Əli bəy Hüseynzadənin bir həcvi
və onun yaranma tarixi
Əli bəy Hüseynzadə və həcv?
Yəqin ki, Əli bəyin
yaradıcılığına, əsərlərinin mündəricə
və əhatə dairəsinə bələd olanlar bu sərlövhəni
görəndə ilk növbədə təəccüblənəcəklər.
Eyni şəkildə, deyək ki, incə ruh şairi
kimi tanınan Hüseyn Cavidin də həcv yazması, yaza bilməsi
bizə o qədər qəribə görünür.
Lakin heç bir yanlışlıq yoxdur. Söhbət həqiqətən
də Əli bəyin qələmə aldığı, həm
də ilk poetik
yaradıcılıq nümunələrindən
biri olan həcvdən gedir.
Həcv obyekti onun hərbi həkim – dermatoloq
ixtisasına yiyələndiyi İstanbul Hərbi Tibb
Akademiyası – Əsgəri Tibbiyyədir.
Əsərin meydana çıxmasının öz
tarixçəsi var. Məsələyə aydınlıq gətirmək
üçün bir qədər uzaqdan başlamaq lazım gələcək.
Əli bəy
Hüseynzadə “Həyat” qəzetinin 1906-cı il 18, 22, 23, 25
avqust tarixli saylarında dərc etdirdiyi “Nümunə məktəbi”
adlı avtobioqrafik məqaləsində Tiflis klassik
gimnaziyasını bitirdikdən sonra peşə seçimi və
ali təhsillə bağlı ciddi suallar qarşısında
qalmasından söz açaraq yazırdı: “Gimnaziyada
ikmali-təhsildən sonra bənim üçün bir yerinə
iki məsələ hasil oldu. Həm gələcəkdə
təmini-məişət edəcək bir məslək, bir sənət
sahibi olmalı idim. Həm də bu sənəti
öylə bir yerdə, öylə bir darülfünunda
öyrənməli idim ki, müsəlmancam da yaddan
çıxmayıb mümkün isə ülum və əlsinə
və tarixi-İslamı mütaliədə davam və səbat
edib bu xüsusda tərəqqiyə qabil olum. Sənət və məsləklərdən
intixabım təbabətdə qaldı. Lakin
ülumi-tibbiyyəni təhsil üçün Rusiyanın
hansı darülfünun olan şəhərinə getsəm,
ülumi-islamiyyə və əlsineyi-şərqiyyədən
(Şərq dillərindən – V.Q.) tamamən binəsib və
bibəhrə qalacağım mühəqqəq idi”.
Başqa sözlə desək, qarşıya həm Şərqə,
islama, soy-kök və ənənələrə
bağlılığı itirməmək, həm də normal
məişət təmininə xidmət edən bir sənət
sahibi olmaq vəzifəsi qoyulmuşdu. Uzun tərəddüdlərdən
sonra o, Peterburq universiteti üzərində
dayanmışdı. Burada 1855-ci ildə həmvətəni,
məşhur şərqşünas Mirzə Kazımbəy tərəfindən
qurulan Şərq dilləri fakültəsi fəaliyyət
göstərirdi. Amma indi də ortaya başqa problem
çıxmışdı: Çünki “məzkur darülfünunda
Şərq şöbəsi bulunmaqla bərabər
tibb şöbəsi mefkuldu (mövcud deyildi – V.Q.)”.
“Darülfünunun tibb şöbəsi yoxdu, fəqət
tibbin müqəddiməsi olan ülumi-təbiyyə və
riyaziyyə şöbəsi vardı, – deyə Əli bəy
Hüseynzadə yuxarıda qeyd etdiyim məqaləsində
yazırdı.
– İştə bən də bu şöbəyə
tələbə qeyd olundum. Bir tərəfdən
ülumi-təbiyyə təhsil etdiyim halda digər tərəfdən
vaxt bulduqca əlsineyi-Şərq şöbəsinə gedib
amalıma müvafiq olan dərslərə qulaq asırdım.
Bu surətlə təbiyyun tələbədən
bulunduğum halda Şərq şöbəsində farsi, ərəbi və s. dərslərdən
istifadədən geri qalmırdım”.
Beləliklə, o, rəsmən Peterburq universitetinin təbiət
elmləri fakültəsinin fizika-riyaziyyat bölməsini, azad
dinləyici sifəti ilə də Şərq dilləri
fakültəsini bitirmişdi. Şərq və Qərb
dillərinə, mədəniyyətinə dərindən yiyələnmişdi.
Hətta müəyyən dini və milli
basqılara məruz qalan müsəlman üçün də
Rusiya imperiyası şəraitində yaxşı mənsəb
qazanmaq üçün belə təhsil yetərli idi.
Lakin Əli bəy ilk arzusundan – həkimlik sənətinə
yiyələnmək fikrindən daşınmamışdı. Bu ixtisas həm
gələcəkdə həyat və məişətini təmin
etmək, həm də insanlar üçün gərəkli
olmaq baxımından onu daha çox çəkirdi. Öz etirafına görə, “Peterburq universitetində
ikmali-təhsil etdiyim zaman xatirimə yeni bir fikir sünuh etdi.
Mücəddidi-Dövləti-Osmaniyyə olan
Sultan Mahmudun tədbiri ilə və fransızların
müavinəti ilə İstanbulda nevi üsul bir
darülfünuni-tibb açılmışdı ki, getdikcə
tərəqqi edirdi. Həm ülumi-islamiyyə
və şərqiyyədən məhrum olmamaq, həm də təmini-məişətlə
bir sənət və məslək sahibi bulunmaq
üçün gedib bu məktəbə daxil olmaqdan gözəl
çarəmi olurdu? Bir çox tərəddüdlərdən
sonra nəhayət İstanbula getməyə qərar verdim”.
