Aydın Mirzəzadənin "Müdriklik
dərsləri"
Bu gün Azərbaycan gəncini internetsiz təsəvvür
etmək mümkün deyil. Yaşından asılı olmayaraq
övladlarımız kompüterlə daha çox ünsiyyətdə
olur, gördüyü, eşitdiyi hadisələrin
asanlıqla təsirinə düşür və təbii ki,
onun təlim tərbiyəsində də virtual aləmin rolu az deyil. Sərhədsiz internet
"dərya"sına qərq olan gənc zamanının
çoxunu sərf etdiyi bu mühitin gələcək həyatına
mənfi zərər verə biləcək amillərindən
qorumaq üçün hazırlıqlı olmalıdır.
Özünü, kökünü, ailəsini unutmamalı, bir
sözlə
ovcundakı dünyaya şüurlu şəkildə
boylanmalıdır.
Sosial şəbəkə istifadəçiləri
arasında olan ziyalılar kənardan seyrçi kimi
baxmamalı, gənclərə doğru söz söyləməlidirlər.
Sivil cəmiyyyətin
nümayəndəsi olmaq üçün tələb olunan insani keyfiyyətlər
təkcə onun ətrafdakılarla münasibətini tənzimləmir.
Ən vacibi fərdin özünüdərki formalaşır. Mənən qüdrətli olmağı və
qarşısına çıxan çətinlikləri dəf
etmək gücünə yiyələnməyi
aşılayır. Peyğəmbərimizin də
insandan üç vacib tələbi "səbr",
"səbr", yenə də "səbr"dir. Hər bir
insan hadisələrdən düzgün nəticə
çıxartmalı, düşüncələrində
şəxsiyyət olduğunu isbatlamalıdır. Bunun üçün böyüklərdən dərs
almaq, ədəbi qəhrəmanlarımızın həyat
yolundan ibrət götürmək, müdrik insanların deyimlərini
xatırlamaq və ibrətamiz nəsihətlərindən
faydalanmaq lazımdır. Babaların,
ataların öyüd-nəsihəti oğullara zamanında
ötürülməlidir ki, onun da yetişdirdiyi övlad
layiqli şəxsiyyətə çevrilsin.
Xeyli vaxtdır ki, Facebook sosial şəbəkəsində
millət vəkili Aydın Mirzəzadə "Müdriklik dərsləri"
başlığı altında silsilə hekayələr
yazır.
Sözün təsir gücünü bir daha qabardan deputat, ali
məktəb müəllimi bu yazıları paylaşmaqla ən
ali kürsüdə əyləşən qanunlar müəllifi, auditoriya
qarşısında dərs deyən bir elm nümayəndəsi
kimi gəncləri həyatın ibrətamiz gerçəkliklərindən
hali etmək məqsədini düşünür və sosial
şəbəkənin geniş imkanlarından yararlanaraq təmas
qurduğu insanlara həyat fəlsəfəsini
aşılamağa çalışır.
Mingəçevir şəhərinin ilk qurucularından
olan el ağsaqqalı, ədəbi aləmdə nəsihətləri
ilə tanınan Təmkin təxəllüslü
Böyükkişi Mirzəzadənin ocağında göz
açan Aydın müəllim özü də atasından
eşitdiklərini yaddaşına əbədi həkk edib.
"Oğlum" rədifli şeirində Təmkin
övladına deyir:
Ata nəsihətini
qəbul eyləyib,
Sözlərimi nəzərə alasan oğlum.
Dünya
fəlsəfədir başdan-ayağa,
İstərəm
ki, hali olasan oğlum,
"Ata
borcu" divanında yazır:
...Atalar
övlad üçün gərəkdi,
etsin
tövsiyə,
Haqq yoluna
qədəm basan
gedəcəkdi irəliyə!
Əsli-zatı
pak olanlar tez çatar
təlim-tərbiyə,
Yoxdursa
nadürüstlük cismində
agər
atanın...
Yaxud
"Hikmətli sözlər" şeirində söyləyir:
...Məntiqi
var hər söylənən nağılın,
Tükənməz bəhrəsi dərin
ağılın.
Bəd əməldən
uzaq gəzən oğulun,
Anası saçını yolmaz deyiblər.
Var həyatda
yaxşı-pisin nisbəti,
Haqdan gələr
hər bir kəsin isməti,
İnsan
gərək itirməsin isməti,
Tökülən
qab bir də dolmaz deyiblər....
