Səsli hekayələr
"Hər ürək
bir simfoniyadır. Sadəcə
onu sonacan dinləmək lazımdır"
Təranə Vahid
Tanınmış yazıçı-dramaturq Əli
Əmirli istedadlı qələm sahibi Təranə Vahidin "Cənnətdən yuxarı..."
kitabına yazdığı
önsözdə hekayələri
"gözəl şeir"ə
bənzədərək müəllifin
axıcı üslubundan
bəhs edir. Mən isə
bu hekayələri hələ kitab şəklinə düşməmişdən
oxuyub tükləri ürpədən səslər
eşitmişdim. Və
bu səbəbdən də müəllifin adıçəkilən kitabında
təqdim etdiyi hekayələri "səsli
hekayələr" kimi
xarakterizə etmək
qərarına gəldim...
Təranə Vahidi üç ilə yaxındır ədəbi nümunələri
ilə yanaşı, şəxsən də tanıyıram. Belə bir nəcabətli, xanım-xatın insanla bir müddət "Mədəniyyət" qəzeti
redaksiyasında çalışdığıma
görə də özümü xoşbəxt
sayıram. Bu qənaətə gəlmişəm
ki, Təranə xanımın qələmindən
çıxan bədii
nümunələr qəlbinin
simfoniyasıdır. Mən
o səsi ömrümün
sonunacan eşidəcəyimə
inanıram...
Düşünürəm ki, xalqımız arasında torpaq itirməyən bir kimsə yoxdur! Əgər bu inamda olmayan
varsa, o kəs vətən övladı deyil! Belə bir deyim var ki, başına
gələn başmaqçı
olar. Məgər torpaq itkisini
dərk etmək üçün mütləq
didərginlik, köçkün
həyatı yaşamalısan?!
Yurd itkisinin mahiyyətini dərk etmək istəyənlər
üçün Təranə
xanımın bu kitabda yer alan "Müharibə,
nənəm və itən vaxt", "Tapılmayan torpaq" və s. əsərlərini
məsləhət görərdim.
Öncə Təranə xanıma
arzum budur ki, qələmi bir də belə
nalə çəkməsin!
Ulu Tanrı itən yurdumuzun geri qaytarılması üçün bizə sarsılmaz birlik nəsib eləsin! "Müharibə, nənəm və itən vaxt" hekayəsi faciəmizin hüdudlarını göstərməklə
yanaşı, milli koloritin ifadəsi baxımından da mükəmməl örnəkdir.
Eyni zamanda burada müəllifin mənəvi
dəyərlərə nə
qədər həssas
münasibət bəslədiyinin
şahidi oluruq. Görün, isti ocağını mənfur
düşmənə buraxıb
getmək məcburiyyətində
qalan insan o məqamda əvvəlcə
hansı addımı
atır: "Nənəm
babamın divardan asılmış şəklinin
qarşısında dayanıb
dodağının altında
nə isə mızıldandı. Bilmirəm dua
edirdi, yoxsa babamla halallaşırdı,
Allah bilir, bəlkə
babamdan, həmişəki
kimi, "a kişi, gedim-getməyim?" - deyə,
icazə istəyirdi..."
Çox
çətin, hətta
adamın içini oyan, qulağını cingildədən səs-sual
deyilmi?! Fikrimcə, ömür
yoldaşı bu
dilemma-suala nəinki cavab verməzdi, hətta onu cəzalandırardı da.
Deyərdi, a binəva,
adam da
yurdunu tərk edər?! Amma nə çarə...
Əgər biçarə Nənə
qəlbində gedib-getməmək
üçün "icazə
istəyirsə", kəndin
digər sakini Ədil kişinin hökmü isə qətidir: "Kənd maşına "köçüb"
qurtarandan sonra hay-haray kəsildi. Qənimət kişinin kal səsi eşidildi:
- Ədil kişi
getmir!" Bu səs necə, qulağımızı yox
e, başımızı partladan
səs deyilmi?!
Dədə-baba yurdundan baş götürüb getmək
kimi analoqu olmayan bir zülmə
məhkum olunmuş sakinlər kənddən aralananda Nənəş arvadın həyəcan-harayla
qışqırdığı "Ay camaat, Ədilin səsini eşidirsiz?!"
cümləsinin sonuna
isə min nida işarəsi qoymaq istəyirsən: "Ə, hara
gedirsiz, ay evi yıxılmışlar, ölüm
ölümdü qağa,
ə vallah, nahaq gedirsiz!!!" Ədil kişinin uzaqdan gələn səsini nəinki öz ölkəsi, hətta dünya eşitməliydi!