İlk baxışdan seçimin özü müəyyən
təəccüb doğurmaya bilmir. Çünki beş il
yaşadığı, yaxşı bələd olduğu
Peterburqa əsası hələ 1798-ci ildə qoyulmuş və
böyük ənənələrə malik İmperator Hərbi-Tibb
Akademiyası vardı.
Digər
tərəfdən, əsas Qərb dillərinə dərindən
bələd olan Əli bəy ali tibb təhsili
almaq üçün hər hansı Avropa ölkəsinə
də üz tuta bilərdi.
Lakin o, Osmanlı
imperiyasını seçmiş, İstanbula getməyə qərar
vermişdi.
Səbəbini
isə belə açıqlamışdı: “Mən müsəlman
türkəm. Türk müsəlmanam. Türkiyə bir türk və müsəlman
dövlətidir. Bu səbəblə
Türkiyə hər digər vətəndən ziyadə vətənimdir.
Bu vətəni, bu vətəndaşları pək
iyi tanımalıyam”.
Nəticədə 1889-cu ildə azərbaycanlı gənc
Tiflis klassik gimnaziyasının attestatı və Peterburq
universitetinin diplomu ilə özünə vətən
saydığı məmləkətdə, ana dili
saydığı dildə təhsil almaq məqsədi ilə
İstanbula gəlmişdi.
Tezliklə də, türklər demiş, xəyal
qırıqlığına uğramışdı. Çünki din və dil
qardaşlarından intizarında olduğu, gözlədiyi isti
münasibəti görməmişdi. Əli bəy
yazırdı: “İstanbula getdim. Mədəniyyəti-cədideyi-islamiyyənin
ən böyük mərkəzi, Türklüyün, Türk
maarifinin ən işıqlı mehrabı, fəqət bununla
bərabər istibdad və mütləqiyyətin də ən
qaranlıq guşəsi bulunan bu şəhri-əzim təhsilimi
özümə lazım bildiyim ülum cəhətindən mənim
üçün bir müddətdən bəri bir Kəbeyi-amal
olmuş idi. Bən zənn eləyirdim ki,
Tiflis Birinci gimnaziyasından və Peterburq universitetindən
aldığım şəhadətnamələrlə ötədə-bəridə
oxuduğum müsəlman dilləri sayəsində məni
asanlıqla İstanbul Məktəbi-Tibbiyyəsinə qəbul
edərlər. Lakin iş külliyyən məmulumun
xilafına (istədiyimin tam əksinə – V.Q.)
çıxdı. Bir çox maneələr, əngəllər zühur etdi”.
Həmin dövrdə İstanbulda iki tibb məktəbi fəaliyyət
göstərirdi. Bunlardan birincisi şəhərin
Axurqapı səmtində yerləşən Mülki Tibbiyyə,
ikincisi isə Sarayburnu parkındakı Əsgəri Tibbiyyə
idi. Təbiəti etibarı ilə sakit,
macəralardan və macəraçılıqdan uzaq insan kimi
tanınan Əli bəy Mülki Tibbiyyə Məktəbində
oxumaq istəyirdi. İlk baxışdan belə
hazırlıqlı gəncin Türkiyədə hər
hansı ali məktəbə məmnunluq
hissi ilə qəbul ediləcəyini düşünmək
olardı. Gerçəkdə isə gözlənənin
tam əksi baş vermişdi. Bunun da öz
səbəbləri vardı.
XIX əsrin sonlarında Osmanlı imperiyası ilə
müqayisədə Rusiya, xüsusən də Rusiya universitetləri
mütləqiyyətə qarşı mübarizədə yeni
fikir və ideyaların yayılması baxımından olduqca
münbit mühit idi. Osmanlı sarayında rus tələbələrin
inqilabi əhval-ruhiyyəsindən, siyasi terror təşəbbüslərindən
və 1860-cı illərdən etibarən Romanovlara
qarşı hazırladıqları silsilə sui-qəsdlərdən
xəbərsiz deyildilər. Ona görə də, Əli
bəyin özünün də qeyd etdiyi kimi, yerli azadlıq
aşiqləri bir tərəfə qalsın, üstəlik də
“Rusiyadan, rus nihilistləri içindən gələn bir dərbədər
sərsəri İstanbul tələbəsi arasında nihilist
və sosializm əfkarı nəşr edərsə, sonra onun
öhdəsindən kim gələ bilər?
Xeyr, xeyr, böylə şey olamaz!”
Digər
tərəfdən, əslən Dağıstandan olan, Sevastopol
gimnaziyasında təhsilini başa vurduqdan sonra İstanbulda
yerləşən və dövrün maliyyə naziri
Şirvanzadə Rüştü Paşa vasitəsi ilə
yüksək cəmiyyətlə əlaqələr quran
Hacımurad Əmirovun – Murad bəy Dağıstanlının
(1863-1917, türk ədəbiyyatı tarixində daha çox əsasını
qoyduğu nəşrin – “Mizan” dərgisinin adı ilə
Mizançı Murad kimi tanınır – V.Q.) həyata
keçməyən islahat niyyətləri və sultan hakimiyyətinə
yönəlmiş tənqidləri də Rusiya türklərinə
inamsızlığı artırırdı. Osmanlı
məmurlarının “O Rusiyadan gələn Murad bəyin
dilinin, qələminin şərindən xalq xilas olmağa
çalışarkən bir ikinci Murad bəyə əsla yol
veriləməz!” – düşüncəsi Əli bəy kimi insanların
qarşısına çəkilən maneələrin əsasını
təşkil etməkdə idi.
