“Milli Mətbuat Muzeyi ictimai taleyimizi əks etdirən məktəb rolunu oynayacaq”
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin yanvarın
16-da keçirilən iclasında
qəbul olunan qərarına əsasən
Milli Mətbuat Muzeyi yaradılıb.
AMEA Rəyasət Heyətinin
qərarı ilə Milli Mətbuat Muzeyinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yerləşdiyi binada yaradılması qərara
alınıb.
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin
dekanı, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyev Mətbuat Muzeyinin yaradılması ilə bağlı fikirlərini bizimlə bölüşüb.
– Şamil müəllim,
Siz Azərbaycan mətbuat tarixinin tanınmış tədqiqatçısısınız. Bildiyiniz kimi dünyanın
bir sıra ölkələrində Mətbuat
Muzeyləri, jurnalistika
muzeyləri fəaliyyət
göstərir. Azərbaycan mətbuat
tarixini araşdıran
bir şəxs kimi Milli Mətbuat
Muzeyinin yaradılmasına
sizin münasibətinizi
öyrənmək maraqlıdır.
– Düzü, hesab edirəm ki, belə bir muzeyin
yaradılmasına çoxdan
ehtiyac vardı. Amma atalar yaxşı deyib “Gec olsun,
güc olsun”. Ümid edirəm ki, bu muzey də
Azərbaycan mətbuatında
öz gücü ilə çox şeylər edə biləcək.
Onu da qeyd edim
ki, mən Bakıda ilk iş fəaliyyətimə muzey
işçisi olaraq başlamışam. Bir müddət Səməd Vurğunun ev
muzeyində çalışmışam.
Bu səbəbdən həm
də muzey işi ilə maraqlanan biri kimi hesab edirəm
ki, mətbuat tarixi ilə bağlı müxtəlif
fakt, hadisə və sənədlərin
təbliği ilə məşğul olan bu muzey həm
də ictimai fikir institutunun formalaşması, inkişafı
baxımından çox
mühüm işlər
görəcək. Azərbaycan mətbuat
tarixi kifayət qədər maraqlı, indi də nələrsə
öyrənə biləcəyimiz,
zəngin inkişaf tarixi keçib. Bu mətbuat muzeyində də print medianın keçdiyi inkişaf mərhələləri, bu
işdə əməyi
olan mətbuat nümayəndələrinin fəaliyyəti,
mətbuatın tarixi problemləri və s. sahələrdə
materiallar öz əksini tapacaq.
– Yəni sizcə, işıqlı gələcəyi
keçmişdə axtarmalıyıq?
– Hər nə qədər pafoslu səslənsə də, bu, danılmaz gerçəklikdir. “Tarix – təcrübə meydanıdır”. Düzdür, bütün həyatımızı
keçmişə nəzərən
planlaşdıra bilmərik,
indiki zamanla da ayaqlaşmaq lazımdır, amma keçmişdən, tarixi
təcrübələrdən öyrənəcəyimiz çox
şeylər var. Bu fikirlər
xüsusilə mətbuat
tariximizə aiddir.
Azərbaycan mətbuatı bugünkü
dördüncü hakimiyyət
statusunu qazanana qədər çoxmərhələli
inkişaf tarixi keçmişdir. Bu tarix isə “Peşəkar jurnalist necə olmalıdır?”
“Peşəkarlığa gedən
yol haradan keçir?” və .s. bu kimi suallara cavab tapmaqda bugünkü jurnalistikamıza, jurnalistlərimizə
yol göstərəcək
gücə malikdir. Sualınıza daha konkret cavab verəməyimi istəsəniz, onu deyərdim ki, işıqlı gələcək
keçmiş və indiki zamanın vəhdətindədir.
– Mətbuat tariximizdə müəyyən dövrlərdə
məlum səbəblərdən
ləngimələr olsa
da, bu gün
Azərbaycan jurnalistikası
inkişaf edir, günbəgün yeni mətbu orqanlar yaranır. Bəs Şamil müəllim
jurnalistikamızın hansı
mərhələsini inkişaf
tarixinin zirvəsi hesab edir? Sizə görə belə bir konkret dövr
varmı?
– Mən jurnalistikanın inkişafını ürəyin
koordioqrammasının fəaliyyətinə
bənzədirəm. Bu fikri bir neçə
dəfə də vurğulamışam. Elə
ki cəmiyyət inkişaf edir, onda jurnalistika da yüksələn xətlə zirvəyə
doğru istiqamət
alır. Amma elə ki cəmiyyətdə müəyyən
durğunluq özünü
göstərir, o zaman
bu hal jurnalistikaya
da təsir edir. Ona görə birmənalı
şəkildə deyə
bilmərəm ki, məhz bu dövrdə
jurnalistika daha yaxşı inkişaf edib, amma jurnalistikanın
sürətli inkişaf
dövründən danışırıqsa, məncə
bu, əsasən müstəqillikdən sonrakı
dövrləri əhatə
edir.
