Akademik İsmayıl Hacıyev:
"Naxçıvan tarixinin öyrənilməsi ilə
bağlı vəzifələrimizi uğurla yerinə yetirməyə
çalışırıq"
Bir neçə ay bundan əvvəl Azərbaycan Milli
Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən
"Naxçıvan tarixi" çoxcildliyinin I cildi
işıq üzü gördü. Bu məqsədlə
AMEA Naxçıvan Bölməsinin sədri, akademik, millət
vəkili İsmayıl Hacıyevlə görüşüb
söhbətləşdik.
Akademiyanın Naxçıvanda Bölməsinin
yaradılmasında qarşıya qoyulmuş əsas məqsədlərdən
biri olan Naxçıvan tarixinin öyrənilməsi, yeni nəşrdə
bölgənin tarixinin əhatəli şəkildə tədqiqi
və araşdırılması zamanı əsas
götürülən prinsiplər, çoxcildliyin digər
cildləri və digər mövzularda suallarımızı
cavablandıran akademik İsmayıl Hacıyevlə müsahibəni
təqdim edirik.
- İsmayıl müəllim, əvvəlcə
"Naxçıvan tarixi" çoxcildliyinin I cildi kimi
mükəmməl bir nəşr üçün
bütün müəllifləri siz başda olmaqla təbrik
edirik. Sözün bütün mənalarında mükəmməl
tərtibat və çap keyfiyyəti ilə kitabın əlahiddə
məlumatlılığı, əhatəliliyi üst-üstə
düşür. Naxçıvan tarixinin
yeni dövrdə, müstəqillik illərində tam əhatəli
və heç bir ideoloji basqıya məruz qalmadan, sırf
millilik prizmasından yazılması akademik nəşrin dəyərini
birə min artırır.
Oxucular üçün də maraqlı
olacağını düşündüyümüzdən
bilmək istərdik, bu cür işə nə zamandan
başlanıldı?
- Xoş
sözlərinizə görə minnətdarlığımızı
bildiririk.
Bildiyiniz kimi Naxçıvan diyarı qədim tarixə,
çoxəsrlik dövlətçilik ənənələrinə
və dünya sivilizasiya mərkəzlərindən biri
olması ilə həmişə diqqəti cəlb etmişdir. Bu ərazi Gəmiqaya,
Əshabi-Kəhf kimi nadir tarixi abidələri, Paleolit
dövrünə aid Ovçular təpəsi və Qazma
mağarası kimi ilkin insan məskənləri, mağaralar,
qədim yaşayış yerləri və şəhərləri,
möhtəşəm qalaları, xatirə
memarlığının ən mükəmməl nümunələri
olan türbələri ilə zəngindir. Naxçıvan
ərazisi həm də Yaxın Şərqdə meydana
çıxan bir çox mədəniyyətlərin, o
cümlədən Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin
əsas mərkəzlərindən biridir. Dünyada
mədən üsulu ilə duz çıxarılan ən qədim
yer də Naxçıvandadır. Onun
tarixi təxminən 7 min ildən artıqdır. Naxçıvanda ilkin şəhər mədəniyyətinin
yaranmasının tarixi isə e.ə.III minilliyə gedib
çıxır. Son illərdə isə
Naxçıvan ərazisində 1200-dən artıq tarix və
mədəniyyət abidəsi qeydə alınmış və
pasportlaşdırılmışdır. Gətirilən
faktların sayını artırmaq da olar. Lakin bunlar da kifayət edər ki,
Naxçıvanın çox qədim diyar, mədəniyyət
mərkəzi olmasını söyləyə bilək.
Lakin təəssüflə qeyd etməliyik ki, belə
bir zəngin və qədim diyarın tarixi lazımi səviyyədə
öyrənilməmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi birinci dövrdə Azərbaycan tarixinin sistemli və əhatəli
öyrənilməsinə başlanılmış və xeyli
uğurlar əldə edilmişdi. Naxçıvan tarixi haqqında da
bir neçə əhəmiyyətli kitab və monoqrafiyalar
yazılmışdı. Lakin bunlar hələ
başlanğıc idi.
