İman və etiqad, din və hakimiyyət
məsələlərinə bir baxış
DİN VƏ
HAKİMİYYƏTİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ
Ölkədə qanun birdir, dinlər isə çox. Əsas Qanun
yalnız dinin əksəriyyət üçün universal
olan dəyərlərini nəzərə ala bilər.
Tarixdən məlumdur ki, indiki suveren Azərbaycanın ərazisində
çoxlu dinlər mövcud olub. Zərdüştlük
(atəşpərəstlik) onlardan ən qədimi hesab olunur.
Atəşpərəstlərin məbədi bu
gün də ziyarətçiləri qəbul edir. Azərbaycan ərazisində Alban xristian kilsələrinin
tarixi kökləri eramızın IV əsrinin
başlanğıcına gedib çıxır. Rusiya pravoslav sinodu tərəfindən 1836-cı ildə
(Azərbaycan Rusiya İmperiyasının tərkibində
olduğu zaman) ləğv edilməsinə baxmayaraq, Alban
Xristian Kilsəsi inşa edilmiş bəzi məbədləri
qoruyub saxlaya bilib. Bu gün Azərbaycan ərazisində
üç belə kilsə bərpa edilir və milli sərvət
kimi qorunur. Bu yaxınlarda dövlətin səyləri
nəticəsində alban-udin kilsəsi bərpa olunub və Azərbaycanın
Alban-udin xristian icması qeydiyyata alınıb. Ölkəmizin tarixi çox müharibələrin
şahidi olub, lakin biz hər zaman fəxr hissi ilə qeyd edirik
ki, onların heç birinin əsasında din amili durmayıb.
Məlumdur ki, dinlər mənəviyyatın əsasını
təşkil edir. Biz hesab edirik ki, cəmiyyətin normal fəaliyyət
göstərməsi üçün şərait yalnız
dövlətin bütün ali hakimiyyətə
sahib olduğu, ictimai-siyasi və dini təşkilatların isə
açıq hakimiyyət institutlarına müsbət təsir
göstərmək imkanına malik olduğu vaxt yarana bilər.
Qanun cəmiyyətin normal inkişafını
dövlətin icraedici strukturlarının fəaliyyətinə,
eləcə də cəmiyyətdə hökm sürən, əsasən
din mənşəli mənəvi-əxlaqi prinsiplərə və
adət-ənənələrə istinad edərək təmin
edir. Dövlət cəmiyyətin həm
sosial-iqtisadi, həm də mənəvi sahələrini tənzimləyir.
Onlar, təəccüblü olsa da, sıx
qarşılıqlı əlaqədədirlər. Buna görə də o, bütün dinlərin fəaliyyəti
üçün eyni şərait yaratmalıdır. Dinlər və konfessiyalar arasındakı
tolerantlıq və dözümlülüyün əsası
bundan ibarətdir.
Hamımız bilirik ki, qanunlar yalnız hüquqların
qorunması və müdafiə olunmasına deyil, eləcə
də insana təbiətən xas olan bir sıra
azadlıqların müəyyən dərəcədə məhdudlaşdırılmasına
yönəlib.
Bu, normal hal hesab olunur. Yəhudi, xristian, islam və başqa dinlərin Müqəddəs
Kitabları da icazələrdən daha çox
qadağaları əks etdirir. Bu səbəbdən
də həqiqi dindar adamlar dövlətləri tərəfindən
qəbul edilmiş qanunları qəbul etməli və onlara
hörmətlə yanaşmalıdırlar.
Bizim vəzifəmiz isə ən sadə şəkildə
mömin və mömin olmayan insanlara yalnız mənəviyyata
əsaslanan güclü hakimiyyətin cəmiyyətdə
azadlığı təmin edərək, dinin
özünü, etiqad və əqidə
azadlığını qoruya biləcəyini
aydınlaşdırmaqdan ibarətdir. Buna görə də
hakimiyyət və dini strukturların vəzifələri bir
çox məqamlarda üst-üstə düşür.
