90 yaşlı “Azərbaycan”
“Azərbaycan” jurnalının
90 yaşı tamam olur.
Azərbaycan ədəbiyyatının 90 illik mənəvi
yaddaşı-sözümüzün saf aynası, Azərbaycan
mətbuat tarixinin şanlı bir səhifəsi.
Doğrudan
da bu 90 il sanki bir göz
qırpımındaca keçdi. Amma belə deyil, bu 90 il xalqımızın öz tarixi kimi mürəkkəb,
dramatik, hətta faciəli aylarla, illərlə müşayiət
olundu. Bəli, hər dövrün ədəbiyyatı
həmin dövrün əks-sədasıdır. Ədəbiyyat dünya və gerçəklik
haqqında sözdür. Öz
dövründə yaranan söz əgər zamanı
adlayırsa, o, əbədiyaşar həyat kəsb etmiş
olur. Bu sözü yayınlayan və
yaşadan isə kitablar və ədəbi jurnallardır.
Onda təsəvvür edək ki, bu 90 ildə “Azərbaycan”
jurnalı üzərinə necə şərəfli bir ədəbi-tarixi missiya
götürüb.
Gəlin, bir anlığa keçmişə qayıdaq. Ancaq
keçmişə münasibətdə dəqiq və obyektiv
olaq.
Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra “yeni dünyanın”-Aprel
inqilabının özü ilə gətirdiyi ictimai pafosa səs
verən bir ədəbiyyatın-proletar ədəbiyyatının
ilk nümunələri də meydana gəldi. Bu ədəbiyyatın
salnaməsini yaratmaq, ədəbi nümunələri yeni cəmiyyətin
oxucularına çatdırmaq, onları sosializm ruhunda tərbiyə
etmək üçün doğrudan da sanballı bir jurnala
ehtiyac var idi. “Maarif və mədəniyyət” belə bir ehtiyaca
cavab vermək üçün meydana gəldi. Digər tərəfdən,
mənəvi keçmişimiz-zəngin ədəbi xəzinəmizlə
yeni cəmiyyəti yaradanlar, quranlar arasında, bir növ, mənəvi
körpü gərək idi. Bu da
maraqlıdır ki, jurnalın ilk nömrəsində bu mənəvi
keçmişin keşiyində dayanan, onu təbliğ edən
sənətkarlarımızın-C.Məmmədquluzadənin,
H.Cavidin A.Səhhətin və b.nın əsərləri
çap olunmuşdu.
Jurnalın ilk redaktoru görkəmli ədib Tağı
Şahbazi Simurq idi.
Azərbaycanın
maarif komissarı Mustafa Quliyev (sonralar o özü də bu
jurnalın baş redaktorlarından biri oldu) jurnalın əsas
qayəsini ilk nömrədə belə
açıqlamışdı: “Ümid ediriz ki, bu məcmuə
ümum Azərbaycan ədib və mühərrirlərinin fikri ittihadına, ədəbiyyatımızın
tədqiq və intişarına yardım edəcəkdir. Bu barədə Azərbaycan maarifi yolunda hər bir qələm
əhlinin bizə yardım etməsi onların vicdani borcudur”.
Elə həmin nömrədə görkəmli ədəbiyyatşünas
Salman Mümtaz öz sevincini gizlətməyərək
yazırdı: “Ədəbi bir məcmuənin nəşrini
çoxdan gözləyirdik. Daha bundan sonra
mühərrir arkadaşlarımız istədikləri kimi Azərbaycanın
əski və yeni ədəbiyyatından ətraflı olaraq bəhs
etməyə imkan bulacaqlar”.
Deməli, “Maarif və mədəniyyət” jurnalı
pedoqoji yox, ədəbi jurnal kimi fəaliyyətə
başladı.
