BU GÜN HAMI XƏSTƏLƏNİB...
Bu gün hamı xəstələnib,
hamı pis günə düşüb...
Dərddən yağış yağır,
evin
damı pis günə düşüb...
Ağaclar da batıb qəmə,
nə bir yarpaq titrəyir...
Bu yanda mən öskürürəm,
o yanda dağ titrəyir...
Guya nə üçün yazıram,
yoxdu bu şeirin ardı...
Mən sıxıram dişlərimi,
dünya dişin
ağardır...
AD GÜNÜM ÜÇÜN
Hələ canım üstümdədi,
yük altındayam hələ...
Göy üzü var başım üstdə,
kök altındayam hələ...
Yaşamaq kiminə asan,
kiminəsə zülümdü...
Bu gün ad günüm deyil ki...
Bu gün mənim ilimdi...
Mən öz ömrümün görəsən
harasında durmuşam?!
Sərhəddəyəm, iki ilin
arasında durmuşam...
* * *
Ümidlərim tükənib,
yenə bir qab verərsən...
Ehtiyat yığmaq üçün
mənə bir qab verərsən...
Bütün yollar qırılır-
hər tərəf yarımçıqdı...
Yaman tez sürüşürəm,
xəyallarım palçıqdı...
Mənə bir şeir yaz, dost,
hopum hərflərinə...
Bir az ürək-dirək
ver,
yaz nisyə dəftərinə...
RAMİZ RÖVŞƏNƏ
Dünyanın paltarı çoxdu,
gündə dondan-dona
düşür...
Gözümdən düşən adamlar,
ayağım altına
düşür...
Yolundadı zaman-gəmi,
ölümə daşıyır
ömrü...
Kiminsə başlayan ömrü
kiminsə sonuna düşür...
Dərd
içində sıxılırsan,
havan çatmır, boğulursan,
dərindən nəfəs
alırsan,
o da ki, son ana
düşür...
* * *
Gecənin bu vədəsində,
ac dünyanın mədəsində,
buludlar əhatəsində,
Aydan asacam özümü.
Hava ölüm qoxuyacaq,
külək “Yasin” oxuyacaq.
Kimsə
kəndir toxuyacaq,
Aydan asacam özümü.
Gəzmək üçün səmaları,
tutub çəkəcək
yuxarı.
Qarışdırıb yuxuları,
Aydan asacam özümü...
DOSTUMA MƏKTUB
(Varis üçün)
Allah həyat veribsə, dost,
gərək mən də yaşayım...
Adam kimi ömür sürüm,
it günündə yaşayım?!
Həm başım boşdu, həm cibim,
zaman da boş ötüşür...
Əməllərim yazılanda,
sol çiynimə yük düşür...
Dost, indi sən de, neyləyim,
silim günahlarımı?!
Yandırıb səpim torpağa
külün günahlarımın...
Furqan SADIQ
525-ci qəzet.- 2013.- 29 yanvar.- S.7.