Vətəndaş cəmiyyətinin inkişafında əsaslı dönüş: QHT sektoruna yüksək dövlət qayğısı

 

 

Hər bir demokratik cəmiyyətdə vətəndaş cəmiyyəti institutlarının, eləcə də bu institutların başlıca qüvvəsi olan qeyri-hökumət təşkilatlarının xüsusi yeri və önəmi var. Azərbaycan dövləti də öz növbəsində bu sektorun inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması və inkişafı istiqamətində atılan addımların əsası məhz müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin zamanında qoyulub. Ümummilli liderin bu sahədə həyata keçirdiyi böyük islahatlar əsasən ictimaiyyətə bəlli olsa da, bu islahatların bəzi məqamlarına diqqət çəkəcəyik.

Öncə qeyd edək ki, bu yazı silsiləsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin fikirlərinə istinad olunur.

 

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış siyasi və iqtisadi böhran gənclərin psixoloji və mənəvi durumuna çox mənfi təsir etməklə yanaşı, bütövlükdə cəmiyyətdə müəyyən ideoloji boşluğun dərinləşməsinə səbəb olmuşdu. Məhz bu boşluğu aradan qaldırmaq və gənclərin üzləşdiyi problemləri həll etmək məqsədilə Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Bu nazirlik bir çox gənc kadrların formalaşması, gənclərin dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə yaxından cəlb edilməsi, gənclərlə işləyən qeyri-hökumət təşkilatlarına maddi və təşkilati dəstəyin verilməsi istiqamətində çox böyük rol oynadı.

 

Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra, 1995-ci ildə, Heydər Əliyevin rəhbərliyi ilə hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən və həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən yeni ölkə Konstitusiyası qəbul edildi. Bundan ruhlanan gənclər 1995-ci ilin sonlarında vətəndaş cəmiyyəti təsisatları arasında ilk konfederativ qurum olan, gənclər təşkilatlarını bir araya gətirən və onların fəaliyyətini əlaqələndirən Gənclər Təşkilatlarının Milli Şurasını  yaratdılar. Bu təşəbbüslər və təşkilatlanmalar Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra yaranmış demokratik mühitin konkret nəticələrindən biri idi.

 

1996-cı ildə Heydər Əliyevin birbaşa təşəbbüsü ilə ümumrespublika gənclərinin 1-ci Forumu keçirildi və gənclərin fəaliyyət platforması qəbul edildi. MDB və Şərqi Avropa ölkələri arasında Azərbaycan qədər gənclərə və onların üzləşdiyi problemlərin həllinə diqqət yetirən ikinci bir ölkə yox idi.

 

Ümumrespublika gənclərinin 1-ci Forumun bir illiyi ilə əlaqədar, yəni 1997-ci ildə, Ulu Öndər Heydər Əliyev bir qrup gənclə görüş keçirdi. A.Quliyev məqalələrinin birində həmin görüşü belə xatırlayır: "Həmin tədbir zamanı ulu öndər bəzilərimizə çıxış üçün söz verdi. Mən ilk dəfə idi ki, bu dahi şəxsiyyətlə şəxsən görüşdə olurdum. Mövzu həm aktual, həm də məsuliyyətli idi: "Milli ideologiyanın formalaşmasında gənclərin rolu". Dövrünə görə çox aktual olan bu mövzuda, özü də bu ideologiyanı gözəl bilən Heydər Əliyev kimi böyük dövlət adamının qarşısında çıxış edirdim. Çox diqqətlə baxır və dinləyirdi. Yadıma düşəndə indi də həyəcanlanıram...".

 

Həqiqətən də Heydər Əliyev vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işləri yerli səviyyədə məhdudlaşdırmadı və bu prosesə nüfuzlu beynəlxalq təşkilatları da cəlb etdi. 1997-ci ildə ulu öndərin birbaşa  təşəbbüsü ilə Azərbaycan hökuməti ilə  BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında "Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihə haqqında saziş  imzalandı. Bu sazişə əsasən 1998-ci ildə BMT İP-nın QHT-lər üzrə Resurs və Təlim Mərkəzi yaradıldı və bu mərkəz QHT Sektorunun sonrakı inkişafında ciddi faktora çevrildi. 1998-ci ildə  "Qrant haqqında" qanunun qəbulu isə qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi məsələsini tam həll etmiş oldu.