Lakin
yalnız güman və şübhələrə əsaslanaraq
Osmanlı dövlətinə pənah gətirən, yeganə
məqsədi təhsil almaq olan bir türk gəncinə
qapını göstərmək də düzgün
alınmazdı. Əli bəy bu məqamı həssaslıqla
tutmuşdu: “... yol verilməsə də olmuyor. Çünki
özü türk bir müsəlmandır, xeyirxahi-səltənəti-Osmaniyyədir,
əlində gözəl-gözəl şəhadətnamələri
vardır. Fəqirin, məzlumun biridir.
Kimsə ilə işi yoxdur, həkimlik, təbiblik
öyrənməkdən başqa niyyətdə deyildir”.
Təbii ki, Əli bəy Hüseynzadə burada bəyan
etdiyi qədər də “fəqir və məzlum” deyildi. Haqqını
tələb etməyi bacarırdı. Sultan
hakimiyyətinin qarşısına “Mən müsəlman
olduğum halda xristian olan Firəngistanın
darülfünunlarının hər hansı birinə getsəm
əlimdəki şəhadətnamələr sayəsində
bila sual və cavabsız qəbul olunurdum. Nasıl
olur ki, özünə “Xəlifeyi-ruyi-zəmin” (“Yer
üzünün xəlifəsi”- V.Q.) deyən bir islam
padşahının qapıları bila səbəb makül
elm həvəsində bulunan bir müsəlmanın
üzünə bağlanır?” – sualını qoymağı
bacarırdı.
İnadkarlığı
nəticə verdi. İstanbulda
tibb təhsili almasına izin alındı. Lakin naməlum
səbəblərdən özünün istədiyi, həm də
yaşadığı məhəllənin
yaxınlığında yerləşən Mülki Tibbiyyə
Məktəbinə deyil, Əsgəri Tibbiyyəyə daxil ola bilərdi. Digər tərəfdən ortaya
qəribə şərt də qoyulmuşdu: təqdim etdiyi təhsil
şəhadətnamələrinin özünə məxsus
olduğunu sübuta yetirmək üçün “kiçik bir
imtahan” verməli idi. Həm də bu zaman şəhadətnamələrlə
bağlı bir çox “zəvati-möhtərəm və
mötəbərin məktublarına, tövsiyənamələrinə”
qətiyyən əhəmiyyət verilməmişdi. Məqsədindən dönməyən Əli bəy
Osmanlı məmurlarının ortaya qoyduqları yeni oyun
qaydalarını qəbul etməyə məcbur olmuşdu.
Dövrün
çətin və məhdud nəqliyyat şərtləri
daxilində Əsgəri Tibbiyyəyə gedib-gəlməklə
bağlı Osmanlı paytaxtındakı səyahət
“odisseyasını” təsvir edən Əli bəy
yazırdı: “İqamətgahımdan qalxıb məzkur Hərbiyyə
Məktəbinə getmək üçün əvvəla
İstanbulu Paris şəhərinə rəbt edən Şərq
dəmiryolunun vaqonlarına minib Sirkəçi mövqeyinə
enməli idim. Oradan rusların və firənglərin
Qızıl Buynuz, türklərin Xəlici-tərsanə
dedikləri dəniz körfəzini bir qayıq ilə
keçib Qalata deyilən bir məhəlləyə
çıxmalıydım. Sonra o məhəlləni
Peraya, yəni Bəyoğluna rəbt edən bir asma dəmir
yoldan (tunel) mürur edib Peraya varid olmalıydım.
Buradan bir az piyada yürüdükdən
sonra Məktəbi-Sultani önündə bir tramvaya rəaqib
olmalı idim ki, məni Panqaaltı Hərbi Məktəbinə
vasil etsin. İştə bu uzun yolu “küçücük
bir imtahan” üçün gedib-gəlməyə
başladıq...”
İki həftə davam edən “kiçik imtahan”
uğurla başa çatdı. Azərbaycanlı gənc
bütün sahələrdə yüksək bilik və
intellektə malik olduğunu inandırıcı şəkildə
ortaya qoydu. Sanki artıq təhsilə
başlaması üçün heç bir maneə
qalmamışdı. Lakin Əli bəy sevinməyə
macal tapmamış həmin dövrdə Osmanlı ali hərbi
məktəblərində “xüsusi şöbə”
funksiyasını yerinə yetirən “xəfiyyə məmurlarından
ibarət heyət” imtahanın nəticələrini protest edərək
onun dövlətin ali məktəblərə tələbə
qəbulu ilə bağlı qayda-qanunlara uyğun gəlmədiyini bildirdi.
Əli bəyin
öz sözləri ilə desək, qayda isə bundan ibarət
idi ki, “kim olursa olsun, əlində istər Peterburq universitetindən,
istər Paris Akademiyasından nə növ şəhadətnamə
bulunursa bulunsun, hər kəs Osmanlı məktəbi-alisinə
qəbul olunmaq üçün əvvəl əmirdə
Osmanlı Edadiyyə məktəbinin (orta məktəb –V.Q.)
proqramı mocibincə elm və fünundan türk dilində
imtahan verməyə məcburdur”.
Qanunun ruhunu deyil, hərfini hər şeydən
üstün tutan məmurları qarşılarındakı gəncin
bilik və bacarığından Türkiyənin mənafeyi
üçün istifadə etmək qətiyyən
maraqlandırmırdı. Sadəcə, Rusiyada təhsil
aldığı üçün ona yad, yabançı nəzərlərlə
baxır və çəkinmədən üzünə deyirdilər:
“Bizim nəyimizə gərəkdir ki, siz rus məktəblərində
yunan və latınca oxumusunuz və bütün
ülumi-riyaziyyə və hikəmiyyənin istilahatını
rusca, ya firəngcə öyrənmişsiniz? Tarixlərdən
rus tarixini müfəssəl öyrənib sair tarixlərə
də rus gözü ilə, ölü və əski nəzəri
ilə baxmısınız? Rus və slav
dillərinə bir ədibi-kamil kəsilmisiniz və s.”
