolqariya millət məclislərinin sədrləri iştirakilə konfrans davam etdigini bildiriyorlar. Əlbəttə, bu konfrans doğrudan-doğru müharibə tədarükatı məsələsilə məşğul olmasa da, hər halda müharibənin iki il yarım dəvamından iləri gələn və daha qərarə alınmış yeni vüquat planından nəşət etməsi möhtəməl olan əhvali-ümumiyyəyi müzakirə etməkdə olsa gərəkdir. Bunlar üzərinə “Russkaya volya” qəzetəsinin xüsusi məlumatına görə dördlü ittifaqın Bukreş müşavirəsindən sonra “almanların baş qərargahında sıra ilə qayət mühüm müşavirə məclisləri vaqe olmuş; bu məclislərdə Feldermarşal Gindenburğ müharibə meydanlarının hər cəhətindəki əhvali-ümumiyyə xüsusunda məlumat vermiş; bugünki vəziyyəti təsvir edib iləridəki təşəbbüsati-möhtəmələ həqqində də kəndisinin mülahizəsini və hər tədbirdə nöqteyi-nəzərini dərmiyan eləmişdir; bundan dolayı almanların məhafili-əskəriyyəsində, hərb işləri dairəsində gələcəkdə böyük bir vüquat zühurunu fövqəladə maraq və diqqətlə bəkləməkdədirlər”.

“Əhvalın bu nöqtədə olmasından dolayı bitərəf məmləkətlər mətbuatı, Almaniyanın, Avstriya, Türkiyə və Bolqariyanın daxilində ciddi bir hücum və xüruc üçün tədarük və tədbirlərdən ibarət olan fövqəladə bir qaynayış, bir keşməkeş və təlaş davam etdigini bildiriyorlar. İsveçrə əskəri məhafili təkidən bəyan ediyor ki, almanlar Rusiya-Almaniya Şərq cəbhəsində vüquatı genişlətmək tədarükündə bulunuyorlar. Kopenhağ müxbirləri isə yaxınlarda Gindenburğun bütün mövcud qüvvəsini toplayıb müttəfiqlər orduları üzərinə ümumi bir saldırış təşəbbüsündə olduğunu və anın planı bu dəfəlik müdhiş və qəti generalnı vuruşma və öldürüşməyə girişməkdən ibarət bulunduğunu söylüyorlar”.

İştə, kənar mənbələrin, bitərəf məmləkətlərin yaxınlarda böyük vüquat zühuruna dəlalət edən məlumat və bəyanatı bu kibi xəbərlər və mütaliələrdən ibarət olub, daxildə də böylə bir vüquata ehtimal verən mütaliələr yox degildir. “R.İnvalid” qəzetəsi “almanların daxildəki əhvalı son dərəcə fənalaşmış olduğuna görə, düşmənlərimiz başlarını itirib fövqəladə tədabir və tədarükdə bulunuyorlar” diyor. Bilxassə bugünki nömrəmizdə mündəric Baş Vəzirə xitabən nəşr olunan Xətti-Alie-imperatorinin bir yerində “bu gün, müharibeyi-əzimiyyənin sınıqlıq (təbdil) hasil etdigi bir dəqiqəsində, qövmiyyət və sinfiyyət ayrılığına baxmaqsızın rus xəlqinin fikir və nəzəri, düşmənlə qəti toqquşma dəqiqəsini şiddətli bir diqqətlə bəkləyib duran dilavər orduya doğru çevirilmişdir” deniliyor. Bunlar üzərinə general Brusilovun ordu naminə xitabən söylədigi nitqi dəxi fövqəladə əhəmiyyətli və mənalıdır. Müşarileyh bu il başlanacaq müharibələr xüsusunda söz söylərkən “bən bizzat, gərək əlimdə olan məlumata və gərək özümün dərin etiqad və qənaətimə görə bu il düşmənin qətiyyən pərişan və tarimar ediləcəginə kamilən inanıyorum” demiş və əlavə etmişdir ki: “biz düşməni kamilən məhv etmək istəmiyoruz; fəqət onun şu qədər qan dənizləri axıtdığına görə cəzayi-səzasını vermək istiyoruz”.

