Unutma ki, unudulmayasan...
Fəridə Vəzirova-90
“Qadın
həyatı sevgi, duyğu və fədakarlıqdan
yoğrulub”
Onore de
Balzak
Bu, həqiqətən də belədir. Ona görə
də hər zaman məhz fədakar və həssas insanlar,
yalnız özləri üçün deyil, daha çox
başqaları üçün yaşamağı bacaran
insanlar yaddaşlarda və ürəklərdə əbədi
qalmaq hüququ qazanır, nəsillərə örnək kimi
könüllərdə məskən salır. Tarixdə əməli, sözü, adı və
işi qalanlar xoşbəxtlərin xoşbəxtidir. Əsrlərin təcrübəsindən də
göründüyü kimi, var-dövlət, sərvət
insanı heç zaman əbədiləşdirməyib.
Bir el bayatısında deyildiyi kimi:
Bu qala
bizim qala,
Getdikcə uzun qala.
Tikmədim
özüm qalam,
Tikdim ki, izim qala.
Fəridə xanım Vəzirova əməli, işi,
insanlıq naminə fədakarlığı ilə ürəklərdə
əbədi yaşayan, Azərbaycan qadınına xas bir
çox nəcib xüsusiyyətləri öz şəxsiyyətində
birləşdirən gözəl alim, fədakar müəllim,
cəfakeş el anası idi. Fəridə xanım
sadalanan bütün bu müsbət keyfiyyətləri bir tərəfdən
öz zəhməti, əməyi ilə qazanmışdı.
Digər tərəfdən isə həmin cəhətlər
onun soy-köku, əsl-nəsəbi ilə bağlı idi.
Çünki o, hər şeydən əvvəl
bir çox nümayəndələri Azərbaycana ürəkdən
bağlı olan, onun maarif, elm və mədəniyyət xəzinəsini
zənginləşdirən nəcib, ziyalı bir nəslin
nümayəndəsi olmasından irəli gəlir. Nəhayət,
fikrimcə, F.Vəzirovanın bu cür gözəl alim,
qayğıkeş müəllim, vətənpərvər
insan kimi yetişməsinin bir səbəbi də – H.H.Təhmasib,
C.Xəndan, M.Cəlal, F.Qasımzadə, M.Hüseyn kimi ustad
müəllimlərdən, əvəzedilməz alimlərdən
dərs alması, sonralar isə uzun illər boyu onlarla
çiyin-çiyinə, birlikdə
çalışmasında idi.
Fəridə
xanım Şamil qızı Vəzirova 1924-cü il fevralın 15-də keçmiş Qaryagin qəzasında,
təəssüf ki, böyük bir hissəsi düşmən
işğalı altında qalan indiki Füzuli rayonunda,
tanınmış ziyalı ailəsində doğulub. Onun ana tərəfdən babası Əbdulrazzaq bəy
Teymurazbəyov Qori Müəllimlər Seminariyasını
bitirmiş, sonra isə Peterburq Universitetinin Hüquq fakultəsində
təhsil almışdı. O, övladlarına da gözəl
təhsil verməyə çalışmışdı. Fəridə xanımın atası Şamil Vəzirov
ömrünün sonuna qədər Azərbaycan Neft və
Kimya İnstitutunda müəllim işləmişdi. Məşhur yazıçı və dramaturq Cəlil
Məmmədquluzadə öz xatirələrində Şamil bəyin
adını Qarabağda maarif və teatr işinə
yaxından yardım göstərən ziyalılardan biri kimi
çəkir. Gözəl ziyalı kimi
tanınan anası Səltənət xanım isə Azərbaycan
Politexnik İnstitutunda rus dili müəllimi kimi əmək fəaliyyətini
başa vurub.
Doğulduğu ailə, düşdüyü ziyalı
mühiti, aldığı ab-hava yavaş-yavaş, özü
də hiss etmədən onun ruhuna və qanına hopmağa
başlamışdı. Ədəbiyyata ciddi marağı da
uşaqlıq illərindən başlamışdı.
Azərbaycan yazıçılarının bir
çoxları ilə yaxından tanış
olan və dostluq münasibətləri saxlayan atası
Şamil bəyin də bu marağın formalaşmasında
rolu az olmamışdı.
