Mənəvi kamillik

 

 

 

Məncə, ağıllı, istedadlı adamları fərqləndirən keyfiyyətlərdən biri təvazökarlıqdır. Bu, bir könlütoxluq, mənəvi kamillik məsələsidir. Yəni özünü böyük göstərmək üçün başqalarını kiçiltməyə çalışmayan, hər yerdə gözə dürtülməyi xoşlamayan, öz marağını cəmiyyətin marağından üstün tutmayan, işini təmənnasız və vicdanla görən, fərqli fikirlərə səbrlə yanaşans. Xalq qısa və gözəl deyib; ağac bar verdikcə başını aşağı salar. Daşıdığın toplumsal yükü, çəkdiyin əziyyətləri millətinə olan borcun kimi dərk etməyin, heç bir qarşılıq gözləmədən xidmət göstərməyin ləzətti ayrıdır...

 

Belə adamlar – yatmış vulkandır. Ədalətli mühitdə gecə-gündüz çalışar, təkbaşına on adamın işini görər, amma haqsızlıq görəndə üsyankarlığı da bacarar. Bu cür insanlar cəmiyyətdə tarazlığı qoruyan, etibar qazanmış, yaşından asılı olmayaraq ağsaqqallıq mövqeyi olan adamlardır.

 

Bu günlərdə 75 yaşı tamam olan köhnə dostum Azər Mustafazadənin haqqında düşünəndə ilk növbədə bu sözlər gəldi ağlıma. Çünki o, doğrudan da, populyarlıq ardınca qaçmadan, sakitcə öz işini görən, həm də ləyaqətlə, yüksək peşəkarlıqla görən adamdır.

 

Azər Mustafazadə ədəbiyyatşünas, naşir, tərcüməçi və bunlarla yanaşı tanınmış ictimai-siyasi xadimdir. Bir mühitdə olduğumuza, eyni nazirlikdə yanaşı çalışdığımıza görə onu bir insan, bacarıqlı təşkilatçı, mütəxəssis kimi tanımaq imkanım olub.

 

Azər bəy Azərbaycanda və onun sərhədlərindən kənarda müxtəlif vəzifələr daşımışdır. “Literaturnaya Azerbaydjan” jurnalının məsul katibi olduğu illərdə Azərbaycanda yaranan rusdilli ədəbiyyatın çapı və təbliği ilə yanaşı, ana dilli ədəbiyyatdan tərcümələrin və milli mədəniyyətimiz barədə  yazıların dairəsi genişləndi, keyfiyyəti yüksəldi.

 

Sonra bir müddət Moskvada, SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə kurator oldu, yəni o vaxt ölkədə çox böyük nüfuzu olan bu qurumda ədəbiyyatımızı təmsil elədi. Azər Mustafazadənin Moskvada çalışdığı illər – həm ədəbi əlaqələr, həm Azərbaycan kitabının Moskvada nəşri, həm iri miqyaslı ədəbiyyat günlərinin keçirilməsi, qarşılıqlı səfərlər, həm də böyük yazıçılarımızın tanınması, ittifaq miqyasında yubileylərinin  təşkili baxımından ən məhsuldar illər idi desəm, mübaliğə etmərəm. Bu hadisələr ədəbiyyatla, mədəniyyətlə bağlı olduğuna görə izləri itmir, imperiya dağılsa, sistemlər dəyişilsə də kitablar qalır və xalqlar arasında etimad körpüsü olmaq vəzifəsini davam etdirir.

 

Sonralar Azər Mustafazadə Bakıya qayıtdı və boynuna düşən ziyalı missiyasını Dövlət Mətbuat Komitəsinin sədr müavini kimi davam etdirdi.

 

O vaxt mən “Yazıçı” nəşriyyatının baş redaktoru idim  ədəbiyyatımızın daha keyfiyyətli nəşri, yayılması və təbliği bizim söhbətlərimizin əsas mövzusu idi.

 

Komitədəki işgüzarlığını, geniş əlaqələrini, yüksək peşəkarlığını nəzərə alıb onu Azərbaycan KP MK-da şöbə müdiri, ondan sonra Şəki kimi iri rayona birinci katib vəzifəsinə irəli çəkdilər. Bunların hamısı o dövr üçün böyük nüfuz, etimad və məsuliyyətdi. Lakin harda işləməsindən asılı olmayaraq biz Azər bəyi həmişə bir sifətdə, bir kökün üstündə, öz dəyişilməz havasında görmüşük: daim düşünən, milli mənafeyi, xalqın marağını hər şeydən yüksək tutan, hadisələri real qiymətləndirməyi bacaran və ən başlıcası   nəfsinə əsir olmayanişini vicdanla görən...