Ölkədə
əsas qanun birdir, dinlər isə çox. Bu səbəbdən
də, qanun hər bir dinin bütün məqam və incəliklərini
nəzərə ala bilməz: o yalnız universal ümumbəşəri
dəyərləri nəzərə alaraq və bunun əsasında
da inam və əqidəni hər bir insanın şəxsi
işi kimi onun öhdəsinə buraxaraq, möminlərlə
münasibətlərini qura bilər.
Son 15 il ərzində Azərbaycanda hakimiyyət dini
praktika üçün maksimum şərait yaratmağa
çalışır. 2003-cü il mart
ayının ortalarında Bakıda Qafqazda ən böyük
sinaqoq və Azərbaycanın pravoslav xristianlarının
baş Kafedral kilsəsinin təntənəli
açılış mərasimi keçirilib. Azərbaycanda
katoliklərin sayının az olmasına
baxmayaraq, 2008-ci ilin mart ayında Bakıda Katolik kilsəsi
istifadəyə verilib. Necə deyərlər,
tarixi ədalətsizlik bərpa olunub (1930-cu ildə katolik kilsəsi
bolşeviklər tərəfindən
dağıdılmışdı). Hər
üç məbədin tikintisində həm müsəlmanlar,
həm də xristianlar iştirak edib. Onlar
maliyyə yardımı göstərməklə
yanaşı, tikinti prosesində bilavasitə iştirak ediblər.
Rus pravoslav yeparxiyasının 1907-ci ildə azərbaycanlı
milyonçu Zeynalabdin Tağıyev tərəfindən
inşa edilmiş Kafedral kilsəsi təxminən yüz il keçdikdən sonra müsəlman olan digər
bir şəxs – iş adamı L. Qurbanov tərəfindən
tam bərpa edilib.
Azərbaycan Demokratik Respublikası (1918-1920-ci illər)
Şərqin müsəlman dövlətləri arasında
bütün din və əqidələrin qanun qarşısında
bərabər hesab olunduğu və dinin dövlətdən
ayrıldığı ilk dünyəvi respublika olub. Əhalisi
müsəlman olan ölkələrdə bu, birinci belə
hadisə idi. Beləliklə, müsəlman
aləmində tarixi nümunə, din-dövlət münasibətləri
modeli yaradıldı.
Bu gün həmin ənənəni Azərbaycan
Respublikası davam etdirir. Bu hüquq bərabərliyi
Konstitusiyada təsbit olunub və ölkəmizdə dini
müxtəlifliyin mövcudluğunu nümayiş etdirir.
Bu zaman hakimiyyət ciddi şəkildə dinin
dövlətdən ayrılması prinsipini əsas tutur.
Doğrudur, bu, bizim hakimiyyətin yalnız
siyasi-ideoloji xarakterini müəyyənləşdirir. Əxlaq və mənəviyyat meyarları, o cümlədən
də milli-mənəvi dəyərlər din ilə sıx
bağlıdır və həmçinin hakimiyyətin
xarakterinə müəyyən təsir göstərir.
Müasir demokratik cəmiyyətdə din və dünyəvi
dövlətin dinc şəkildə birgə yaşaması
modelini formalaşdırmaq lazımdır. Dövlət
bu ideyanı həyata keçirməyə və ondan həm
dinin özü, həm də cəmiyyət üçün
xeyir əldə etməyə çalışır. Yəqin
elə buna görə də müntəzəm olaraq müxtəlif
dini icmaları cəlb etməklə, tədbirlər təşkil
edilir: beynəlxalq konfranslar, beynəlxalq müşavirələr,
seminarlar, “dəyirmi masalar” və s.. Qeyd edilməlidir ki, nadir istisnaları çıxmaq
şərtilə, bütün bu görüşlər olduqca
faydalıdır.