İştə, bütün bu kibi mütaliələr, bəyanlar və xəbərlər, bəşər dünyasının iləridə əqlə gəlməz dəhşətli və qanlı bir mənzərəyi-vüquat qarşısında olduğunu anlatıyorlar. Bu xəbər və mülahizələrin həqiqətə yaxın olduğuna daha bir çox əhval dəxi ehtimal veriyor; cümlədən bəziləri şudur ki: almanlar Rusiya cəbhəsində il yarımdan bəri fövqəladə bir dərəcədə hazırlandılar. Təbiyyətülceyş üsulilə xəndəklər, səngərlər təhkimatı, orduların təslihat və təchizatı, ərzaq və mühimmat və əskərlər nəqliyyatı bu qədər müddətdən bəri gecəli-gündüzlü ikmal edildi. Arxada ümumi xidmət mükəlləfiyyətilə bütün german xəlqini dövlət işlərinə çəkib milyonlarla əskər tərtib etdilər; polyaklardan dəxi ordu təşkil etmək qərarları, Polşadan, Belçikadan, Serbiyadan yüz minlərlə işçi almaları sayəsində bu orduların zapasını, ərzaq və mühimmati-hərbiyyəsini dəxi təmin çarəsinə girişdilər. Bir tərəfdən əllərində şu qədər hazırlıq, digər tərəfdən Romaniyada və ümumən Balkanlarda qazandıqları müvəffəqiyyət və Selanik qarşısındakı vəziyyət münasibətilə keçənlərdə sülh təklifi yapdılar. Bununla maddi və silah tədarükü əllərində olub, müxalif tərəflərinə mənəvi bir təsir dəxi icra etmək istədilər; xülasəsi şudur ki, keçənlərdə dedigimiz vəchlə “almanlar dişindən dırnağa qədər müsəlləh bir divi-mehikəl-kibi milyon pudluq dəmir topuz qaldırdılar da, müttəfiqlərə xitabən: “ya barışacaqsınız, ya topuzu endirəcəgiz” dedilər.  Müttəfiqlərin bundan mütəəssir olmadığı və sülh təkliflərinə cavab rədd verdigi meydandadır, imdi görünüyor ki, almanlar özlərinin məzkur təhdidlərini (qorxutmalarını) yerinə yetirmək istiyorlar. Gindenburğun “müttəfiqlər üzərinə toplayıb saldırmaq istədigi qüvveyi-ümumiyyəsi” – bundan ibarət olsa gərəkdir.

Almanları böylə qəti təşəbbüsatə sövq edən amillər bir tərəfdən bu isə, digər tərəfdən qəzetələr daha mühüm və daha ciddi xəbərlər gətiriyorlar. Bu son günlərdə qayət də israrla nəşr olunan xəbərlərə görə almanların daxilindəki işləri, xüsusən ərzaq və məhsulat cəhətləri qorxulu və təhlükəli bir dərəcəyə gəlmişdir. Bunun üçün onlar əldə olan mövcud qüvvə ilə saldırıb bir dəfəlik işin içindən çıxmaq istiyorlarmış. Almanların o cəhətdən işləri fənalaşmış olduğuna Xətti-Alidə dəxi işarə edilmiş və denilmişdir ki: “Rusiyanın məhsulati-təbiiyyəsi bitməz və tükənməz dərəcədədir; fəqət düşmənlərimiz məmalikində bunun tükənməkdə olduğu anlaşılıyor”, eynilə Brusilov nitqində dəxi buna işarə edildigi görülüyor. “Russkaya volya” qəzetəsinin bitərəflər mətbuatından istehsal etdigi məlumat hakəza almanların bu halından bəhs ediyorlar. Hasili hər nə sövqilə olsa da bu həftənin mətbuat və məhafili iləridə mühüm bir vüquat hazırlanmaqda olduğunu anlatıyorlar. Baxalım yaxın günlər nə gətirəcək.

 

 

“Açıq söz”, 11 yanvar 1917, ¹374

 

İstidlal – bir dəlilə əsaslanaraq

nəticə çıxarmaq

Dərmiyan – arada, aralıqda

An – o

Divi-mehikəl – böyük div

Qiyas – müqayisə

Təbiyyətülceyş – taktika

 

 

Gürcü qəzetələrinin tələbi münasibətilə

 

“Açıq söz”ün sonki nömrəsində gürcü qəzetələrindən “Saxalxo purtseli” ilə “Sakartvelo”nun Acarya ilə Qafqasiya müsəlmanlarının münasibatına aid birər məqalələri və “Zaqafqazskaya reç” qəzetəsinin bu xüsusdakı bir mütaliəsi dərc edilmişdir.