"Naxçıvan
tarixi"nin sistemli öyrənilməsinə
1996-cı ildən başlanılmışdır. Həmin ildə
Naxçıvanda ilk beynəlxalq simpozium - "Uluslararası
qaynaqlarda Naxçıvan" - keçirilmişdir. Bundan sonra Naxçıvan tarixinin öyrənilməsinə
həm diqqət artırılmış, həm də maraq
artmışdır. Ümummilli lider Heydər
Əliyevin 7 avqust 2002-ci ildə verdiyi Sərəncamla AMEA
Naxçıvan Bölməsinin yaradılması bu işə
əsaslı təsir göstərmişdir. Sonrakı
illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbovun sərəncamı ilə
"Naxçıvan: tarixi gerçəklik, müasir durum,
inkişaf perspektivləri", "Nuh peyğəmbər,
Dünya tufanı və Naxçıvan",
"Naxçıvan: ilk yaşayış və şəhərsalma
yeri kimi", "Naxçıvan: ilkin şəhər və
Duzdağ" və b. mövzularda beynəlxalq simpoziumlar
keçirilmiş, Naxçıvan tarixinin çox əhəmiyyətli
problemləri müzakirə obyektlərinə
çevrilmişdir. Nəticədə
Naxçıvanın tarixinə, arxeologiyasına,
etnoqrafiyasına, tarixi-coğrafiyasına, mədəniyyətinə
aid ensiklopediyalar, tarixi xəritələr, kitab və
monoqrafiyalar, elmi məqalələr yazılmış, bəhs
olunan məsələlərə aydınlıq gətirilmişdir.
Bütün bunlardan sonra "Naxçıvan
tarixi" ilə əlaqədar ümumiləşdirici əsərin
yazılmasına şərait yaranmışdır.
"Naxçıvan
tarixi" çoxcildliyinin hazırlanması və nəşr
olunması barədə Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 6 avqust 2012-ci il
tarixli Sərəncamı olmuşdur. Həmin sərəncamla
2012-2015-ci illərdə üç cilddən ibarət olaraq
"Naxçıvan tarixi" hazırlanıb nəşr
olunmalıdır. 2012-ci ilin qalan
dövründə plan-prospektin hazırlanması, müəlliflərin
seçilməsi ilə məşğul olmuş, 2013-cü
ilin əvvəlindən bu işə başlanılmış
və səkkiz ay ərzində I cildi tamamlayıb nəşriyyata
təqdim etmişik. "Əcəmi"
Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək
poliqrafik səviyyədə çoxcildliyin I cildi nəşr
olunmuşdur.
-
Ümummilli lider Heydər Əliyev AMEA Naxçıvan
Bölməsinin açılışında iştirak edərkən
çıxışında belə bir fikir səsləndirmişdi:
"Naxçıvan ulu tarixi keçmişi olan, qədim azərbaycanlıların
yaşadığı bir ərazidir. Mən, bu
qədim tarixin bütünlüklə öyrəniləcəyinə
və əsl həqiqətin öz yerini tapacağına
tamamilə inanıram". Belə
düşünürük ki, bu cür fundamental nəşrin
ilk cildi ilə ulu öndərin arzusu bir növ Bölmə əməkdaşlarının
qarşısında tapşırıq kimi qoyduğu
mühüm bir sahənin - Naxçıvan tarixinin bir
bütün olaraq öyrənilməsi-yazılması
işinin ilk mərhələsi yerinə yetirilmişdir...
-
Naxçıvanda elmin inkişafında, eləcə də
Naxçıvan tarixinin tədqiqində AMEA Naxçıvan
Bölməsinin yaradılmasının müstəsna əhəmiyyəti
olmuşdur. Bölmənin yaradılması
haqqında Sərəncam verən və onun
yaradılmasında bilavasitə iştirak edən ümummilli
lider Naxçıvan tarixinin, onun abidələrinin öyrənilməsinə
xüsusi əhəmiyyət verirdi. Ulu öndər Milli
Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
yaradılnmasına həsr edilən 12 avqust 2002-ci il tarixli müşavirəsinə sədrlik
etmiş, giriş və yekun nitqində Bölmənin
qarşısında duran vəzifələrdən bəhs
etmiş, Naxçıvanın öyrənilməsi ilə
bağlı fikirlərini söyləmişdir: "Siz
bilirsiniz ki, avqust ayının 7-də mən Azərbaycan Milli
Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
yaradılması haqqında sərəncam imzalamışam. Bu sərəncamda da bu Bölmənin
qarşısında duran vəzifələr haqqında
qısa fikirlərimi bildirmişəm.