Ailələri 1930-cu ilin əvvəllərində həmişəlik
Qarabağdan Bakıya köçən Fəridə xanım
orta təhsilini paytaxtdakı 171 saylı orta məktəbdə
əla qiymətlərlə başa vurmuşdu. Böyuk həvəslə
oxuduğu bədii əsərlər, onların qəhrəmanlarının
hiss və duyğuları, gənc qızı mühəndis,
jurnalist kimi romantik cəhətləri ilə fərqlənən
sənətləri seçməyə həvəsləndirmişdi.
Bir müddət fizikaya, materialist fəlsəfəyə
maraq göstərmişdi. Lakin zaman
keçdikcə bunların ötəri həvəs
olduğunu anlamış, həyatının amalı, məqsədi
kimi ədəbiyyatşünaslıq elmini seçmişdi.
Evlərindəki zəngin kitabxanada hər gün
gördüyü, vərəqlədiyi və zaman keçdikcə
stolüstü kitablarına çevrilən Azərbaycanın
məşhur klassiklərinin – Nizaminin, Füzulinin, Nəsiminin,
C.Məmmədquluzadənin və digər korifeylərin əsərlərini
oxuması, həm də təkcə oxumaması, diqqətlə
təhlil edib öyrənməsi onun gələcəkdə
görkəmli alim, ədəbiyyatşünas və əvəzsiz
müəllim kimi yetişməsinə öz müsbət təsirini
göstərmişdi.
Fəridə
xanımın ziyalı ocağından qaynaqlanan
düşüncələrinin formalaşmasında geniş məlumatlı
köhnə ziyalı, tanınmış pedaqoq olan atası
Şamil Vəzirovun və Sovet hakimiyyətinin qurulduğu ilk
illərdə Azərbaycan qadınlarının
savadlanmasında misilsiz fədakarlıq göstərən, sinəsi
söz xəzinəsi olan anası Səltənət
xanımın da (O, Qaryaqingə ilk qız məktəbində
müəllim işləmişdir) xidmətləri də əvəzsiz
idi. Ata-anasının inqilabın ilk illərində
müəllimlik etməsi bu peşənin – müəllim sənətinin
müqəddəsliyi ilə bir sırada yolunun hamar, asan yol
olmadığı düşüncəsini də Fəridə
müəllimədə formalaşdırmışdı.
Amma məsələ buradadır ki, insanlara
faydalı olmağı həyat amalı sayan Fəridə
xanım bu ülvi və müqəddəs sənətin
çətinliyini dərk edə-edə onu seçmişdi.
Əmin idi ki, zaman-zaman sinəsinə
yığdığı hikmət və zənginlik onu
söz və düşüncə sərrafına çevirəcək,
bir müəllim kimi tələbələrinin
könlünü fəth etməyi bacaracaq.
Bax beləcə, hər kəsin həyatını dəyişən
İkinci Dünya müharibəsi ərəfəsində Fəridə
xanım həyat seçimini etmişdi. 1940-cı ildə
sənədlərini ADU-nin filologiya fakultəsinə vermiş
və qəbul imtahanlarında parlaq nəticələr
göstərərək yeganə universitetimizin tələbəsi
adını qazanmışdı.
İki qardaşı mühəndis, iki bacısı həkim
ixtisasına yiyələnən Fəridə xanım ailə ənənələrini
davam etdirərək müəllimlik yolunu tutmuşdu.
1941-ci ildə başlanan qanlı müharibə, səfərbərlik
illəri bir çox gənc kimi Fəridə xanımın da
həyatında öz ağır izini buraxır. 1942-ci ildə,
universitetin ikinci kurs tələbəsi olarkən o,
komsomolçuların “Vətən naminə”
çağırışına qoşularaq cəbhəyə
yollanmışdı. Orduda sıravi
döyüşçü – rabitəçi kimi müxtəlif
cəbhələrdə olmuşdu. 1944-cü
ildə həmin dövrdə cəmiyyətin əsas qüvvəsi
olan Sovet İttifaqı Kommunist Partiyasının üzvlük
biletini də səngərdə almışdı. 1945-ci ildə müharibə Sovet ordusunun qələbəsi
ilə başa çatdıqdan sonra Fəridə xanım ordu
sıralarından tərxis olunmuşdu. Döyüş
rəşadətinə görə II dərəcəli
“Böyük Vətən Müharibəsi” ordeni, “Almaniya
üzərində qələbəyə görə”,
“Qafqazın müdafiəsinə görə”, “Yaponiya üzərində
qələbəyə görə” və s. medallarla təltif
edilmişdir.
