Musa Mərcanlı: “Təsəvvür belə etməzdik ki, jurnal nə vaxtsa 11 dildə çap olunacaq”  

 

Bu yaxınlarda “İrs” jurnalının 10 yaşı tamam oldu.  Rus, ingilis, alman, fransız, ərəb, yapon, çin, italyan, çex, türk və ispan dillərində nəşr olunub dünyanın 70-dən artıq ölkəsində yayımlanan beynəlxalq jurnalın təsisçisi və baş redaktoru Musa Mərcanlı  ilə söhbətimizdə müsahibimiz nəşrin yaranma zərurətindən, keçdiyi inkişaf yolundan, qarşıya qoyulan məqsədlərdən, əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən söz açdı.

– “İrs”in yaranma zərurəti necə meydana gəldi?

– Məlum olduğu kimi postsovet məkanında çoxlu azərbaycanlılar yaşayıb fəaliyyət göstərir. O vaxtlar Moskvaya gedib-gələndə görürdüm ki, Rusiyada yaşayan xeyli sayda Azərbaycan ziyalısının çıxış etmək, fikirlərini, problemlərini bildirmək üçün bir tribunaya ehtiyacı var. Azərbaycanlıların mətbuat orqanının yaranma zərurəti də həmin vaxtlar meydana gəldi. Bizim rusdilli nəşrlərimizin çoxu Azərbaycanda çap edilsə də xaricdə yayılmır, yaxud çox az yayılır. 10 il bundan əvvəl inrternet də bu qədər geniş vüsət almamışdı. Ona görə də bu jurnalın yaranması zəruri idi. Çünki bu sahədə bir boşluq var idi. Beləcə bu boşluğu doldurmaq,  həmcinin ölkəmizin  mədəniyyəti, tarixi, coğrafiyasını Azərbaycan hüdudlarında  tanıtmaq, orada yaşayan çoxsaylı soydaşlarımızı yenidən öz köklərimizə qaytarmaq, millətə yönəlmək məqsədilə “İrs”in nəşrinə başladıq. Bu məqsədlə rusdilli “İRS-nasledie”nin ilk nömrəsi 10 il bundan əvvəl çap edildi. Biz bu dərgidə Azərbaycanın mədəniyyəti, tarixi, etnoqrafiyası, xüsusilə də ən əsas problemimiz olan Dağlıq Qarabağ məsələsi, erməni təcavüzü ilə bağlı əsl həqiqətləri işıqlandırmağı və xarici ölkələrə yaymağı qarşımıza məqsəd qoymuşuq. Jurnalımızın bir özəlliyi də hər kəslə məhz doğma dilində “dil tapmasıdır”.  Məsələn, almanlar ingilis dilində oxumağı sevmirlər. Çinlilər, ümumiyyətlə, ingilis dilində  danışmaq belə istəmirlər. Onlara təsir etmək üçün ən yaxşısı, hər kəslə öz dilində “danışmaqdır”. Faktlarla zəngin dərgi hər buraxılışında yer alan materiallarda 25-ə yaxın mənbəyə istinad edir.

–Jurnalın dövriliyi necədir, burada əsasən hansı mövzular əhatə olunur və müəllifləriniz kimlərdir?

– Çap olunduğu dillərə görə jurnalın dövriliyi də fərqlidir. Rus dilində çıxan “İrs-Nasledie” ildə altı dəfə-iki aydan bir çıxır. İngilis və italyan, türk versiyası rübdə bir dəfə- ildə dörd dəfə dərc olunur. Yaxud ərəb, yapon dilində çıxan nəşr ildə iki dəfə işıq üzü görür. Yəni hər bir nəşrin öz dövriliyi var. Hələ ki, bəzi nəşrlər yenicə başlayıb, ona görə də zaman keçdikcə, tələbat artdıqca onların da  dövriliyini artırmaq niyyətindəyik. Bu mənada get-gedə daha da inkişaf edəcəyimizi düşünürəm. Məsələn, Yaponiyada jurnalı ildə dörd dəfə buraxmaq istəyirlər. Yəqin  əhəmiyyətini görürlər, artıq oxucuları var ki, belə bir təklif irəli sürürlər. Müəlliflərə gəlincə isə bizim müəlliflərin bəzən əlli faizini yayımlandığı ölkənin mütəxəssisləri təşkil edir.

– Belə anlaşılır ki, jurnalların dövriliklərində müəyyən fərqlər olduğu kimi, mündəricatlarda da fərqlər var?

