“Azərbaycanda hüquqi dövləti və
vətəndaş cəmiyyətini möhkəmləndirən
uğurlu siyasət həyata keçirilir”
Azərbaycan dövləti özünün inkişaf
strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi
önəm verir. Müstəqillik əldə etdikdən
sonra bu istiqamətdə atılan addımlar, əldə olunan
uğurlar dövlətin bu sahəyə həssaslıqla
yanaşmasının göstəricisidir. “Hüquqi
İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri,
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq
Abdullayevlə söhbətimizi məhkəmə hüquq
islahatları və mediasiyanın inkişaf perspektivləri
üzərində qurduq.
(Əvvəli
ötən sayımızda)
– Natiq
müəllim, məhkəmə sisteminin təkmilləşdirilməsi
ilə bağlı işlər barədə də fikirlərinizi
bilmək maraqlı olardı.
– Dövlət
başçısı İlham Əliyevin 19 yanvar 2006-cı
il tarixli “Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” fərmanı Respublikanın məhkəmə
sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi
yönündə mühüm addımlardan biri oldu. Digər,
2006-cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında”
fərmanı ilə Respublika məhkəmələri hakimlərinin
sayı 153 ştat vahidi artırıldı. Görülən
məqsədyönlü tədbirlərlə yanaşı, Azərbaycanda
hər vətəndaşa düşən hakimlərin
sayı Avropa ölkələrindəki göstəricilərlə
müqayisədə çox aşağıdır.
Avropa ölkələrində mübahisələrin 80 faizi barışdırıcı prosedurların vasitəsi ilə
həll edilir. Məhkəmələrdə
hakimlərin sayca azlığının ədalət
mühakiməsinin keyfiyyətlə və nəzərdə
tutulmuş vaxtda həyata keçirilməsində
başlıca problemlərdən biri olaraq qalır. Statistikaya görə, Azərbaycanda 800-dən
çox vəkil fəaliyyət göstərir ki, bu da əhalinin
sayına görə azdır. Həmçinin,
dünya standartlarından qat-qat aşağıdır. Yəni, ölkədə hər 12 min nəfərə
yaxın adama cəmi 1 vəkil düşür. İnsan hüquqlarının qorunması ilə məşğul
olan mütəxəssislərin fikrincə, dünya üzrə
orta göstəricinin hər 2 min nəfərə bir vəkil
olması normal sayıla bilər. Bu hesabla
Azərbaycan vəkillərin sayına görə dünya
üzrə orta göstəricidən 6 dəfə geridədir.
Azərbaycanda vəkillərin sayı 3500, 4000
olmalıdır. Vəkillərin Azərbaycanda
azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə
sistemi haqda müsbət rəy yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə nə
qədər məhkəmə prosesinin və bu proseslərdə
nə qədər vəkil iştirak etdiyini müəyyənləşdiriblər.
Nəticədə bəlli olub ki, eyni gündə
bir vəkil bir neçə məhkəmə prosesində
iştirak edir. Bu da Azərbaycanda ədalət
mühakiməsinin keyfiyyətinə təsir edən amil kimi qəbul
edilir, zəif təşkil olunması təsəvvürünü
yaradır. İnkişaf etmiş, məhkəmə
hakimiyyətinin güclü olduğu ölkələrdə vəkillərin
sayı dünya üzrə orta göstəricidən bir
neçə dəfə yuxarıdır. Məsələn,
son məlumatlara görə İsraildə hər 175,
ABŞ-da 260, İtaliyada isə 280 adama bir vəkil
düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, vəkilliyə maraq artır. Digər
meyl bundan ibarətdir ki, Azərbaycanda şikayətlərin 15 faizdən
çoxu məhkəmə sisteminə aiddir.
– Mediasiya
institutunun hüquq sisteminə inteqrasiyasını vacib edən
məqamlar haqda nə deyərdiniz?