O,
universitetə dönmüş, yeni bir şövq və həvəslə
yarımçıq qoyduğu təhsilini, tələbəlik
həyatını davam etdirmişdi. Gördüyü
hər işə ürəyinin odunu- közünü qatan tələbə
qız yenə də zəhmətsevərliyi,
çalışqanlığı ilə həmyaşıdlarından
fərqlənmiş, bilik və istedadını nümayiş
etdirmişdi. Üstəlik, dünya
savaşının od-alovundan çıxması, gənc
yaşında vətənin müdafiəçisi kimi şərəfli
bir ad qazanması Fəridə xanımı universitetdə
şəksiz nüfuz sahiblərindən birinə
çevirmişdi. Lakin müharibə
iştirakçısı olmasından heç zaman
özünün hər hansı bir problemini həll etmək məqsədi
ilə yararlanmamışdı. Əksinə,
gərgin zəhmətin, yuxusuz gecələrin hesabına o
zaman ən yüksək təqaüd olan “Stalin təqaüdü”nə
layiq görülmüşdü. 1948-ci ildə universitet
təhsilini fərqlənmə diplomu ilə başa vuraraq elə
həmin ildə də “Azərbaycan müəllimi” qəzetində
ədəbi işçi kimi fəaliyyətə
başlamışdı.
Həyatını yaradıcı işə bağlayan Fəridə
Vəzirova 1948-ci ildən başlayaraq, Azərbaycanın
müxtəlif mətbuat orqanlarında, kütləvi nəşrlərdə
klassik və müasir ədəbiyyatımızın görkəmli
şəxsiyyətləri, hadisələri, mühüm
yaradıcılıq problemləri ilə əlaqədar dərin
məzmunlu, ciddi tədqiqatların nəticəsi kimi meydana
çıxan maraqlı məqalələrlə
çıxış etmişdir. Cari ədəbi prosesə
ardıcıl maraq göstərməklə bir sırada o, elmi
axtarışlarına da qətiyyən ara
verməmişdi. Elm sahəsi ilə daha
hazırlıqlı və fundamental şəkildə məşğul
olmaq niyyəti ilə 1949-cu ildə aspirantura təhslini
seçmişdi. Görkəmli ədəbiyyatşünas
alim, akademik M.A.Dadaşzadənin rəhbərliyi ilə “Cəfər
Cabbarlının yaradıcılığında sosializm
realizmi” mövzusunda namizədlik dissertasiyasını
uğurla müdafiə edərək filologiya elmləri namizədi
alimlik dərəcəsi almışdı.
Bu əsər onun elmi fəaliyyətinin sonrakı istiqamətinə
də təsirsiz qalmamışdı. Fəridə xanım
XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının
yaradıcı şəxs və problemləri ilə daha
ardıcıl məşğul olmağa
başlamışdı. Ədəbiyyat
tariximiz üçün indi də öz əhəmiyyətini
itirməyən növbəti addım böyük Azərbaycan
yazıçısı M.S.Ordubadinin yaradıcılıq
yolunun araşdırılması olmuşdu. Fəridə xanım ömrünün
üst-üstə on ilini bu çətin və son dərəcə
ciddi işə sərf etmişdi. Məhz
onun böyük zəhməti, həqiqi elmi fədakarlığı
sayəsində Məmməd Səid Ordubadinin əsərlərinin
8 cildliyi işıq üzü görmüşü. Fəridə xanım bu çoxcildliyi tərtib
etmiş, çoxu arxivlərdə və müxtəlif
dövri nəşrlərin səhifələrində
qalmış əsərləri toplamış, əhatəli
müqəddimə və şərhlər
yazmışdı. Dövrün ideoloji
şərtləri daxilində Ordubadi
yaradıcılığı bu çoxcildlikdə tam şəkildə
təmsil olunmasa da, yazıçının adını
yaşadan əsərlərinin əksəriyyəti Azərbaycan
oxucusuna çatdırılmışdı.
Fəridə
xanım sonrakı illərdə də elmi
axtarışlarının əhatə dairəsini genşləndirərək
ədəbiyyatşünaslığımızın
inkişafı yolunda inamla addımlamış, yeni-yeni məqalə
və kitabları ilə öyrənilməyən, yaxud az tədqiq olunan şəxsiyyətlərə,
əsərlərə işıq salmışdı. Onun
M.Ə.Sabirin anadan olmasının 100 illiyi münasibəti ilə
yazdığı məqalələr, Cəlil Məmmədquluzadə,
S.Rüstəm, C.Cabbarlı, C.Əlibəyov və digər sənətkarların
yaradıcılığına həsr edilmiş
araşdırmaları da geniş oxucu kütləsinin
marağına səbəb olub.