Bu məqalələrində gürcü qəzetələri Bakı müsəlman cəmiyyəti-xeyriyyəsinin Acaryadakı “siyasətindən” şikayət ediyorlar. Bunları bilxassə cəmiyyətin Orta Batum kəndində açmaq dilədigi məktəb fikri qeyzləndiriyor. Acaralılar gürcüdirlər, binaənileyh onlar üçün açılacaq məktəb gürcücə olmalı, türk məktəbi açmaq onları türkləşdirmək istəməkdir. Bu isə gürcülər ilə Qafqasiya türklərinin dostluğuna mane ola bilər. Buna görə də gürcü qəzetələri tələb ediyorlar ki, Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi bu kibi fikirlərdən daşınsın.

“Saxalxo purtseli” isə bildirki sözünü təkrar edərək tələb ediyor ki, Qafqasiya türkləri başqa millətlərlə olan münasibətlərində din cameəsindən əl götürsünlər, yoxsa gürcülərlə müsəlmanlar arasında dostluq qeyri-mümkündür.

Fəqət gürcü qəzetələri Qafqasiya türklərindən Acaryanın gürcü olduğunu qəbul etməyi tələb edib də, bu xüsusda təminat olaraq oralarda türk məktəbi açılmamasını istədikdə qarşılıq olmaq üzrə Acarıstanın xristianlaşmasına qarşı nə kibi təminat veriyorlar?

Müsəlman məktəbi gürcü müsəlmanlarını türkləşdirsə gürcü məktəbi də müsəlman gürcüləri xristianlaşdıra bilər. Bu gün Acaryanın gürcüligə əlaqəsi türkcə ilə bərabər gürcücə danışmaqdan ibarət isə islamiyyətlə rabitələri və sair islam millətlərilə münasibətləri bir çox bağlarla bağlıdır. Milliyyətdə dinin, din ilə mərbut və məşrut olan adat, ənənat və tarixin əhəmiyyəti dəxi inkar olunamaz. Bunu bu gün gürcülikdən ziyadə müsəlman olan Acarya həqqində təslim etmək lazım. Binaənileyh Acaryada, Acarıstanda iki mədəniyyət qarşı-qarşıya gəlmişdir: gürcü-xristian mədəniyyəti ilə islam-türk mədəniyyəti. Bu xüsusda hakim olacaq şey türk-müsəlmanların və yainki xristian-gürcülərin arzusu degil, yalnız Acaryanın öz meyli, öz arzusu ola bilər. Gürcü cəmiyyəti-xeyriyyəsi Acarıstanın hər yerində, hətta Acarıstan degil, gürcüliklə heç bir əlaqəsi qalmayan yerlərdə belə gürcü məktəbi açarsa, müsəlmanlar da buna müqabil müsəlman məktəbi açmaq həqqinə malikdirlər. Acaralı hankisini intixab edərsə etsin. Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi bu vəqtə qədər Acaryada bir məktəb açmamışdır. Böylə bir məktəb açmaq fikrində isə, bu fikir kəndisinə siyasi bir qərəzlə gəlməmiş, cəmaətin, acaralı müsəlmanların müraciətləri üzərinə hasil olmuşdur. Cəmiyyət vasitə olaraq Xolada bir came inşası üçün Bakı sərvətdarlarından ianə toplarkən acaralılar türk qəzetələrinə məktub yazaraq yalnız məscidlə qalmayıb kəndilərinə məktəb açmayı dəxi cəmiyyət nümayəndəsindən istiyorlardı. Müsəlman cəmiyyəti-xeyriyyəsi hərbzədə müsəlman qardaşlarının bu mədəni xahişlərini əlbəttə ki, rədd edəməzdi və bunu başqa dürlü də tələqqi etməgə gəlməz.

 

“Açıq söz”, 15 yanvar 1917, ¹377

 

(Ardı var)

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 26 yanvar.- S.26-27.