"Azərbaycanda hüquqi
dövləti və vətəndaş cəmiyyətini
möhkəmləndirən uğurlu siyasət
həyata keçirilir"
Azərbaycan dövləti özünün
inkişaf strategiyasında
hüquqi dövlət
quruculuğuna xüsusi
önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə
atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının
göstəricisidir. "Hüquqi İslahatlara Yardım Mərkəzi"
İctimai Birliyinin sədri, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevlə söhbətimizi
məhkəmə hüquq
islahatları və mediasiyanın inkişaf perspektivləri üzərində
qurduq.
- Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı
dünya hüquq məkanına inteqrasiyadan,
mütərəqqi və
çevik hüquqi mexanizmlərin yaradılması
və tətbiqindən
bilavasitə asılıdır.
Müstəqillik illərində ölkəmizin
hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul
edilməsi ilə mütərəqqi məhkəmə-hüquq
islahatlarının əsası
qoyuldu. Ardıcıl
şəkildə həyata
keçirilən islahatlar
başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının
etibarlı qorunmasına,
ədalət mühakiməsinin
təmin edilməsinə
və təkmilləşdirilməsinə
yönəlib. Eyni zamanda, istər dünya təcrübəsində
tətbiq edilən hüquqi novasiyalar, istərsə
də, cəmiyyətimizin
dinamik inkişafı və ölkə həyatındakı
mühüm yeniliklər
hüquq sistemində də əsaslı dəyişikliklər və
yeniləşmələrin həyata keçirilməsini
tələb edir.
Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər
əldə edən, miqyaslı məhkəmə-hüquq
islahatlarını həyata
keçirən, vətəndaş
cəmiyyətinin tələblərinə
cavab verən hüquqi təsisatları
formalaşdırıb. Demokratik-hüquqi dövlətin əsaslarının
yaradılması və
vətəndaş cəmiyyətinin
qurulması prioritet məsələ kimi bəyan edilib. Milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır.
Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi:
"Ölkəmizdə qəbul
edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə
iştirakı ilə
hazırlanır. Hüquq islahatları
nəticəsində hər
bir insan şəxsiyyət azadlığı
və toxunulmazlığına,
barəsində qaldırılan
işin müstəqil
və qərəzsiz məhkəmə tərəfindən
ədalətlə və
açıq şəkildə
araşdırılmasına, hüquq müdafiəsinə
təminat alıb".
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq
islahatlarının mahiyyətini
vətəndaşların qanuni
maraq və mənafeyinin ədalət
mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi
təşkil edir. Dövlət
başçısının qeyd etdiyi kimi: "Son illər
ərzində Azərbaycanda
məhkəmə-hüquq sistemində
aparılan köklü
islahatlar öz bəhrəsini verir. Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün
çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından,
demokratiyanın inkişafından
asılıdır. Azərbaycan dünya
birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və
zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq
sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır".
- Dünya birliyinə inteqrasiya baxımından hüquqi islahatlar nə dərəcədə
rol oynayır?
- Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü
olmaq dövlətlərarası
əməkdaşlığın inkişafının əsas
vasitəsi olmaqla, həm də milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilib. Respublikamızda pakta sunt servanda (müqavilələr
icra olunmalıdır)
prinsipinə müvafiq
olaraq beynəlxalq öhdəliklərin yerinə
yetirilməsi prosesi vacib hesab edilir.
Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən
tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin
təkmilləşdirilməsi, məhkəmə sisteminin
müasirləşdirilməsinə xidmət edir. Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunun üzv ölkələrdə
də geniş yayılması mühüm
yeniliklərdən biri
kimi məhz bu baxımdan aktuallıq kəsb edir. Müasir şəraitdə mübahisələrin
səmərəli həlli
məqsədilə üçüncü
tərəfin müdaxiləsi
zərurətə çevrilib.
Hazırda hüquqi, siyasi-diplomatik
vasitə kimi mediasiya münaqişələrin
uğurlu həlli yolu hesab edilir
və qabaqcıl ölkələrdə mediasiya
institutunun inkişafına
geniş şərait
yaradılır.
Hələ 1899 və 1907-ci illərdə
qəbul edilən Haaqa Bəyannaməsində,
sonra isə BMT Nizamnaməsinin 33-cü maddəsində
vasitəçilik mübahisələrin
alternativ həlli metodu kimi qəbul
edildi. XX əsrin
90-cı illərində dünyada
soyuq müharibənin
sona çatması, beynəlxalq, yaxud dövlətlərarası münaqişə
və mübahisələrin
tənzimlənməsində mediasiyanın geniş tətbiq edilməsinin əsas şərtlərindən
biri oldu. Mövcud ideoloji qarşıdurmanın sona
çatması nəticəsində
BMT-nin vasitəçilik
cəhdləri genişləndi
və regional təşkilatların müvafiq
imkanlarının möhkəmlənməsinə
şərait yarandı.