Nə qədər qəribə görünsə də,
universitet təhsili almış Əli bəy Hüseynzadə
Əsgəri Tibbiyyəyə daxil olmaq üçün orta məktəb
proqramı üzrə imtahan verib müvafiq şəhadətnamə
almalı idi.
Əlbəttə, hər şeyə arxa
çevirib ziyanın yarısından qayıtmaq olardı.
Yaxud bilik və bacarığına uyğun başqa bir iş
tapa bilərdi. O isə heç vəhclə istək və inadından
dönmək istəmirdi. Həmin günləri aradan on beş il keçəndən sonra belə
xatırlayırdı: “Lakin maneələr, müşküllər
artdıqca mənim də əzm və səbatım artır,
təsmim və qərarım qəviləşirdi. Kamal bəy
(vətənpərvər türk ədibi Namiq Kamal nəzərdə
tutulur – V.Q.) mərhum demişdir ki, “Dönərsəm,
kahbeyim millət yolunda bir əzimətdən!”. Mən də
diyordum ki, “Dönərsəm, kahbeyim məktəb yolunda bir əzimətdən!”.
Bu hisslərin təsiri altında kitabçı
dükanlarının yerləşdiyi Babi-Ali küçəsinə
gedib Edadiyyə məktəbi sınaqlarından keçmək
üçün lazımi kitabları əldə etmişdi. Bir ay
hazırlaşdıqdan sonra biri-birinin ardınca imtahanları
uğurla vermişdi. Lakin Osmanlı tarixindən
olan sonuncu imtahan ərəfəsində qarşısına
yeni sürpriz çıxarmışdılar. Məlum
olmuşdu ki, digər ölkələrin təbəələri
Osmanlı ali məktəblərinə,
özəlliklə də hərbi istiqamətli təhsil
ocaqlarına daxil ola bilməzlər. Bunun
üçün ya xüsusi icazə verilməli, ya da həmin
şəxs Osmanlı təbəəsi statusu almalıdır.
Əks-təqdirdə ən uğurlu
imtahanın da heç bir əhəmiyyəti olmayacaq.
“Bunun üzərinə işimizi-gücümüzü
tərk edib başladıq qapı-qapı dolaşmağa. Nəhayət,
min bir bəla ilə iki-üç həftədən sonra
lazım gələn müsaidənaməni ala bildim. Alınca həmən tarixi-Osmanidən bila mane imtahan
üçün Məktəbi-Hərbiyyəyə getdim.
Lakin burada artıq məni tanımaq istəmədilər.
Dedilər ki, siz kimsiniz? Dedim ki, “Rusiya
darülfünunu ikmali-təhsil etdikdən sonra İstanbul Məktəbi-Tibbiyyəsinə
qəbul olunmaq üçün keçənlərdə gəlib
burada uzun-uzadıya mükəmməl imtahan vermiş bir tələbəyəm”
– deyə 1890-cı il fevralın 3-də (köhnə tarixlə
22 teşrini-sani 1305-ci il) rəsmən Osmanlı təbəəliyini
qəbul edən və bununla da bütün maneələri
arxada qoyduğunu düşünən Əli bəy izahat vermişdi. Amma söylədiklərinin heç bir faydası
olmamışdı.
Zamanında
o, rus bürokratiyasından da az çəkməmişdi.
Lakin klassik obrazları hələ bir neçə
əsr əvvəl Füzulinin dahiyanə “Şikayətnamə”sində
yaradılan Osmanlı məmurları bir çox məsələlərdə
rus həmkarlarını suya susuz aparıb susuz gətirə
bilərdilər. Əli bəyin “Həyat”
qəzetində çap olunan xatirələrində də
Füzuli şikayəti ilə yalnız ruhən deyil, həm
də şəkil və məzmun etibarı ilə səsləşən
bir sıra məqamlara təsadüf etmək
mümkündür. Ona görə də, sitatın
uzunluğuna baxmayaraq “Nümunə məktəbi”
yazısından bir parçanı aşağıda gətirirəm:
“Dedilər, biz zənn etdik ki, bu qədər müddət
ərzində siz artıq müsaidənamə
alamadınız, binaənəleyh yaxamızdan əl çəkdiniz,
böylə bir zəndə buunduğumuz üçün əvraqi-imtahaniyyəniz
qeyb edildi. Bu səbəbdən sair ülum və fünundan
müvəffəqiyyətlə imtahan verib-vermədiyiniz məlum
deyildir”. Cəvabən dedim ki, müəllimlərin
cümləsi imtahan vermiş olduğumu xatırlarlar və
şəhadət edərlər”.
Dedilər
ki, “Əvraqi-rəsmiyyə zail edilmiş olduqdan sonra müəllimlər
şəhadət də etmiş olsalar, hökmü olmaz,
iş nizama müğayir olur.
Dedim: “Nə
etməlidir?” “Dedilər ki, nazir paşaya
çıxıb hal və vəziyyəti
anlatmalısınız”. Biz də oylə
etdik. Nazir paşanın hüzuruna
çıxıb macərayı olduğu kimi hekayə etdik.
Nazir paşa xoş müamiləli, nəzakətli
və məlumatlı bir adama bənziyordu. Dedi ki, “oğlum,
nə edəlim? Əvraqi-imtahaniyyəni
zail etmişlərdir”. Dedim: “Zərəri yoxdur, yeni
başdan imtahan verməyə qabiləm”.