Görkəmli ədəbiyyatşünas alim
yaradıcılıq axtarışlarını təkcə Azərbaycan
ədəbiyyatı ilə məhdudlaşdırmırdı. O, rus və dünya ədəbiyyatında
cərəyan edən proseslərlə də yaxından
maraqlanırdı, bu sahədə də öz sözünü
deyirdi.
Bu
baxımdan Fəridə xanımın müxtəlif vaxtlarda
Maksim Qorki, Nikolay Ostrovski, Nikolay Nekrasov kimi dəyərli rus
yazıçı və şairləri haqqında qələmə
aldığı məqalələri ümumbəşəri
dəyərlər, ədəbiyyatların dostluğu və
beynəlmiləlçilik baxımından maraqlı, diqqətçəkəndir.
Bütün bunlardan əlavə Fəridə xanım
bir sıra dərsliklərin- o cümlədən “Qədim rus
ədəbiyyatı” (1958), “XVIII əsrdə rus ədəbiyyatı”
(1958), “Ədəbiyyatşünaslığın əsasları”
(1965) dərsliklərinin həmmüəllifidir.
Görkəmli alim M. S.Ordubadinin 100 illik yubileyi münasibəti
ilə “Məmməd Səid Ordubadi” adlı monoqrafiya qələmə
alaraq onu rus və Azərbaycan dillərində nəşr
etdirmişdi.
Bu əsər ədəbi ictimaiyyətdə
böyük maraq doğurmuş, eyni zamanda Ordubadi şəxsiyyətinin
və irsinin aktuallığını bir daha ədəbi
fikrin diqqət mərkəzinə çəkmişdi.
Professor Fəridə Vəzirovanın müxtəlif illərdə
yazılmış məqalə və
araşdırmalarının toplandığı “Ədəbi
qeydlər və tədqiqlər” əsəri onun vaxtsız
ölümündən bir qədər əvvəl
işıq üzü görmüşdür.
100-dən artıq elmi məqaləsi, bir neçə
monoqrafiyası Fəridə xanımın ədəbiyyatşünaslıq
elminə dərin bağlılığının əyani
sübutudur.
Həyatının 30 ilini ədəbi fəaliyyətlə,
ədəbiyyatın tədqiqi ilə məşğul olan
alim bütün bunlarla yanaşı, pedaqoji fəaliyyətini
davam etdirirdi.
O, gözəl müəllim, pedaqoq olaraq tələbələrinin düşüncəsinə
nüfuz etməyi, qəlbinə yol tapmağı, onlara ədəbiyyatı
sevdirməyi bacarırdı.
Elmi rəhbəri olduğu tələbələrdən
diqqət və qayğısını heç zaman əsirgəməmişdi. O, uzun illər boyu
nüfuzlu müəllimlərindən biri kimi fəaliyyət
göstərdiyi BDU-nun Müasir Azərbaycan ədəbiyyatı
kafedrasında bir sıra aspirant və dissertantların elmi rəhbəri
olmuş, neçə-neçə namizədlik və doktorluq
dissertasiyasının müdafiəçilərinə rəsmi
opponentlik etmişdir. Onun yetişdirmələri
vaxtilə özünün çalışdığı
Müasir Azərbaycan ədəbiyyatı kafedrasının
professoru olmaqla yanaşı, həm də Respublikanın
müxtəlif regionlarında tanınan dəyərli alimlərdirlər.
Fəridə Vəzirova yalnız tədqiqatçı-alim,
pedaqoq olmaqla öz işini bitmiş saymırdı. İctimai fəaliyyəti
hər zaman ümumi işinin, həyatının bir
parçası sayırdı. Tələbələrinin
həyatı, problemləri ilə daim yaxından
maraqlanırdı, onların mümkün qədər daha
çox diqqət və qayğı ilə əhatə
olunmalarına çalışırdı. O, tələbələrin
yaşadığı yataqxanalara gedir, onların həyat
şəraiti ilə tanış olur,
çatışmazlıqların aradan
qaldırılmasında analıq qayğısı göstərirdi.
