Azərbaycanı sevdirən gənc diplomat

 

Əslində indi haqqında danışacağım gənc qəhrəmanımı şəxsən tanımıram. Lakin Səudiyyə Ərəbistanında olarkən, xalqımızın yaxın dostu, Azərbaycan həqiqətlərini olduğu kimi təkcə öz ölkəsində deyil, beynəlxalq aləmdə də çatdıran dəyərli tacik həmkarım, rus və ingilis dillərində fəaliyyət göstərən "Avesta" İnformasiya Agentliyinin baş direktoru, rus dilində nəşr olunan "Biznes I Politika" qəzetinin baş redaktoru Çəmşid Ulmasovdan onun haqqında elə sözlər eşitdim ki. Açığını desəm, özümdə heyrətdə qaldım ki, Azərbaycanı belə ləyaqətlə təmsil edən gənclərimiz, gənc diplomatlarımız var. Tacik həmkarım Azərbaycanı öz vətəni kimi sevməsində, ölkəmiz haqqında belə gerçək məlumatlara malik olmasında məhz Azərbaycanın Tacikistandakı səfirliyinin əməkdaşı Seymur Abdullayevə minnətdar və borclu olduğunu bildirdi. Onu da əlavə etdiki, Seymur Abdullayev gecə, gündüz bilmədən çalışır. Təkcə onun rəhbərlik etdiyi media qurumları deyil, artıq Tacikistanın böyük əksəriyyət təşkil edən kütləvi informasiya vasitələri Azərbaycan haqqında yazdıqları bütün yazılarda, istər Azərbaycanın uğurlu   iqtisadi, siyasi inkşafından, istərsə də ermənilərin Azərbaycan torpaqlarının işğalından, 20 Yanvar faciəsindən, Xocalı soyqırımından yazılar hazırlayanda mütləq Seymura istinad edirlər. Belə demək mümkünsə, tacik jurnalistlərinin ən yaxın dostuna, qardaşına çevrilib Azərbaycanın gənc diplomatı. Onun vətənpərvərliyi, öz xalqını necə sevməsi və bizlərə də sevdirməsi hər kəs üçün örnəkdir...

 

Bir azərbaycanlı gənc diplomat - Seymur Abdullayev haqqında Səudiyyə Ərəbistanında tacik həmkarımdan bu sözləri eşitməkdən qürur hissi duydum. Hətta onunla telefonda danışanda da bu azərbaycanlı gəncin təvazökarlığının şahidi oldum. Dedi ki, mən sadəcə, azərbaycanlı olaraq öz borcumu yerinə yetirirəm... Düşündüm ki, kaş bütün azərbaycanlı gənclər Seymur kimi borclarını yerinə yetirəydilər, fəaliyyət göstərdikləri, çalışdıqları ölkədə Azərbaycanı, Azərbaycan həqiqətlərini belə vətənpərvərliklə tanıda biləydilər...

 

Elə o vaxtdan fikirləşdim ki, Seymur Abdullayev haqqında mütləq yazacağam. Ən azından tacik həmkarımın bütün səfər boyu söylədikləri, onun Azərbaycan sevgisi, Seymur Abdullayevlə telefon söhbətim bu yazıya zəmin yaradırdı.  Sonra isə Seymur müəllimi sosial şəbəkə vasitəsilə daha çox tanımaq imkanım oldu. Eyni zamanda, Tacikistanın rus və ingilis dilli mətbuatını, xüsusilə, "Avesta" İnformasiya Agentliyinin, "Biznes I Politika" qəzetinin Azərbaycanla bağlı yazılarını izləyəndə mənə çox şey aydın oldu. Demək hər bir azərbaycanlı yaşadığı, fəaliyyət göstərdiyi xarici ölkədə Azərbaycan gerçəklikləri ilə bağlı dolğun məlumat vermək imkanına malikdir. Yetər ki, bunun üçün vətənpərvər olasan...

 

Deyirlər ki, hər hansı bir dövlətin diplomatlarının şəxsində həmin ölkənin insanları barədə rəy formalaşır. Bunu bizim gənc diplomat Seymur Abdullayevin şəxsində də gördüm.

 

Seymur Abdullayev onun haqqında yazı hazırlamaq istədiyimi biləndə birmənalı olaraq, belə demək mümkünsə, istəyimə qarşı çıxdı. Bunu da onunla əsaslandırdı ki, o, sadəcə, öz işini yerinə yetirir. Hər bir azərbaycanlının, hər bir Azərbaycan diplomatının edəcəyi işi... Əlavə etdi ki, həm onun, həm də indi mənim dostlarım olan Azərbaycanı çox sevən tacik jurnalistlər, xüsusilə də, dəyərli həmkarım Cəmşid Ulmasov onun haqqında olduğundan çox danışıb. Əslində isə, bütün bunlar Seymur Abdullayevin təvəzökarlığından irəli gəlir... Sonda bir şərtlə razılaşdı ki, onunla birlikdə Tacikistanda çox vətənpərvər diplomatlar, Azərbaycan diasporasının üzvləri var. Yaxşı olar ki, onlarında fəaliyyətindən yazım, adlarını qeyd edim.  Onların sırasında Azərbaycanın Tacikistandakı səfirliyinin diplomatları Orxan Kərimovun, Samir Əmədlinin, Azərbaycan diasporunun üzvləri Sadıq Əsədovun, Faiq Həsənovun adlarını çəkdi.

 

Şəkil məsələsində də Seymur müəllim çox təkid etdi. Və yenə də təşəkkür edirəm, bizim tacik dostumuz və həmkarımız Çəmşid Ulmasova ki, o, S. Abdullayevin şəklini əziyyət çəkib göndərdi.

 

Lakin Seymur müəllimlə belə razılığa gəldik ki, hələ şəxsən tanış olmadığım, bəlkə vətənpərvərliyi, patriotluğu ilə şəxsi tanışlardan da çox tanıdığım gənc diplomatımız Bakıya gələrkən onunla ətraflı bir müsahibə hazırlayacağam.

 

Seymur Abdullayev 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvandakı 3 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 2005-ci ildə Politologiya ixtisasını bitirib.

 

 2006-2007-ci illərdə Seymur Abdullayev cəbhə xəttində həqiqi hərbi xidmətdə olub. 2008-ci ildə XİN-də keçirilən qəbul imtahanında uğur qazanaraq həmin strukturda işləməyə başlayıb. 2010-cu ildən etibarən Azərbaycanın Tacikistandakı Səfirliyində çalışır. Evlidir.

 

Seymur müəllimin özündən çox onun haqqında məlumatları tacik həmkarlarımız verdilər. Cəmşid Ulmasov isə, təəssüf hissi ilə bildirdiki, Seymur Abdullayevin Tacikistanda fəaliyyəti bu ilin iyul ayında başa çatacaq. Bizim isə onunla dostluğumuz daimi olacaq. O, bizə Azərbaycanı, Azərbaycan insanını sevdirdi. Ən başlıcası isə, biz bu vətənpərvər azərbaycanlı diplomatdan Vətəni necə sevməyi öyrəndik.

 

Ağanisə SULTANOVA

525-ci qəzet.- 2014.- 4 aprel.- S.5.