Onu yaxşı əməlləri
yaşadır
"Dünyada
insan üçün ən böyük ləzzət
yaxşı ad qoyub getməkdir ki, belə bir adı ancaq
yaxşı əməllərin müqabilində əldə
etmək olar"
M. F.
Axundov
İsa Axundov mənim həmkəndlim, qohumum və həm
də dostum idi. O, 1941-ci ildə Azərbaycanın dilbər güşəsi
olan Ağdam rayonunun axarlı-baxarlı kəndlərindən
biri olan Novruzlu kəndində dünyaya göz
açmış, mənalı ziyalı ömrü
yaşamış, tanınmış istedadlı jurnalist səviyyəsinə
qalxmışdı. Doğulduğu gündən
o, evlərini qonaqlı-qaralı görmüş,
varlı-hallı bir ailədə böyüyüb boy
atmışdı. Atası Ağaəli kişi
kəndimizin ən nüfuzlu, sayılıb-seçilən
ağsaqqallarından biri idi. Baramaçılıqla
və arıçılıqla məşğul olurdu.
Baramaçılıqda qazandığı müvəffəqiyyətlərinə
görə atamın kolxoz sədri olduğu Qara İlyasov
adına kolxoza 1948-ci ildə respublikanın keçici
qırmızı bayrağı veriləndə bir neçə
qabaqcıl kolxozçu orden və medallara layiq
görülmüş, SSRİ XTNS göndərilmişlər.
Onlardan biri də Ağaəli kişi idi. Onun oğlanları - Musa və İsa peşəkar
jurnalist idilər. Qardaşı isə uzun
müddət Bakıda prokuror vəzifəsində
çalışmışdı.
İsa Axundov kənd orta məktəbini bitirdikdən
sonra, indiki BDU-nun jurnalistika fakültəsinə daxil
olmuşdur. İlk jurnalist fəaliyyətinə Zaqatalada
çıxan rayon qəzetində başlamışdı.
O, dəyərli yazıları ilə bu qəzetə yeni nəfəs
gətirmişdi. Lakin jurnalistlik fəaliyyətini
geniş miqyasda davam etdirmək məqsədi ilə Azərbaycan
radiosunun Qarabağ zonası üzrə xüsusi müxbiri vəzifəsinə
keçmişdir. O, dağlar gözəli, Qarabağın
tacı, "Qafqazın konservatoriyası" adlanan
Şuşada yazıb-yaratmış ,
çoxlu dəyərli reportajları ilə
şan-şöhrət qazanmışdır. O,
"Kommunist" qəzetinin bölgə müxbiri, tanınmış
jurnalist, dostumuz Tahir Məmmədovla
"Şuşa" qəzeti redaksiyasında bir otaqda işləyirdi.
Yay aylarında mən Şuşaya gedəndə
onlarla tez-tez görüşər, söhbətləşərdik.
Onların hər ikisi mənim üçün əziz
idilər. Cıdır düzündə,
Şuşanın görməli yerlərində gəzdiyimiz
günləri indi də yaxşı xatırlayıram.
Mən Azərbaycan KP Ağdam Rayon Komitəsində
təbliğat və təşviqat şöbə müdiri
işləyəndə də, "Lenin yolu" -
"Ağdam" qəzetinin redaktoru olanda da Ağdam Dövlət
Dram Teatrının bədii şurasının üzvü
idim. Bir gün şuraya gələndə
İsa Axundovla burada görüşdüm, öyrəndim ki,
o burada bədii hissə müdiri vəzifəsində işləyir,
hətta bəzi tamaşalara bədii quruluş da verir.
Amma söhbətlərimizdən onu da anladım ki, bu vəzifə
heç də
onun ürəyincə deyil, o qəzetdə
çalışmaq arzusunda olduğunu mənə bildirdi. Belə
yerdə Cəlil Məmmədquluzadənin bir sözü
yadıma düşdü: " Qələmin
müqəddəs vəzifəsi millətin xoşbəxtliyi
yolunda xidmət göstərməkdir."
Etiraf edim ki, qəzetimizdə İsa müəllim kimi
jurnalistlərə ehtiyac vardı. Lakin boş yer
olmadığı üçün İsa müəllimin
arzusunu reallaşdırmaq bir o qədər də asan deyildi. Amma necə deyərlər
onun bəxti gətirmişdi, qəzetin kənd təsərrüfatı
şöbəsinin müdiri başqa işə keçdiyinə
görə şərait yarandı və mən İsa müəllimi
həmin şöbəyə müdir təyin etdim. Sözün düzünü deyim ki, o, bu vəzifədə
yaxşı işlədi, əlindən gələni əsirgəmədi.
