TÜTƏK
NƏĞMƏSİ VƏ SIX ZƏMİ
Mən özümdən
çıxmaq istərkən
Yalnız evimdən çıxa
bildim, çoban.
Eynən o məni düşünərkən
Siqaret qutusundan bir-bir çıxdığı kimi...
Arxamca qapıları çırpdığım
zərblə
Ölçülməz
qəzəbim indi...
Kaş ki, çıxarkən al yaylığım kimi
Başımı
da qoparıb asılqana asa bilsəydim...
İndi nə var idi
sənin
Uzaqdan gələn tütək səsinə
Burdan nəğmə söyləməyə?..
Bütövlüklə
özümdəyəm –
Əllərim boş
Biləklərim
cızıq-cızıq...
Hasarın bu tayında yerə çöküb
sonrama baxıram –
Sıx zəmi
Müqəvvalar...
Zəmidən uzaq səmada
Uçuşurlar qarğalar...
Sünbüllərin qoynunda
Sarı-qəhvəyi buğdalar...
Yaşıl dağlar
Qoyun quzu...
Rəngbərəng damlar
Və yol...
Nə yaxşı
ki, yollar dünyanın hər yerində var.
Yox!
Hələ kürəyimi ayırmıram
Evimin hasarından...
Sən uzaqdan çal tütəyi, qara çoban.
Mən
o nəğməni
Eynən
zəmini sevdiyim kimi
Elə uzaqdan sevərəm...
Hz.İsanın müqəddəs ruhuna...
DƏMİR ÇARPAYIDA QIZDIRMA
Sevgili Moskva... və ordakı uşaqlığım
– qırmızı çantalı
qızcığaz...
Qızdırmanın içində otuz üç yaşa kürəyiüstə
uzanmışam çarpayıda
Gözlərimi yumub addımlayıram
üzü “Voykovskaya”
metrosuna
Tavandan özünü asan sapsarı lampa arsızca gözlərimin
içinə dolur
Canlandırdığım küçəni
sakinlər qarışıq
narıncı un tək qovurur
Sonra var gücü ilə üfürür qovurduğu un yığınını göz
qapaqlarıma
Hər tərəf sapsarı şüa – bir əzəmətli küçə
bir andaca yanıb sovrulur
22:16. Otuz doqquz dərəcə
qızdırma, 18:30-dan bəri
bu dar otağa gur işıq saçan
kiçik elektrik lampasıyla savaşmaqdayam
00:23. Sevgili Moskva...
Sənə qaçmaqda ayaqlarım
kimi gözlərim də acizdir indi
Qızdırma güllə yarası
kimi yıxıb məni bu dəmir
çarpayıya
Üstəlik də tavandan baxan 150 voltluq elektrik lampa...
Səni
sayıqlamaq kimi canlandırmaq da var qırx dərəcə
qızdırmada:
“Alnımı pəncərəyə
yapışdırıb qaranlıq
tunelə baxıram
metro qatarında
Uşaq
gözlərimlə gözləyirəm
bu dəqiqələrdə
qatarın meşəyə
çıxmasını
Meşədən mənə əl eləyən gülərüz
Olimpiada Ayısı hələ də ordadırmı?”
Qırmızı binalarının üstündə
bulud kimi görünən ağappaq
qar topaları
Qar adamlarına isti papaq geyindirən yumşaq ürəkli sarışın uşaqların
Ağaclardakı dələlər, yolqırağı
meşələrində qaçışan
məsud çöl dovşanları
Qovaqlardan, küknarlardan sırğa
kimi sallanan sırsıraların da yadımdadı.
Anasının təzəcə bəxş
etdiyi sevimli çantasını bir andaca yerə atan
Şaxta
vurmuş sərçəni
qarın üstündən
qaldırıb əlcəyinin
içinə salan
Onu ağ əllərinin
arasında tumarlayan körpə qızcığazın
da yadımdadı.
Bunları Qafqazda unutmaq çətindir, Moskva!..
Mən
o qırmızı çantamı
və toxunma əlcəklərimi
Yalnız
o kiçik sərçəyə
görə sevərək
xatırlayıram...
Mən burda qırx dərəcə qızdırma
içində dəmir
çarpayıya düşdüyüm
kimi
Orda ağaclarından yerə
– qarın içinə
şaxta vurmuş sərçələr düşüb
itirmi?..
İndi
bu yüngül ədyalı üstümdən
bir ağır dünya kimi qaldırıb sağ tərəfə atır
Ayaqlarım sənin soyuq, ağappaq qar örtüklü küçələrinə
doğru addımlayır...
ƏKİZ ÇAPIQ
Çapıqlarımı
İsanın yaşında –
Otuz üç yaşımda
Sevməyə başladım.
Eyni səmtdə – sol tərəfdə
Sənin
də çənəndə
Birini görəndə
Çaşıb-qaldım.
Sonra gizlicə
Həmin
kafedə
“Şair çapıqsız
olmaz” deyə
Sən qulağıma
pıçıldadın.
O vaxtdan bəri,
qeyri-ixtiyari,
Gördüyüm insanların üzündə
Çapıqlar axtarmağa başladım
–
Biz ayrılandan bəri
Çapıq-çapıq olub
Gözlərimin iziylə
Bu küləklər şəhəri.
Necə
də mənasızmış
səbəbləri
Bütün estetik əməliyyatların.
Könül Həsənqulu
525-ci qəzet.- 2013.- 29 yanvar.- S.7.