Mən
bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər
çox az öyrənilmiş qədim
tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının
yenidən dərindən araşdırılması və onlar
haqqında elmi əsərlərin, populyar kitabların, yaxud
başqa nəşrlərin hazırlanması məqsədi
daşıyıram. Eyni zamanda,
Naxçıvanın özünəməxsus təbiəti,
təbii sərvətləri, torpağı, təbii abidələri
də, təəssüf olsun ki, indiyə qədər
lazımi dərəcədə öyrənilməyib, bəlkə
də düz olardı deyim ki, heç öyrənilməyibdir.
Bunlara, mənim irəli sürdüyüm məsələlərin
öyrənilməsinə böyük ehtiyac var. Ona görə
ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi
olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə,
Azərbaycan anlayışında çox böyük yer
tutur".
Həmin müşavirədəki giriş nitqində ulu
öndər tariximizin öyrənilməsində
qarşıda ciddi vəzifələrin
dayandığını bildirmiş, qədim, çox zəngin
tariximizin araşdırılaraq həm öz xalqımıza,
həm də dünyaya çatdırılmasının
vacibliyini söyləmişdir.
Naxçıvan
tarixinin zəif öyrənilməsini ümummilli lider
xüsusi vurğulamış, bu sahəyə diqqətin
artırılmasının əhəmiyyətini
vurğulamışdır: "Naxçıvanın qədim,
zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir.
Əgər Azərbaycanın tarixi haqqında ümumiyyətlə,
bir çox işlər görülübsə,
Naxçıvanın tarixi haqqında, qədim tarixi
haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi
- həm təbiətinin, həm adət-ənənələrinin,
etnoqrafiyasının öyrənilməsi barədə
çox az iş
görülübdür... Bizim böyük məqsədimiz
Naxçıvanın tarixini bütün, hərtərəfli
öyrənmək, tədqiq etmək, onları həm elmi
kitablarda dərc etmək, həm populyar kitablarda dərc etmək,
həm də təbliğat materiallarında istifadə etməkdir...". Bir sözlə,
ümummilli lider Naxçıvan Bölməsinin,
Naxçıvan tarixinin qarşısında duran vəzifələri
uzun illər üçün müəyyənləşdirmişdir.
AMEA Naxçıvan Bölməsinin kollektivi, xüsusilə
tarixçi alimləri ulu öndərin müəyyənləşdirdiyi
vəzifələrin yerinə yetirilməsinə layiq
olmağa çalışmışlar. 2003-2013-cü illərdə
Bölmə əməkdaşlarının
Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti,
görkəmli şəxsiyyətləri, təbii
ehtiyatları, biomüxtəlifliyi ilə bağlı 121
monoqrafiyası, 152 kitabı, 6 minə yaxın məqalə və
tezisi nəşr edilmiş, 38 patent və müəllif şəhadətnaməsi
əldə edilmiş, 15-ə yaxın beynəlxalq və
respublika səviyyəli qrand layihələrində qalib gəlmişlər.
Bu dövrdə Bölmə əməkdaşlarının
yaxından iştirakı ilə "Naxçıvan
ensiklopediyası" (2 cilddə), "Naxçıvan abidələri
ensiklopediyası" (2 dildə), "Naxçıvan tarixi
atlası", "Naxçıvan folklor antologiyası"
(3 cilddə), "Naxçıvanın Qırmızı
kitabı" (2 cilddə), "Naxçıvanın teatr
salnaməsi", "Naxçıvanın təbii
ehtiyatları", "Naxçıvan əhalisinin etnogenezisi"
və b. əhəmiyyətli nəşrlər işıq
üzü görmüşdür.
Naxçıvan tarixinin öyrənilməsi ilə
bağlı ulu öndərin qarşımıza qoyduğu vəzifələri
də uğurla yerinə yetirməyə
çalışırıq. Naxçıvanın
tarixi ilə bağlı maraqlı elmi yeniliklər aşkar
edilmiş, xeyli sayda kitab və monoqrafiyalar
yazılmışdır. Bütün bunlar imkan
vermişdir ki, çoxcildlik "Naxçıvan tarixi"nin hazırlanmasına başlayaq.
