Məktub
(hekayə)
Çox
hörmətli Rəşad Məcid!
Redaktoru olduğunuz "525-ci qəzet"in polifonik fəaliyyəti
sırasında gənc ədəbi istedadların üzə
çıxarılması və onların ilk
yaradıcılıq nümunələrinə yer
ayırması ənənəsi də dayanır. BDU-nun sizin də
dərs dediyiniz Jurnalistika fakültəsində də
yazıçılığa meyl edən və bu sahədə
uğurlu nümunələr yaradan tələbələrimiz
olur. Hazırda fakültəmizin III kursunda təhsil alan Müşfiq Şükürlü belə
tələbələrdən biridir. Onun bir
neçə hekayəsini oxumuşam. Bu
hekayələrdə Müşfiqin istedadını
gördüm. Müşfiq öz
üslubu, bədii müşahidə bacarığı, bədii
ifadə tərzi olan bir yazıçı kimi
yaradıcılıq dünyasına ciddi vədlər verir.
Onun " Məktub" hekayəsini sizə
göndərirəm və çox güman edirəm ki, gənc
bir tələbənin ilk yaradıcılıq faktı kimi
oxuculara maraqlı olacaqdır. Mənim bu kiçik qeydlərimi bədii
istedadını bəyəndiyim Müşfiq
Şükürlüyə uğurlu yol kimi də qəbul etməyiniz
gümanındayam.
Cahangir Məmmədli
____________________________________________________
I
T. o qədər
yorulmuşdu ki, başının arxası, boynu, çiyinləri,
kürəyi və baldırları onu ağrıya bənzəməyən
bir narahatçılıqla ağ
örtüklü döşəyin üzərinə atdı.
Döşəkdən azacıq aralanıb
qırmızı yastığı əlləri ilə
nizamladı və sağ tərəfə çevrilib
uzanmağa çalışdı. Əvvəlcə
əlini yastıqla qulağının arasına
qoyacağı barədə qərar verə bilmədi. Sonra əli ilə qulağını bağlayanda səsin
birtərəfli kəsildiyini görüb belə həm rahat,
həm də düşünmək üçün əlverişli
olduğunu fikirləşdi. " Sabah
həmin körpüyə yenə gedəcəm." Gözlərini yumdu və körpüdən
aşağı necə baxdığı xəyalına gəldi.
Maşınların hərəkəti, yolun ortasındakı ağ kəsik xətlər, ümumiyyətlə,
aşağıda tunelə doğru axıb gedən həmin
boşluq ona çəkici və maraqlı göründü.
İçində müəyyən qədər
həyəcan varıydı, amma səsləri eşitmədiyindən
beynində gördüklərinin daxilində olduqca,
özünü hadisələrin kənarında hiss edirdi.
Ardınca bayaqkı yorğunluğun sehirli
havasında fikirlərinə və xəyallarına şirin
bir yuxu qarışdı. Xəbəri
olmadı, yavaş- yavaş yatdı.
lll
Qapı döyüldü və T. cəld yuxudan durdu. O, gözlərini
açanda qapının ağzında gözəl bir qız
gördü. Qız alçaq boylu, orta çəkili,
on səkkiz yaşlarında, çox bilmiş bir gənc idi.
Yığcam, zərif qaşlarının kənarındakı
tüklər seyrək idi və qaşları ilə gözləri
arasında təmiz, qabarıq, gözə şirin gələn
bir boşluq varıydı. Saçlarını
arxaya yığıb başının üzərində
balaca çıxıntı kimi dürmələmişdi.
Açıq, aydın alnı geniş
üzünü və təravətli, sirli, müəyyən
qədər də içində səbirsiz uşaq dəcəlliyini
gizlədən baxışlarını tamamlayırdı.
Elə bil, bu dəqiqə edilməli olacaq hansısa
maraqlı, gizli, təəccüblü və təhlükəsiz
bir iş onun baxışlarının arxasına çəkilib
səhnənin kənarında təmkinlə gözləyirdi.
Gözləri gülümsəyib işıldayır və
dodaqları öz gözəlliyini ya da gördüyü
hansısa ləyaqətli işi hiss edən adamlarda olduğu kimi( ancaq özünə məxsus bir tərzdə)
büzülüb oynayırdı. T.- yə
baxmırdı və içəri girdiyi üçün təşəkkür
gözləyən bir füsunkarlıqla qayğı göstərməyə
çalışırdı. Nəhayət ki, qəribə,
sevindirici bir şıltaqlıqla gözləri axtarıb onu
tapdı və dilləndi:
- Bu gecə
tez yatmısan. Yəqin, dünən çox iş olub.. Elə də yorğun görsənmirsən
amma. Sənə çay gətirmişəm.