Eyni zamanda, qeyd etmək istərdik ki, son zamanlar din
başqa məqsədlər, xüsusilə, terror və
ekstremizm üçün də istifadə olunur. Buna görə
də din və əqidə azadlığından
danışarkən biz həm Şərq və həm də
Qərb tarixində dini şüarlar pərdəsi altında
qanlı müharibələr aparan bir çox dini liderlərin
mənfi rolunu da unutmamalıyıq. Elə
bu günün özündə də dünyanın müxtəlif
nöqtələrində müharibələr aparmaq və
qanlı münaqişələri qızışdırmaq məqsədilə
insanların dini əqidələrinin istismar olunmasına dair
çoxlu sayda misal gətirmək olar. İnsanların
əqidələrinə hörmət etməklə
yanaşı, biz hərdən onları əsaslı şəkildə
şübhə altına almalıyıq. Heç
də bütün əqidələr, o cümlədən də
dini əqidələr təmiz olmur və xeyir naminə xidmət
etmir. Əminəm ki, xəyali dini
şüarlar altında tamamilə günahsız insanları
həyatdan məhrum edən terror aktları, yalnız təhrif
olunmuş dini əqidəyə malik insanlar tərəfindən
törədilir. Cəmiyyət
yaxşı əqidələri pislərdən fərqləndirməyi
bacarmalıdır. Biz dinin təmizliyinin tərəfdarıyıq,
biz dövlətin öz vətəndaşlarına dinlər
haqqında daha çox məlumat verərək, onlara dini
maarifçilik və düzgün etiqad seçimində
yardımçı olmasının tərəfdarıyıq.
Bunu həm məktəblərdə, həm də ali təhsil ocaqlarında həyata keçirmək
mümkündür. Göstərilən sahədə
kütləvi informasiya vasitələri də öz rolunu
oynaya bilər və oynamalıdır. Bu bütövlükdə
cəmiyyətin və hər birimizin işidir.
İMAN VƏ HAKİMİYYƏT
BALANSI
Hər bir əmlak
şüurun bəhrəsidir. Şüura malik
olduqda əmlaka da yiyələnmək mümkün olur
Bu yazıda söhbət inamları arzu etdikləri gələcək
hakimiyyətin ideologiyasına çevrilmiş dini hərəkatlardan
gedəcək.
Şüura, sosial əxlaqa ümumi təsir etmək
xüsusiyyətinə və hakimiyyəti ələ alıb cəmiyyəti
idarə etmək bacarığına malik olan adamların
hazırlanması, əlbəttə, çox mürəkkəb
məsələdir. Hakimiyyətlə bağlı məsələnin
belə qoyulması və həllinə cəhd ən azı
iyirmi il vaxt tələb edir. Bu vaxt ərzində dini intellektuallar öz zərif
süzgəcindən bir neçə yüz, hətta min gənci
keçirməlidir. Hakimiyyəti əldə
edib uzun müddət saxlamaq, qəbul edilmiş qərarları
yerinə yetirmək üçün bu, zəruri bir mərhələdir.
Bu yolla formalaşdırılmış təbəqə
üçün hakimiyyət əldə etmək son məqsəd
deyil. Ən əsası, elə etmək
lazımdır ki, hakimiyyət özü tədricən onlara
demokratik yolla keçsin. Güman edilir ki,
yüzlərlə yaxşı hazırlanmış dini
intellektual, doğrudan da, bu hakimiyyəti əldə saxlaya biləcək.
Türkdilli xalqlar və dövlətlər məkanında
belə hərəkatlardan birini keçən əsr
dünyasını dəyişən Səid Nursinin tərəfdarları
təmsil edirlər. O öz hərəkatının əsasını
qoyub və uzun müddət Türkiyə həbsxanalarında
saxlanılıb. Hazırda onun işini Amerikada mühacir kimi
yaşayan və heç də müəllimindən az tanınmayan Fətullah Gülən uğurla
davam etdirir. Türkiyə hökuməti hələ 30 il bundan qabaq onun düşüncə tərzini
və planlarını xoşlamayıb. İndi
vəziyyətin necə olduğunu isə bilmək çətindir.