– Bəli, fərq var. Nəşrlər çapa hazırlanarkən hər ölkənin özünün spesifikasına uyğun mövzular seçilir. Məsələn, “İrs-Miras” türkdilli dərgimizdə  Türkiyə ilə bağlı materiallar verilir, yaxud yapon nəşrində Azərbaycan Tarix Muzeyində saxlanılan yapon nizəsindən söhbət açılır. Əlbəttə ki, bu mövzu daha çox yapon oxucusuna maraqlıdır, nəinki alman, ya da italyan. Lakin ümumi mövzular da var ki, bu da Azərbaycan təbiəti, mədəniyyəti ilə bağlıdır. Bu yazılar hər dildə nəşr olunan jurnalda öz əksini tapır. Yaxud da 20 Yanvar , Xocalı faciələri  və ya Azərbaycan Demokratik Respublikası ilə bağlı yazılar 11 dildə çap olunan nəşrlərin hamısında yer alır.

– Jurnal necə yayımlanır?

– Jurnalın yayılmasında bizim xaricdə yaşayan diaspor təşkilatları və diplomatik nümayəndəliklər yardımçı olurlar. Ondan başqa bəzi ölkələrdə abunə işi də təşkil edilib. Həmçinin dərnəklər, milli strateji araşdırma mərkəzlərinin xətti ilə də yayılırıq.

– Jurnal aidiyyəti ölkələrdə açıq satışa çıxarılırmı?

– Hələ ki, buna keçilməyib . Yəqin ki, bir müddətdən- işimizi daha mütəşəkkil qurandan sonra dərgilər açıq satışa da çıxarılacaq.

– Necə düşünürsünüz, Azərbaycanın mənəvi irsi əcnəbiləri, başqa ölkələrin vətəndaşlarını maraqlandırırmı?

– Əlbəttə, onlar üçün bu, maraqlıdır. Məsələn, Argentinada jurnalımızı təqdim edənə qədər orada çoxu elə bilirdi ki, Qafqazda yalnız ermənilərin dövləti var. Bunda əlbəttə, orada yaşayan çoxsaylı erməni diasporunun da böyük rolu vardı. Onlar elə düşünürdülər ki, Azərbaycan ya İranın, ya da Türkiyənin ərazisində yerləşir. Jurnalımızın təqdimatı zamanı başa düşdülər ki, Azərbaycan təkcə maddi yox, eyni zamanda çox dəyərli milli-mənəvi sərvətə malikdir.

– Jurnallarınızın təqdimatı zamanı erməni diasporu işinizə hansısa şəkildə maneçilik törədirmi, təxribatlar olurmu?

– Fransa və Latın Amerikası ölkələrində güclü erməni lobbisi var. Argentinada dərginin təqdimatı zamanı ermənilər tədbiri pozmuşdular. Ermənilərin Rusiyada çıxan bir mətbuat orqanının tirajının sayı Azərbaycanda çap edilən bütün mətbuat orqanlarının sayına bərabərdir. “Yerevan” adlı jurnalları  180 min tirajla çap edilir. Rusiyada ermənilərin 30-a yaxın jurnalı nəşr olunur. Təkcə Moskvada bunların sayı 13-dür. 10 il ərzində “İrs” haqqında çox təhqir, tənqid dolu yazılar da olub. Amma xaricdə yaşayan Azərbaycan diasporu da böyük qüvvədir. Ermənilərin təhdid və tənqidlərinə baxmayaraq biz yazırıq və hər nömrədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yazılar veririk.

– “İrs” dünya oxucusunu daha çox nə ilə maraqlandırır, təəccübləndirir?

–Bizim işimiz təəccübləndirməkdən daha çox tanıtmaq istiqamətində qurulub. Amma bu yaxınlarda dediyiniz kimi, təəccübləndirməyi də bacarmışıq. Jurnalımızın Çin dilli buraxılışında bir yazı getmişdi. Bəlkə heç bu faktdan bizim yerli jurnalistlərimizin də ətraflı məlumatı yoxdur. Belə ki, Şəkidə arxeoloji qazıntılar zamanı yaşı 3500 ilə qədər olan samovar, daha doğrusu onun oxşarı, sələfi tapılıb. Bu, artıq dünyada ən qədim samovar sayılır. Amma Çində belə hesab edirlər ki, ən qədim samovar onlara məxsusdur. Yaşı da  təxminən 2000 ildir. Çində jurnalın təqdimat zamanı Şəkidəki samovarla bağlı faktı deyəndə onlar çox təəccübləndilər, inanmadılar. Sübut edəndə isə vəziyyətdən çıxmaq üçün yumordan istifadə etdilər. Zarafatla dedilər ki, yəqin bizim əcdadlarımız vaxtilə Azərbaycanda yaşayıb, oradan çıxanda da samovarı orada qoyub gəliblər.  Bu gün Azərbaycan dünyada daha çox nefti, kürüsü ilə tanınır. Axı bizim mənəvi irsimiz daha zəngindir. Biz bu irsi tanıtmağa  çalışırıq.