Hətta jurnalın ilkin təşkilində “Təlim və tərbiyə”
şöbəsi yaradılmışdı, amma az
sonra onu “İctimai və siyasi şöbə” (indiki dillə
desək, “Publisistika”) əvəz etdi. jurnalın pedoqoji yox, məhz
ədəbi jurnal kimi tanınması reallaşsın deyə,
1926-cı ilin oktyabr ayında “Maarif və mədəniyyət”
həm də Qızıl Qələmlər
İttifaqının rəsmi orqanı oldu.Xalq şairi
Süleyman Rüstəmi o illəri xatırlayaraq
yazırdı: “ Mənim ilk “Unudulmuş gənc” şeirim
özünə jurnalın səhifələrində yer
tapdı. Mənim
şeirimi məcmuəyə ədəbiyyat müəllimimi
Seyid Hüseyn Sadiq təqdim edibmiş. jurnalın
redaktoru Ruhulla Axundov deyirdi: “Biz gəncliyə inanırıq. Məcmuənin məsul katibliyinin sənə
tapşırılması bunu aydın göstərir, mən sənə
işində sərbəstlik verirəm. ..Mənim
adımdan görkəmli alimlərimizə,
yazıçılarımıza zəmanəmizin tələblərinə
uyğun yazılar tapşır. Rəssamlardan
Əzim Əzimzadəni mütləq işə cəlb etməliyik.
Məcmuəni rəngli və nəfis
çıxarmalıyıq. jurnalda ədəbi
həyatımızın nəbzi vurmalı, qəlbi
döyünməlidir. Sizə zəif və mənasız
yazılara qarşı çox amansız olmağı
tapşırıram. Məcmuəmiz gənclik
üçün bir ədəbi məktəb olmalıdır.
Gələcəyimiz onlardır”. Ruhulla Axundov hamımızı səmərəli
işlətməyi bacarırdı. O, çox tələbkar
redaktordu. Güzəşt-filan bilməzdi”.
Unutmayaq ki, keçən əsrin 20-ci illəri Azərbaycan
sovet ədəbiyyatının təşəkkül
dövrü idi. Hələ “proletar ədəbiyyatı”
deyilən bir hadisə –”ümumproletar işinin tərkib hissəsi”
ədəbiyyatda maarifçi-demokratik xətti arxa plana
keçirə bilməmişdi.
1928-ci ilin yanvarından başlayaraq jurnal “İnqilab və
mədəniyyət” adı ilə çıxmağa
başladı.
Bu adda heç bir rəmz axtarmaq lazım deyil, məsələ
burasında idi ki, artıq proletar ədəbiyyatı-”ələmdən
nəşəyə” dövrü başlamışdı. Artıq ədəbi aləmi aləmdə
“yeniliklə köhnəliyin mübarizəsi” özünü
bütün qüvvətilə hiss etdirirdi.
“Mədəniyyətdə
inqilab”
şüarı bir tərəfdən yeni mədəni
quruculuq işlərilə bağlı idisə, digər tərəfdən
keçmişin mədəni irsinə qarşı aqressiya ilə
müşayiət edilirdi. Çox çəkməz, ədəbiyyatı
sinfi-siyasi məqsədlərə qoşanların istəyiylə
inqilabdan əvvəl yazıb-yaradanların bir çoxu kəskin
tənqid atəşinə tutulacaq, mənəvi repressiya
fiziki repressiya ilə əvəz olunacaq. Və bu mənəvi,
sonra fiziki repressiyanın mahiyyəti, onun haradan doğduğu
jurnalın adında da simvollaşacaq: 1936-cı ilin iyunundan
1941-ci ilin mayınadək jurnal “Revolyusiya və kultura” adı
ilə çıxacaq. Ancaq nə adla
çıxırsa-çıxsın “Azərbaycan” jurnalı
Azərbaycan ədəbiyyatının mənzərəsini əks
etdirəcək.
“Azərbaycan” jurnalına təkcə məcmuə və
dərgi kimi deyil, həm də canlı ədəbiyyat tarixi
kimi yanaşmaq lazımdır. Xüsusilə, XX əsrin
ədəbiyyatı məhz bu müstəvidə nəzərdən
keçiriləndə, jurnalın ədəbi-tarixi missiyası
aşkar nəzərə çarpar. Hər
bir ədəbi mərhələ özündən sonrakı
mərhələ üçün stimul rolunu oynayır-ədəbi
inkişaf da məhz bu qanunauyğünluqla diqqəti cəlb
edir. “Azərbaycan” jurnalı da hər bir ədəbi
mərhələdə üzərinə düşən
missiyanı şərəflə yerinə yetirmişdir.