–
Mediasiyanın ən mühüm əhəmiyyətindən
biri onun cəmiyyətdə hüquqi şüur və hüquq
mədəniyyətinin formalaşmasına təsir etməsidir.
Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin
həllinin məhkəmədən kənar metodu kimi qanunverici
əsaslarının möhkəmləndirilməsi, mediasiya
institutunun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə
sosial sifariş mövcuddur. Mediasiya
mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin
müəyyən hissəsini vətəndaşlarına
ötürməyə və bununla eyni vaxtda cəmiyyətin
bu səlahiyyətləri qəbul etməyə hazır və
qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət
daşımasına imkan verən humanist, eyni zamanda, praqmatik
yanaşmadır. Beləliklə də,
mediasiya nəinki hüquqi, həmçinin, sosial baxımdan əhəmiyyətli
bir institut olduğunu sübut edib. Bu,
dünya təcrübəsində mediasiyanın hüquqi mədəniyyətə
və ümumilikdə cəmiyyətə tətbiqinə ildən-ilə
artan diqqət və onun inkişafına göstərilən dəstəkdə
özünü biruzə verir. Mediasiyanın
Azərbaycanda inkişafına təkan vermək
üçün ən mühüm tədbirlərdən
biri-mediasiyanın institutsionallaşması və qanunvericilik
bazasının yaradılmasıdır.
Bir sıra inkişaf etmiş ölkələrin
qanunvericiliyində mediasiyanın hüquqi bazası
formalaşıb. Həmin ölkələrdə beynəlxalq münasibətlərlə
yanaşı siyasi, iqtisadi, ticarət, ailə, məktəb, az ağır cinayətlər və digər
sahələrdə mübahisələrin həllində də
mediasiyanın tətbiqi genişlənməkdədir.
Qanunvericilikdə mediasiyanın tətbiqi: mülki hüquq
münasibətlərində yaranan mübahisələrin tənzimlənməsində,
eləcə də cinayət-hüquq münasibətlərində
–orta ağır və xırda cinayət törədildiyi
hallarda nəzərdə tutulur. Mediasiyanın tətbiqi ilk
növbədə məhkəmələrin həddən artıq yüklənməsinin
qarşısını ala bilər. Məhz bu
qeyd edilən və digər məsələlərin həlli
çərçivəsində mediasiyanın ardıcıl və
daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlib.
Beynəlxalq təcrübəyə əsasən,
mediasiya institutunun səmərəli tətbiqi mübahisələrin
həllinin alternativ yolu kimi bu vəziyyətin aradan
qaldırılmasına ciddi kömək edə bilər.
Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik
hüquqi dövlətin inkişafı mərhələsini
yaşayır, bu mərhələdə cəmiyyətin
bütün sahələrində daimi islahatlar prosesi davam edir. Bazar
münasibətlərinə keçid iqtisadi və onunla
sıx bağlı olan digər sahələrdə (ticarət,
siyasi-hüquqi, məhkəmə və s.) yeni qanunların tətbiq
edilməsini, beynəlxalq bəyannamələrə
qoşulmağı və ölkə qanunvericiliyində əsaslı
dəyişikliklər edilməsini tələb edir.
Müasir dövrdə Azərbaycanda məhkəmə
sisteminin yenidən qurulması istiqamətində də
geniş islahatlar keçirilir. Böhran və
münaqişəli vəziyyətlərin məhkəmədən
kənar və məhkəməyə qədər tənzimlənməsi
ilə bağlı alternativ həll yollarının
seçilməsi məsələsinin xüsusi aktuallıq kəsb
etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin
alternativ həlli üsullarının, xüsusilə də
mediasiyanın tətbiqi bir sıra post-sovet məkanı
ölkələri ilə müqayisədə ilkin
formalaşma mərhələsindədir və hüquqi əsasları
tam formalaşmayıb.