–”İrs”in xüsusi “Qarabağ” buraxılışı var. Necə fikirləşirsiniz, tutaq ki, “İrs”in məhz elə bu buraxılışını erməni dilində çap edib dünyada yaymaq, əsl Qarabağ həqiqətlərin, haqq səsimizi elə düşməninn dilində dünyaya çatdırmaq olarmı?

– Maraqlı rubrikalarla zəngin “İrs”in  Qarabağ adlı bölməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, 2005-ci ildən jurnalın “Qarabağ” adlı xüsusi buraxılışı da nəşr edilir. Dərginin məhz bu buraxılışı ermənilər arasında daha populyardır.  Ermənilər bizim mətbuatı diqqətlə izləyirlər. “Qarabağ” buraxılışını isə xüsusən diqqətlə oxuyub təhlil, tənqid edirlər və təbii ki, təhrif edirlər. Təhdid və hədələrə baxmayaraq Rusiyada  azərbaycanlılar çox olduğu üçün onların öhdəsindən gəlməyi bacarırıq. Bir faktı da qeyd edim ki, ermənilərin Azərbaycan dilinə dərindən bələd olan mütəxəssisləri var. Amma təəssüf ki, bizim erməni dilli mütəxəssislərimiz çox azdı. Bakı Dövlət Universitetində bir  görüşümüz  oldu.  Çox sevindim ki, burada erməni dili laboratoriyası yaradılıb. Amma oranın cəmi iki  işçisi var. Ermənistandan nə qədər  köçüb gələnlər var, amma erməni dili mütəxəssisi tapılmır.  Ermənistanın tək bir universitetində isə 30 nəfər azərbaycanşünaslıqla məşğul olan adam var. Görün, nə qədər fərq var? Əlbəttə, erməni dilində çap etmək mümkündür. Lakin bunu xarici ölkələrdə yaysaq da, axı orada ermənicə bilmirlər. Hətta, xaricdə yaşayan əksər ermənilər bir neçə nəsil əvvəl Ermənistandan çıxdıqları üçün doğma dillərini bilmirlər. Amma düzdü, buna baxmayaraq ölkələrində yaşayanlardan daha artıq ermənidirlər.  Ümumiyyətlə, erməni dilində çap olunmaq ideyası planımızda var idi, sadəcə, mütəxəssis çatışmazlığı buna imkan vermir. Ola bilsin , nə vaxtsa belə bir layihə həyata keçirək.

–Gələcək planlarınız nədən ibarətdir?

– “İrs” Beynəlxalq Azərbaycan jurnalı daha üç dildə nəşr ediləcək. Bu ilin aprel-may aylarında “İrs” Braziliyada portuqal, Polşada polyak və Yunanıstanda yunan  dilində nəşr ediləcək. Ermənilərin daha sıx məskunlaşdığı digər xarici ölkələrin dilində də nəşr olunmağı nəzərdə tuturuq.  “İrs”in materialları əsasında kitablar da buraxılır. Məsələn, bu yaxınlarda “Numizmatika” kitabı nəşr edilib. Mart ayından başlayaraq  “İrs” seriyası ilə ildə 2-3 kitab nəşr etməyi planlaşdırırıq. Bunlar bir növ ensiklopedik nəşrlər olacaq. Burada “İrs” jurnallarında çap edilmiş materialların daha geniş işlənmiş, əhatəli tədqiqatı yer alacaq. Hesab edirəm ki, bu ensiklopedik “İrs” kitabları Azərbaycanın xaricdə təbliğatı yönündə yeni səhifə olacaq.

– Fikrinizcə, fəaliyyət göstərdiyi illər ərzində “İrs” qarşıya qoyduğu məqsədə nail ola bilibmi?

– Biz fəaliyyətə başlayanda ildə 4 dəfə çıxırdıq, tiraj da 1000-1500 idi. İndi jurnal təkcə rus dilində ildə altı dəfə nəşr olunur, tirajı da əvvəlkindən beş dəfə çoxdur. Təsəvvür belə etməzdik ki, jurnal nə vaxtsa 11 dildə çap olunacaq. Bir halda ki, artıq bunları edə bilmişik, deməli, gələcəkdə daha çox perspektivlər var və hesab edirik ki, jurnal Azərbaycanın xaricdə təbliğat vasitəsi kimi gələcəkdə də öz missiyasını layiqincə yerinə yetirəcək. Biz artıq bu yolun əvvəlini keçib, belə deyək, indi ortasındayıq. Deməli, qarşıda görüləcək işlərimiz hələ çoxdur. Əsas olan odur ki, biz haqq yolunda, düz  yoldayıq.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 26 yanvar.- S.19.