Mediasiya müasir dövrdə olduqca intensiv inkişaf edən sahədir və beynəlxalq birlik tərəfindən mübahisələrin həllinin
müasir dövrün
çağırışlarına cavab verən, insanların hüquqi dövlətdə birgəyaşayış
tələblərinə və
özünüreallaşdırmasına uyğun gələn, universal üsulu kimi qəbul edilir. Mediasiya mürəkkəb
tarixi təkamül yolu keçərək, qarşıdurma və mübahisələrin aradan
qaldırılmasının elə bir metodu
kimi formalaşdırıb
ki, tərəflərin
vəziyyətdən çıxış
yolunu axtarmasında özlərinin fəal və maraqlı olmalarını şərtləndirir,
buna nail olmaq üçün qüvvə
və nüfuzlarından
istifadə etməyə
sövq edir. Ən vacibi mübahisələrin
opponentin ziyanına və onun hesabına
həll edilməsi prosesi olmayıb, əksinə, tərəflərə
öz maraq və hüquqlarını
təmin etmək üçün bərabər imkanlar
verir.
Mediasiya praktikası Qərb ölkələrində geniş
yayılıb. Mediasiya mübahisədə olan tərəflərin arasında qarşlıqlı
konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara gəlmək yoludur. Mediasya mübahisələrin həlli prosedurunda üçüncü tərəfin-mediatorun
iştirakını nəzərdə
tutur və vasitəçiliyin özünəməxsus
bir formasıdır.
Mediasiyanın uğurla başa
çatacağı təqdirdə
nə qalib, nə də məğlub tərəf olmur. Mübahisədə olan bütün
tərəflər udur.
Mediator- mübahisə edən
tərəflərin məhkəməyə
müraciət etdikləri
halda vasitəçi şəxs kimi qəbul etdikləri və tərəfləri barışdıra biləcək
ümumi razılığın
əldə edilməsinə
nail ola bilən
fiziki şəxsə
deyilir. Mediator nə hökm verən hakim, nə də arbitr
deyl, mediator tərəflərin
konsensusa gəlməsinə
nail olan vasitəçidir.
- Mediasiya institutunun Azərbaycanda yaranması və tətbiqi zərurətini nə ilə əsaslandırmaq olar?
- Burada bir neçə
amili vurğulamaq yerinə düşər.
Qeyd edildiyi kimi, Avropa Şurasının və digər çoxsayı mötəbər
beynəlxalq təşkilatların
üzvü olan Azərbaycanda vahid hüquq məkanının
yaradılması, beynəlxalq
qanunvericiliyin unifikasıyası
mövcud mütərəqqi
hüquqi praktikaların
ölkəmizdə tətbiq
edilməsini gündəmə
gətirir.
Mediasiya tolerantlıq və konsensus institutu kimi adətən, dialoq və ünsiyyət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha intensiv inkişaf edir. Azərbaycan dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanınır. Azərbaycan tarixən elə cəmiyyət olub ki, burada ictimai rəy, ictimai qınaq, mübahisəli məsələlərin ağsaqqalların iştirakı ilə, məsləhətləşmələrlə həlli tarixən qədim köklərə malikdir. Buna görə də ölkədə mübahisələrin məhkəməyə qədərki həlli praktikasının fəal tətbiqi imkanları böyükdür. Belə ümumi qənaət mövcuddur ki, "Mediasiya bütün hüquqi cəmiyyətin gələcəyinin institutudur". Mediasiya institutu bu gün nəinki məhkəmə-hüquq sistemi, eləcə də bütövlükdə hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Cəmiyyətdə insanlar təşəbbüslərini öz üzərlərinə götürməli, dialoq və barış şəraitində yaşamağı öyrənməlidirlər. Azərbaycanda müasir dünyanın hüquqi praktikasında mövcud olan başlıca meyllərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da inkişaf etdirilməsinə, müstəqil məhkəmə sisteminə dayanan hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş siyasət uğurla həyata keçirilir. Müstəqillik illərində həyata keçirilən məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə, dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır.
Müstəqil Azərbaycanın vətəndaşları məhkəmə hüquq sisteminə öz tələbləri ilə daha çox müraciət etməyə başladılar və artıq 2000-ci ildən sonrakı dövrdə - buvaxtadək məhkəmə sisteminin olduqca yüklənməsi reallıqdır. Belə hallarda qanunçuluğun keyfiyyətinin təminatı məsələsi gündəmə gəlib. Bir məqamı vurğulamaq kifayətdir ki, son dövrlərədək Bakı şəhərinin rayonlarında hakimlərin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət və digər işlərin olması faktı hakimlərin nə qədər gərgin iş şəraitində işlədiyinin bariz göstəricisidir. Belə olan halda hər hakim bir gündə 10-larla işə baxmaqla insan taleyi baxımından həlledici qərarlar qəbul etməlidir. Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması bəzən səthi olur, vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının aparılmasına imkan vermir. Apelyasiya şikayətlərinin çoxluğu bir çox hallarda birinci instansiya məhkəmələrində işlərə ədalətli və obyektiv baxılmaması ilə bağlı olur. Bu isə müəyyən hallarda əsassız və qanunsuz məhkəmə aktlarının qəbuluna gətirib çıxarır.
(Ardı var)
AQİL
525-ci qəzet.- 2014.- 4 aprel.- S.6.