– Məhkəmə
sistemində mübahisə və münaqişələrin
alternativ metodlarla tənzimlənməsi insanların hüquq və
azadlıqları baxımından hansı rolu oynayır?
– Qeyd
etdiyimiz kimi müasir şəraitdə məhkəmə
sistemində mübahisə və münaqişələrin
alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb
edir. Belə ki, mübahisələrin alternativ həll
yollarının tətbiq edilməsi insanların hüquq və
azadlıqlarının tam təmin edilməsi, onların
heç bir təzyiq və məcburiyyət olmadan razılığa
gəlməsi və son nəticədə mübahisənin məhkəmə
qaydasında həllindən fərqli olaraq əməkdaşlıq
münasibətlərinin saxlanması imkanlarını
açır. Vasitəçiliyin
üstün tərəflərindən biri də odur ki,
mübahisə tərəfləri proseduranı müstəqil
şəkildə tənzimləmək imkanı əldə
edirlər. Beləliklə, münaqişələrin
mediasiya prosedurasında tənzimlənməsi nəticəsində
tərəflər arasında əməkdaşlıq
münasibətlərinin saxlanması, həmçinin
mübahisəyə, münaqişə, yaxud böhrana gətirə
biləcək vəziyyətlərin qarşısının
alınması əsas məqsədə çevrilir. Təkrarlana biləcək mübahisə,
münaqişə, yaxud böhran şəraitində iki
qarşılıqlı əlaqəli davranış prinsipi –
münaqişənin həlli zamanı tərəflərə
müəyyən bir mövqenin məcburi şəkildə qəbul
etdirilməsi və münaqişənin sülh yolu həll
edilməsi məqsədilə güc tətbiq edilməsinin
yolverilməzliyi – əsas götürülür.
Münaqişənin alternativ vasitələrlə tənzimlənməsi
yeni, hər bir münaqişə tərəfi
üçün qəbul edilə bilən kompromis yolunun
tapılmasını nəzərdə tutur. Münaqişələrin
alternativ vasitələrlə həlli zamanı əsas qəbul
edilən qaydalardan biri odur ki, vasitəçilər
münaqişənin mürəkkəbləşməsinə
və genişlənməsinə səbəb
olmamalıdırlar və münaqişənin tənzimlənməsi
itkisiz (zərərə düşmədən) və
bütün tərəflərə (mübahisə tərəfləri
və mediatora) zərər gətirmədən sona
çatmalıdır. Əgər belə
bir şərait yaranarsa, tərəflər bu haqda bir-birini xəbərdar
etməlidirlər və bir-biri ilə fikir mübadiləsi
aparmalıdırlar, mediasiya vasitəsilə razılıq əldə
etmədikdə yeni bir tənzimləmə yolu seçməlidirlər.
Mübahisələrin
alternativ həlli üsulu kimi mediasiyanın respublikamızda
inkişafı üçün onun mahiyyətinin, mövcud
dünya təcrübəsinin öyrənilməsi əsasında
milli gerçəkliyə tətbiqinin
araşdırılması, Azərbaycanın milli
qanunvericiliyində, hüquqi praktikasında nəzəri və
tətbiqi aspektlərinin təhlili,
mediasiya haqda qanunun hazırlanması və qəbul edilməsi
üçün tövsiyə və təkliflərin verilməsi
mühüm əhəmiyyət kəsb edir.