Bununla belə, onun “xoşbəxt cəmiyyət”
naminə elm və dinin sintezinə yönəlmiş
ideyaları Azərbaycanda kifayət qədər tərəfdar
toplayıb – bizdə onlar 1992-ci ildən meydana
çıxmağa başlayıblar. Artıq
15 ildir ki, Fətullah Gülənin ideyaları yüksək səviyyəli
təhsil və intellektə malik ağıllı gənclərimiz
tərəfindən istifadə olunur. Onlara
bütün media və maarifçilik layihələrini maliyyələşdirən
F. Gülənin Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq
yaradan tərəfdarları təhsil verir. Onun liseylərinin şagirdləri artıq cəmiyyətin
gözəçarpan hissəsinə çevriliblər.
Onları özlüyündə hakimiyyət
deyil, uzun zaman fərdlər üzərində
hökmranlıq etmək imkanı qazanmaq, insanları Səid
Nursi ideyalarının təsiri altında saxlamaq prosesi
maraqlandırır.
Hökmranlığın özü ideyaların
hegemonluğu olmadan, mahiyyət etirabilə, cəmiyyəti
qanunların köməyi ilə idarə etmək vasitəsi
kimi müvəqqəti və keçici hesab olunur. Ən əsası,
insanları onlar üçün həyat normasına, vacib
mövcudiyyət atributuna çevrilmiş ideyalar vasitəsilə
idarə etmək lazımdır. Şərqdə
bu cür idarə üsulu hər zaman cəmiyyət və
hakimiyyət başında duranlar tərəfindən tələb
olunub. O, bu gün də çox böyük əhəmiyyət
kəsb edir, lakin ən başlıcası odur ki, belə bir məqsədə
çatmaq mümkündür – İranın və bir sıra
müsəlman ölkələrinin nümunəsi bizə bu
haqda danışmağa tam əsas verir. Yaxud,
misal üçün, məgər bugünkü Britaniyanı
mütləqiyyət (monarxiya) ideyaları olmadan təsəvvür
etmək mümkündürmü? Bu haqda
düşünmək özü belə hər bir həqiqi
ingilis üçün təhqiredicidir. Bu
kimi dövlətlər Avropanın özündə də
olduqca çoxdur. Belə hakimiyyət
forması əsrlərdir ki mövcuddur və
başlıcası, o özünü doğruldur. Bu ölkələrdəki toplumda alternativ ideyalara tələbat
minimaldır. Belə bir fikrə ingilislər,
hollandlar və isveçlilər deyil, yalnız ruh və imana
dair ideyalara ciddi ehtiyacı olan miqrantlar yol verə bilərlər.
Onların olmaması bu gün müşahidə
etdiyimiz kimi, Fransa, İngiltərə və digər Avropa
dövlətlərində kütləvi və öz mahiyyətinə
görə nizamsız aksiya və dağıdıcı hərəkətlərə
gətirib çıxarır. Aydın
olduğu kimi, bu insanlar öz sosial və iqtisadi vəziyyətlərindən
daha çox bu cəmiyyətlərdə onlar
üçün ideya oriyentirlərinin olmamasından
narazıdırlar. Buna görə də
hakimiyyət onların qəlbinə yol tapa bilmir və
çox güman ki, tapa da bilməyəcək, çünki
onların zədələnmiş şüurlarını dəyişmək
yolları hələ də məlum deyil. Hansısa bir
fransızın yanında olduqda mühacirlərdən
heç biri özünü ona bərabər tutmur və ola bilsin ki, artıq bu anadangəlmə ideya
çatışmazlığı və tam dəyərə
malik olmama kompleksi heç bir sosial-məişət xarakterli qərarla
aradan qaldırıla bilməz. Təəssüflər
olsun ki, nəyə görəsə hamı səbəbləri
məhz bu cür insanların ictimai-iqtisadi problemlərinin həllində
axtarır, lakin mənə elə gəlir ki, bu amil yalnız
ikinci dərəcəli rol oynayır. Səbəb isə
onların sosial davranışında əsas ola
biləcək ideyaların olmamasındadır. Əgər
Fransa hökuməti onlar üçün ən müasir
yaşayış kompleksləri tiksə və həmçinin
bütün miqrantları iş və müavinətlərlə
təmin etsə belə, yenə də sakitlik yalnız müvəqqəti
xarakter daşıyacaq – bu şəxsləri birləşdirən
ideyaların olmaması tez ya da gec özünü göstərəcək.
