“Azərbaycanda dinə Sovet
dövründəki amansız münasibət gözümün
qabağındadır...”
“ADAMLAR TƏXMİNƏN 1988-ci
İLDƏN RƏSMİ YERLƏRDƏ ALLAHIN ADINI ÇƏKMƏYƏ,
“MAŞALLAH” DEMƏYƏ CÜRƏT ELƏDİLƏR”
Müsahibimiz
fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir.
– Azərbaycanda
insanların yenidən dinə qayıtmasını, xüsusilə
də son 15 il ərzində gənclərin dinə
marağının artmasını nə ilə əlaqələndirirsiniz?
– Mən
hesab edirəm ki, Azərbaycanda dinə qayıtmaq prosesi indiki
zamanda, təxminən on beş il əvvələ baxanda xeyli
zəifləyib. Zəifləmə artıq, 90-cı illərin
axırında başlamışdı və bunda Azərbaycan
ruhaniləri, eləcə də ruhani olmasa da, İslamdan
danışanların mənəviyyatındakı ciddi
nöqsanlar öz işini görmüşdü. Baxın,
xeyli adam var ki, onların İslama sevgisi, İslama sevgilərinin
yanında İslam biliyi, mədəniyyəti və nəhayət
refleksiya edən, yəni özünü
düşünüb özünü düzəldən mənəviyyatı
olmadığı üçün onlar İslamın imicinə
çox böyük ziyanlar vururlar. Azərbaycanda din
mühitində, yazıqlar olsun ki, yetərincə mənəviyyatlı
iman adamlarının sayı çox azdır. Onların bir
xeylisi hesab edir ki, əgər mən İslamı, Allahı
belə ürəkdən sevirəmsə, mənim mənəviliyimə
necə şübhə ilə baxmaq olar?! Onlar heç bilmirlər
ki, insanın Allaha sevgisinin əsasında, həm də Allah,
İslam qarşısında məsuliyyəti dayanır. Belələrinin
sevgisi, sədaqəti ritual sədaqətdir. Qurban kəsmək
törəni kimi, kəsdin, ehsan verdin, bitdi-getdi. Halbuki onlar
bütün danışıqları ilə, hərəkətləri
ilə, həlimlikləri, xoş davranışları ilə,
dörd yanlarına müsbət enerji, nur axıtmalıdırlar.
Allaha səmimi qəlbdən sevgi qəzəbli,
dözümsüz, cırtqoz olmağa kart-blanş vermir. Bir də
bir fikri səsləndirim: Sən elə olmalısan ki, sənə
görə İslama heyranlıq yaransın. Cəlaləddin
Rumi axı belə idi və nə qədər rumlu, erməni
ona görə Ruminin ətrafına
yığışmışdı.
Belə
din ərənlərini biz Buddizmdə, İudaizmdə
çox görə bilərik. İslam tarixində də çoxdur. Ruhani olmayan, filosof
olan dindarlar arasında da çoxdur. Halbuki indiki dindarların
davranışında ciddi
nöqsanlar özünü
göstərir. Vaxtı ilə
“mən namaz qılıram”, “hacı” sözü insanların gözündə güclü
arqument idi ki, həmin adama əmanət vermək olar. Düşünürdülər ki, əgər, məsələn, onun təmir briqadası varsa, işi yaxşı görəcək . Ancaq indiki zamanda
xeyli azərbaycanlı
var ki, onlardan
“mən namaz qılıram” sözünü
eşidəndə adamın
əti ürpəşir.
Kimdir bunun günahkarı?
Sözsüz, bir xeyli namaz əhlinin, bir xeyli hacının
İslam və Allah sevgisindəki nöqsanlar,
imanın onların bütün mənəviyyatını
bürüməməsidir. Onların içində İslam və Allah sevgisi “ixtisaslaşmış”, başqa
nəsnələrə dəxli
olmayan “şöbə”
kimi funksiya göstərir.
Tutuşdurun. Azərbaycanda Sovet dönəmində rəsmi mədəniyyətdə
açıq dindarlıq
göstərməyə bir
həsrət, bir aclıq vardı. Mən yadıma salıram, 80-ci illərin sonlarında televiziyada “Cümə axşamı” verilişini
aparırdım və
mənim, sözsüz
ki, İslam biliyim peşəkar ruhani biliyi deyildi.
Məndə daha çox
İslam biliyinin fəlsəfəsi vardı.
İndi
o verilişlər mənə
texniki və mövzu baxımından qəribə gəlir.
O verilişdə elementar
nəsnələrdən söhbət
gedirdi, ancaq yenə də qəribə bir maraq yaradırdı camaatda. Həmin marağa görə
də hara gedirdim, sayğı və diqqət görürdüm. Bu, dinə olan aclığın göstəricisi
idi. Birdən-birə İslamla bağlı
Azərbaycan televiziyasında
normal, İslami biliklərin
cəmləşdiyi söhbətlər
gedirdi və insanlar bundan çox məmnun olurdular. Beləcə, azərbaycanlılar sanki həmişə alçaldılan millətinə
hörmət görmüşdülər.
İndi belə şeylər yoxdur, ona görə
ki, yeni çağda dini vəzifədə olan ruhanilər camaata mənəviyyatca örnək
olmurlar ki, İslama sevgini artırsınlar. Ancaq əvəzində
nə baş verir? Özlərinin namazını camaatın
gözünə soxurlar.
