O da Məcnununu elə Leylitək sevir...

 

yaxud "Yağışlı bir gün"də oxuduqlarım...

 

Filologiya elm

ləri doktoru,  Bakı Dövlət

Universitetinin professoru,

 Milli Məclisin deputatı

 

Əslində "sevda" sözü hərfi tərcümədə qara qızdırma mənasını verir. Qədim zamanlarda, hələ hər şeyin rəqabət dünyamızda olduğu kimi, pulla alınıb-satılmadığı bir dövrdə sevgilisinə qovuşa bilməyən aşiqlər yatağa düşüb qızdırma-titrətmə tutduqlarına görə onlara "sevdalı" deyiblər. Və dava-dərmandan da imtina edib, dərd çəkməyi özlərinə dəva bilən bu cür aşiqlərin bir təsəllisi də, göz yaşlarını kipriklərə düzən kimi, ürək qəmlərini ölçülü-biçili misralara düzərək öz "mən"lərini tapmaları və beləcə bir azacıq da olsa yüngülləşmələri olub.

 

Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,

Qılma dərman kim, həlakim

zəhri-dərmanındadır.

 

Klassik ədəbiyyatda sevdalılara "dəli" də deyiblər və bunun şah örnəyi - Məcnundur. Ancaq Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, təbiət hadisələrində, coğrafi nöqtələrdə də bir sevda, bir məcnunluq görüb, onları dəli adlandırıblar. Azərbaycandan başqa hansı xalq küləyə "dəli külək" deyir? Azərbaycandan başqa hansı xalq çaya "Dəli Kür" deyir? Azərbaycandan başqa hansı xalq dağa "Dəli Dağ" deyir? Və bu dağda, bu çayın qırağında, bu küləyin altında "yerdən ayağını quş kimi üzüb, yay kimi dartınıb, ox kimi süzüb" belədən-belə vaz atan ceyrana da "dəli ceyran"? Axı "dəli" sözündə həm də bir igidlik, mərdlik, bahadırlıq mənası var. Elə Koroğlunun "dəli"ləri kimi. Bəs Dəlidağın geniş sinəsində başqa bir dəli - Dəli Alı məskən salmamışdımı?

 

Söz sözü çəkdi, mətləbdən uzaq düşdük. Mətləb isə, Cavidin, necə deyərlər, "parta yoldaşım", millət vəkili Cavid Qurbanovun bir neçə ay öncə işıq üzü görmüş "Yağışlı bir gün" kitabı haqqında duyğu və düşüncələrimi bölüşmək, Cavidin həm qəminin, həm sevincinin poetik əksini tapdığı bu kitabla bağlı ürəyimdən qopan fikirləri kağıza köçürmək idi. Hansısa müdrik deyib ki, "Qəmi bölüşəndə azalır, sevinci bölüşəndə isə artır..." Mən də peşəkar ədəbiyyatşünasdan daha çox, bir deputat həmkarı kimi Cavid Qurbanovun qəmini azaltmaq, sevincini artırmaq istədim... Axı insan bu dünyaya sevinc üçün gəlir və sevinc insanın təbii haqqı - hüququdur.

 

 

Ancaq bu da var ki, həyatda sevinc missioneri - xeyir olduğu kimi, qəm daşıyıcısı olan şər də var və hər bir Tanrı qulu nə vaxtsa bu şərin caynağındakı qəm şərbətini dadmalıdır. Necə ki, böyük İran şairi Sədi Şirazi deyirdi:

 

 

Dər in donya kəsi biğəm nəbaşəd,

Əgər başəd, bəni-adəm nəbaşəd.

(Bu dünyada kimsə biqəm deyildir,

Əgər olsa, bəni-adəm deyildir.)

 

"Bəni-Adəm", yəni Adəm oğlu, Tanrının bir qadağasını pozduğuna görə cənnətdən qovulmuş, əbədi rahatlığı əbədi narahatlığa dəyişmiş Adəmlə Həvvanın çoxmilyardlı törəmələri. XVII yüzilliyin böyük ingilis şairi Con Milton da "İtirilmiş cənnət" əsərini yazarkən insanlığı cənnətdən cüda edən şər qüvvəyə - İblisə nifrətini izhar etmişdi. Dahi Azərbaycan mütəfəkkir şairi və dramaturqu Hüseyn Cavid isə dünya ədəbiyyatındakı demonizm motivinin möhürünü belə vurmuşdu:

 

İblis nədir? Cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir? - İblis!

