Şah İsmayıl Xətainin xətt
nümunəsi
Almaniyanın Münhen şəhərinin
kitabxanasında Səfəvilər
dövrünün xəttatlıq
sənətinə dair
çox dəyərli
nümunələr saxlanılır. Bunların içində
Həzrət Əlinin
kəlamlarının ərəbcə
yazıldığı və
sətirlər arasında
bu kəlamların farscaya tərcümə edildiyi xəttatlıq nümunəsi xüsusilə
diqqətəlayiqdir. Münhendə
çıxan elmi məcmuədə çıxış
edən yapon şərqşünası Tomako
Mirikava sübut edir ki, bu
xətt Səfəvilər
dövlətinin yaradıcısı
Şah İsmayıl Xətaiyə məxsusdur.
Xətai
Həzrət Əlinin
100 kəlamını kalliqrafik
xəttlə yazmağı
qarşısına məqsəd
qoymuşdur. Xətt nümunəsinin
15 səhifəsindən yalnız
11-i mühafizə edilmişdir.
Yapon tədqiqatçısının bildirdiyinə görə,
səhifələrdən birinin
kənarında İsmayıl
adı və yazıların 1514-cü ildə
yazıldığı qeyd
edilmişdir. Alim göstərir
ki, ərəbcə daha iri hərflərlə
köçürülən yazılar qızılı
və mavi mürəkkəblə təliq
xəttilə Xətai
tərəfindən yazılmışdır.
Burada bəzi düzəlişlərin
edildiyi görünür.
İri ərəb yazılarının arasında
kəlamların fars dilinə tərcüməsi
naməlum xəttat tərəfindən nəfis
nəstəliq xətti
ilə iki sütunda yazılmışdır.
Əlyazma müxtəlif
rəngli vərəqlərə
köçürülmüş və cildlənmişdir. T.Mirikavanın ehtimalına
görə, bu xətt nümunəsi üzərində iş
1514-cü ildə baş
vermiş Çaldıran
döyüşünə qədər
tamamlanmışdır. Çaldıran
döyüşündə qələbə çalan
Osmanlı imperatoru I Səlim Təbrizin işğalı zamanı
bu əlyazmanı da ələ keçirmiş, əsər
sonralar Avropaya aparılmışdır.
Paşa ƏLİOĞLU,
filologiya üzrə elmlər
doktoru
525-ci qəzet.-
2013.- 30 yanvar.- S.7