Fəridə Vəzirova Azərbaycan Respublikası
Qadınlar Şurasının üzvü idi. Eyni zamanda
filologiya fakültəsi Qadınlar Şurasının İdarə
Heyətinin üzvü kimi tələbə qızların həyata
düzgün istiqamətlənmələrində, onlarda
yüksək əxlaqi və mənəvi dəyərlər tərbiyə
edilməsində fədakarlıq göstərirdi.
Məhz bu istiqamətdəki fəaliyyətinin nəticəsi
kimi Fəridə xanım Azərbaycan qadınlarının
III qurultayına nümayəndə seçilmişdir. Hərbi
mükafatları ilə bir sırada çoxcəhətli elmi
və ictimai fəaliyyəti ilə əlaqədar o, universitet
və respublika rəhbərliyi tərəfindən dəfələrlə
fərqləndirilmişdi. Bunun ən diqqətəlayiq
göstəricisi görkəmli alimin dinc quruculuq illərində
layiq görüldüyü dörd medal, çoxsaylı təşəkkür
məktubları və fəxri fərmanlardır.
“Dördüncü kursda oxuyarkən, auditoriyamıza
baxışlarından ciddilik yağan zərif bir xanım
daxil oldu. İlk tanışlıqdan sonra mühazirəyə
başladı. Onun aramlı, səlist
danışığı və mehribanlığı, mədəni
rəftarı biz tələbələri elə ovsunladı
ki, biz hamımız ona böyük maraqla qulaq asdıq” –
vaxtı ilə Bakı Universitetində dərs dediyi tələbələrindən
birinin bu sözləri Fəridə xanımın gənc nəslin
fikri və mənəvi inkişafına göstərdiyi
böyük təsirə əyani nümunədir.
Yuxarıda
da qeyd etdiyimiz kimi, Fəridə xanımın görkəmli
alim, pedaqoq, öz ölkəsini həqiqi vətənpərvəri
və milli mədəniyyətin təəssübkeşi kimi
yetişməsində bir tərəfdən doğulub, tərbiyə
aldığı ziyalı ailəsinin rolu olmuşdursa, digər
tərəfdən onun müəllimləri nəhəng və
böyük şəxsiyyətlər – H.H.Təhmasib, C.Xəndan,
M.Cəlal, F.Qasımzadə, M.Hüseyn olmuşdur.
Fəridə xanımın kitabxanasını gözdən
keçirdikdə həmin böyük şəxsiyyətlərin
ona bağışladıqları kitabların üstündə
yazılmış ürək sözləri gözəl alim və
pedaqoqa verilən yüksək dəyərin ifadəsi kimi diqqəti
çəkir.
Bu kitablar
arasında gözəl insan, böyük alim və pedaqoq Mir Cəlalın
yazdığı ürək sözləri daha diqqətçəkəndir
: “İstedadlı tələbəmiz və indi isə gənc
müəllimimiz Fəridə Vəzirovaya” Müəllifdən.
Müəllifin Fəridə xanım haqqında
yazdığı bu fikirlər istedadlı tələbənin
gələcəkdə universitet müəllimləri
sırasında fəaliyyət göstərəcəyinə
bir zəmanət idi və belə də oldu.
Bax beləcə ona böyük şəxsiyyətlər
olan müəllimləri tərəfindən
bağışlanan kitabların hamısında “istedadlı tələbə”
sözü dönə-dönə təkrarlanır. Bu
böyük insanların, dəyərli pedaqoqların təkidlə,
dəfələrlə vurğuladığı “istedadlı”
ifadəsi həqiqətən də Fəridə
xanımın ən səciyyəvi məziyyətlərindən
biri idi. Bu istedadı həyatı boyu onun əlindən
tutub zirvələrə qaldırdı. Fəridə
xanım kimi müəllim olmaq, Fəridə xanım kimi tədqiqatçı,
ədəbiyyatşünas şöhrəti qazanmaq
hamının əlinin çatacağı bir zirvə deyil.
Yetirmələrinin
alim haqqında dediklərindən məlum olur ki, Fəridə
Vəzirovanın mühazirələri yüksək elmi səviyyəsi,
aydın və səlist üslubu, zəngin mənbələrə
və qaynaqlara söykənməsi ilə həmişə tələbələrin
böyük marağına səbəb olmuş, onları gələcəkdə
ədəbiyyatımızın, milli mədəniyyətimizin
nailiyyətlərini qorumağa, təbliğ etməyə həvəsləndirmişdir.