İstər iyirminci illərdə
proletar ədəbiyyatının təşəkkül
tapdığı “komsomol” dövrü, “ələmdən nəşəyə”
mərhələsi, istər yeni quruluşun-kolxoz və
kollektivləşmə dövrünün mürəkkəb
ictimai-siyasi şəraiti olsun, istərsə də müharibə
illəri və müharibədən sonrakı “dinc quruculuq”
illəri-”Azərbaycan” jurnalı bütün bu çətin
sınaqlardan çıxa bildi, yoluna davam etdi.
“Azərbaycan” jurnalına indiyə qədər iyirmiyə
yaxın baş redaktor rəhbərlik etmişdir. Budur onlar: Tağı
Şahbazi Simurq, Cəlil Məmmədzadə (çox vaxt səhvən
bu adamı Uəlil Məmmədquluzadə hesab edirlər),
Müseyib Şahbazov, Ruhulla Axundov, Mustafa Quliyev, Məmmədkazım
Ələkbərli, Hacıbaba Nəzərli, Mirzə İbrahimov, Məmməd
Arif, Mehdi Hüseyn, Əli Vəliyev, Əbülhəsən Ələkbərzadə,
Qılman İlkin, Əhməd Cəmil, Cəlal Məmmədov,
İsmayıl Şıxlı, Əkrəm Əylisli, Cabir
Novruz, Yusif Səmədoğlu və hal-hazırda İntiqam
Qasımzadə. İyirminci-otuzuncu illərdə
jurnalın baş redaktoru olmuş Cəlil Məmmədzadə
və Müseyib Şahbazov ədəbiyyat adamı
olmamışlar, sırı partiya işçisi olmuşlar.
Qalan baş redaktorlar isə sizə yaxşı
tanışdır.
Yetmişinci illərin ortalarından başlayaraq “Azərbaycan”
jurnalının tarixində yeni bir dövr-yeni bir mərhələ
yaşanmağa başlayır.Bu da zamanın tələbi idi. Ədəbiyyatın
özündə, altmışıncı illərdən
başlayaraq yenilik ruhu, novatorluq meylləri qüvvətlənirdi,
“altmışıncılar” ədəbi nəslinin
yaradıcılığı artıq etiraf olunurdu. Belə bir zamanda canlı ədəbi tarix kimi
ömür sürən jurnal da müasir ruhlu olmalı idi.
1976-cı ildə görkəmli
yazıçı İsmayıl Şıxlı jurnala baş
redaktor təyin olundu. O, qısa müddət ərzində
“Azərbaycan” jurnalında çox ciddi; həm
yaradıcılıq, həm də struktur-kadr baxımından
bir sıra dəyişikliklərin, dəbdə olan sözlə
desək, yenidənqurmanın əsasını qoydu. İsmayıl müəllim öz
xatirələrində yazır ki, jurnalda ədəbi
zövqü artıq müasir tələblərə cavab verməyən əməkdaşları dərgidən
xilas etdik, sonra uzun illər redaksiyanın şkaflarında
yatıb qalan, üstünü toz basmış, lakin
haçansa çap ediləcəyinə şübhə yeri
qalmayan bəsit romanları, pyesləri-”Nuh əyyamından
qalan əlyazmaları” sahiblərinə qaytardıq. Ən
başlıca işimiz isə jurnalın bədii səviyyəsini
qaldırmaq idi və qısa bir müddətdə biz buna nail olmağa
çalışdıq.
Təəssüf ki, müəyyən səbəblər
üzündən İsmayıl müəllim jurnalı tez tərk
etdi.
Sonra jurnalın “Əkrəm Əylisli dövrü”
başlandı.