Əlində çay- filan yox idi. T. çay axtarmaq məqsədilə
yox, sadəcə, səbəbsiz yanına baxdı və
divanın kənarındakı masanın üzərində
ağ bir fincan, onun üzəri ilə də ağır-
ağır yuxarı qalxan isti buxarı gördü:
- Mən
işləmirəm. Dünən də çox
veyllənmişəm.
Qız
daha da mehriban gülümsədi və dodaqlarını nə
qədər sıxsa da büllur kimi parıldayan dişlərini
gizlədə bilmədi; ağ dişləri,
qara gözləri parıldayıb ətrafı
işıqlandırdı. T. dünənki
yorğunluğun bədənindən sovuşub getdiyini və
qızın üzünə baxdıqca yaşamaq həvəsinin
daha da artdığını, bu qızın əslində
sevdiyi qız olduğunu anladı.
" -
Nəyə gülürsən?" " -
Mən? Gülmürəm. Sadəcə,
sən çox ciddisən". Qız bunları
deyərkən təhlükəli nəsə baş
verirmiş kimi dayandı və əvvəlcə, gözlərini
ayırdı, sonra isə əvvəlkindən daha sevindirici və
mülayim şəkildə yenə gülümsədi. " - Mən ciddiyəm? Ciddiliyim nədədir
ki?". " - Həyatdan zövq
almağı bacarmırsan. Körpüyə
getmək yaxşı fikir deyil. Dəlisən,
nəsən?"
T. güldü. Ancaq bu uzun çəkmədi və
ardınca ürəyində bir iztirab, kimsəsizlik hiss elədi.
Qızın gözlərindən xoşbəxtlik
yayılırdı və bu T.- yə
olduqca hüzünlü göründü.
-Mən səni
sevirəm.
Qız utandı, yanaqları qızarıb çəhrayı
rəng aldı. Həm həyəcan, həm də sevinc
qarışıq bir hisslə nə deyəcəyini bilmədi.
Bu qısa vaxt ərzində kimsə
danışmalı idi və T. qızın sözlərinə
ehtiyac duyur, artıq heç nə deməyi fikirləşmirdi.
-
Çayın soyuyur, bayaqdan gətirmişəm.
Bu, T.- ni qane eləmədi, orada nəsə
axtarıb tapacağını güman edərək
qızın gözlərinin içinə baxdı.
Qızın qara gözlərinin,iti
baxışlarının arxasında niyə bir
nigarançılıq gizləndiyini və özünün
niyə bədbəxt olduğunu, nəhayət, bunun qızla əlaqəsini
fikirləşdi. Qız qapını
açıq qoyub divana yaxınlaşdı, sakitcə
divanın kənarındakı balaca stulun üzərində
oturdu. Əllərini qıçlarına
dirəyib onları dizlərinə tərəf azacıq
sürüşdürdü. Sonra birdən çəkici
bir sakitliklə T.- nin sifətinə
baxdı və narahatçılıq duyulmayan bir səslə,
həmçinin bir tərəfdən önəmsiz
olduğunu göstərəcək bir etinasızlıq, bir tərəfdən
də ana qayğıkeşliyinə bənzəyən bir həssasiyyətlə
dedi: " Xəstələnmisən, deyəsən. Gözlərin qızarıb." " Məni sevirsən?". "
Niyə belə eliyirsən? Səni incitməyim
xoşuna gəlir?". " Bu sən deyilsən, mənim istədiyim kimi
düşünməyə çalışırsan. Sən məni sevirsən". "
Gic- gic danşdın bəsdi, əl çək!". T. incidi və üzünü qızdan çevirdi.
Amma bu çox çəkmədi. " Bəs bura nəyə gəlmisən?".
" Atam ölüb ona görə". " Xəbərim olmayıb, mənə gərək
əvvəl deyəydin... Səni çox istəyirdi?.. Mən də sabah
körpüyə gedəcəm, bilirsən... Axı, bunu
hardan öyrənmisən?". "Atam
dedi". " Necə olub hadisə?". "Bu haqqda danışma, sabah da körpüyə
getmə". " Atan nə vaxt
deyib, axı, bunu sənə?". "
Maşın qəzasında ölüb, məni də
çox istəyirdi". " Bəs sən?".
" Çayın soyuyub, gedim sənə
çay gətirim".
Ayağa durdu və fincanı götürüb otaqdan
çıxdı. T. qızın əynindəki ağ
paltarı indi gördü və arxasınca onu
çağırdı. Sabah körpüyə qızla bir getmək
istəyirdi və qızın " gəlirəm"
səsi ona çox xoş göründü.
lll
- Saat on
ikini keçib, dur!