– Bəs necə hesab edirsiz, bu yeni muzeydə
daha çox nəyin, nələrin təbliğinə geniş
yer ayrılmalıdır?
– Bu muzey yalnız fakt, hadisə və sənədlərdən
ibarət bir eksponat toplusu olmamalıdır. Burada mətbuatın
inkişaf tarixinə təkan verən, mətbuat tarixinə yeni fikir gətirən
hər bir mətbu orqanın, onların yaradıcılarının
fəaliyyəti geniş
işıqlandırılmalıdır.
Ümumiyyətlə, mən belə
hesab edirəm ki, əgər təyyarə hər hansısa bir nöqtədən digər
nöqtəyə getmək
üçün öz
koordinatını dağ
zirvələrinə nəzərən
qurursa, cəmiyyətin
inkişafı da ayrı-ayrı şəxsiyyətlərin
yaratdıqları zirvələrə
əsasən müəyyənləşdirilir.
Mətbuat Muzeyində isə
hər birimizin örnək götürməli
olduğumuz bu zirvələrin fəaliyyətinin
təbliğinə geniş
yer ayrılmalıdır.
Biz bu yeni müəssisəyə yalnız
adi muzey kimi yanaşmamalıyıq. Çünki bu muzey eyni
zamanda ictimai taleyimizi əks etdirən məktəb rolunu oynayacaq. Mətbuat muzeyi adlanan bu müəssisə tarix, mədəniyyət,
ədəbiyyat muzeylərinin
məzmununu, fəaliyyətini
özündə əks
etdirəcək. Eyni
zamanda hesab edirəm ki, ümummilli
dəyərlərimizin ifadəsi
baxımından da bu muzey əhəmiyyətli
olacaq, yaddaşsızlıq
sindromuna qarşı bir növ antivirus əhəmiyyəti daşıyacaq.
–Cəmiyyətin inkişafında
şəxsiyyətlərin rolundan danışdınız.
Bəs sizin üçün mətbuat sahəsində elə bir ideal şəxs varmı ki, bu muzeydə
də onun fəaliyyətinin, fikrlərinin
daha çox qabardılmalı, işıqlandırılmalı
olduğunu hesab edəsiniz?
– Mən belə deyərdim, mətbuatın
cəmiyyət üçün
əhəmiyyətini dərk
edən və bütün fəaliyyəti
boyu jurnalistikanın məlum kanonlarına əməl edərək insana, onun maraqlarına
xidmət edən mütəfəkkirlərin, onların
yaratdıqları mətbuat
orqanlarının fəaliyyətinə
yer ayrılmalıdır.
Belə şəxslərin sayı
isə mənə görə bir, iki deyil. Bura H. Zərdabidən tutmuş müasir media kapitanlarına
qədər yüzlərlə
şəxsin adını
aid edə bilərik.
– Və sonda muzeyi
ziyarət etmək istəyənlərə ürək
sözləriniz.
– Bayaq da qeyd
etdiyim kimi tarixdə cəmiyyətə
yol göstərənlər,
öndərlər elə
də çox olmur. Belə bir layihəni
irəli sürən,
onun həyata keçirilməsi üçün
çalışan şəxslər
isə bu fəaliyyətləri ilə
tarixdə yaşamağa
haqq qazanan şəxslərdir. Layihənin təşəbbüskarı,
dəyərli ziyalılarımızdan
olan professor Kamal Abdullayevə isə bir mətbuat nümayəndəsi kimi xüsusi təşəkkürümü
bildirirəm. Kamal müəllimin
Azərbaycan ədəbiyyatı
üçün gördüyü
işlər hamımıza
məlumdur. Bu təşəbbüsü ilə
isə o həm də “mətbuat mühafizəçisi” olduğunu
sübut etdi. Hesab edirəm ki, Azərbaycan mətbuatı
ilə az-çox maraqlanan hər kəs jurnalistikamız barədə daha geniş, hərtərəfli
məlumata sahib olmaq üçün bu muzeyi mütləq ziyarət etməlidir.
– Dəyərli fikirlərinizə
görə çox sağ olun.
Müsahibə təklifimizi qəbul
edib vaxt ayırdığınız üçün
xüsusi təşəkkürlər.
– Siz sağ olun.
Aynur NƏBİLİ
525-ci qəzet.- 2013.- 30 yanvar.- S.5.