Bu
sözlərə qarşı paşa dedi ki, “Siz imtahan verməyə
qabil isəniz də mən Hərbiyyə müəllimlərini
yenidən sizi imtahana məcbur etməyə qabil deyiləm, çünki imtahan mövsümü xitam
buldu. Binaənəleyh gələcək sənəyə
qədər gözləyib o zaman buraya təşrif edər və
yeni başdan imtahan verə bilərsiniz”.
Dedim:
“Paşa həzrətləri, bu haqqımda böyük zülm oldu. Bunca
aylardan bəri səy və qeyrət etdim, əməklərim
boşa getdi. Bir də gələcək sənəyə
qədər bəkləyib şayəd o vaxt da imtahanlarım
bir komediyayi-faciəyə münqəlib olursa
büsbütün pərişan olub həm əməklərim
badə gedər, həm cibimdəki beş-on lirə də
boş yerə sərf edilmiş olur. Bən
üç-dörd aydan bəri ev kirəsi
veriyorum. Bedava da yiyib-içmiyorum. Bunlar həp para ilə oluyor. Bir
də siz istiyorsunuz ki, bu hallar bir sənə də davam etsin?
Hayır, hayır, bu zülmdür!”
Təsadüfən
nazirin qəbul otağında olan müəllimlərdən
biri Əli bəyi tanımış, onun imtahanları parlaq şəkildə
verdiyini bildirmiş və belə gənclərin Türkiyə
üçün böyük qazanc olduğunu söyləmişdi.
Bu sözləri eşidən nazir Əli bəyə kömək etmək qərarına
gəlmişdi. Kömək isə onun artıq imtahan yolu ilə
tələbəsi adını qazandığı Əsgəri
Tibbiyyəyə qeyd-şərtsiz qəbulundan yox, yenidən
Edadiyyə məktəbinin imtahanlarına buraxılmasından
ibarət idi...
Beləliklə, Əli bəy ikinci dəfə
Osmanlı tarixi də daxil olmaqla orta məktəb proqramı
üzrə bütün imtahanları vermişdi. Artıq arzusunun gerçəkləşməsi
yolunda heç bir maneənin qalmadığını
düşündüyü zaman ən gülməli arqumenti
eşitməli olmuşdu: Rüşdiyyə (orta təhsilin
birinci pilləsi, inqilabdan əvvəlki rus təhsil sistemində
təxminən progimnaziya səviyyəsinə uyğun idi –
V.Q.) siniflərini keçməyən bir öyrənci Edadiyyə
proqramı üzrə imtahan verə bilməzmiş!
Yenə də
“Şikayətnamə”ni xatırladan
başqa bir dialoq meydana çıxmışdı:
“- Əfəndim, Edadiyyə dərslərindən
imtahanlarda göstərmiş olduğum rüsuh və məlumat
Rüşdiyyə dərslərinə daha layiqi ilə vaqif
bulunduğumu isbat etmirmi?
– Əfəndi, şübhəsiz, isbat edir. Ancaq nə edəlim?
Ağıl və məntiq bir bəhisdir. Nizami-dövlət bir ayrı bəhisdir. Biz nizam quluyuz, nizamın xaricinə
çıxamayız”.
Sonda vəziyyətdən çıxış yolunu
Əli bəy özü göstərmişdi. Tələb
etmişdi ki, əvvəla ikinci Edadiyyə imtahanlarından
uğurla çıxması barəsində ona müəllimlərin
imzası ilə möhürlü şəhadətnamə
verilsin və bu yolla da sənədlərin itirilməsi bəhanəsinin
qarşısı alınsın. İkincisi
isə, sonradan ibtidai məktəb proqramı üzrə
imtahandan keçmədiyi ilə bağlı iddianın irəli
sürülməməsi üçün ibtidai məktəb
və Rüşdiyyə imtahanları birləşdirilsin.
Rəhbərlik bu şərtləri qəbul etməli
olmuşdu. Nəticədə, nə qədər
gülməli görünsə də, Peterburq universitetinin məzunu
yuxarıdan aşağıya türk məktəbinin
bütün pillələri üzrə imtahanları verdikdən
sonra Əsgəri Tibbiyyənin tələbələri
sırasına qoşulmaq hüququ qazanmışdı.
İkinci
tələbəlik həyatına başladıqdan az sonra
Əli bəy Hüseynzadə anlamışdı ki, Rusiyada
olduğu kimi Osmanlı imperiyasında da mütləqiyyət
hakimiyyətinin qorxduğu, ehtiyat etdiyi başlıca qüvvələrdən
biri tələbə hərəkatı, ali məktəblərdir.
Səbəb isə eyni idi: “Çünki orası fikri oyanan
cocuqların ictimagahı, əfkari-şəbbeyi-münəvvərənin
mihrakıdır (hərəkətverici qüvvəsi – V.Q.). Dövlət, dövləti-müstəbidə istər
ki, heç böylə mihraklar vücudə gəlməsin.
Lakin nə çarə ki, bunlarsız
olamıyor, bunlara ihtiyaci-azim vardır”.
“Höküməti-mütləqa
üçün məktəb açmaq bir bəla,
açmamaq da bir bəladır, – deyə Əli bəy daha
sonra fikrinə davam edərək yazırdı: – Osmanlı
dövləti işin qolayını bulmuşdur: açdığı
məkatibi-aliyyəyi qalın qılaf və zırhlarla
bürüməyə, mətin və yüksək divarlarla əhatəyə
qərar verib bunların xariclə, xaricdəki camaatla əlaqələrini
bilkülliyə qət etmişdir. Bu səbəbdəndir
ki, İstanbula gələn bir səyyah nəzəri-üladə
zənn edər ki, İstanbulda tələbə yoxdur,
çünki tələbəyə bir yerdə rast gələməz,
onlarla görüşəməz, görüşsə də
çox çətinliklə görüşür”.