Anasının dəhlizdən gələn mülayim,
xoş səsi onu oyatdı. Birdən universitetə
gedəcəyini xatırladı və narahat oldu. Yerində
belini dikəldib yatağın başlığına və
divara söykəndi, hardasa, iyirmi- iyirmi beş
dəqiqə gözləri yol çəkə- çəkə
uzun- uzun fikirləşdi. Xəyal onu alıb əvvəlcə
qızın, sonra isə onlarca insanın yanına apardı.
Mənzərələr ürəyini
oxşadıqca əsnəməyə başladı və cəld
yatağın kənarındakı adyalı açıb
içinə girdi.
II
Sənubər
metrodan çıxıb adam qaynaşan səs-küylü
platforma ilə pilləkənlərə doğru irəlilədi.
Paltarının düymələrinə dolaşan
qulaqcıqları ayırıb telefonu ilə birgə
açıq- palıd rəngli yumşaq
çantasının içinə qoydu, əli nizamla
qatlanmış, səliqəli, balaca, ağ
kağıza toxundu. Kağızı
çıxardıb əlində saxladı. Adamların tündlüyündən,
sıxlığından pilləkənlərdə yerimək
olmurdu. Sənubər pillələri asta-
asta qalxır, əlindəki məktubu ikinci dəfə diqqətlə
oxumaq üçün yerin üstünə
çıxmağa tələsirdi.
lll
Olduqca yorğunam. Məni axtarıb tapa bilmədiyin üçün yorulmuşam. " Səni istədiyin qədər gözləyə bilərəm, təki mənə bir ümid ver, çəkdiyim bu zülümlərin boş- mənasız, nəticəsiz olmadığına inanaraq yaşayım, yoxsa belə lap çətindir. Azacıq rahatlasam, nəfəs ala bilərəm, inan ki, ürəyimin dayanmağına, gözlərimin işığının sönməyinə çox qalmayıb... Srağagün üzünü gördüm, səsinə qulaq asdım, bir gün axşamacan yanında oldum( belə olanda həyat elə axıcı olur ki; çayın kənarında oturub xoşbəxt xəyallar qurduğum günlər məni bu qədər yaşada bilməz.) Artıq iki gündür ki, gecə də, gündüz də nəfəsimin geri qayıtmayacağını görürəm. Əlimi sinəmə qoyub ürəyimi izləyirəm, nə vaxt dayanacağını bilmirəm, səni görməliyəm." Axırıncı dəfə bunları yazmaq istəyirdim sənə, amma üzərinə çox getməkdən qorxdum... Nəysə. Bu gecə yuxuda gördüm səni və körpüyə getmək fikrimdən əl çəkdim. Bunu sənə danışmamışam, indi danışmaq fikrim də yoxdur. Bircə bunu bil ki, səni itirmək kimi bir bədbəxtçiliyi yaşaya bilmərəm. Bunun əvəzinə binanızın həyətindəki skamyada oturub sizin pəncərəyə baxmaq daha yaxşıdır. Artıq bütün olmayan işlərimi atmışam, bəli, mən avaranın yekəsiyəm, bütün ömrümü sənin ayaqlarının altında keçirəcəm...
Səni anan- atan qədər, ömrünün axırına qədər sevəcək insan.
lll
Sənubər dayanacaqda duran avtobuslardan birinə minib ən qabaq sıradan sağ küncdə əyləşdi. Ondan sağ tərəfdə pəncərəyə sarı qucağında balaca körpə saxlayan otuz- otuz beş yaşlarında cavan, hamilə bir qadın oturmuşdu. Sənubər süni narahatçılıq və uşaqvari qürurla sağına- soluna baxdı, başını çevik, kəsik hərəkətlərlə tərpətdi, bayaqdan əlində intizamla tutduğu təmiz məktubu şırıltı ilə eynəyinin qabağına qaldırdı. Sonra məktubu maraq və ciddiyyətlə oxuyub çantasının içinə qoydu.
Qadının qucağındakı balaca körpə ağlamağa başladı. Anası su qabını o qədər də narahatçılıq keçirmədən uşağın ağzına tutmağa çalışdı. Körpə dodaqlarını sürüşdürüb bələyin içində eşələnmək üçün vurnuxurdu. Sənubər isə başını çevirib sakitcə ana ilə balanı izləyirdi. Qadın Sənubərin üzünə baxmadan körpəni ona uzadıb dedi:
- Bir dəqiqə bunu saxla.