Vandalizm, talanlar və yanğınlar
üçün bir çox digər səbəblər də
tapmaq mümkündür. Ona görə də
ideyalar hər birimizin həyatında həlledici rol oynayır
– onlar bizim şüurumuzu qərar qəbul etməyin bu və
ya digər istiqamətinə yönəldir.
Bütün bunlar insanların şüuru üzərində
hakimiyyətin qeyri-məhdud hüquq və səlahiyyətlərə
malik olan dünyəvi hakimiyyətdən daha güclü və
vacib olduğunu bir daha təsdiqləyir. Hakimiyyətin
bu iki forması müqayisəedilməzdir, lakin onlar bir əldə
cəmləndiyi zaman belə hakimiyyət möhkəm və
uzunömürlü olur. Düşünürəm
ki, bunu əmlaka deyil, şüura yiyələnməyi daha
üstün tutan kəslər daha yaxşı anlayar. Hər bir əmlak şüurun bəhrəsidir,
şüura malik olduqda əmlaka da yiyələnmək mümkündür.
Bu, hakimiyyətə aparan uzun və
zamanının sınağından keçmiş ən
doğru yoldur. Hətta Qüdrətli Allah
öz istədiklərini həyata keçirəndə belə
birinci növbədə təfəkkür tərzini dəyişə
bilən şüur amilini nəzərdə saxlayır. Çünki Onun özünün
yaratdığı insanın, yüzillik tarixin göstərdiyi
kimi, şüuru bəzən Allah tərəfindən müəyyən
olunmuş sərhədlər çərçivəsindən
kənara çıxır. Uca yaradan bu
vacib amili nəzərə alaraq insanlarla münasibətlərini
tənzimləyir. Allah tərəfindən
nazil olmuş Müqəddəs Kitabların bizə öyrətdiyi
kimi, bəzən insanın müəyyən olunmuş sərhədlər
daxilinə qayıtma yolu cəhənnəmdən,
günahını təmizləmədən və Allah tərəfindən
düşünülmüş və kitablarda öz əksini
tapmış digər cəzalardan keçir.
Güman edirəm ki, sonuncu abzası bu kiçik söhbətdə
deyilənlərdən çıxarılan nəticələr
hesab etmək olar.
BİZ DÜZGÜN ETİQAD
EDİRİKMİ?
Dünya tarixi daha çox
dinlər tarixidir. Hər kəs
özünün Allahı dərk etmə səviyyəsinə
uyğun olaraq etiqad edir
Bu gün bütün dünya dinlərin sürətlə
yayılmasının və eləcə də aralarındakı
münasibətlərin arabir açıq qarşıdurmaya
keçdiyi təriqətçi hərəkatların
inkişaf və artımının şahididir.