- 452 səhifəlik
kitabla tanış olarkən yeddi fəsildən
ibarət olduğunu gördük. Bilmək istərdik
ki, çoxcildliyin I cildində Naxçıvan tarixinin
hansı dövrləri öz əksini tapıb? Fəsillər üzrə təsnif edə bilərsinizmi?
- "Ərazicə kiçik məzmunca
böyük" olan Naxçıvan diyarı dünyanın ən
qədim insan məskənlərindən və əsas
sivilizasiya mərkəzlərindən biri olmuşdur. Üç cilddən ibarət
olacaq "Naxçıvan tarixi"nin I
cildi ən qədim zamanlardan başlayaraq XVIII əsrin
40-cı illərinədək, yəni Xanlıqlar
dövrünədək olan böyük bir dövrü əhatə
edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr
əsasında Naxçıvan ərazisində ibtidai insan cəmiyyətinin
mərhələləri, mənəvi həyatı, ilkin
sinifli cəmiyyətin meydana gəlməsi,
Naxçıvanın müxtəlif dövlətlərin tərkibində
fəaliyyəti, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti,
əhalinin işğalçılara qarşı mübarizəsi,
etnik tərkibi və s. məsələlər geniş şərh
olunmuşdur. Kitabda həmçinin Naxçıvanın orta əsrlər
tarixinin müxtəlif mərhələləri tədqiq
edilmiş, sasanilərin, ərəblərin, səlcuqların,
Azərbaycan Atabəylər dövlətinin, monqolların, xarəzmşahların
hakimiyyətləri zamanı baş verən siyasi-ictimai,
iqtisadi-mənəvi dəyişikliklər şərh
edilmişdir. Azərbaycan Səfəvilər
dövlətinin fəaliyyəti dövründə
Naxçıvanın ictimai-iqtisadi, mədəni həyatı
tədqiqata cəlb olunmuşdur.
"Naxçıvan tarixi" Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin "Tarixi
olduğu kimi qəbul etmək və olduğu kimi qiymətləndirmək
lazımdır" məşhur fikri ilə başlanır. Kitabın əvvəlində
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun "Naxçıvan tarixi"
çoxcildliyinin hazırlanması və nəşr
olunması barədə"ki sərəncamı
verilmişdir.
Kitabın quruluşuna gəldikdə isə, o girişdən,
müəlliflər haqqında məlumatdan,
Naxçıvanın təbii-coğrafi şəraitinin
izahından, 7 fəsildən, istifadə edilmiş ədəbiyyatdan,
ümumi ədəbiyyatdan və əlavələrdən ibarətdir. Cildin birinci kitabında
aşağıdakı fəsillər yer alıb:
"Naxçıvan qədim dövrdə",
"Naxçıvan X-XIII əsrin I rübündə",
"Naxçıvan XIII-XV əsrlərdə",
"Naxçıvan Səfəvilər dövründə".
"Naxçıvan e.ə. IX-b.e. II əsrlərində",
"Naxçıvan əhalisinin etnogenezi tarixi",
"Naxçıvan erkən orta əsrlər dövründə".
Kitab qeyd olunan 7 fəsil və 54 yarımfəsildən
ibarətdir. Əlavələrdə isə
xəritələr, illüstrasiyalar, şəkillər və
epiqrafik nümunələr verilmişdir.
- Birinci
cildin müəllifləri haqqında da ətraflı məlumat
verməyinizi istərdik. Təbii ki, tədqiqatçı
axtarışları, zəhməti işin əsas hissəsini
təşkil edir...
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
yuxarıda adını çəkdiyimiz sərəncamı
ilə "Naxçıvan tarixi" çoxcildliyinin
hazırlanması Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi və
Naxçıvan Dövlət Universitetinə
tapşırılmışdır. Hər üç cildin
hazırlanmasına əsasən bu iki elm və təhsil müəssisələrinin
əməkdaşları cəlb olunmuşdur. Lakin
muxtar respublikada yaşayıb fəaliyyət göstərən
bir neçə tarixçi alim də bu işə dəvət
olunmuşdur. Bütövlükdə
"Naxçıvan tarixi" çoxcildliyinin
hazırlanmasında 26 müəllif iştirak edir ki, I cild 15
müəllif tərəfindən yazılmışdır.
