Mürəkkəb ləkələri
Bir zamanlar Frankfurtda Main çayının sahilində
dolaşarkən ünlü türk şairi Əhməd
Haşimi xatırlamışdım. 1932-ci ilin
payızında Frankfurta gələn Haşim məşhur
şair J.W. Geothenin Grosser Hirschgarten küçəsindəki
evinə gedər. Taxta evin üçüncü
qatında şairin iş otağına girər və onun
oturub yazı yazdığı masaya tökülmüş
mürəkkəb ləkələrini oxşayar. Bu oxşama sanki şairlə şairin duyğu və
şeir alış-verişidir. Bunu
Haşim bir cümlə ilə anlatsa da mən o çay sahili
gəzintimi yarıda kəsmiş, eyni yollardan keçərək
şairin evinə getmişdim.Üçüncü qatdakı
o kiçik masa və kürsünün önündə
durarkən gözlərim Haşimin oxşadığı
mürəkkəb ləkələrinə
sataşmışdı. O an sanki
neçə-neçə qadının könlündə
taxt qurmuş, amma özünü çirkin
sandığından bir – birindən bədbin şeirlər
yazmış Haşimlə Geothenin ruhlarının otaqda
dolaşdıqlarını sanıb ürpərmişdim.Və
bir qış axşamının soyuğunda paltoma
bürünərək Haşimin “Nərdivan” şeirindən:
Eteklerinde
güneş rengi bir yığın yaprak
Ve bir
zaman bakacaksın semaya ağlayarak...
– misralarını oxuyaraq
qaçmışdım oradan. Amma o ev, o
masa və o ləkələr haraya getsəm məni təqib
etmişdilər. Hətta Bakıda da...
Amma Bakıda eyni mürəkkəb ləkələrindən
olduğunu haradan biləydim. Hətta o ləkələrin demək
olar ki, hər gün gəzdiyim yerin yaxınındakı evdə
olduğunu mənə heç kim söyləməmişdi.
Nə isə...
Bir gün “Nizami” Muzeyinə dəvət edildim. Orada işləyən
xanımlara Məhəmməd Əsəd Bəyi və onun
Avropada çap olunmuş məqalələrindən bəhs
edəcəkdim. Almaniyaya dönməmə
sadəcə bir gün qalmışdı. Doğrusu insanda dönüş həyəcanı
başladımı, əli ayağına dolaşır və
işləri birdən birə daha da çoxalır. Amma mövzu bir neçə ildən bəri üzərində
çalışdığım Məhəmməd Əsəd
Bəy olunca işlərimin çoxunu ertələdim və
“Nizami” Muzeyinə getdim. Məni qapıda gənc
tədqiqatçı Leyla Rəfiyeva qarşıladı.
Onunla muzeyin pilləkənlərindən
yuxarı çıxarkən Geothenin evi yadıma
düşmüşdü. Doğrusu orada
bu qədər gözəl tablolar yox idi, amma pilləkənlər
demək olar ki, eyniydilər.
Yuxarı qatda bir-birindən gözəl tabloların
asıldığı otaqda toplanmış xanım əfəndilərin
arasında Haşimi anmaq onun ruhunu nə qədər də
xoşbəxt edərdi. Nə gizlədim, mən də elə etdim! Orada, o diqqətli
və mənalı baxışların altında onun ruhuna bir
salam göndərdim. Sadəcə o qədər ! Çünki
xanımlar oraya Haşim üçün deyil, Məhəmməd
Əsəd Bəy üçün toplanmışdılar.
“Koroğlu” dastanı haqqında tədqiqat əsərinin
müəllifi dəyərli araşdırmaçı Xatirə
Bəşir qızının konfransın giriş söhbətində
də dediyi kimi Məhəmməd Əsəd Bəy əsərləriylə
Azərbaycanda hələ də yaşayırdı və bu
gedişlə də əbədiyyən yaşayacaqdır.
Xatirə xanım haqlıydı. Onun kimi diqqətli və
qədirbilən insanların səyi və
çalışmaları Əsəd
Bəyi bu ölkədə davamlı yaşadacaqdı.
Orada bacardığım qədər Əsəd Bəy
haqqında bildiklərimdən bəhs etdim. Uzun və
sıxıcı nitqimə rəğmən bəlkə də
Əsəd Bəyin xatirinə xanımlar böyük bir diqqət
və maraqla dinlədilər və sonra da Əsəd Bəy
haqqında çox gözəl suallar verdilər. Xatirə xanımın qonaq etdiyi çaylarla birlikdə
Əsəd Bəy mövzusu daha da rəngləndi.Konfransın
sonuna doğru Leyla xanım məni Rafael bəyin gözlədiyini
söylədi. Aşağı qatdakı
otağına endik. Rafael bəyi ondan
öncə bir kəs daha görmüşdüm, amma uzun
söhbət edəmməmişdik. Bu dəfə
Səməd Vurğunun bir çobanla rəsm edildiyi
böyük bir tablonun altında oturub uzun-uzun söhbət
etdik.