Həmin qadağalar Əsgəri Tibbiyyədə daha sərt
və ardıcıl həyata keçirilirdi. Tələbələrin
ətraf aləmlə əlaqələri demək olar ki, kəsilmişdi.
Onlar həqiqi hərbi xidmət keçən əsgərlər
kimi tam bir qışla rejimində yaşayırdılar.
Ünsiyyət imkanları son dərəcə məhdud
idi. Dərsdən kənar məşğələ
və mütaliələri xüsusi nəzarət altına
alınmışdı. Əli bəy
xatırlayırdı: “Tələbənin cümləsi
daxili, yəni məktəb daxilində yatıb-durmağa məcbur
oldular. Bunlar ancaq cümə günləri, həftədə
bir dəfə, o da düz evlərinə getmək şərti
ilə məktəbdən çıxa bilirlərdi. İş bu qədərlə də qalmadı.
Qəzetələrin, hətta “Sabah”, “İqdam”
kimi İstanbulun özündə çıxan ən zərərsiz
(İstanbul nəzərində ən zərərsiz)
Osmanlı qəzetələrinin məktəbə dühulu
qadağan edildi. Hərhangi bir tələbənin
əlində bir qəzetə görülsə, o tələbə
həftələrcə zindana atılırdı. “Əfəndim, tələbəyə qəzetə nə
lazımdır, qəzetə oxuyunca öz həkim
kitablarını mütaliə etsin”. Tələbəlik
etmiş olduğum Peterburq universitetində hər növ qəzetə,
məcmuə və həvadislə dolu, tələbəyə
məxsus vasi qiraətxanayi
xatırladıqca, bana bu hallar fövqəladə qərib
görünüyordu. Lakin bunlar həp tədabiri-istibdadiyyədən
olan qılaf və məhfəzələrin nəticələri
idi!”
Lakin
bütün bu çətinlik və məhdudiyyətlərə
baxmayaraq İstanbulda, türk dilində ali
tibb təhsili almaq, bütün fərqlilik və müxtəliflikləri
ilə türk stixiyasında yaşamaq Əli bəyin öz
seçimi idi. Odur ki, hər şeyə mətanətlə
dözürdü.
Eyni zamanda
Peterburqda, zəngin ənənələrə malik
oturuşmuş universitetdə təhsil görmüş
ziyalı kimi Osmanlı ali məktəblərinin də tədrisin
keyfiyyəti və maddi-texniki təminatı baxımından
Avropa, heç olmazsa, Rusiya səviyyəsinə yüksəldilməsinin
zəruriliyini hər vasitə ilə anlatmağa, təşviq
etməyə çalışırdı. Tələbələri
sırasında yer aldığı Əsgəri Tibbiyyə “Tibbxanə və Cərrahxaneyi-Amirə”
adı altında 1827-ci ildə, II Sultan Mahmudun fərmanı
ilə təsis edilmişdi. Osmanlı tarixində islahatlar
dövrünün başlanğıcı sayılan 1839-cu ildə
bu xüsusi tədris müəssisəsinin adı dəyişdirilib “Məktəbi-Tibbiyyey-Əsgəriyyeyi-Şahanə”,
yəni İmperator Hərbi Tibb Akademiyası qoyulmuşdu.
Əli bəy Hüseynzadə, təhsil illərində
heç şübhəsiz, Əsgəri Tibbiyyənin ən
parlaq tələbələrindən biri sayılmalı idi. O, yüksək intellektinə,
ensiklopedik biliklərinə görə nəinki həmyaşıd
olduğu gələcək hərbi həkimləri, həm də
bir çox müəllim və professorları da
qabaqlayırdı. Yusif Akçura ilk dəfə “Türk
yurdu” məcmuəsində, sonralar isə
“Türkçülüyün tarixi” kitabında çap
etdirdiyi “Hüseynzadə Əli bəy” oçerkində azərbaycanlı
gəncin Əsgəri Tibbiyyə tələbələri
üzərindəki böyük təsirindən söz
açaraq yazırdı:
“Onun gəlişi təzə
və xoş qoxulu bir Avropa havasının əsməsi kimi
oldu. Tələbəsinin çoxu Anadolu və Rumelinin uzaq,
qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə
Əli bəy bir quzey günəşi kimi parladı... Yunan və
latın ədəbiyyatına aşina
olmaqdan başqa alman, rus, ingilis ədiblərini xeyli gözdən
keçirmiş, Şərq ədəbiyyatını şərqşünaslar
səviyyəsində öyrənmişdi. Üstəlik,
rəssamdı və kaman çalırdı. Yoldaşlarının hamısı əski dövr ədiblərinin
ad və rəsmlərini ancaq “Kiçik Larousse” (fransız
ensiklopedik lüğətidir – V.Q.) vasitəsi ilə bilirdilər.
Rus fikir və ədəbiyyatına tamamən
yabançı idilər. Çoxunun Qərb
fikir və ədəbiyyatına bələdliyi də ancaq
fransız qramer və lektorlarında hecalanan parçalara
dayanırdı. Əli bəy İstanbul
Tibbiyyə məktəbinə Qərb fikirlərini, Qərb
irfan və mədəniyyətini, qısası, Qərbi
tanıtmaqda professorlardan çox xidmət etdi.