Sənubər körpəni qucağına aldı və qollarındakı balaca, narın, zərif məxluq yavaş- yavaş ona doğma gəldi. Qadın çantasında nələrsə eşələyirdi, Sənubərin isə bələyin içindəki bu balaca mələklə ruhi münasibətindən doğan sevinc dolu rahatçılığı isti, mehriban xəyallarına keçib onu qeyri- müəyyən gələcəyinə aparırdı... Saat axşam səkkizi adlayırdı, toran çoxdan düşmüşdü.
lll
Sənubər uzun, şirin bir xəyala dalmışdı...
...O, sağ əlinin barmaqları ilə qollarının arasında saxladığı balaca körpənin dodaqlarının kənarını təmizləyir, onları uşağın dilinə, damaqlarına sürtür, sonra onu tərk etməyən şadlıq və xoşbəxtlik hissi ilə barmaqlarını yalayırdı. "Ford"un içi olduqca rahat idi. Maşını sürən cavan oğlan yorğun və ciddi görünürdü. Onu iş rejiminin, gündəlik problemlərin nəticəsi kimi soyuq bir dalğa vurmuşdu sanki. Oğlanın saçının ortası və qabaqları dalğalı, burnu nisbətən dik, dodaqları isə xüsusi formada idi.
Sənubər balaca Əsmərin dodaqlarından öpüb illərin, bütün ömrün ən gözəl, doğma anlarını ifadə edən bu sirli, qaranlıq sükutu asta, sərin səsi ilə pozdu:
- Uşağa pampers lazımdı.
- Evə
çatanda alaram.
- Sabah
dörd dənə al. Evə bazarlıq lazımdı, - bir az
dayandı, sonra davam elədi,- Mamagil nəsə
narahat idi.
- Anan
çox əsir-yesir olur, ağlı yoxdu.
- Neyləsin,
uşağın qırxı təzə çıxıb, gəlin
də həyasızın yekəsidi.
Cavan oğlan yola baxır, maşını sürətlə
sürür, qayğı və təmkinlə hamilə
arvadına qulaq asırdı.
-
Toğrul, uşaq nasazdı, Seymur həkimin yanına apar,
göstər bir də.
-
Qızdırması var yenə?
- Yox
istiliyi azdı amma qarnı ağrıyır, dava- dərman
bir şey eləmədi.
-
Başqa həkimə göstərək, birisi gün səhər
apararıq, prilivə qədər getmərəm işə.
- Caan, nə
istəyirsən? Atası, gör nə deyir?
- Sənubər ağzını balaca körpənin
üzündə gəzdirirdi.
Toğrul
birdən hərəkətləndi; sevinc və yorğunluq
dolu bir ifadə hopdu üzünə; gözlərinin, sifətinin
bütün cizgiləri canlandı; cəld və kəsik
baxışlarla arxaya dönüb gözlərini ağ pambıq bələyin üzərində
gəzdirdi.
- Əsmərə atası qurban olsun. Nəfəsim,
çiçəyim, çatırıq evə.
Səhərin
açılmağına çox var idi, yol uzaq idi, xoşbəxtlik
isə Sənubərin lap burnunun dibində çiçək
açmışdı. "Ford"un
içində sonsuz gələcəyə doğru
üç xoşbəxt insan gedirdi.
lll
- Gəl
anaya, - qadın uşağı qucağına alıb Sənubərə
təşəkkür elədi.
Avtobus növbəti dayanacaqda durdu. Sənubər yerindən tərpənib
çantasından bir neçə qəpik
çıxartdı, onlardan birini yaşlı, gümrah, ağ saç sürücünün ovcuna
atıb avtobusdan düşdü. Küçələri
adlayıb hündür binaların arası ilə qaranlıq
məhəllələrdən birinə girdi.
III
Binalarının qabağına çatanda uzaqdan
giriş pilləkənlərin düz qarşısında,
soldan skamyanın üzərində cavan bir oğlan
gördü və onun T. olduğunu bir neçə saniyənin
içində dəqiqləşdirdi. Sinəsinə azacıq həyəcan
doldu, bu dəqiqə həm evlərindəki mənzərə,
həm də T.- nin sifəti beynində
canlandı. Başını aşağı
salıb cəld hərəkətlərlə pilləkənlərə,
binanın girişinə yaxınlaşdı. Və
arxadan səs gəldi:
-
Axşamın xeyir!
Sənubər arxaya dönmək istədi, ancaq bu
çox çəkmədi, ruhu qəribə bir şəkildə
titrədi, açıq- palıd rəngli yumşaq
çantasını qurşağına sıxıb sevinc və
qorxu hissi ilə yavaş- yavaş pilləkənləri
qalxdı.
lll
Qaranlığın
içindən ağ bir kağız
çıxıb gəldi, yellənə- yellənə,
uça- uça düz pilləkənlərin başında
düşüb dayandı.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-
2014.- 2 aprel.- S.7.