Qərbi
Avropa ölkələri və ABŞ-dan olan ayrı-ayrı
dinşünas ekspertlər dünya ictimaiyyətinin diqqətini
tez-tez ona yönəldirlər ki, guya bu kimi dini canlanmanın səbəbi
radikal islam fundamentalizmidir və bununla əlaqədar
olaraq islamçılara və ümumilikdə islama
qarşı qlobal mübarizəyə keçməyə
çağırırlar. Təəssüflər olsun ki,
onlar bir faktı nəzərə almır və ya nəzərə
almaq istəmirlər ki, özlərinin uydurma antiterror əməliyyatları,
o cümlədən onların fikrinə görə nədənsə
adətən islamla əlaqələndirilən dünya
terrorizminə qarşı silahlı mübarizə vasitəsilə
daha çox yalnız islam və
xristianlığın deyil, eləcə də müxtəlif
növ destruktiv dini təriqət və icmaların da geniş
yayılmasına şərait yaradılır. Beləliklə,
gördüyümüz kimi, son zamanlar dini zəmində
dünya qarşıdurması haqqında danışaraq,
mahiyyət etibarilə müxtəlif siyasi layihələr həyata
keçirilir. Artıq dəb halını
almış həmin mədəniyyətlərarası
münaqişənin başlanması üçün obyektiv
şəraitin yaradılması prosesi süni surətdə
tezləşdirilir. Bu cür obyektiv şəraitə
uyğun ölçülüb-biçilməyən, əsas
etibarilə son səmavi din olan İslamın tərəfdarlarına
qarşı yönəlmiş hərəkətlər,
gözlənilən nəticələri vermir. Müsəlmanlar
öz gələcəklərini vəd edilmiş qərb
demokratiyasında deyil, öz tarixi köklərinə, yəni
islamın mənəvi-əxlaqi dəyərlərinə və
yerli adət-ənənələrlə sıx “bağlı
olan” əsaslara qayıtmaqda görür. Bu
onlarda özünümühafizə və
özünümüdafiə hisslərini daha da gücləndirir.
Lakin bildiyimiz kimi, belə qarşıdurma və dinlərarası
müharibələr bəşər tarixində artıq bir
neçə dəfə baş verib. Eramızın əvvəllərindən
bəri, demək olar ki, ağırlıq dərəcəsindən
asılı olmayaraq heç bir müharibə dinin
iştirakı olmadan baş verməyib, onların əksəriyyəti
isə yalnız dini xarakter daşıyıb. Ona görə
də qərb xəyalpərəstlərinin fikrincə,
Üçüncü dünya müharibəsinə
çevrilə bilən və hətta, çevrilməli olan
dinlərarası qarşıdurmanın yaxınlaşması
daha mükəmməl silah növlərindən, o cümlədən
də görkəmli alimlər, təbiətin ən gözəl
əsəri olan insanlar tərəfindən
yaradılmış kütləvi qırğın
silahlarından istifadə etməklə tarixdə baş
vermiş qanlı müharibələrin ssenarilərinin
bütün dünya miqyasında təkrarından başqa bir
şey deyildir. Elm və texnika dahiləri, təəssüflər
olsun ki, öz yüksək zehni qabiliyyətlərini nəinki
bütün Yer kürəsini məhv edəcək, hətta
Kainatın özünü lərzəyə salacaq
silahların yaradılmasına yönəldiblər. Belə təsəvvür yaranır ki, insan
yalnız bir-birini məhv etməkdə yarışaraq yeni
silah növlərini yaratmaq üçün dünyaya gəlir.
Bəşər övladı
yarandığı ilk gündən bir-biri ilə
ölüm-dirim mübarizəsinə girişir.
Problemin belə sadə, lakin ilk baxışda olduqca məntiqli
qoyuluşu zamanı bir çox qəliz məsələlər
yenə də cavabsız qalır. Nə etməli? Bu gün bütün eşitdiklərimiz və
gördüklərimizə necə reaksiya verməliyik?
Bu nədir: doğrudan da, vaxtilə fərsiz Nostradamusun
qabaqcadan xəbər verdiyi, indi isə müasir siyasi “gələcəyi
görənlərin” bizə artıq real fakt kimi sübut etməyə
çalışdıqları dünyanın sonunun
başlanğıcıdırmı? Yoxsa,
papaqlarımızı qarşımıza qoyub, dünyanın
müxtəlif ölkələrindən olan “mədəni”
insanların bizim hamımızı belə “mehribancasına”
hara itələdikləri haqqında fikirləşməliyik? Görəsən, onların nəyi əskikdir və
onlar nə istəyirlər? Bəlkə,
kimsə Makedoniyalı İskəndər, Yuli Sezar və nəhayət,
Vladimir İlyiç və ya Adolf Hitlerin “qəhrəmanlıqlarını”
təkrarlamaq istəyir? Axı, bu
insanların tərcümeyi-halı və ən əsası,
onları birləşdirən bütün dünyanı idarə
etmək ideyası artıq hamıya məlumdur. Belə ki, onlar çox ağır uğursuzluğa
düçar olublar.