Yoldaşlarından doktor Abdulla Cövdət bəy Əli bəyin
Tibbiyyə Məktəbindəki təsirini belə izah edir:
“Əli bəy səssiz və düşünür halı ilə,
əsrarəngiz təsiredici öyüdləri ilə üzərimizdə
bir peyğəmbər təsiri buraxırdı. Əvət, o bir rəsuli-həqq idi”.
Təbii ki, Əsgəri Tibbiyyə müdavimlərinin
şəksiz mənəvi lideri statusu qazanan Əli bəy məktəbdə
hökm sürən dözülməz şəraitə biganə
qala bilməzdi. Sultanın adı ilə bağlı olan
bu elitar təhsil ocağında isə vəziyyət həqiqətən
çox bərbad idi. Həm də söhbət
yalnız sərt polis rejiminin qurulmasından, yadfikirliliyin hər
hansı təzahürünün qarşısının
yerindəcə alınmasından getmirdi.
Tələbələrin yaşadığı şərait
və təhsilin səviyyəsi ortaya bir sıra cavabsız
suallar çıxarırdı. Məsələn,
akademiya statuslu təhsil ocağında yalnız bir mikroskop
vardı. Ona görə də müəllim
və tələbələr hər hansı təcrübə
qoymaq üçün günlərlə gözləməli
olurdular. Məktəbin damı
uçmuşdu, yeməkxana bərbad vəziyyətdə idi.
Hər yerdə antisanitariya və natəmizlik
hökm sürürdü. Daxili qaydalara əməl
olunmurdu. Ən kiçik
narazılıqların da qarşısı sərt şəkildə
alınırdı.
Bütün
bunları dəfələrlə müşahidə edən, həm
də vaxtı ilə tələbəsi olmaq üçün
can atdığı məktəbin acınacaqlı vəziyyətindən
üzülən Əli bəy heç nəyə baxmayaraq
etiraz səsini qaldırmaq, eybəcər vəziyyəti
ictimailəşdirmək qərarına gəlmişdi. Belə hallarda şeir dilinin daha təsirli və
yüyürək olduğunu göz önünə gətirərək
Azərbaycan ədəbiyyatında geniş yayılmış
həcvdən – satirik ünsürlərin aparıcı rol
oynadığı poetik şəkildən istifadəni daha
üstün tutmuşdu. “Əski Tibbiyyə”
adı ilə tanınan və yayılan həcv belə meydana
çıxmışdı.
XIX əsrin sonu türk poeziyasında satirik şeirin
tanınmış nümayəndələrindən olan
şair Əşrəfə müraciətlə başlayan həcvdə
Əsgəri Tibbiyyədəki mövcud vəziyyətin onun
yaradıcılığına geniş mövzu imkanları
açdığını vurğulayan Əli bəy daha
sonra məktəbdəki nöqsan və
çatışmazlıqları məsxərəçi bir
dillə tənqid etmişdi. Həm də yalnız
məsxərə ilə kifayətlənməmişdi. Türkiyədə dillər əzbəri olan “Bu yerdə
bil ki, hürriyyət əsarətdən ibarətdir, Maarif
nuru yoxdur, nur zülmətdən ibarətdir” misraları ilə
baltanı kökündən vuraraq II Əbdülhəmid
hakimiyyətinin əsl mahiyyətini ortaya qoymuşdu.
1893-cü ildə yazıldığı ehtimal olunan həcv
Əsgəri Tibbiyyə tələbələri arasında son
dərəcə böyük populyarlıq qazanmış, əl-əl
gəzmişdi. Sonda məktəb rəhbərliyini narahat
edən əsərin nüsxəsi tələbələrdən
birində tapılmış, yalnız bundan sonra həqiqi
müəllifin kimliyini müəyyən etmək
mümkün olmuşdu. Əli bəy və
həmin tələbə bir neçə günü qaupvaxtda
keçirmişdilər.
Əli bəy
Hüseynzadənin həcvi Türkiyədə ilk dəfə
1912-ci ildə (hicri tarixlə 1328-ci il) Riza Təhsinin “Mirati-Məktəbi-Tibbiyyə”
kitabında (II cild, səh. 267-269), daha sonra isə İstanbul
Darülfünunun tibb bölümündə onun tələbələrindən
olan doktor Vəli Behcət Qurdoğlunun “Şair təbiblər”
kitabında, “Hüseynzadə Ali Turan” oçerkinin
(İstanbul, 1967, s. 283-289) içərisində çap
edilmişdir. Nəhayət, Əli bəy
Hüseynzadə irsinin Türkiyədəki tanınmış
tədqiqatçısı professor Əli Heydər Bayat da
adı çəkilən həcvi öz kitabına
(Hüseynzadə Əli bəy. Atatürk
Kültür Mərkəzi yayınları. Ankara 1998, səh. 101-102) daxil
etmişdir.
Aşağıda
“Şair təbiblər” kitabından
götürdüyümüz mətni təqdim edirik:
Gəl ey
Əşrəf1, bu məktəbdə sən et
icrayi-təhqiqat,
Hesabsız anda mümkündür sənə yazmaq
rübaiyyat.
Neçə
yıldır nəyi gördümsə, bən ancaq eylədim
fəryad:
“Betəng əz suhtən aməd, dimağem dad əz in
halat”2.
Bizim məktəbdə
dam yoxdur, bütün məruz baranə3
Koğuşta4
yatmağa mütləq çadır lazımdır insanə
Yarar bəlkə
duşa, bilməm tədaviye bu viranə
“Betəng
əz suhtən aməd, dimağem dad əz in halat”
Cahanı
xeyli gəzdim görmədim bundan daha agrəb5
Axur
gördüm bəyənməz heç nə bir beygir6, nə bir mərkəb7
Nə bu?