Rafael bəyi mən əslində 1990-cı ildən bəri
tanıyırdım. 1990-cı ilin o kədərli günlərində
onun “Vaxtdan Uca” kitabı əlimə keçmişdi. Orada Müslüm Maqomayev və Hüseyn Cavid ailəsinin
dramı məni dərin hüznlərə qərq etmişdi.
Hüseyn Cavid haqqında çox yazı
oxumuşdum, amma ilk dəfə onun həm özünün, həm
də ailəsinin hekayəsini bu qədər detallı öyrənmişdim.
O qədər də hüzn içində kitabın
yazarını təqdir etmişdim. Çünki bioqrafiya
işinin necə çətin bir iş olduğunu yaxından
bilirdim. O kitabdan öncə almanca, türkcə onlarca
bioqrafiya əsəri oxumuşdum. Amma bu əsərdə
ayrı bir “dad” vardı. Çünki əsərdəki
şəxslərdən keçmiş zaman insanları olaraq
deyil, sanki indi yanımızda yaşayırmışlar kimi bəhs
olunmuşdular.
Məni təsirləndirən bioqrafiya kitablarından
biri də Pablo Nerudanın öz həyat hekayəsini anlatdığı
“Yaşadığımı etiraf edirəm” isimli
kitabıydı. O hekayəsinin daha başında belə yazır: “Mənim
xatirələrim ruhlarla dolu bir qalereyadır”.
Neruda mübarizə dolu həyatından bəhs edərkən
sanki bir rəssam kimi fırçasıyla həyatının
hər köşəsini rəngləndirmiş və möhtəşəm
bir tablo çıxartmış ortaya. Rənglərin
və ruhların dolaşdığı bu tablo Nerudanın həyatıdır.
Rafael
Hüseynov isə ruhların dolaşdığı
ünvanları yaxşı tanıyan və zülmə
uğramış ruhların fəryadlarını
qulaqlarımıza qədər gətirib çıxaran əsərlər qələmə
almışdı.
Bir həyat hekayəsi yazmaq istəyən birinə istər-istəməz
“həyat nədir?” deyə bir sual vermək gəlir insanın
ağlına.
Çünki həyatın nə olduğunun
cavabını verəmməyən və ya həyatın
hansı pəncərəsindən baxılacağını
biləmməyən bir insan həyatı necə təsvir edə
bilər ki?
Picasso,
Michelangelo, Van Gogh, Rembrand kimi məşhurların həyatlarını
qələmə alan məşhur bioqraf
David Spance onlara hansı pəncərədən
baxdığını yazmamışdır. Amma
insanlar o kitabları oxuduqdan sonra tarixdə qalmış şəxsiyyətləri
Spancenin təsvirləri ilə xəyal etmişlər.
Avstriyalı
yazar Stefan Zweig “Öz həyatının şeirini yazanlar /
Casanova, Stendhal və Tolstoy” kitabının ön
sözündə bunu deyir: “Onlar öz sənətlərinin təməl
vəzifəsinin böyük kainatın, həyatın, ya da
varlığın bütününü anlatmaq deyil,
dünyanın önünə öz mənliklərinin
kiçik kainatını açmaq olduğunu instinqləriylə
sezmişdilər.”.
Bioqrafiya
17-ci yüzildə John Drydenin əski yunancadan əmələ
gəlmiş “Bios- grafien”(Həyatı
yazmaq) anlamında, bu növün banilərinin ingilislər
olduğu söylənsə də bioqrafik əsərlər,
yazılar çox qədimlərə, Misir, Babil, Assuriya
dönəmlərinə qədər getməkdədir. Tapılan daşlarda adamlar haqqında verilmiş
bilgilər ilk bioqrafik əsərlər sayıla bilər.
İslam dünyasında bu növ əsərlər
daha çox peyğəmbərimizdən bəhs edən
kitablarla zənginləşdirilmişdir. Osmanlı
dönəmində modern bioqrafik əsərlər içərisində
Namiq Kamalın 1881-ci ildə yazdığı və Səlahəddin
Əyyubi, Fatih Sultan Məhmət kimi böyük şəxsiyyətləri
anlatdığı “Evrak- ı Perişan” kitabını saya
bilərik.