Görün, bu səs necə güclü oldusa, bütün bəşəriyyətin
qulağını batırdı,
dünya eşitməz
oldu...
Böyük mətləbləri ehtiva edən bu hekayəsində
Təranə Vahidin yazıçı kimi məharəti ondadır ki, oxucuya yurd
nisgilini, qaçqınlıq
əzabını ustalıqla
yaşada bilir. Mətni yardımçı
ifadələrlə yükləyib
oxu prosesini ağırlaşdırmır. Burada hər bir detalın
uyğun məqamda təqdimi mətnin bütövlüyünü (total mətni) şərtləndirir
və bu situasiyada heç bir fakt boşluqda
qalmır.
Müəllifin "Tapılmayan torpaq" hekayəsində də Yusif kişinin ürəyində
dediyi sözləri Qəribin isti ocağını tərk etdiyi
vaxt özü ilə
gətirdiyi müqəddəs bir əmanəti
- bir ovuc
torpağı axtaran hər kəs eşidir: "...Qərib gedir,
biz də gedəjəyik. Bu
boyda dərdlə yaşamaq
olar? Vallah, olmaz. Allahın altında ölüf öz
dağlarımızda qalaydıx". Əslində Qoca Müslüm də,
Güləvətin, Yusif kişi,
Alış da... hamısı bilir ki, "bu boyda dərdlə yaşamaq" olmaz. Çünki "neçə
illərdir bir milyon adam Qəribin
son arzusunu axtarır. Neçə
illərdi ki, yağışın altında
Qəribin cənazəsi
gözləyir... Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır..." Çünki şair Hüseyn Bağıroğlunun
yazdığı kimi
...Kölgəsi gözünə
düşən qəriblər
Gözünü yummağa Vətən istəyir.
Necə
ki, ana yurdumuzu
itirəndən sonra bu qərara gəlmişik ki, gəzməyə, elə ölməyə də Vətən yaxşı!
Məgər "Vağzaldakı qarı"da
müəllifin təsvir
etdiyi Nənənin ürəkləri titrədən
intizarı ona ağılsız damğası
vurdurmayıbmı?! Bəs Vətən
dərdi adamı dəli etməsin, nə etsin?! "Yuvasından düşən
quşun qəbahətinin
olmadığını" bilən kəslər hər gün böyük ümidlə vağzala üz tutan Nənənin də düşdüyü
vəziyyətə acımalıdır.
Yazıçı böyük
nəvənin dili ilə Nənənin nisgil boğçasını
açaraq oxucunun qəlbini əsir edir: "Nənəm hər gün vağzala gedib Ağdam qatarını gözləyir. Atam deyir, arvadla
işiniz yoxdu, özü bilər, qoyun gözləsin. Bilsə ki, Ağdam, Qarabağ yoxdu, ürəyi partlayar.
Qoyun ümidlə yaşasın,
axır-əvvəl bir
gün bu qatar gəlib
çıxacaq, ya yox?"
Təranə xanım, inanmaq bacarmağın yarısıdır,
deyiblər. Bu qatarın
gəlməyinə yox,
onu gətirməyimizə
inanmalıyıq. Axı
həm də insanı yaşadan inamdır...
"Qırmızı quyu"
hekayəsində Səlimənin
timsalında maddi sıxıntılar girdabında
qovurulan ananın cüzi məbləğ naminə həyatını
riskə ataraq ailəsinin güzəranına
yardımçı olmaq
istəyinin onun məhvə aparması inandırıcı boyalarla
təqdim olunur: "Bir də, bir
də cəhd elədi, bədəni dartıldı və vahiməli bir səs yerə qədər uzandı. Yol boyu əvvəlcə anasını, sonra uşaqlarını, ərini
çağırdı. Bu gün marketə gedəcəyini, bazarlıq
edəcəyini, evlərinə
ilk dəfə belə
böyük məbləğdə
pul aparacağını
söylədi..."
Təranə Vahidin "İsrafilin suru" sədalı fikirləri digər bədii nümunələrində də kifayət qədərdir. Bunların hamısı mükəmməl yazıçılıq qabiliyyətindən əvvəl, əsl vətəndaşlığın, özünüdərkin göstəricisidir. Təranə xanımda güclü söz duyumu ilə yanaşı, milli nəfəs də var. Bu isə hər yönü ilə var olmaq deməkdir.
Fariz YUNİSLİ
525-ci qəzet.- 2014.- 1 aprel.- S.7.