ANA, MƏNƏ LAYLA DE

 

Bir layla de, ay ana,

Körpəliyə dönüm mən.

Laylalara bürünüb

Şirin-şirin dinim mən.

 

Heç bilməzdim qüssə, qəm,

Dərd olub mənə həmdəm,

Bir layla de, ay ana,

Körpəliyə dönüm mən.

Al məni dərd əlindən.

Qoy eşidim dilindən-

Bir nağıl danış, ana,

O nağılda olmasın

 

Fitnə, fəsad, qəm,

Nağılda qurtarmasın

Heç kəsin sevgisi kəm.

Bir nağıl danış, ana,

Körpəliyə dönüm mən.

Qəlbimə saflıq çöksün

Şirin-şəkər dilindən.

 

Ana, bir mahnı söylə,

Musiqiyə qarışıb,

Sevgiyə çevrilim mən.

Söylə, başına dönüm,

Qoy eşidim nağılı,

Qoy eşidim laylanı,

Qoy eşidim mahnını.

 

VƏTƏN, TORPAQ DEYƏ-DEYƏ

 

Xəyalında yurd yerinin

Göylərində süzürsənmi?

Fikir-dərya, dərd-ümmandır,

Bu ümmanda üzürsənmi?

 

Heç boğurmu səni qəhər,

Qarış-quruş düşüncələr?

Gecə-gündüz, axşam-səhər

Bu həsrətə dözürsənmi?

 

Çevrilərək ah-naləyə,

Od tutaraq yerdən göyə,

Vətən, torpaq deyə-deyə

Yanağa yaş düzürsənmi?...

 

AĞILLILAR, DƏLİLƏR

 

Ağıllılar içində

Dəli olmaq çətin

Ölülərin içində

Diri olmaq çətin.

 

Dəlilər hər cürədir -

Hərə bir cür dəlidir.

Biri ağlamalıdır,

O biri gülməlidir.

Dəlilərin içində

Ağıllı olmaq çətin.

Düşündükcə adamın

Yoxa çıxır yuxusu.

Ağıllı olanların

Dəli imiş çoxusu.

 

DAĞ BOYDA DƏRD

 

vaxtdır gözümə dəymir zirvələr,

Vətənin içində vətənsizəm mən.

Bir vaxtlar oylağım oldu çəmənlər,

İndi daş-torpaqda çəmənsizəm mən.

Vətənin içində vətənsizəm mən!

 

Dağlardan da uca vardı dağlarım,

Uca zirvələri qarlı dağlarım.

Bəd nəzər qəsdinə durdu dağların,

Dağ boyda bu dərdə gərək dözəm mən,

Vətənin içində vətənsizəm mən.

 

NƏ DƏYİŞİB

 

Gündüzləri yer üstündə gəzənlər,

Yadınızdan qoy çıxmasın gecələr.

Sanmayın ki, əbədisiz dünyada,

Aldatmasın sizi yalan vədələr.

 

Bəzisinin gözlərini var tutub,

Bəzisinin yollarını qar tutub.

Tumurcuqdur, elə bilir bar tutub,

dəyişib insanların içində?

 

Böyük görür, necə məsum quzudur,

Kiçik görür, öz-özündən razıdır.

Daha bilmir, ömür, taleh yazıdır,

dəyişib insanların içində?

 

Uca tanrım, mənə taqət, səbir ver

Səcdə üçün mənə imkan, şükür ver.

Bu tufandan qorunmağa çətir ver,

dəyişib insanların içində?

 

GÜNAH

 

Sevmək günah idi, sevməmək günah

Bilmək günah işdi, bilməmək günah.

Demək günah işdi, deməmək günah,

Günahsız yaşamaq heç olmur, Allah.

 

Dinmək günah olur, dinməmək günah,

Bilənin qədrini bilməmək günah.

Ağlayan gözümü silməmək günah,

Günahsız yaşamaq heç olmur, Allah.

 

BİLİRSƏNMİ

 

Bu dünyada tək qalarkən,

Payız vaxtı

Bircə zərrə işıq üçün yalvararkən

Sən gecəmə gündüz oldun,

Bilirsənmi?

 

Bəxtin üzü dönmüş idi,

Sevən ürək sönmüş idi,

Buz qəlbimin qar qatını

Yaz gülü tək dəlib çıxdın,

Xəzan vurmuş bu ömrümə

Bahar kimi gəlib çıxdın -

Bilirsənmi?

 

Əksi məndə son baharın,

Qəfil əsən ruzigarın.

Saçlarıma yağan qarın

Səbəbini söylə, gülüm,

Bilirsənmi?

 

Ümman kimi çağlar könül,

Sənsiz vərəm bağlar könül.

Leyli deyib ağlar könül-

Göz yaşımı silərsənmi?

Səni necə sevdiyimi

Bilirsənmi? Bilərsənmi?

 

SƏN MƏNDƏ YAŞAYIRSAN

 

Saçlarım bəmbəyazdır,

Elə bil ki, qar yağıb.

Bu gün sənin ad günündür

Mən yaman qocalmışam.

Sənsə həminki kimi-

Saçın heç ağarmayıb.

Ayrı dövran içində,

Zaman kəsiyindəyik.

Cismən ayrı olsaq da,

Ruhən biz bir yerdəyik.

Düşünürəm, ay gülüm,

Dərd məni qocaltsa da,

Sənə olan məhəbbət,

Sevgim heç qocalmayıb.

Yenə ad günündür,

Yerin yaman görünür.

Yenə həminki kimi,

Yenə çiçək içində,

Yenə gül içindəsən.

Daha bir ad günündür.

 

Şəklin yenə əvvəlki,

Gözündən qəm bilinir.

Fələk ayırdı bizi,

Fəqət ali sevgimi

Məndən ala bilmədi.

Gündüzlər xəyalımda,

Gecələr yuxumdasan.

Sən məndə yaşayırsan,

Sən mənim ruhumdasan.

 

YAĞIŞLI BİR GÜN

 

Ağacların yarpağından

Külək damcılar qoparır.

Elə bil ki, yağan yağış

Mənim könlümü suvarır.

 

Ruhum dağda, özüm burda,

Bu şəhərin dağları yox.

Külək gəzən, külək qovan

Toz-torpağı, bağları çox.

 

Gözlərimdən damla düşdü -

Ürəyim çox dərdlə dolu.

Axar, axar, sellənər o

Gözümdən qəlbimə doğru.    

 

CAVİD

525-ci qəzet.- 2014.- 4 aprel.- S.7.