"Itmiş kimiyəm"-
Yüz Gözəl Sevgi
Şeiri
PƏRVİNin təqdimatında
İtkilər böyüdür insanı,
müdrikləşdirir. Bəlkə
bir az
da təmkinli, ağayana edir. Çünki itirdikcə qorxuların
çıxır canından.
Daha hər balaca təhlükəyə təlaşla,
əsə-əsə yanaşmırsan.
İtirməyə də vərdiş
edirsən zamanla.
Həyatla hesablaşmağı, onun qanunları ilə yaşamağı,
qaydalara tabe olmağı öyrənirsən.
Anlayırsan ki, böyük
qazancların ardınca
çox ciddi bir itki gəlməlidi,
bütün başlanğıcların
sonu var. Və özünü göyə
qaldırıb yerə
vursan da, dəridən-qabıqdan çıxsan
da, son qaçılmazdı.
Əslində, bunu dərk
etməyin təslim bayrağı qaldırmaq,
çərçivələrə sığmaq, sıradan biri olmaq demək
deyil. Sadəcə
böyümüsən, daha ayağını
yerə vurub “YOX!” deyən uşaq deyilsən. Amma bu, acizlik yox, müdriklikdi, məncə.
Ən dəhşətlisi
və dözülməzi
isə özünü
itirməyindi. Günlərin bir günü
ayılıb görürsən
ki, yoxsan, hardasa unutmusan özünü, itirmisən.
Sanki heç tanımırsan bu yeni mənini. Yaddaşını alıblar
elə bil... Heç cür xatırlaya bilmirsən ki, nə baş
verdi, necə
oldu! Gündüzlər bir təhər
qatırsan başını,
kənardan, yad biri kimi müşahidə
edirsən təzə
adamı. Anlamağa, dərk
etməyə çalışırsan.
Zahiri parıltılarla
gizlədirsən itkini...
Sanki elə həminkisən,
heç nə dəyişilməyib, o şuxluğun
da yerindədi.
Amma gecə! Gecələr! Yaddaşını əzik-üzük,
köhnə əlyazmalar
kimi tapırsan künc-bucaqdan... yenə, bir də itirməkdən
qorxaraq asta-asta vərəqləyirsən xatirələrini!
Öz qəhqəhələrini,
gülüşlərini eşidirsən,
keçmişdə, çox
uzaq, lap uzaq keçmişdə qalmış
sevinclərin gəlir
gözünün önünə.
Qəribə bir təklik
alır canını.
Dünyanın ən tənha insanı sanırsan özünü...
Qəhər boğur səni
güzgüyə baxınca. Bu yeni
adama da heç öyrəşə
bilmirsən. Çürükçü
bir alim, tədqiqatçı kimi araşdırmağa başlayırsan
həyatını... Səhvlərini başa düşməyə
çalışırsan. Anlayırsan ki, dərdin çox mücərrəddi,
gözlə görünmür,
əllə toxunmaq olmur ona. Buna görə də yoxdu çıxış
yolun, əndrəbadi hisslərinin, ovqatının
əlində acizsən!
Sevgini itirincə, özünü
də itirmisən! Kimsə demişdi, öyrəşdirmə özünü
belə yaşamağa!
Yuvarlandığın boşluqdan
çıxa bilmirsən
heç nə ilə... Uzanan əllər də gücsüz görünür
sənə! Üzünü
yan tutursan sevgi dolu baxışlardan...
Daha o adam
deyilsən, yenisən,
təzəsən ona görə... İlqar Fəhminin “Mən
ki zülmət gecələrdə azıb
itmiş kimiyəm” misrasıyla başlayan qəzəlində də insanın bu halı, özünü, yəni sevgisini itirmiş adamın ovqatı ifadə olunub. Qəzələ anlaşıqlı dil gətirən, “gündəlik ifadələri”,
kənardan adi görünən təsvirləri
sehrləməyi bacaran
İlqar bu şeirində də özünəməxsusdu. Qəzəlin hər misrası
ayrıca bir şeirdi əslində.
Şair hər beytdə o ağrını, itkini müxtəlif formalarda təsvir edir. Və bütün təsvirlər
kədərlidi, çox
kədərli. Çünki hamısı tənhalığı
ifadə eləyir.
Mövzunun ağırlığı,
üstəgəl şairin
qəmli intonasiyası
şeirin təsir gücünü bir az da artırır.
Sevgisini, özünü itirmiş, son dərəcə bədbin görünən insanın “danışıq tərzi” maraqlıdı burda... öyrəşdiyimiz ittiham tonu yoxdu şeirdə. Şair sadəcə dərdini bölüşür, özündən danışır. Hətta “yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm”, yaxud “...onu bir isti xəyanətdə əritmiş kimiyəm...” misralarında da acıq vermək, sancmaq niyyəti duyulmur. Böyük, çox böyük dərdin dilləndirdiyi kaman musiqisi kimi səslənir bu misralar... Və yəqin ki, aşiqin özünü bitmiş, qəmli mahnıya bənzətməsi də təsadüfi deyil burada!
Şair misradan-misraya dərdini danışır və dərinə getdikcə zülmət bir qaranlığa qərq olur sanki... Qəzəlin əvvəlində dediyi zülmət gecədə azıb itir. Və elə bu qaranlığın içərisindən çox qəmli bir “etiraf” gəlir: “... bilirəm hər şeyi mən!” Ən böyük dərd də budu. Hər şeyi bilməyin...
Bilməsəydin, kaş ki bilməsəydin!
İlqar Fəhmi: “Demə buzdur ürəyin...”
Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm,
Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm.
Necə dərin yara vursan da mənə ağrısı yox,
Yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm.
Demə buzdur ürəyin, məndə ürəkdən yox əsər,
Onu bir isti xəyanətdə əritmiş kimiyəm.
Nəfəsimdə daha əvvəlki odu axtarma,
Baxma yanındayam, amma elə getmiş kimiyəm.
Əbədi musiqi yox, mən də sənin ömründə,
Qəmli bir mahnı idim ki daha bitmiş kimiyəm.
Olduğundan ki böyük zənn eləmişdim səni mən,
Ondan ötrü sənə dünyanı dar etmiş kimiyəm.
Söyləmə dərdini, Fəhmi, bilirəm hər şeyi mən,
Deməmişdən elə zənn eylə eşitmiş kimiyəm.
PƏRVİN
525-ci qəzet.-
2014.- 5 aprel.- S.21.