Əkrəm Əylisli “Azərbaycan” jurnalının
tarixində cəsarətli bir redaktor kimi yaşayacaqdır. Bunun şahidi
mən olmuşam. O, jurnalın qapısı
ağzında boyun bükən onlarla cavan müəllifin
şeir və nəsr nümünələrinə meydan
açdı, yeni bir ədəbi nəslin formalaşmasına
rəvac verdi. Vaqif Bayatlı, Şahmar
Hüseynov, Vaqif Bəhmənli,
Eldar Baxış, Ağacəfər Həsənli, Zirəddin
Qafarlı, Sabir Adil, Dilsuz kimi istedadlı cavanlar jurnalda
çap olunan əsərləri ilə tanındılar.
Ə.Əylislinin
jurnalda az qala öz simasını
itirmiş ədəbi-tənqidi xətti və publisistik
sözü gücləndirməsini, yeni bir axara yönəltməsini
də unutmaq olmaz. Aydın Məmmədov, Kamil Vəliyev, Vaqif
Yusifli, Nizaməddin Şəmsizadə, İsa Həbibbəyli,
Arif Əmrahoğlu kimi tənqidçilər də ilk
yazılarını məhz jurnalda çap etdirdilər.
Azərbaycan
oxucuları ilk dəfə məhz bu jurnalda dünya ədəbiyyatının
bir sıra şedevr əsərləri ilə tanış
oldular. Bu sahədə o illərdə jurnalda
işləyən, gözəl tərcüməçi Natiq Səfərovun
rolu əvəzsizdir. Mən özümü xoşbəxt
sanıram ki, beş il Natiq Səfərovla
bir otaqda oturmuşam, hər gün ondan nəsə öyrənmişəm.
Natiqin tərcüməçilik məharəti bir yana, o, dünya ədəbiyyatını
çox gözəl bilirdi. Heyif ki, Əkrəmdən
sonra gələn baş redaktorla (Cabir müəllimlə)
sözü tutmadı, ərizə verib işdən çıxdı.
Amma tərcüməçilik fəaliyyətini
dayandırmadı, Tərcümə Mərkəzində
işlədi. Onun vaxtsız
ölümü bütün dostları kimi məni də
sarsıtdı.
Təbii
ki, “Azərbaycan” jurnalının o dövrdəki uğurlu fəaliyyəti
təkcə Ə.Əylislinin işi deyildi, jurnalda
istedadlı bir kollektiv çalışırdı: Fikrət
Qoca, İsi Məlikzadə, Mövlud Süleymanlı, Natiq Səfərov,
İntiqam Qasımzadə, Vaqif Yusifli, Dilsuz, Nadir Cabbarlı,
Nemət Veysəlli, Tahir Hüseynov, Məmməd Oruc..
Jurnalın əsl ədəbiyyatı təbliğ etməsi,
bəsit əsərləri yaxına buraxmaması, ədəbi
tənqidi və publisistik xətta gücləndirməsi,
dünya ədəbiyyatının şedevrlərinə meydan
verməsi...ədəbi aləmdəki mühafizəkar dəstəni
şoka salırdı. Onlar müxtəlif qəzet səhifələrində
jurnalın baş redaktoruna, onun əməkdaşlarına və
çap olunan əsərlərə qarşı tənqidi
münasibətlərini bildirir, bəzən iftira və
böhtandan da çəkinmirdilər.1982-ci ildə
Yazıçılar İttifaqında “Azərbaycan” jurnalı
ilə bağlı keçirilən müzakirəni
xatırlayıram. Əslində,
o, müzakirə
deyildi, mühakimə kimi qurulmuşdu. O müzakirədə
Anar, Elçin “Azərbaycan” jurnalının mövqeyini
müdafiə etdilər. Yaxud, Mövlud
Süleymanlının “Dəyirman” povesti ilə bağlı
müzakirəni də yaddan çıxarmayaq. O
müzakirədə də bir dəstə qaragüruhçu
“Dəyirman” əsərini top atəşinə tutdular. Yaxşı ki, povesti müdafiə edənlər də
vardı.
1983-cü ilin sonlarında Əkrəm Əylisli jurnaldan
getdi. Özü də “inqilabı” başa
çatdırmamış getdi.