 

Vətəndaş cəmiyyəti institutları Ulu Öndərin atdığı bu addımların tezliklə bəhrəsini gördü və QHT-lərin institusional inkişafı sahəsində beynəlxalq təcrübə Azərbaycanda tətbiq edilməyə başladı.

 

A.Quliyev bunu o dövrün şərtlərinə görə, ən cəsarətli addım kimi qiymətləndirərək, o zaman keçmiş sovet ölkələrindən heç birinin hələ buna cəsarət etmədiyini bildirib: "Ümumiyyətlə, Heydər Əliyevin siyasəti ondan ibarət idi ki, gənclərə geniş meydan verilsin. 1999-cu ildə gənclərin 2-ci Forumunda çıxış edən Heydər Əliyevin gənclərə xitabən söylədiyi "Gənclər, bu dövləti sizə etibar edirəm. Gələcək sizindir!"  ifadəsi  bizi daha da ruhlandırırdı, məsuliyyətimizi artırırdı. Elə bu siyasətin nəticəsidir ki, o vaxt gənclər hərəkatının fəallarından olanların bir çoxu bu gün parlamentdə təmsil olunur, onlardan yüksək dövlət vəzifəsi tutanları da az deyil".

 

Ulu Öndərin vətəndaş cəmiyyəti quruculuğuna verdiyi önəmin nümunəsi kifayət qədərdir. O zaman BMT-nin vətəndaş cəmiyyətinə dəstək layihəsinin qarşısında duran əsas vəzifələrdən biri ayrı-ayrılıqda və pərakəndə şəkildə fəaliyyət göstərən QHT-ləri bir araya gətirmək, onların fəaliyyətini əlaqəndirə bilən çevik bir mexanizm yaratmaq, bununla da ölkə QHT-lərinin ümumi məsələlərdə həmrəyliyini və iş birliyini təmin etməkdən ibarət idi. Həqiqətən də həmin dövrdə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi, hökumət strukturları, beynəlxalq və donor təşkilatları, eləcə də ictimaiyyətlə effektiv əlaqələrin qurulması, onların bürokratik əngəllərdən və təzyiqlərdən birgə müdafiə olunması, ictimai sektorun və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına  hər cür yardım göstərilməsi üçün konkret bir şəbəkəyə və ya koalisiyaya  böyük ehtiyac vardı.

 

Beləliklə, vətəndaş cəmiyyəti quruculuğu sahəsində özünəməxsus təcrübə sayılan, QHT ictimaiyyətinin güc mərkəzinə və güvənc yerinə çevrilən Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu (MQF) 1999-cu il iyunun  11-də 95 təşkilat tərəfindən təsis edildi.

 

MQF-nin təsis olunması ilə bağlı A.Quliyev bunları qeyd edib: "Həqiqətən həssas bir tarixi dönəmdə təsis edilən MQF fəaliyyətinin ilk aylarında ciddi problemlərlə qarşılaşdı. Dövrün reallığı ondan ibarət idi ki, "qeyri-hökumət təşkilatı" ifadəsi bəzi hökumət rəsmiləri tərəfindən mənfi qarşılanır, onlar müxalif qurum, antihökumət (antidövlət)  təşkilatlar kimi qəbul edilir və bu səbəbdən tədbirlərimizdə iştirak etməkdən və hər hansı bir dəstək verməkdən imtina edirdilər. Bütövlükdə, ictimaiyyətdə  QHT fəaliyyəti haqqında təsəvvürlər məhdud idi. Təbii ki, belə şəraitdə effektiv çalışmaq, cəmiyyət üçün zəruri olan işləri uğurla yerinə yetirmək çox çətin idi.

 

Yalnız Heydər Əıiyevin birbaşa diqqət və qayğısından, təşəbbüslərindən sonra ölkədə QHT sektoruna olan münasibət və yanaşma müsbət mənada xeyli dəyişdi, QHT hərəkatının yeni bir inkişaf mərhələsi başlandı. QHT-lərin fəaliyyətinə təkcə Bakıda yox,  Azərbaycanın bütün şəhər və rayonlarında sözün əsl mənasında, "yaşıl işıq" yandırıldı".