Hər zaman xalqlara sonsuz sayda bəlalar gətirən xəyallar
gec-tez bu ideyaların “yaradıcıları” üçün
acınacaqlı sonluqla nəticələnib.
Dünya tarixi daha çox dinlər tarixidir. Buna görə
də biz hesab edirik ki, hal-hazırda dünyanı idarə etmək
istəyənlər (tək, yaxud kollektiv surətdə – bu,
artıq xırdalıqlardır), hər halda, mömin
insanlardır. Nəticə etibarilə,
onlar artıq çoxdan anlamalı idilər ki, dünyanı
təkcə dünyəvi təsəvvürlü qüvvələr
idarə etmir. Çoxəsrlik tarixi və həyat təcrübəsi
qəti surətdə göstərir ki, nəinki qonşularla,
həmçinin qüdrətli Tanrılarla da dostcasına
yaşamaq lazımdır: bu, bizi narahat edən bütün
suallara ən təbii və sadə cavab olardı. Lakin Allah ilə
dostcasına yaşamaq üçün, ən azından,
öz qonşun ilə dost olmaq və başqasının
malına qəsd etməmək lazımdır. Başqasının malına göz dikməklə
bədbəxtlik arasındakı yol isə çox
qısadır və dünyanın bütün
düşüncəli, vicdanlı vətəndaşları
bunu yaxşı bilir.
Bu gün tarix bizə nəinki müxtəlif dinlərin
tərəfdarları arasında, eləcə də
ayrılıqda götürülmüş bir etiqad daxilində
baş verən mürəkkəb qarşılıqlı
münasibət proseslərini daha yaxşı dərk edib,
anlatmaq üçün lazımdır. Buna görə
də vətəndaşlarımızın bəzən
müxtəlif dinlərin tərəfdarları arasında ədavətə
çevrilən ziddiyyətləri etiqadların mövcud
olması həqiqəti kimi dərk etməsi vacibdir. Buna sakit və səbirlə yanaşmaq və həmin
münaqişələrin daha yüksək səviyyəyə
qalxmasına yol verməmək lazımdır.
Deyilənlərdən belə aydın olur ki, ziddiyyətlər
məhz dinin öz strukturu daxilindədir. Bir Müqəddəs
Kitabı və bir peyğəmbəri olan insanlar Allah Kəlamının
mahiyyətini müxtəlif cür başa düşür,
öz peyğəmbərlərinin hərəkətlərini,
hətta, onun sağlığında müzakirə və
şərh edirdilər. İncilin müxtəlif
variantları (Luqa (Luka), Yuhənna (İoann), Mata (Matfey) və
s.), eləcə də İslamda müxtəlif hüquq məktəbləri
və cərəyanları bu səbəbdən
yaranmışdır. Ona görə də
bir çox alimlər belə hesab edirlər ki, dindaxili ziddiyyətlər,
inanılmaz olsa da, ilk başlanğıcdan bu və ya digər
dinin təsirinin saxlanılması və yayılmasının
əsas amili olub. Gördüyümüz
kimi, mürəkkəb məsələlərin həlli də
məhz buradadır. Təriqətçilik
nəyə görə meydana gəlib? Nə
üçün hətta bir dinin tərəfdarları da bəzən
biri-birilərinə bu qədər nifrət və şübhə
ilə yanaşırlar?
Biz başa düşürük ki, bu olduqca mürəkkəb,
mənəvi-əxlaqi və psixoloji suallara yalnız səmavi
və dünyəvi dinlərin tarixindən bəlli olan real
faktların sadalanması ilə cavab vermək
qeyri-mümkündür, baxmayaraq ki, belə misallar təsəvvür
etdiyimizdən də çoxdur. Lakin bizi narahat edən
bu deyil.
