Ədəbi yuxular

 

15 il əvvəl dostum Rafiq Həşimovun evində böyük yapon kinorejissoru Akira Kurasovanın yuxuları əsasında çəkdiyi qısa filmlərə baxmışdım. Rusca səsləndirilən hər bir film bu cümləylə başlayırdı: “Ə videl takoy son...” (yuxu atmosferini kinoda Bunuyel, Tarkovski, Fellini və Kurosava qədər gözəl göstərməyi bacaran başqalarını tanımıram)... Yuxular həyatımda çox ciddi əhəmiyyətə malikdir, bəlkə inanmayacaqsız, tez-tez olur ki, sonradan gün ərzində gördüyüm işləri, görüşləri, adamları sırasıyla, dəqiqliklə yuxuda əvvəlcədən görürəm, özü də bir qayda olaraq bunlar qabaqcadan planladığım işlər olmur. Yuxular haqqında psixoanalitiklərin, mötəbər din alimlərinin dediklərini, yazdıqlarını az-maz bilirəm deyə təfərrüata varmayacam...

Ölümləri, olumları aylar, həftələr qabaq təəssüf ki, görürəm. Mərhum anamın ölümünü il yarım əvvəlcə bir dəfə, 3 ay sonra daha aydın şəkildə daha bir dəfə gördüm. Mərhum həmkarlarımız Fərhad Metenin ölümünü də(qəribədi axıradək anlamadığım yuxunu Fərhadın özünə də danışmışdım), Pərviz Yusifin ölümünü də. Fəridin, Şəhriyarın İrandakı həbslərini də 3 gün əvvəl gördüm. Heç vaxt belə arzum olmayıb və gizlətmirəm, indi bu məni qorxudur. Olub ki, beş yaşındaykən tez-tez gördüyüm, amma yarıda qırılan, ayılandan sonra köməyə adam çağırmaq istəyəndə dilimi-ağzımı bağlayan, dilim açılanda isə unutduğum qorxulu yuxunu 27 il sonra təkrar görmüşəm. Amma onda nə yuxu yarıda qırılıb, nə mən qorxmuşam. Yuxu da yadımdan çıxmayıb. ..Yuxularla münasibətim 2002-ci ildən sonra – həmin il həyatım büsbütün dəyişdi, mütəmadi xarakter aldı. O vaxtdan bu yana indi hər gecə, hətta gündüzləri mürgülədiyim vaxtlarda belə 15-20 yuxu görürəm: kitab oxuyanda gözlərim heç bu qədər ağrımır, ürəyimdən danışmıram. Bunları yəqin ona görə yazıram ki, oxuculara danışmaq qərarını verdiyim “ədəbi yuxularımın” “bəraətini” ifadə edə bilim, şəxsi səciyyəli olmamasını deyim və keçim həmin altı yuxuya.

 

Birinci yuxu: Brodski niyə əsəbi idi?

2000-ci il idi. İndi mühacirət həyatı yaşayan şair və bukinist dostum Nijad Verdizadənin vasitəsi ilə tanıdığım Vaqif müəllim (o da bukinist idi), mənə İosif Brodskinin “Osenniy krik yastreba” adlı bozarmış yaşıl nazik üz qabığı olan (üz qabığında Brodskinin profildən çəkilmiş, həm xoşlanmadığım, həm də dünyaca məhşur “Vogue” dərgisi üçün çəkilsə də texniki cəhətdən keyfiyyətsiz şəkli də vardı) kitabını hədiyyə elədi. 90-cı illərin ortasına təsadüf edən Pribaltika nəşri bu kitab, deyilənə görə şairin rusdilli arealda çap olunan ilk kitabı idi; şeir seçimindən də narazı qalmışdı Brodski. Nəsə. Mənim Brodskinin şeirləri ilə ilk tanışlığım o gün baş tutdu. Həmin gecə demək olar bütün şeirlərini acgözlüklə oxudum. Bəzi şeirləri bir neçə gün sonra tərcümə eləmək cəhdim də uğursuz oldu. Onu başa düşdüm ki, şeirlə bağlı intuitiv olaraq eləmək qərarı verdiyim bir çox şeyləri Brodski sistemli şəkildə eləyib. Demək, başqa yol tutmaq lazımdı. Bu tanışlıqdan sonra mən aşağı-yuxarı iki il susdum. Və günlərin bir günü 14 gün dalbadal uzun bir şeir yazdım. Sonra 14 gün xəstə yatdım. Sonra daha 14 gün dayanmadan yazdım. Mistik enerjiylə dolu 42 gün. Sonuncu misranı yazdım və elə yazdığım yerdə də yuxu apardı məni.