 

Böyük Hüseyn Cavidin ədəbi xələfi, Cavid Qurbanov da İblis xəyanətindən əzab çəkən, Tanrı lütfündən rahatlıq və sevinc tapan, bütün bunları poetik ilhamının gücü ilə kağıza köçürən, "itirilmiş cənnətin" - doğma yurd Kəlbəcərin nisgilini ürəyində daşıyan bir insan oğludur. Günün az qala iyirmi dörd saatını insanlar arasında keçirməsinə, onların dərd-sərinin qayğısına qalmasına baxmayaraq, bəzən yalqız olan, bəzən də yalqızlıqda özünü insanlar arasında görən, sevdiklərinin xəyalı ilə təsəlli tapan bir insan oğlu. Ancaq nə yaxşı ki, bu yalqızlıq bir melanxoliya, insandan qaçmaq fəlsəfəsi deyil; bəlkə də insanlara daha çox yaxınlaşmaq üçün bir azca da olsa nəfəsini dərmək, bir soluq alıb, yeni bir enerji ilə soydaşlarının, vətəninin harayına çatmaq fəlsəfəsidir.

 

Bu dünyanı görə-görə gəlmişəm,

Düşünürəm olmamışam gərəksiz.

Güvənərək mən rəbbimin rəhminə

Bir kimsəni qoymamışam çörəksiz.

 

Bu dünyanı görə-görə gəlmişəm,

Sözdə ruh var, ruhda gücüm yaşayır.

Yaşadıqca bircə bunu bilmişəm-

İnsan oğlu insan üçün yaşayır.

 

Cavid yazır. Özünü yazır, qarşısındakı kağızlara həyatını, yaşamını, qəlbini, beynini köçürür. Həyəcanlarını, üzüntülərini, kədərini, sevincini yazır. Bu kağızlara əlində tutduğu qələmlə öz hekayəsini yazır. Necə varsa eləcə də yazır. Nə azaltmır, nə də artırmır yaşadıqlarını, olanları, bitənləri. Bu yazılarda o, olduğu kimidir.  Həssas, kövrək, sadə,  dinləməyi bacaran, köməyə çatan, sevindirməyə tələsən, dost dediklərinə sonuna  qədər dost olan, sevdiklərinə, torpağına  bir sədaqət andı içən Kişi.    

 

 

Mənim gözəl vətənim,

Canım sənə bağlıdır.

Uğurlarım, şöhrətim,

Şanım sənə bağlıdır.

 

Çiçəyim, xəzəlimsən,

Göyçəyim, gözəlimsən.

Əvvəlim, əzəlimsən,

Sonum sənə bağlıdır.

 

Vətən sevdasının dəli-divanə etdiyi, Məcnuna çevirdiyi bir şair, nə yaxşı ki, sağlam təfəkkürünü, dəmir məntiqini itirmir, dünyada hər bir zülmün qarşısında bir ədalətin durduğunu və bu ədalətin tez-gec qələbə çalacağını yaxşı bilir, oxucuları da bu inama yoluxdurmağı bacarır.

 

Dağlar məni qucaqladı -

Mən dağların balasıyam,

İzn versə bir daş olub

Ətəyində qalasıyam.

 

Xəyal getdi uzaqlara,

Allı-güllü yaylaqlara.

Bir gün bizim o dağlara

Mən yolumu salasıyam!

 

Dağlar  kimi güclü görünüb, dağlar qədər vüqarlı dayansa da, anasından nağıl istəyəcək qədər kövrəkdir, uşaq kimi safdır onun qəhrəmanı.

 

Bir layla de, ay ana,

Körpəliyə dönüm mən.

Laylalara bürünüb

Şirin-şirin dinim mən.