Mediasiya
müasir dünyanın məhkəmə-hüquq sisteminin
inkişaf meyllərinə və demokratik inkişafın
çağırışlarına səmərəli və
adekvat cavab olan hüquqi praktikadır. İnsan hüquq və
azadlıqlarına ehtiram və qayğı kimi ali
prinsiplər üzərində qərar tutmaqla, mediasiya ölkəsindən, məhkəmə
sistemlərindən və mədəniyyətindən
asılı olmayaraq insanların bir-birini anlamasına imkan verən
universal hüquqi dialoq dilidir. Qloballaşma dövründə
milli qanunvericilik sistemlərinin bəzən bir araya
sığmaz göründüyü və beynəlxalq
münaqişələrin həll edilə bilmədiyi bir vaxtda, mediasiya- dialoq üçün məkan
yaradan mümkün təmas nöqtəsidir;
Mediasiya prosesi mövcud münaqişələrin mümkün çoxtərəfli inkişaf istiqamətlərinin qarşısını almağa şərait yaradır, mediasiya prosesində çoxtərəfli tənzimləmə strategiyasının tətbiq olunması münaqişələrin qısa zaman müddətində, daha az maddi itki ilə və əməkdaşlıq münasibətlərinin saxlanması əsasında həllinə şərait yaradır;
Müxtəlif vasitəçilər tərəfindən tənzimlənən mübahisələrin oxşarlığı mediasiya prosedurasının ümumi prinsiplər əsasında keçirilməsini təmin edir. Eyni zamanda, konkret şəraitlə bağlı mediatorun təklifləri mövcud problemlərin həlli ilə bağlı “paket” xüsusiyyətli sənəd kimi mübahisənin mərhələli həllində istiqamətləndirici ola bilər;
Məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində də mühüm addım kimi mübahisə və münaqişələrin alternativ həlli variantı olan və gələcəkdə mübahisə tərəfləri arasında əməkdaşlığın saxlanmasına yönəlmiş mediasiya institutunun inkişaf imkanları beynəlxalq normaların ayrı-ayrı regionlarda adaptasiya xüsusiyyətlərindən asılıdır. Mediasiya prosedurası müxtəlif tətbiq sahələrindən (ailə, məktəb, ticarət, beynəlxalq və s.) asılı olaraq fərqli mexanizm və xüsusiyyətlərə malik olur ki, bu da ayrı-ayrı sahələrlə bağlı mütəxəssis mediatorların formalaşması tələbatını yaradır. Hüquqi maarifləndirmə mediasiya institutunun inkişafının əsas aspekti kimi onun geniş istifadəsinə şərait yarada bilər; Vasitəçilik (mediasiya) institutunun araşdırılması nəticəsində belə bir nəticə əldə edilir ki, mübahisələrin alternativ həlli vasitəsi kimi mediasiya prosedurunun tətbiqi müasir dövrdə xüsusi aktuallıq kəsb edir, həmçinin beynəlxalq təcrübədə mediasiya institutunun yeni inkişaf meylləri nəzərə çarpır. Münaqişələrin məhkəməyə qədər və məhkəmədən kənar həlli vasitəsi olan mediasiya çərçivəsində müxtəlif növ mübahisələrin (ailə, əmək, məktəb, beynəlxalq, siyasi, iqtisadi və s.) tənzimlənməsi iqtisadi cəhətdən daha qənaətcil, mübahisə tərəfləri arasında əməkdaşlıq münasibətlərinin saxlanmasına yönəldiyi üçün psixoloji cəhətdən daha əhəmiyyətlidir.
Vasitəçilik institutu əvəzedilməz metod kimi dövlətlərarası münasibətlərin tənzimlənməsində də böyük təsirə malikdir. Son dövrlərdə beynəlxalq təşkilatlar, nüfuzlu siyasi xadimlər beynəlxalq mübahisələrin sülh yolu ilə həllində mediator rolunda çıxış edərək mümkün münaqişələrin qarşısını almağa nail olurlar.
Hesab edirəm ki, Mediasiya haqqında milli qanunvericiliyin hazırlanması və qəbulu, peşəkar mediatorların hazırlanması, ümumiyyətlə, mübahisələrin məhkəmədən kənar həllinə yönələn hüquq siyasətinin bu istiqamətdə daha da intensivləşdirilməsinə böyük zərurət var.
AQİL
525-ci qəzet.-
2014.- 5 aprel.- S.30.