Sözlə yaşamış və sözü yaşatmış insan

 

 

 

 

1960-cı illərin əvvəlləri idi. Mən Konservatoriyanı yenicə bitirmişdim. Sevimli  müəllimim Qara Qarayevin məsləhəti ilə uşaqlar üçün musiqi yazmağa başladım.

 

Abdulla Şaiqin sözlərinə yazdığım "Çəpişim" mahnısını Azərbaycan Teleradio Komitəsinə təqdim etdim.Vaxt keçirdi, lakin bədii şuradan bir xəbər yox idi. Mənim dostum, orada redaktor vəzifəsində işləyənTelman Hacıyevin məsləhəti ilə o zaman komitənin sədri olan Teymur Elçinin qəbuluna getdim. Onunla söhbətimizdə öz etirazımı bildirdim. O mənə kəskin cavab verdi: "Yəqin musiqi zəifdir"-dedi. Onun bu cavabı məni çox məyus etdi. Bunu o dəqiqə hiss edən Teymur müəllim yumşaldı gülümsəyərək dedi: "Mən maraqlanaram, niyə sənin mahnını qəbul etməyiblər". Sonra siyirmədən çıxarıb uşaqlar üçün yazdığı şeir kitabını mənə verdi. Kitabı alıb minnətdarlığımı bildirdim. Sonra dedim: "Teymur müəllim, yəqin bu şeirlərə başqa bəstəkarlar mahnılar yazıblar. Mən istərdim, siz mənə təzə şeirlərinizi verəsiniz". O, bu sözlərimə cavab olaraq məni evinə dəvət elədi.

 

Bazar günü idi.  Onun həyat yoldaşı Leyla xanım qapını açdı söylədi ki, Teymur müəllim gözləyir. Teymur müəllim məni çaya qonaq edib öz balaları ilə tanış etdi.

 

Mən ona ilk öncə "Lay-lay" mahnısını çaldım.Bu "Lay-lay" la mənim üç övladım böyüyüb. Teymur müəllim bir neçə dəfə qulaq asdıqdan sonra, demək olar ki, bir saat ərzində mənim "Lay-lay"ımın"  sözləri hazır oldu. Teymur müəllimin uşaqları həvəslə bu mahnını ilk ifaçıları oldular.

 

            Lay-lay

 

Lay-lay mənim kukla balam

A lay-lay

Lay-lay dedim yuxla balam

A lay-lay

Məstan yatdı tez yat lay-lay

A lay-lay

Yer saldım rahat lay-lay

A lay-lay

Lay-lay dedim,sən baxmadın sözümə

Lay-lay dedim yuxu gəldi gözümə.

Gərək mən yatam lay-lay,

A lay-lay

Desin atam,anam lay-lay

A lay-lay

 

Hazır olan mahnını bəyənən Teymur müəllim dedi ki, bu mahnı dillər əzbəri olacaq. Bu mahnı Əvsər Cavanşirovun uşaq xoru, solist Zabitə Məmmədovanın ifasında təqdim olundu.

 

Sonralar  Teymur Elçinlə birlikdə silsilə mahnılar  işləyib yazdıq. "Mən kiməm?" , "Tütəyim" , "Qızıl gülüm" , "Can nənə" s. mahnılarımız  bu günə gədər sevilə-sevilə oxunur. Demək istərdim ki, Teymur Elçinin mənim yaradıcılığımda müstəsna,mühüm rolu olub.

 

Maraqlı bir xatirə yadıma düşdü.

 

Qəmbər Hüseynli başda olmaqla bir neçə bəstəkar Neft Daşlarına, neftçilərlə görüşə getmişdik. Konsertdə opera solisti Rəhilə Həsənova Qəmbər Hüseynlinin romanslarını oxuyurdu. Mənim Teymur Elçinin sözlərinə yazdığım "Sərçə" mahnımı balaca Zabitə oxuyurdu. Mahnı neftçilərin o qədər xoşlarına  gəldi ki, onlar bu mahnının ikinci dəfə ifa olunmağını xahiş etdilər. Konsertdən sonra bizə süfrə açıldı. Qəmbər müəllim zarafatla dedi: "Sənin sərçən mənim cücələrimi hop eləyib udacaq!" O zaman "Cücələrim" çox məşhur idi. Mən gülüb dedim ki, əzizim, sizin cücələri nəinki mənim sərçəm, heç qartal da uda bilməz.

 

Teymur Elçinin  sözlərinə yazdığım "Sərçə" mahnısı uzun illər Mərkəzi Moskva radiosunda səsləndi.                                                                               

 

Bir gün Teymur müəllimdən  xahiş elədim ki, mənim "Çal baraban" musiqimə sözlər yazsın. Bu ərəfədə onun yaradıcılıqla məşğul olmağa vaxtı yox idi. Ona görə məni evinə gecə saat 2-də dəvət etdi. Leyla xanım qapını açıb dedi: "Oqtay, çox sağ ol ki, onu yaradıcılıqdan ayrı qalmağa qoymursan".

 

Biz Teymur müəllimlə işə başladıq. Hamı yatmışdı. Səs-küy olmasın deyə,  piano arxasında yox, masanın üstündə çırtma çala-çala mahnını yazdıq. Bu əsəri simfonik orkestrin müşayiəti ilə uşaq xoru ifa etdi.

 

Biz birlikdə uşaq mahnıları ilə yanaşı gənclər üçün bir sıra mahnılar yazmışıq. Məşhur xanəndə Nərminə Məmmədova üçün "Küləklər" mahnısı, Müslüm Maqomayev üçün "İnstitut illəri", Flora Kərimova üçün "Niyə küsdün" mahnıları yazıldı. "Gözəl Bakı" mahnısı Rəşid Behbudov üçün yazılmışdı, amma təəssüflər olsun ki, qismət olmadı. Bu mahnının ilk ifaçısı Mirzə Babayev, sonralar isə İdris Mehdiyev, Azər Zeynalov başqaları oldu.

 

Gözəl Bakı.

 

Bir tərəfdə Abşeronun təpələri,

Bir tərəfdən göy Xəzərin ləpələri,

Yaşıl bağlar qucağında körpələri,

Sən gözəl bəxtiyarsan bizim Bakı!

 

Biz  mahnılarla yanaşı böyük həcmli əsərlər işlədik. Simfonik orkestr xor üçün "Hazır ol!" kantatasını ,"Pişik sərçə" radio operası yaratdıq.

 

Teymur Elçin haqqında bu qısa xatirəmdə son olaraq demək istərdim ki, o, böyük sənətkar,  gözəl ailə başçısı, əsl dost çox xeyirxah insan idi.

 

 

Oqtay ZÜLFÜQAROV

Xalq artisti

525-ci qəzet.- 2014.- 3 aprel.- S.7.