 

Bir nağıl danış, ana,

O nağılda olmasın

Fitnə, fəsad, nə də qəm,

Nağılda qurtarmasın

Heç kəsin sevgisi kəm.

 

Bəzən fəza yalqızlığına düşən şairin harayına da vətən çatır, doğma təbiət, dağ, dəniz, düz çatır. O dənizlə, dəniz də onunla söhbətləşir, dərdləşir, bir-birinə qulaq yoldaşı, qəm sirdaşı, yaradılış qardaşı olurlar, o dənizi, dəniz də onu darıxmağa, qüssələnməyə qoymur:

 

Dənizin kənarında

Dolaşıram yalqız mən.

Burda bir kimsə yoxdur,

Yalnız mənəm, yalnız mən.

 

Qoyma məni darıxım,

Dənizin pıçıltısı,

Qopar məni xəyaldan,

Dalğanın xışıltısı.

 

Kim deyir ki, dəniz canlı deyil? Məgər canlının başlıca əlaməti hərəkət deyilmi və məgər dəniz də əbədi bir hərəkətdə, coşub-daşan bir yeniləşmədə deyilmi?

Bəli, dəniz canlıdır, həm də şüurlu, dərdə düşənlərin, yalqız qalanların hayına çatan, başqalarının qəm yükünü bölüşən bir canlıdır. 20-ci əsrin böyük Türk şairi Orxan Vəlinin "dəniznamə"lərində olduğu kimi! Dənizə dönmək istəyən Nazim Hikmətin şeiriyyətində olduğu kimi...

 

Cavidin "Dünya qəmli nağıl imiş" adlı əvvəlki kitabı haqqında yazımda onun şeirlərində soykökə bağlılıqdan, şüuraltı düşüncədən irəli gələn genetik bir obrazlılığın olduğunu qeyd etmişdim. Bu fikrimizdə yenə də möhkəm dayanırıq. Cavid genetik obrazlılığa sadiq qalmaqla bərabər, öz lirik qəhrəmanlarını oxucusuna poeziya üçün yeni olan çalarlarla və bu günə qədər işlənməmiş tərəfləriylə təqdim etməyi bacarır. Qarşımdakı kitabdan seçdiyim bir lirik obraz - göz obrazının timsalında olduğu kimi.

İstər klassik,  istər çağdaş poeziyada "göz" obrazı zaman-zaman  eninə-boyuna o qədər vəsf edilib ki, sanki burada artıq bütün poetik imkanlar tükənib. Ancaq əslində belə deyil. Otuz iki hərfin ifadə etdiyi on minlərlə sözün məna rəngarəngliliyi  o qədər  çoxdur ki, hər hansı poetik obraz, o cümlədən göz obrazı haqqında bundan sonra da saysız-hesabsız  söz demək imkanı sürüb gedəcək.

 

"Göz dəymək" ifadəsi indiyə qədər daha çox mənfi səciyyə daşıyıb, müxtəlif ədəbi nümunələrdə bir az istehzalı, bir az tənqidi mahiyyətdə işlənib. Cavid isə bu ifadəyə tam orijinal biçimdə müraciət edərək, "Baxışımız danışsın, gözüm gözünə dəysin", deyir.  Poetikdir, deyilmi?! Yaxud aşağıda nümunə gətirdiyimiz bənddə olduğu kimi, göz obrazına yeni bir münasibət, bu günə qədər rastlamadığımız yeni bir yanaşma tərzi diqqət çəkir:

 

Sən getdin, qalmadı dəyanət, dözüm,

Bağlanmış düyünə yoxuymuş çözüm.

İndi gözlərinə baxmayır gözüm,

Sənsiz gözlərim də gözümdən düşüb.

 

Sevgiyə xidmət etməyən hər şey aşiqin gözündən düşə bilər, bu təbiidir;  ancaq onun özünün gözlərinin də sevgilinin gözünə baxmadığı üçün gözdən düşməsi yenidir, təravətli və xoşagələndir, oxucuda estetik zövq yaradır.