Bütün bu bioqrafiya müəllifləri öz pəncərələrindən
baxaraq keçmişi və keçmişin içindəki o
önəmli şəxsiyyətləri anlatmağa
çalışmışdılar. Rafael Hüseynovu
onlardan ayıran ən önəmli nöqtə onun sanki
yazdığı şəxsiyyətlərin ruhlarıyla
söhbətidir.
Onun
otağındakı söhbətdən sonra mənə digər
kitablarını da verdi. “Millətin zirvəsi”,
“İmzamız”, “Söz heykəli” isimli kitablarının hər
biri uzun və yorucu araşdırmaların nəticəsində
ortaya çıxmış əsərlər... Bu kitablar xalqımızın tarixində əbədi
qalacaq olan dəyərli şəxsiyyətlərin və iz
qoyan əsərlərin xüsusi bir kataloqu və
ensiklopediyası kimidirlər. Modern
bioqrafiyada aranan zaman- məkan münasibətinin bu əsərlərdə
yerli yerinə oturduğunu görə bilərik.
Bir bioqraf ələ aldığı şəxsin həyatını,
xronoloji bir ardıcıllıqla və ya bilinən sxematik
ardıcıllıqları alt-üst edərək; özəl,
rəsmi sənədlərin yardımı, ailə üzvləri,
məsləkdaşlar, dostlar və şahidlərin bəyanları
və aparılmış başqa araşdırmalardan təmin
olunan məlumatlarla təqdim edə bilər. Fəqət
bu qanunlara sadiq olması bir bioqrafiyanı maraqlı bir
bioqrafiya etməz. Maraqlı bir bioqrafiya ələ
aldığı şəxsi “yaxın”ımıza gətirən
bioqrafiyadır. Bioqraf yazarlıq
bacarığı nə qədər qənaətbəxş
olarsa olsun, əlindəki bilgiləri təhrif etməməli,
“gerçəklərdən ibarət skeleti” əyib bükməməlidir.
Rafael Hüseynovun əsərlərində
bütün bu özəllikləri görə bilərik.
Misal üçün “Söz Heykəli”ndə
anlatdığı şəxslər sadəcə bəlli əsərlərdən
alınmamış, ətrafda o olaylara şahid olmuş
insanlarla da söhbət edilərək əsərə
müdhiş bir canlılıq və gerçəkçilik
qatmışdır. Əsərdə Mikayıl
Müşfiq, Abbas Səhhət, Mirzə Fətəli Axundov və
digər şəxsiyyətlər, xarakterləri,
alışqanlıqları, cəsarətləri,
acıları, uğurları, sevgiləri və məğlubiyyətləri
verilərkən mövzunun özündəki səmimiyyətə
sadiq qalınmışdır.
Əsərləri
Almaniyanın soyuq, qarlı axşamlarında oxuyarkən içimi isti duyğular
sardı. Amma bir yerə gəlincə dəyərli yazara
küsdüm deyə bilərəm. Çünki
yazımın başında anlatdığım mürəkkəb
ləkələrinin tam yanına getmişəm, xəbərim
olmamış. Oradaki mürəkkəb ləkələri
əslində mənim üçün Geothenin masasına
tökülmüş ləkələrdən daha qiymətliydi.
Rafael Hüseynov “Söz
Heykəli”ndə o mürəkkəb ləkələrindən
bəhs edir. Mirzə Fətəli Axundov Rus
Çarlığının bir məmuru olaraq Təbrizə
gedər. Orada bir ara zaman tapınca
orada yaşayan bacılarını tapar. Bacıları
ona öz əlləriylə tikdikləri masa örtülərindən
hədiyyə edərlər. Mirzə xəstə
yatdığında çarpayısının
yanındakı masaya əyilib yazı yazarkən masanın
üzərində olan o örtülərdən birinə
mürəkkəb salar və o ləkələr eləcə
qalar.
Rafael
Hüseynov əsərində bu mövzudan bəhs edərkən
o örtünün harada olduğunu belə yazır: “Nizami
Muzeyində Mirzə Fətəlidən qalan əşyalardan
onun mənzilinin guşələrini canlandıran iki balaca otaq
düzəltmişəm. Həmin tikmə-
işləmə örtü də oradadır. Həmin örtüyü mən hər gün
görürəm. Hərdən
götürüb nəvazişlə sığallayıram”.
Ah, Rafael
bəy, ah!
Biz
şair Haşimlə ta Frankfurtlara gedib Geothenin masasındakı
mürəkkəb ləkələrini ziyarət edirik, iki
addım yanımızda olan Mirzə Fətəlidən
qalmış ləkələri sadəcə özün
görürsən, eləmi?
Orxan ARAS
Almaniyadan yazır
525-ci qəzet.-
2013.- 30 yanvar.- S.4.