Eramızın iki minilliyinin tarixi hadisə və
faktları bir mənada bizi əmin edir ki, dinlər, əslində,
yalnız onların hər birinin tərəfdarlarının
Allaha müxtəlif cür etiqad etdiklərinə görə
mövcuddur. Əsas
nəticə: əgər hamı eyni cür etiqad etsəydi,
(bu da öz-özlüyündə qeyri-mümkündür), o
zaman ümumiyyətlə, heç bir din uzun müddət
yaşamazdı: onda “din” anlayışının özü
olmazdı. Xristianlıq tarixi buna ən parlaq nümunədir:
pravoslavlıq və katoliklik, protestantlıq və yüzlərlə
müxtəlif istiqamətlərə parçalanan təriqətlər,
eləcə də din və etiqad təcrübəsinin onlarla
forması. Əgər buna hətta üç əsas
konfessiya arasında tez-tez müşahidə edilən
barışmazlıq faktlarını da əlavə etsək,
İsa peyğəmbər və onun 12 həvarisinin
zamanında mövcud olan ilkin xristianlığın etiqad təcrübəsindən
indi nə qaldığını təsəvvür etmək
mümkündür.
Bu cür
mürəkkəb mənzərəni digər səmavi və
dünyəvi dinlərdə də müşahidə etmək
olar: etiqadın mahiyyətinin hər cür şəraitdə
əvvəlki kimi dəyişməz qalmasına baxmayaraq,
Allaha imanın forma və üsulları bir-birindən
çox fərqlənir. Buna görə də hər
bir mömin Uca Tanrıya aparan yolu, təəssüf ki,
müxtəlif cür təsəvvür edir, yəni hər kəs
öz istədiyi kimi və əsas etibarilə yanlış
etiqad edir. Bu yanlışlıq isə,
gördüyümüz kimi, dinlərin saxlanmasına və
yayılmasına lazımi şərait yaradır. Beləliklə, tam obyektiv olaraq müxtəlif
konfessiyalar, denominasiyalar, təriqətlər və mömin
qrupları meydana gəlir.
Din
etiqadın xüsusi formasıdır və hər kəs
özünün Allahı dərk etmə səviyyəsinə
uyğun olaraq düşünür və etiqad edir. Yəqin ki, dünyada peyğəmbərlər və
Allahın elçiləri eyni olmadığı kimi, eyni
cür etiqad edənlər də yoxdur. Onların
hamısı bir-birindən fərqlənirdi, baxmayaraq ki,
Allahın təkliyinə inanır və öz tərəfdarlarını
da tək Allaha inanmağa çağırırdılar.
Beləliklə, bir fikirlə razılaşmaq olar ki, dini
şüurun bir nəsildən başqasına keçməsi
adətən, müxtəlif etiqad formalarının
yaranması nəticəsində baş verir; bu zaman hər kəsin
Allaha aparan ən qısa və ən asan yolu tapmaq imkanı
olur. Mömin insana müxtəlif variantlar – Yerdə ədaləti
bərpa etmək və kafirləri, yəni bizim
düşündüyümüz kimi, düzgün etiqad etməyənləri
(onlar isə olduqca çoxdurlar) cəzalandırmaq
üçün İsa peyğəmbərin və ya imam
Mehdinin ikinci gəlişini gözləmək də daxil
olmaqla, onlarla müxtəlif variantlar təklif olunur. Çoxluq haradadırsa, orada da onların
qaydaları və fikirləri irəli sürülür.
Deməli, insanlar gələcəkdə də əvvəllər
adət etdikləri kimi yanlış etiqad edəcəklər.
Başlıcası odur ki, bu, başqalarına Allaha öz istədikləri
kimi etiqad etməkdə mane olmasın!
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 29 yanvar.- S.6.