Bu, hər şeydən öncə, Cavidin lirik qəhrəmanının vəfalı, sədaqətli bir aşiq olması ilə bağlıdır. İtalyan renessansının böyük nümayəndələrindən olan Petrarka, gənc yaşlarında itirdiyi sevgilisi Laura üçün hər gün bir sevgi nəğməsi, mərsiyə yazarmış. Cavidin poetik Məcnunu da əbədi ayrılıq okeanında gedər-gəlməz səfərə çıxmış yarına nəğmə oxumaqdan usanmır. Hətta onu təklikdən, yalqızlıqdan xilas edən, ömrünə, həyatına yeni rəng qatan, isti nəfəsi ilə yalqızlıq buzunu əridən, ona yaşamaq, yaratmaq şövqü verən Leylasının tapılması da, vəfalı aşiqi ilk sevginin borcunu poetik sözlə ödəməkdən vaz keçirə bilmir. Yəqin ki, bu borc ümumiyyətlə ödənən deyil... Ana qarşısındakı  borc kimi, Vətən qarşısındakı borc kimi, millət qarşısındakı borc kimi!

Saçlarım bəmbəyazdır,

 

Elə bil ki, qar yağıb.

Bu gün sənin ad günün

Mən yaman qocalmışam.

Sənsə həminki kimi-

Saçın heç ağarmayıb.

Ayrı dövran içində,

Zaman kəsiyindəyik.

Cismən ayrı olsaq da,

Ruhən biz bir yerdəyik.

 

Ancaq həyat davam edir  insanı da yaşamağa, dünyanın gözəlliklərindən zövq almağa, təbii haqqı olan sevincin dadını çıxarmağa, bir az da xoşbəxt olmağa  səsləyir. Və bu sadə həqiqəti anladıqca düşündüklərini, anladıqlarını, bu düşüncədən, anlayışdan doğan heyrəti  başqaları ilə, daha çox da sənə doğma və yaxın olan insanlarla bölüşməyə, onlardan təsəlli almağa tələsirsən. Axı insanı  özünə  doğma və  yaxın bildiklərindən, qəlbinə sirdaş, həyatına  həmdəm seçdiklərindən  daha yaxşı kim anlaya bilər ki?!

 

Ümman kimi çağlar könül,

Sənsiz vərəm bağlar könül.

Leyli deyib ağlar könül-

Göz yaşımı silərsənmi?

Səni necə sevdiyimi

Bilirsənmi? Bilərsənmi?

 

Bilir, qardaşım, əlbəttə bilir. Və əminəm ki, o da Məcnununu elə Leylitək sevir... 

Sözardı: Əvvəlki yazımda yazmışdım. Cavid o qədər təvazökardır ki, yazdığı  şeirləri   uzun illər hamıdan gizlədib. Sonra nə yaxşı ki, yaxşı dostları bu şeirləri onun belə demək mümkünsə, əlindən alıb ilk "Dünya qəmli  nağıl imiş" kitabını çap etdilər. Yuxarıda da qeyd etdiyim kimi yenə həmin yaxşı dostlar bir neçə ay əvvəl onun ikinci kitabını "Yağışlı bir gün"ü araya-ərsəyə gətiriblər. Hətta "Ömür pillə pillədir" adlı üçüncü kitabı da yenə  yaxşı dostlarının sayəsində artıq bu günlərdə işıq üzü görüb. Sağ olsunlar. Bilirəm ki, özünə qalsa, o  şeirlərini heç vaxt çap etdirməyəcəkdi. Elə indinin özündə də bu üç kitabın heç birini nə geniş oxucuya çatdırmaq, nə də bu kitablarda döyünən ürəyinin çırpıntılarını, düşünən beyninin təlatümlərini, keçdiyi yolun keşməkeşlərini sərgiləmək əzmindədir Cavid. Bunu istəyən bizik. Ona görə də "deyilən söz yadigardır" missiyasıyla yola çıxaraq əziz qardaşımızın kitabından seçdiyimiz bir neçə şeiriylə oxucularını baş-başa buraxırıq. 

 

 

Jalə Əliyeva

 525-ci qəzet.- 2014.- 4 aprel.- S.7.