Fəridə Vəzirovanın yetirməsi, BDU-nun müasir Azərbaycan
Ədəbiyyatı kafedrasının professoru İfrat
xanım Əliyevanın məqaləsindən:
“Mənim müşahidəmə görə Fəridə
xanımın müəllimliyində ən çox təqdir
olunan cəhətlərdən biri onun ədəbiyyatı dərindən,
kamil bilməsi, onu aydın, səlist üslubda şərh etməsi,
klassik- ənənəvi metodologiyaya sadiq qalması idi. Ona görə
də tələbələr Fəridə müəlliməni
çox sevir, onu həmişə dinləmək istəyirdilər.
Səsində adilik, məntiqində ucalıq, görkəmində
ciddilik və müdriklik var idi Fəridə xanımın. Müəllim
kimi obyektiv, prinsipial, qayğıkeş olan Fəridə
xanım tələbələrinin biliyinə, iltizamına,
yaradıcılıq qabiliyyətinə görə qiymətləndirir,
onlara qayğı göstərirdi. Bir
sözlə, Fəridə xanım əsl müəllim, əsl
pedaqoq idi. Bayram günlərində onun
yazı masasının üstündə çoxlu məktub və
teleqram görərdik. Keçmiş tələbələri,
cəbhə dostları onu təbrik edir, öz sevinclərini Fəridə
xanımla bölüşərdilər. Mən
isə onunla demək olar ki, hər gün
görüşürdüm. Müstəqil
həyat yolunda addımlamağıma,
bağlandığım və sevdiyim müəllim
adını daşımağıma baxmayaraq, hər dəfə
onunla rastlaşanda özümü itirər, bu təvazökar
insana, qayğıkeş müəllimə, vəfalı dosta
və gözəl alimə ürək sözlərimi deməyə
çətinlik çəkərdim.
O, mənim üçün gözəl dost, səmimi yoldaş, son dərəcə qayğıkeş insan idi. Ağıllı, müdrik zarafatları, hazırcavablığı, məntiqi danışığı ilə hamını özünə cəlb edirdi. O, sadə, mülayim, gözütox və təmiz ürəyə malik çox hörmətcil insan idi.
Fəridə müəllimə həqiqi mənada nümunə göstəriləcək bir insan idi. O, ictimai mənafeyi, dövlət, xalq mənafeyini şəxsi mənafedən üstün tuturdu.
Mərhum alim elmi- ədəbi və pedaqoji fəaliyyətinin ən kamil bir dövründə, bu fəaliyyətin daha da çiçəkləndiyi bir vaxtda aramızdan getdi. Ədəbiyyatımızda öz dəsti-xətti olan Fəridə müəllimə hər bir zaman onu qəlbdən sevənlərin yaddaşında, hafizəsində yaşayacaq. Onun əziz xatirəsi yaxınlarının, dost və tanışlarının, çoxsaylı tələbələrinin, həmçinin qədirbilən respublika elmi- mədəni ictimaiyyətin yaddaşında həmişəlik yaşayacaqdır”.
1986-cı ildə – ömrünün müdriklik çağında, yaradıcılığının məhsuldar dövründə amansız ölüm onu ailəsindən, universitet müəllimləri sıralarından və sevdiyi tələbələrdən qopararaq aparmışdı.
Bu münasibətlə ölkənin əsas ədəbi orqanın – “Ədəbiyyat və incəsənət” qəzetinin 12 sentyabr 1986-cı il tarixli sayında dərc edilmiş nekroloqda deyilirdi: “Gözəl insan, qayğıkeş alim- pedaqoq, istedadlı ədəbiyyatşünas və tənqidçi, 1963-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Universitetinin professoru, Böyük Vətən Müharibəsi Veteranı Fəridə Vəzirova sıralarımızdan getmişdir”.
Fəridə xanımın ölümündən neçə illər ötür ötsün, fərqi yoxdur- qoyub getdiyi ədəbi irs, xalqımızın, vətənimizin yolunda göstərdiyi fədakarlıq onu zirvələrə qaldırmış, əbədi yaşarlığa qovuşdurmuşdur!
Anadan olmasının 90 illiyinin qeyd edildiyi bu günlərdə çoxsaylı yetirmələrinin, dost və həmfikirlərinin onu minnətdarlıqla xatırlamaları 62 illik həyatını ləyaqətlə, dəyərlə yaşadığının bir sübutudur.
Şərqiyyə MƏMMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 5 aprel.- S.14;21.