 

Sakit, gülərüz, deyib-gülməyi xoşlayan,  imkanı daxilində hamıya əl tutan, işini sevən, ailəyə və dostlara sadiq, ölkədə və dünyada gedən proseslərə özünəməxsus aydın və obyektiv münasibəti olan bir ziyalı və dəyərli insan kimi o xidmət göstərdiyi bütün yerlərdə özünü sevdirməyi bacarmışdır...

 

Azər Mustafazadənin tərcüməsində nəsrimizin bir çox dəyərli nümunəsi rus dilli oxucuya çatdırılmış və ədəbiyyatımıza hörmət qazandırmışdır. Məncə, nəsrimizin rus dilinə ən yaxşı tərcümələri də elə  məhz ona məxsusdur.

 

O, yalnız keyfiyyətli, oxucular arasında rəğbət qazanmış və bədii fikrimizi təmsil etmək gücündə olan, konyukturadan, günlük siyasətlərdən uzaq  əsərləri çevirir... Azər Mustafazadənin tərcümə xəritəsini həm də ədəbi keyfiyyət xəritəsi saymaq olar.

 

Bu gün nəşriyyat tariximizdə xüsusi yeri olan “Azərnəşr”ə başçılıq etsə də yaradıcılıq fəaliyyətini davam etdirir.

 

Azər Mustafazadə ziyalı ailəsində doğulmuşdur və ziyalı, aydın sözünün uzuzlaşdığı, ucuzlaşdırıldığı bir vaxtda həyatını bu anlayışa uyğun bir şəkildə quran, bu missiyanı ləyaqətlə yerinə yetirən adamlardan biridir.

 

İstər ədəbi qurumlarda çalışsın, istər rəsmi vəzifə daşısın, fərqi yoxdur, Azər bəy hər yerdə öz simasını və aydın vətəndaşlıq mövqeyini qorumağı bacarmışdır. Bu da, dostlarına münasibəti də məhz yüksək ziyalı mədəniyyəti və mənəviyyatının göstəricisidir.

 

 

Gəncədə yaşayan görkəmli yazıçı-dramaturq Altay Məmmədovla dostluğumuz uzun bir yol keçmişdi. Bu yol Altay müəllim dünyasını dəyişəndən sonra da qırılmadı. Azər Mustafazadə bu günə qədər onun övladları ilə əlaqələrini, Altay müəllimin sağlığında olduğu kimi, qoruyub saxlayır. İndi belə adamlar azdır və belə etibar onu mənə doğmalaşdıran, gözümdə böyüdən cəhətlərdən biridir.

 

75 yaşında da qələm dostumuzun yaradıcılıq enerjisi yerindədir. Mənim “Ölüm zirvəsi” romanımı rus dilinə çevirərkən Azər Mustafazadənin yaradıclıq işindən yorulmadığının və bədii yaradıcılığa tələbkar münasibətinin bir daha şahidi oldum...

 

Ölkələr, millətlər arasındakı münasibətlərdə mədəniyyətin, ədəbiyyatın ruhunun getdikcə artdığı bizim günlərdə Azər Mustafazadə kimi, universal bilik sahiblərinə, öz zəhmətiylə dostluq, mədəniyyət körpüləri salan, xalqları bir-birinə yaxınlaşdıran adamlara ehtiyac getdikcə artır.

 

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra rusdilli ziyalıların çoxu köçüb getdi. Amma Azər bəy öz yurduna daha möhkəm bağlandı, yuvasını tərk etmədi, yeni Azərbaycanın mənəvi-ideoloji quruculuğunda yaxından iştirak edən “Azərnəşr”in dağılmasına imkan vermədi. Sözümüzün və kitabımızın şöhrətini artırmağa çalışdı, çünki kitabın, sözün ömrünü uzadanların həm də öz ömürlərini uzatdıqlarına inanır.

 

Sabir RÜSTƏMXANLI

525-ci qəzet.- 2014.- 5 aprel.- S.15.