İsa müəllim Azərbaycan dilini gözəl
bilir, işə səriştəli yanaşırdı. Onda məsuliyyət hissi güclü idi. Hər gün yaşadığı Novruzlu kəndinə
gedib-gəlməsinə baxmayaraq hamıdan tez işdə
olardı. Səriştəli jurnalist
olmasını nəzərə alaraq onu qəzetin məsul
katibi vəzifəsinə keçirtdim. Bu da öz səmərəsini
verdi. Redaksiyanın işinin
planlaşdırılmasında, qəzetin maketinin tərtibatında,
şöbələr arasında lazımi əlaqələrin
yaranmasında, qəzetimizin daha məzmunlu, oxunaqlı,
operativ, obyektiv, təsirli, üslub və orfoqrafik cəhətdən
daha səlist işıq üzü görməsində dönüş yarandı. Qəzetin
"letuçkası"na, oxucu
konfraslarına diqqət artırıldı.
Qəzetin
yüksək səviyyədə və səlist şəkildə
hazırlanıb çapa verilməsi sahəsində çətinliklər
var idi. Bu mühüm işi etibar etdiyim çox az adam vardı. F. Stoynheymin bir sözünü
yada salmaq istərdim. O, demişdir: "Qəzetə yazı
yazmaq adamdan böyük savad tələb etmir, ancaq qəzeti
oxumaq üçün gərək adamın müəyyən
savadı və səviyyəsi olsun." Bax, bu sahədə də
İsa müəllim mənim ən yaxın köməkçim
oldu.
Bildiyimiz
kimi jurnalist üçün əsas qanun - onun vicdanıdır. İsa müəllim də vicdanlı jurnalist idi.
O, hər bir şöbədən, hər bir yazardan tələb
edirdi ki, hazırladıqları materiallarda faktların dəqiq
və dürüstlüyünə, insanların şərəf
və ləyaqətinə hörmət prinsipinə ciddi
riayət etsinlər. Bu onun başlıca
amalı idi. Demək olar ki, müvəffəqiyyətlərimiz
üçün, baş verən yenilikləri oxuculara
çatdırmaq üçün ömrünü şam tək
əridər və bu yolda yorulmadan çalışardı.
Məlumdur ki, oxucuların ideya-siyasi, mənəvi-əxlaqi
səviyyəsində mətbuatın rolu böyükdür. Xüsusi ilə qəzet qüdrətli
vasitə, kəsərli silahdır. Buna görə
biz qəzeti kütlələrin əsl tribunasına
çevirmək üçün fəhlə-kəndli
müxbirləri, jurnalistlikaya həvəsi olan gəncləri ətrafımıza
toplamaqla daha oxunaqlı qəzet çıxarılmasına
nail olmuşduq. Məhz bunun nəticəsi idi ki,qəzetimiz 1986-cı ildə Bakı
oxucularının qonağı olmuşdur və MK tərəfindən
yüksək qiymətləndirilmişdir.
Məlum hadisələrdən sonra İsa Axundov
1993-cü ilin əvvəllərində başqa işə
keçdi. O,
Azər. TAC -ın Qarabağ üzrə
xüsusi müxbiri kimi fəaliyyətə başladı.
Bu dəfə o, öz kəsərli qələmini
Bərdədə sınamalı oldu. Təsadüf elə
gətirdi ki, mənfur qonşularımız olan ermənilər
və onların havadarları tərəfindən Ağdam işğal
olunduqdan sonra Nazirlər Kabinetinin qərarına əsasən
qəzeti Bərdədə çıxartmalı oldum.
İş yerim də İsa müəllimin iş
otağına yaxın idi. Demək olar ki, biz hər
gün görüşürdük, hal-əhval tuturduq. İstirahət vaxtlarımızda Xəqaninin
çayxanasında görüşərdik. Bəzən
burada ətrafımıza o qədər ağdamlılar
toplaşırdı ki, özümüzü sanki Ağdamda
hiss edirdik.
Torpaqlarımızın işğalı hamımıza
olduğu kimi İsa müəllimə də pis təsir
etmişdir, o ürəyindən şikayətlənirdi...