Bu müəlliflər AMEA Naxçıvan
Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun,
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun və Naxçıvan Dövlət Universitetinin
əməkdaşlarıdır. On ildən
artıqdır ki, AMEA Naxçıvan Bölməsi fəaliyyət
göstərir və burada çalışan alimlərimiz
ciddi tədqiqat işləri aparırlar.
Kitabın I cildinin müəllifləri sırasında akademik İsa Həbibbəyli və İsmayıl Hacıyevin, akademiyanın müxbir üzvləri Qadir Qədirzadə və Vəli Baxşəliyevin, elmlər doktoru Fəxrəddin Səfərlinin, fəlsəfə doktorları Firudin Rzayev, Nazim Bababəyli, Yaşar Rəhimov, Elbrus İsayev, Asəf Orucov, Zeynəb Quliyeva, Sara Hacıyeva, Toğrul Xəlilov, İlhami Əliyevin adlarını qeyd edə bilərik. Onların tədqiqatçı axtarışları, işə məsuliyyətli münasibəti və zəhməti I cildin vaxtında və yüksək səviyyədə hazırlanmasına gətirib çıxarmışdır.
-
Artıq I cild nəşr olundu və ictimaiyyətin
ixtiyarına verildi. Hətta AMEA Naxçıvan
Bölməsində kitabın geniş təqdimat mərasimi
keçirildi. Nəşr haqqında
yüksək elmi fikirlər səslənildi. İsmayıl müəllim, "Naxçıvan
tarixi" çoxcildliyinin üç cilddən ibarət
olacağını nəzərə alıb bilmək istərdik,
növbəti iki cildin hazırlanması və nəşri nə
zamana nəzərdə tutulub. Ümumiyyətlə,
II və III cildlərdə Naxçıvanın hansı
tarixi dövrləri öz əksini tapacaq?
- "Naxçıvan tarixi" çoxcildliyi
üç ilə nəzərdə tutulub. Birinci cild -
2013-cü ildə, II cild - 2014-cü ildə, III cild isə
2015-ci ildə nəşr olunmalıdır. Biz kitabın plan-prospektini hazırlayarkən həm
onun vaxtını, həm də hər cilddə olacaq tarixi
dövrü və fəsilləri müəyyənləşdirmişik.
İkinci cild beş fəsil və əlavələrdən
ibarət olacaqdır.
İkinci cild XVIII əsrin ortalarından, yəni
Xanlıqlar dövründən başlayacaq və İkinci
dünya müharibəsinədək olan dövrü əhatə
edəcəkdir. Bu cilddə 47 yarımfəsil nəzərdə
tutulub. Üçüncü cild İkinci
Dünya müharibəsi dövründən başlayaraq
günümüzədək Naxçıvan tarixi 43 yarımfəsildə
öz əksini tapacaqdır.
- Sonda bir
daha bu nəşrin hazırlanmasında əməyi olan hər
kəsi təbrik edirik. Düşünürük ki,
"Naxçıvan tarixi"nin I cildi
ölkəmizin, muxtar respublikamızın müxtəlif
kitabxanalarına, elmi-tədqiqat mərkəzlərinə
göndəriləcək. Orta və ali məktəb
dərsliklərimizin yenidən hazırlanmasında
"Naxçıvan tarixi" kitabındakı materiallardan istifadə
ediləcək...
- Bizdə
çap olunan kitab və monoqrafiyaları, "Xəbərlər"
jurnalını ölkəmizin müxtəlif kitabxanalarına
göndəririk. "Naxçıvan tarixi"nin
I cildini və sonrakı cildlərini də həm muxtar
respublikanın, həm də respublikamızın
tanınmış kitabxanalarına göndərəcəyik. "Naxçıvan tarixi" çoxcildliyinin I
cildinin yazılmasında son tədqiqat materiallarından, Azərbaycanımızın
görkəmli alimlərinin əsərlərindən istifadə
edilmişdir. Elə bilirik ki, "Naxçıvan
tarixi" kitabında yer alan materiallardan həm
tədqiqat işlərində, həm də tədris prosesində
istifadə edilə bilər.
Elxan YURDOĞLU
Naxçıvan Mətbuat
Şurası idarə heyətinin üzvü
525-ci qəzet.-
2014.- 4 aprel.- S.5.