 

Və belə bir yuxu gördüm:

Başbaşa, qapıları eyni dəhlizə açıq iki otaq. Baş otaqda Brodski sağ çiyni ilə açıq qapının tirinə söykənib. Əlləri cibində və acıqlıdır. Dəhlizdə mərhum anam çöməlib oturub. Qarşısında bir tabaq qovrulmuş günəbaxan dənəsi. Mən onlara baxıram. İosif əsəbiliklə anama tərəf gəlir, əyilir və tabağın, elə gəldiyi tərəfindəncə saymazyana şəkildə bir ovuc günəbaxan dənəsi götürür. Amma hirsli və səliqəsiz şəkildə: ovucundan dənələr tökülür döşəməyə. Sonra da gəldiyi yerə doğru gedir. Mən isə onun anama münasibətindəki saymazyanalığından hirslənirəm, eyni tövr və hirslə anam olan tərəfə yaxınlaşıram. Onun əlindən tökülənləri yerdən yığışdırıb tabağın elə o götürdüyü tərəfinə atıram, özü də bunu elə edirəm ki, o əsəbiləşdiyimi görsün. Sonra da qabın mən gəldiyim tərəfindən səliqəylə bir ovuc günəbaxan dənəsi götürüb çəkilirəm öz otağıma...

Yuxu burda bitirdi. Ayıldım və düşündüm ki, bu yuxuda hansısa bir işarə var. Sabahı gün, günboyu yuxunu düşündüm, axşamı ikiillik sükutdan sonra yazdığım uzun poetik mətnin əlyazmalarına baxanda elə bil elektrik cərəyanı vurdu məni. Gördüm ki, Brodskinin ağlımda ilişib qalan bir misrası – “Odinoçesvto uçitğ suti vehey, ibo sutğ ix toje odinoçestvo” (Təklik öyrədir səni əşyaların sirrinə, çünki onların sirri elə təklik deməkdir...)- bir az fərqlə gəlib düşüb yazdığım mətnə. Avtomatik. Misranı həmin dəqiqə çıxartdım. Dəyişdim. Əlbəttə o yuxudan başqa nəticələrə də gəldim ki, bu yalnız mənə aiddi. Ümid edirəm, Brodski indi acıqlı deyil...

 

2 aprel, 2012-ci ildə yazıya alındı

 

İkinci yuxu: Xaqani ilə Nizami yenə bir yerdəydilər...