 

Qeyd edək ki, 2000-ci ildə isə  "qeyri-hökumət təşkilatı" termini ilk dəfə olaraq Azərbaycan qanunvericiliyinə gətirildi və Milli Məclis tərəfindən "Qeyri-Hökumət Təşkilatları" (İctimai Birliklər və Fondlar) haqqında yeni qanun  qəbul edildi. Elə həmin ildə Milli Qeyri-Hökumət Təşkilatlarının  Forumu hökumətin, BMT İP və Dünya Bankının  texniki və təşkilati dəstəyilə "Yerli QHT-lərin İnkişaf Proqramı" layihəsinin icrasına başladı. Məhz bu layihənin nəticəsində ölkə QHT-lərinin dəqiq statistikası, ehtiyacları, güclü və zəif tərəfləri öyrənildi, həmçinin  respublikanın 5 regionunda (Əli Bayramlı, Mingəçevir, Şəmkir, Qəbələ, Quba) Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, 53 rayonunda isə QHT-lərin Əlaqələndirmə Mərkəzləri yaradıldı.

 

QHT-lər bu dövrdə milli proqram və layihələrin hazırlanması və dəstəklənməsində yaxından iştirak etdilər. 2001-ci ildə 15 müxtəlif  sahə üzrə fəaliyyət göstərən işçi qrupun hər birində 3 təşkilat olmaqla, 45 QHT "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının hazırlanmasına öz  töhfəsini verdi.

 

2002-ci ildə isə məqsədyönlü şəkildə "Anti BTC" kampaniyası başlamış dünyanın 30-dan çox ölkəsini əhatə edən 64 xarici QHT-nin fəaliyyətini neytrallaşdırmaq məqsədilə Milli QHT Forumu "BTC-yə dəstək və monitorinq beynəlxalq ictimai koalisiyası"nı təsis etdi. A.Quliyev məqalələrində bunu belə xatırlayır: "Bu məqsədlə biz, 3 QHT rəhbəri- Sabit Bağırov, Osman Gündüz və mən Ulu Öndərin dəstəyi ilə Vaşinqtona səfər etdik və BTC-nin qəti əleyhdarları olan bir sıra ABŞ QHT-lərinə layihənin əsl mahiyyəti və regionun sosial-iqtisadi inkişafında oynayacağı müstəsna rol haqqında ətraflı məlumat verdik və onların mövqeyində müəyyən dəyişikliyə nail ola bildik. Daha sonra koalisiyaya onun missiyasını dəstəkləmək üçün Gürcüstan və Türkiyə QHT-ləri ilə birlikdə 300-dən çox yerli və beynəlxalq  təşkilat qoşuldu və bu istiqamətdə xeyli iş görüldü".

 

Bu illər ərzində ictimai sektor üçün mühüm olan məsələlər barədə hökumətlə daim müzakirələr aparılaraq, QHT sektorunun inkişafı üçün dövlət proqramının layihəsi hazırlanmış, yüzlərlə seminar və təlimlər keçirilmiş, bu təlimlərdə iştirak edən QHT təmsilçilərinin bilik və səriştəsi xeyli artırılmışdı.

 

Digər tərəfdən Ulu Öndər Heydər Əliyev QHT nümayəndələrini Prezidentin yanında Əfv məsələləri Komissiyası, Prezidentin yanında Sahibkarlar Şurası və s. bu kimi bir sıra nüfuzlu dövlət qurumlarına üzv təyin etməklə bir daha vətəndaş cəmiyyətinə verdiyi önəmi, vətəndaşların qərar qəbulunda yaxından iştirakını təmin etmək istəyini bir daha nümayiş etdirdi.

 

Ümumiyyətlə,  2000-2003-cü illərdə QHT-lərin konkret sahələr üzrə ixtisaslaşması prosesi tam başa çatdı. Onlar ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik və hüquqi dövlətin formalaşması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, insan haqlarının qorunması, sosial və iqtisadi islahatların aparılması, qaçqın və məcburi köçkün problemlərinin həll edilməsi, elm, təhsil və mədəniyyət sahəsindəki boşluqların aradan qaldırılmasına yardım etməklə 24 fəaliyyət istiqamətini əhatə edə bildilər.

 

2003-cü ildə "Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyesteri Haqqında" qanunun qəbul edilməsi isə QHT hərəkatında yeni bir canlanmaya və QHT-lərin qeydiyyatının asanlaşdırılmasına səbəb oldu.

 

AQİL

525-ci qəzet.- 2014.- 2 aprel.- S.6.