Amma “Azərbaycan” jurnalı öz yoluna davam etdi. Və bu yolda əlbəttə,
İsmayıl Şıxlının “Azərbaycan” jurnalına
gətirdiyi ab-hava, yeniliklər, Ə.Əylislinin cəsarətli
addımları bir ənənə olaraq yaşadı.
Mən də bu jurnalda 1979-cu ilin dekabrından
çalışıram. On yeddi il jurnalın tənqid
şöbəsinin müdiri, 1997-ci ilin noyabrından isə
baş redaktor müavini..Məni bu jurnala Əkrəm
Əylisli dəvət etdi. Və bu illər
ərzində jurnalda çalışmağım mənim bir
ədəbiyyat adamı, bir tənqidçi kimi
formalaşmağımda böyük rol oynadı.
Jurnalın çətin, ağır günlərini də
görmüşəm. Elə bir
dövr oldu ki, necə deyərlər, “olum ya ölüm?”
dilemması qarşısında qaldıq. SSRİ-nin
iflası, Azərbaycanda bunun doğurduğu iqtisadi və
maliyyə durğunluğu, məmləkətimizdə baş
verən ictimai-siyasi hadisələr jurnalın taleyindən də
yan keçə bilməzdi.
Maliyyə böhranı jurnalın
tiracının sürətlə aşağı enməsinə
gətirib çıxardı.
Vaxtilə 72 min tiracla nəşr olunan jurnalda bu say 200-ə endi. 1994-cü ildə 2, 1995-ci ildə cəmi bir nömrəsi
çapdan çıxan “Azərbaycan” jurnalı uçurum
qarşısında idi. Lakin 1995-ci ildə
jurnalı bu böhrandan və qarşıdakı
uçurumdan xilas edə biləcək böyük bir insan
tapıldı. Bu-Azərbaycan
Respublikasının prezidenti, ulu öndər Heydər Əliyev
idi. Yadımdadır, o,
şair Fikrət Qocanın 60 illik yubileyində bu məsələ
ilə əlaqədar sərəncam verdi və
jurnalın nəşri normal bir axara düşdü. Jurnal demək olar ki, 1997-ci ildən öz fəaliyyətinə
yeni bir ahəng qatdı, itirdiyi oxucuları qaytarmağa
çalışdı, hər nömrəsində əvvəlki
illərdə olduğu kimi maraqlı, orijinal yazılar
çap etməyə başladı.
Son illərdə jurnalda bir sıra maraqlı, orijinal
poeziya, nəsr və dramaturgiya nümunələri çap
olunub. Oxucular
Elçin Hüseynbəylinin, Aqil Abbasın, Seyran Səxavətin,
Mustafa Çəmənlinin, Mübariz Cəfərlinin, Azər
Abdullanın, Məmməd Orucun, Hüseynbala Mirələmovun,
Kamil Əfsəroğlunun roman və povestləri, Musa Yaqubun,
Məmməd İsmayılın, Firuzə Məmmədlinin,
Nisə Bəyimin, Vaqif Bəhmənlinin,
Adil Mirseyidin, Tofiq Abdinin, Qəşəm Nəcəfzadənin,
Elçin İsgəndərzadənin, Ağacəfər Həsənlinin,
Ağasəfanın, Əlizadə Nurinin,Zirəddin
Qafarlının, İslam Sadığın, Barat
Vüsalın, İltifat Salehin, Ramiz Qusarçaylının,
Sabir Sarvanın, Əlisəmidin, Anar Həbiboğlunun
şeirləri, Elçin Əfəndiyevin, Afaqın, Əli Əmirlinin
pyesləri, Əsəd Cahangirin, Cavanşir Yusiflinin, İradə
Musayevanın, Nərgiz Cabbarlının, Aydın Talıbzadənin,
Vaqif Yusiflinin, Rahid Xəlilovun tənqidi yazıları ilə
tanış olmuşlar.
Azərbaycan
ədəbiyyatında son zamanlar meydana çıxan ən
yaxşı əsərlərin jurnalda çap olunması bir
daha sübut edir ki, jurnal bu 90 il ərzindəki
ədəbi- maarifçi missiyanı şərəflə
yerinə yetirir.
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2013.- 26 yanvar.- S.16.