Tanınmış şərqşünas, dostum Məsiağa Məhəmmədi mənə Nizaminin “Xəmsə”sinin 60-70-ci illərdə nəşr edilən filoloji tərcümələrini verib. Həftədə azı bir dəfə nəsə oxuyuram o qiymətli beşlikdən: ya poemalarından bir fəsil, ya da altıncı kitab olan divanından bir neçə qəzəl-qəsidə. Lap bu yaxınlarda “Oğluma nəsihət”i ev tapşırığı idi deyə oğlum Mübarəklə birlikdə təkrar oxudum. İkimiz də yaxşı dərs aldıq. Sonra da bir tərəfə çəkildim ki, o gözümün dolmasını görməsin... Həmişəki kimi bir də yaxşı anladım ki, bu şairi 8 əsrdən artıqdır bu yana yaşadan, oxusaq da, oxumasaq da günümüzə gətirib çıxaran nədir... Gəncəyə getmişdik. Mübarəki də aparmışdım. Şəhərə girəndə və çıxanda eyni qəribə bir hissi yaşadım. Xüsusən çıxanda. Nizaminin şəhərin kənarındakı məqbərəsi sanki nəhəng, nəhəngliyi qədər tənha bir müdrikin siluetinə oxşayırdı. Elə bil əllərini qoynuna qoyub gündəlik qayğıları ilə yaşayan gəncəlilərə, azərbaycanlılara, bizim hamımıza, bəlkə də səyahət etməsə belə yaxşı tanıdığı bütün dünyanın insanlarına vacib bir şeyi pıçıldayırdı. Bəlkə pıçıldamırdı, məqbərələr qədər böyük tortlar, poemalar qədər bəlağətli tostlar və riyakar şüarlarla aldadılmış adamlara heyrət və qüssə ilə baxırdı... Məqbərədə orta yaşlı bir qadının böyük şairin qəbri yanında danışığını da eşitdik. Dua edirdi. Pir deyə gəlmişdi ora qadın...

 

lll

 

Sabahın dağılmaqda olan dumanını görmüsüz. Uzaqbaşı 5-7 dəqiqə çəkir. İndi təsəvvür edin ki, bu, sürətlə baş verir. Bir dəqiqə ərzində. Elə də oldu. Məndən təxminən 15-20 metr aralıda dağılan dumanın arasından taxta yellənən qoltuqda bir nəfər oturmuşdu. Arxadan sağ tərəfində isə başqa bir nəfər dayanmışdı ayaq üstə. Qədimi libasları vardı: əba, dolama baş örtüyü, ikisi də saqqallı (yuxuda görmə və hissetmə məsafədən asılı olmaya da bilir). Qoltuqdakı xoşsima, ayaq üstə duran adam isə acıqlı və əsəbi idi. Nədənsə mənə elə gəldi oturan Nizami, arxasındakı isə Xaqanidi (bir az məlum “portret”lərə oxşayan xəyali obrazlar). Bir az irəlilədim. Yaxınlaşdıqca qənaətim özünü doğruldurdu. Bu Şeyx Nizami idi. Nur haləsi vardı üzünün çevrəsi boyu, işıq çıxırdı üzündən, işıq. Xaqani əsəbi idi. Bəlkə də acıqlı və qəzəbli.

Ayılanda yuxunu xeyli fikirləşdim, ədəbiyyatşünas qənaətləri və yozumlarından başqa bir şey gəlmədi ağlıma. Xaqaninin yuxudakı acıqlı obrazını sərt realizmi ilə bağlaya- bağlaya işdəki pilləkənləri qalxıb otağımı açanda, elə bil kimsə dedi ki, dön, arxana bax. Baxdım və çaşdım. İş otağımla üzbəüz divarda ( divarın arxası Yazıçılar Birliyinin Məmməd Arif adına kitabxanasıdır, daha doğrusu kitabxananın qalıqları) klassiklərin sonradan sayı artacaq və sıra içində yerləri bir qədər dəyişəcək portretləri asılmışdı, 18 portret. Dünən onlar yox idi. Nizaminin və Xaqaninin portreti isə düz mənim iş otağımın qapısı ilə üz-üzə idi. Deyilənə görə sağ ikən yalnız bir dəfə görüşən şairlər yenə bir yerdəydilər. İlıq təbəssümlə biruzə verdiyim bir sevinc hakim oldu içimə: qəlbləri belə tapşırmaq mümkün olan bu iki böyük şairə Yazıçılar Birliyinin ən üst qatını, üstəgəl həmin qatdakı, əslində çardaqdakı otağını etibar eləmək çox gözəldi.

 

3 aprel, 2012-ci ildə yazıya alındı

 

(Ardı var)

 

 

Səlim Babullaoğlu

 

525-ci qəzet.- 2013.- 26 yanvar.- S.25.