Səsi içindən baxan şair
Xalq şairi Fikrət Qoca üçün
Həyatımızda işığına
inandığımız gözlər
varsa,
varsa
Adına
sevindiyimiz kəslər
Yaşamağa dəyər...
Başının üstündə Allahı
görənlər varsa,
Bilənlər ki
Ayağının altı torpaqdı...
Şairim,
sənin səsin içindən,
Qəlbin
gözlərindən baxdı...
Dünyanın bu vaxtı,
Dünyanın
bu vaxtı
Nə yaxşı
Adamla dolu dünyada
Az
da olsa insanlar
var,
Ağaclar
var,quşlar var
Adamı yaşamağa səsləyəcək
yaşamlarıyla.
Hayandasa
göylər misra-misradı
Tanrı
o yerlərə səsləmiş
səni,
Şeir
Allahındı, şairlər
göyün,
Şairim, qismətin söz imiş sənin.
Sənə qələbədən danışacam, oğlum...
Sənə qələbədən danışacam, oğlum,
Müharibəni dəlicəsinə oynayıb,
Ağılsızcasına uduzmağımızdan
Danışmayacam.
Məğlubiyyətdən deyil,
Şəhid olub qapı-qapı
paylanmaqdan,
Qaçqın olub ev-ev səpələnməyimizdən,
26 fevralda donan ahımızdan,
Xocalının
yayın istisində də
canımızdan çıxmayacaq
soyuğundan
Danışmayacam.
Sənə qələbədən danışacam, oğlum
Ora necə yüyürməyimizdən
Aparmağımızdan bayrağı Şuşaya
ürəyimizdə.
O torpağa sancandan sonra bayrağı
Alçaq boyumuzun
Necə
böyüməyindən,
Ordakı
qanların yerində açan al lalərdən
Danışacam, oğlum.
Mən danışdıqca
Sənin
gözlərin böyüyər
- Qan necə laləyə
dönər, ana,
- soruşarsan.
Mən:
- Axı, ikisi də qırmızıdır,
deyərəm.
Sənin
təsəvvüründə rənglər sayrışar,
O qırmızıyla qaçdı-tutdu
oynayarsan.
Axı uşaqlar rəngləri və işığı
çox sevir,
Rəngsizliyi deyil.
Sənə qələbədən danışacam, oğlum...
Sən qələbədən
sonra doğulacaqsan.
lll
Səni
gizli sevmişdim,
Aşkarca unudacam.
İsti
xatirələrlə
Gözümü qurudacam.
Əynimdə köhnəldəcəm,
Kədərin siyah donun,
Sən inadcıl,mən də tərs
NeyləsinYaradanım.
Keçmişi düşünəndə
Həmişə köks ötürdün,
Bəsdir,
gələcəyə bax,
Bax...
2014dü...
lll
Kimin atdığı sözdən
Xatirən çilikləndi,
Qırıldın öz içində
Baxışın gileyləndi...
Gecə
Ucuz yuxunu
Sənə baha sırıyır
Səni
yarıdmayanlar
Səndən yaman yarıyır..
Heç bilmədiklərin
Xatırlayır adını..
Gələcək nə vəd edir,
Sənə, bədbəxt qadın...
Yanvarın sehri
Çöldə yanvarın sehri,
Bir də soyuq gecə
var,
Gecəni
aydınladan
Sən olduğun
küçə var.
Aldığın hər nəfəsin,
Bəsimdi, elə bəsim,
Can dediyin - qəfəsim,
Eşq dediyin acı var.
Eh, üzüldüm nələrçin,
Dən gəzən sərçələrçin,
Zavallı bəndələrçin
Tanrı adlı Uca var.
Sara Selcan
525-ci qəzet.-
2014.- 1 aprel.- S.7.