– sordum. Cavab aldım: tənəffüsxaneyi-
məktəb
“Betəng
əz suhtən aməd, dimağem dad əz in halat”
Bizim
Bastil’də8 ümmidi təmamən səhhətindən kəs
Yer
altında, qaranlıqda, rütubətdə yatar hər kəs
Görüb
“Sərvət”9 yazar:
məktəbdə son sistemdə bir məhbəs
“Betəng
əz suhten aməd, dimağem dad əz in halat”
Mugaayir həp
şu məktəbdə əvamir10 məntiqə bəncə
Nədən olsun yasaq məktəbliyə hər
türlü əyləncə?
Nə məna ihtiyar ol əmrini verməkdə hər gəncə?
“Betəng
əz suhtən aməd, dilem feryad əz in halat”
Təam
vaxtında şagirdan iki saat düzülməkdə,
Yemək
olmaqda buz, üstdən de mikroblar tökülməkdə,
Nasıl bilməm ki, sonra ol yeməklər həzm edilməkdə?
“Betəng
əz suhtən aməd, dimağem dad əz in halat”
Basiller11
çin gözəl kültür yeri olmuş yeməkhanə
Anın
üstünde meslulin12 olur yanlar ədəbhanə13
Nasıl
fəryad edilməz kim ba
na derlər
bu əfsanə
“Betəng
əz suhtən aməd, dilem fəryad əz in halat”
Gıda
aldınsa baqqaldan həmən dəf et
mukayyılə14
Sakın
“Eczacı” dan alma, mukayyıyi həzər
eylə
Gedib
yalnız bizim bir mətbəxə ətfi-nəzər eylə,
“Betəng
əz suhtən aməd, dilem feryad əz in halat”
Düşüncən
bir para etməz yeni bitmiş sərırıyat15
Məsarif
çün əcəb kaç bin lirə göstərdi
inşaat
Nolurdu bən
də inşaatda olsaydım böyük bir zat
“Betəng
əz suhtən aməd, dimağem dad əz in halat”
Nəbatat
baxçası bir tarla olmuşdur mugaylan’ə16
Latınca
yaftalar17 boşda durur bəklər yetimanə
Araşdırsan
bunun sirrin sürərlər bəlkə Fizan’ə18
“Betəng
əz suhtən aməd, dimağem dad əz in halat”
Bizə
mikroskop əlzəmdir nasıl ki, topçuya bir top
Bana derlər ki doktorluq edərmi görməyən
mikrob?
Bizim məktəbdə
bilməzlər görünməz bəlkə mikroskop
“Betəng
əz suhtən aməd, dilem feryad əz in halat
Diyorlar
ki, edilmişdir bu hallar ərz sultana
Yeni məktəb
yapılsın var irade əmr-i Şahanə
Əlan19 yox ortada bir şey səbəb təxirə aya
nə?
“Betəng
əz suhtən aməd, dimağem dad əz in halat”
Bu yerdə
bil ki, hürriyyət əsarətdən ibarətdir,
Maarif nuru
yoxdur, nur zülmətdən
ibarətdir,
Tərəqqi
eyləmək maziyə ricətdən ibarətdir,
“Betəng
əz suhtən aməd, dilem fəryad əz in halat”
P.S.
Heç şübhəsiz, həcvdən xəbər tutan təhsil
məmurları vaxtı ilə azərbaycanlı gəncin
Tibbiyyəyə aparan yollarını bağlamaq
üçün göstərdikləri səylərə
görə öz uzaqgörənliklərindən məmnun
qalmışdılar. Amma əslində, bu çox zəif təsəlli
sayılmalıdır. Çünki etirazlar təkcə həcvlə
bitməmişdi. Onların zamanında qarşısını
ala bilmədikləri Əli bəy Hüseynzadə az
müddətdən sonra Osmanlı imperiyasında sultan
hakimiyyətinə ciddi təhlükə törədən
siyasi simalardan birinə çevrilmişdi...
P.P.S. Bu həcvin
meydana çıxmasından az sonra ən
yüksək səviyyədə qəbul edilən bir qərarı
təbii ki, sadəcə onun təsiri ilə əlaqələndirmək
sadəlövhlük olardı. Lakin ədalət naminə qeyd
etmək lazımdır ki, 1894-cü ildə II Sultan
Əbdülhəmidin əmri ilə Əsgəri Tibbiyyə
üçün İstanbulun Heydərpaşa səmtində
Avropa memarlığı üslubunda indi Mərmərə
Universitetinin tədris korpuslarından biri kimi istifadə olunan
möhtəşəm binanın tikintisinə
başlanmış və hərbi tibb akademiyası 1903-cü
ildə həmin binaya köçmüşdü...
1 məşhur
türk satirik şairi,
2 “Təngə
gəldim, ürəyim bu haldan fəryad etdi” (farsca)
3
yağış
4 yataqxana
5 qəribə
6
ayğır
7 uzunqulaq
8 Fransada
uzun müddət
həbsxana kimi istifadə olunan Bastiliya qalası nəzərdə
tutulur
9 “Sərvəti-fünun”
məcmuəsi
10 əmrlər
11 basil
çöpləri, geniş yayılmış mikrob növlərindən
biri
12
milçək
13ayaqyolu,
tualet
14 qeydə
aldırmaq
15 xəstəyə
baxılan yer, klinika
16 heyvanlar, vəhşilər
17 elan lövhələri
18 həmin dövrdə Osmanlı imperiyasının tərkibinə daxil olan indiki Liviyanın ucqar əyalətlərindən biri. Sultan hakimiyyətinə zidd fikirli şəxslər adətən ora sürgünə göndərilirdi
19 indi
Budapeşt
mart, 2014-cü il
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 5 aprel.- S.10-11:20