Mən 1998-ci ildə işdən azad olub Bakı şəhərinə
gəldim. Məcburi köçkün kimi burada məskunlaşdım.
"Azərtayms" qəzetində baş
redaktorun birinci müavini kimi fəalliyətə
başladım. Burada mətbuatımızın
çoxlu korifey, flaqman jurnalistləri ilə dostlaşdım.
Onlar mənim 70 illiyimi öz qəzet və
jurnallarında təbrik edərək geniş
işıqlandırmışlar. Bu barədə qəzetlərdən
məlumat alan İsa müəllim
"Ağdam" qəzetində mənim barəmdə
"70 yaş nədir ki..." sərlövhəli yazı dərc
etdirmişdi. İstərdim ki, onun yazısından bir
neçə sətri sizə xatırladım: "20 ildən
çox müddətdə Ağdamda çıxan "Lenin
yolu"-"Ağdam" qəzetinin redaktoru olub. Az bir vaxtda maraqlı yazıları ilə
oxucuların dərin hörmətini qazanıb. Vaxtaşırı
ölkə mətbuatında publisistik yazıları ilə
çıxış edib. Belə
yazıların sayı yüzlərlədir.
Bir redaktor kimi müsbət keyfiyyətləri ilə başqalarından fərqlənib, seçilib. Obyektivlik, qərəzsizlik, vicdanlılıq onu sevilən qələm, hörmət-izzət sahibi edib, ucaldıb..." . Baxın, bu sözləri ancaq əsl dost, qızıl söz - dərin hikmət sahibi yaza bilər. Paxıllıq İsa müəllimə yad idi.
İsa müəllim əsl dost idi. Hər adama da dost deməzdi.
İmam Sadiq(ə) buyurub: "Üç dəfə
sınaqdan keçirməmiş heç kimlə dost
olma." O, bu hədisi təkrar etməyi sevirdi. Allah-taala ona uca boy-buxun vermişdi, yaxşı dil
qabiliyyəti vardı, şirin söhbətləri ilə
hamını özünə cəlb etməyi
bacarırdı. Elinə-obasına,
doğma vətəninə, seçdiyi peşəsinə
vurğun idi.
Ensiklopedik biliyə və zəkaya malik olan, daim
yaradıcılıq axtarışlarında olmuş,
yazıb-yaratmış, mətbuatımıza səmərəli
xidmət göstərmiş İsa Axundov həm də gözəl
ailə başçısı idi. Onun BDU-nu bitirmiş
iki oğlu, iki xanım-xatun qızı var.
Çox təəssüf hissi ilə dilə gətirirəm
ki, şərəfli bir ömür yaşamış,
işıqlı ziyalı, zəngin
yaradıcılığı ilə həmişə diqqətdə
olan İsa müəllim indi aramızda yoxdu. Onu amansız
ölüm 2007-ci ilin oktyabr ayının 30-da aramızdan
apardı. Vətən üçün,
xalqımız üçün, müqəddəs
torpaqlarımız üçün döyünən qəlbi
qəfildən susdu. Doğma
yurd-yuvasına, ata ocağına qayıtmaq, xalqına, millətinə,
gündən-günə inkişaf edib çiçəklənən
Azərbaycanımıza xidmət etmək arzuları
yarımçıq qaldı. Amma təsəllimiz
odur ki, o, yaxşı ad qoyub getdi. Böyük
dramaturqumuz M.F. Axundov yazmışdı: "Dünyada insan
üçün ən böyük ləzzət yaxşı
ad qoyub getməkdir ki, belə bir adı ancaq yaxşı əməllərin
müqabilində əldə etmək olar".
Böyük
ürək sahibi, səmimi və qayğıkeş, qəlbi,
vicdanı təmiz, yaxşı dost, yaxşı qələm
ustası, insanaxas digər bütün keyfiyyətləri ilə
seçilib-sayılan İsa Axundov yaxşı əməlləri
ilə həmişə qəlbimizdə zamanın,
dövrümüzün gözəl ziyalısı kimi
yaşayacaq və yad ediləcəkdir.
Allah rəhmət
eləsin! Qəbri nurla dolsun!
Bəbir Hüseynov
Azərbaycan
Respublikasının əməkdar jurnalisti,
"Qızıl qələm"
mükafatı laureatı
525-ci qəzet.-
2014.- 1 aprel.- S.8.