Hətta
onların arasında elələri də var ki, saxtalıq
edirlər, həccə
gedirlər ki, “Hacı” adını qazansınlar. Bu saxtalığı isə
camaatın gözündən
uzun müddət gizlətmək olmaz.
Ancaq yenə
deyirəm, həccə
gedənlərin çoxunda
əsl Allah, əsl İslam sevgisi var. Di gəl, belə səmimiyyət yüksək
insanlığın sığortası
deyil. İslamın imicinə ləkə gətirən adamlar belə bir məntiqi
mənasızlaşdırırlar ki, əgər kimsə molladırsa, həccə gedibsə, ola bilməz
ki, əxlaqi cəhətdən mənfi
olsun. O qədər insan var ki,
əxlaq müəllimidir,
ancaq həccə getməyə yaramır. Bu mənada Azərbaycan
xalqı, artıq, görür ki, kiminsə dindar olması, kimdəsə
Allah sevgisinin olması
yaramaz sifətlərlə
qonşuluqda buluna bilər. Hətta adamda elə İslam sevgisi ola bilər
ki, onun yolunda öz həyatını riskə
qoyar. Məsələn,
“Meşə qardaşları”
ki var, axı,
onların arasında doğrudan da Allahı səmimi sevənlər ola
bilərdi. Amma terrorla məşğul
olurdular. Mənə elə
gəlir ki, belə halları incələyib baş çıxarmaq İslam düşüncəsi üçün
çox gərəklidir.
İslamı sevən azərbaycanlılar
bilməlidirlər ki,
mən Allahı sevirəmsə, Allah yolunda
özümü fəda
edirəmsə, bu o demək deyil ki, bütün planlar üzrə gözəl insanam. Bu o demək deyil
ki, sən mənə valeh olmalısan. Ola bilər ki, danışığın tərbiyəsiz
olsun, paxıllığın
olsun, səviyyən olmasın. Yəni sənin Allaha
sevgin, Allah yolundakı
fədakarlığın hələ
o demək deyil ki, sənə baxan insanlar İslamda olmaq istəsinlər. Bizim möminlər
bunu yaxşı anlamalıdırlar. Bilməlidirlər ki, Allahı sevən insanların Allah qarşısında çox
böyük məsuliyyəti
var. Elə bir azərbaycanlı ruhani yoxdur ki, o Azərbaycan
ədəbiyyatının heyranlıq
doğuran personajı
olsun. Halbuki Tolstoyun, Dostoyevskinin əsərlərində, dinlə
bağlı tənqidi
münasibətlərinin olmasına
baxmayaraq elə qəhrəmanları var. Azərbaycan
tarixində də sözsüz ki, XX əsrin əvvəllərində
yüksək mənəvi
mərtəbəyə qalxmış
ruhanilər olub. Hərçənd Mirzə
Cəlilin, Sabirin əsərlərinin təsiri
altında bizdə belə bir qəlib
formalaşıb ki, molla yekəqarın, lopabığ, həmişə
bığlarında plov
yağı işıldayan
qarınquludur. Ancaq ola bilməz
ki, əskilərdə
bütün ruhanilər
belə olsunlar. Hacı Məhəmməd Çələbi
Əlici böyük
din alimi kimi tanınırdı. Qubada Mustafa xan
rusların tərəfində
Şeyx Əli xan ilə vuruşanda
Hacı Məhəmməd
Çələbi vəfat
edir. Onun cənazəsi şəhər
qəbristanlığına gətiriləndə vuruşanlar
silahı yerə qoyub hüzur mərasiminə qoşulurlar
və qısa barışla alimin xatirəsini yad edirlər. Ancaq belə faktlara
baxmayaraq mənəvi,
ləyaqətli ruhanilər
loqosferdə – söz dünyasında maarifçilərə
uduzdular. Onların da
arasından istedadlı
adamlar Mirzə Cəlil kimi çıxış etsəydilər,
onda balans yaranardı və biz irəliçi ruhaniləri
o birilərindən ayırd
edərdik. Qoy, islamçılar
və ruhanilər bilsinlər ki, davranışda İslama xəyanət etmək olmaz. İnsan bütün mənəviyyatıyla
Allahdan enerji almalıdır, yoxsa bircə ibadət edib, o biri cəhətləri
axsatmaq olmaz. Bizdə ruhanilər bunu unudurlar.
Azərbaycanda Sovet dövründə dinə amansız münasibət gözümün
qabağındadır. Adamlar təxminən
1988- ci ildən rəsmi yerlərdə Allahın adını çəkməyə cürət
elədilər. Birdən-birə belə zikr düsturları ilə danışıqlarını bəzəmək
onları mutlu etdi. O çağlar
bu, çox böyük bir olay idi. Çünki partiya iclasında “Allah rəhmət eləsin”, “inşallah” işlədilə
bilməzdi. Bəs sonra
nə oldu. Qorxulu möminlər bir kəsim azərbaycanlını
İslamdan hürkütdü.
Təkrar edirəm. Azərbaycanda dinə sevgisi
olanların məsuliyyətə
ehtiyacı var. Çox
təəssüf ki, bu məsuliyyəti indiki mollaların əksəriyyəti bilmir.
(Ardı var)
Günel MUSA
525-ci qəzet.- 2013.- 31 yanvar.- S.6.