Təmkinin oğluna verdiyi öyüd-nəsihətlər
hədər getməyib. Millət vəkili Aydın Mirzəzadə
bugünün özündə də həyatda
qazandığı bütün uğurlarına görə 90
yaşlı atasına borclu olduğunu səmimiyyətlə
etiraf edir və həyatda ən yaxın məsləkdaşı,
silahdaşı, dostu hesab etdiyi bu insanın sözünə
indi də ehtiyacı olduğunu dilə gətirir. Danışdığı hər bir kəlməsinə
görə ondan ehtiyatlanır. Atasına məhəbbətini,
ondan öyrəndiklərini isə övladına, eləcə
də Azərbaycan gəncliyinə təlqin edir.
Aydın Mirzəzadənin "Müdriklərin dərsi"
silsilə yazılarında, topladığı deyimlərin hər
bir misrasında böyük məna çaları var.
Təkcə düşünmək üçün
deyil, bəzən də jurnalistlərin hər hansı mövzu
ilə bağlı sitat gətirdiyi bu kəlamlar nəhayət
kitab halında oxuculara təqdim olundu.
Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə
doktoru Aydın Mirzəzadənin "Müdriklik dərsləri"
ktabının birinci hissəsi Azərbaycan nəşriyyatında
çapdan buraxılıb. 200 nəsihətin yer
aldığı kitaba ön sözü, millət vəkili,
Respublika Ağsaqqallar Şurasının sədri Fəttah
Heydərov yazıb. Milli məfkurəmizdə
ağsaqqal sözünün həyati əhəmiyyət kəsb
etdiyini vurğulayan, el ağsaqqalı Fəttah müəllim deyir ki: "Müdriklik həyatı
düzgün qurmağa, səhvləri azaltmağa, yolu
düzgün seçməyə kömək etmişdir.
Müdrik fikirlər nəsildən-nəsilə
keçmiş, insanlara yaxşı bir həyat dərsi
olmuşdur..."
Kitabın
üz qabığında, çərçivədə
valideynlərinin şəklini canlandıran müəllif Aydın Mirzəzadə
ata-anasına sonsuz ehtiramını nümayiş etdirir.
Böyüklərindən eşitdiyi, kitablardan oxuduğu, həyatda
qarşılaşdığı hər bir hadisəni bədii
fonda işıqlandıraraq onu oxucunun
ixtiyarına verir. Sözün qılıncdan
iti olmasına diqqət çəkir, adi bir səhvdən
qaynaqlanan böyük bir faciənin qurbanı olmamaqdan
ötrü düzgün qərar vermək üçün
müdriklərin həyatına baxmağı məsləhət
görür.
Kitabdakı maraqlı məqamlardan biri də budur ki,
müəllif təkcə dahilərin həyatına nəzər
salmır, diqqətini cəlb edən adi bir hadisənin də
mahiyyətini açaraq onun fəlsəfi düşüncəyə
aid olduğunu önə çəkir.
Bu müdrik deyimlərin qəhrəmanları
arasında dühalarla yanaşı, doğru fikir yürüdə
bilən müxtəlif peşə sahibləri, həyatın
sıldırımlı yollarından uğurla addımlayan zəhmətkeş
insanlar da var, hələ nəyin düzgün
olub-olmadığını dərk etməyən balaca
uşaqlar da.
Aqillər əbəs yerə deməyiblər ki,
ağıl yaşda deyil, başdadır. Bəzən
düşüncəsiz hesab etdiyimiz balaca bir uşağın
qeyri-adi hərəkəti müdrik bir insanın söylədiyi
düşüncəyə tay gəlir.
"Müdriklik dərsləri" kitabının
dördüncü dərsində olmuş bir hadisə nəql
edilir.
"Bir nəfərin
televizoru xarab olur və təmir üçün evə usta
çağırılır. Usta təmir
üçün televizorun arxasını açdıqda qəribə
bir mənzərənin şahidi olur. Televizorun
arxası çörək qırıntıları ilə
dolu idi və nasazlıq da bu qırıntılarla
bağlı idi.
Evdə isə ata-anadan başqa 4 yaşlı qız
yaşayırdı və valideynlər ondan şübhələnirlər. Fikirləşirlər ki, bu
işi qızcığazdan başqa heç kim
edə bilməzdi. Uşağın valideynləri usta
yanında heç nə demirlər. Televizor çörək
qırıntılarından təmizlənir və usta
televizoru sazlayaraq təhvil verir.
Haqqını
alan televizor ustası gedəndən sonra
valideynlər qızlarından məsələni soruşurlar.
Qız əvvəl boynuna almaq istəmir, sonra isə
hönkür-hönkür ağlamağa başlayır.
Məlum olur ki, uşaq ekranda xarici ölkələrdəki
ac uşaqları gördükcə mətbəxdən
çörəkləri gətirir və televizorun
arxasındakı dəliklərdən içəri
atırmış".
Bu 4 yaşındakı uşağın hərəkəti
onun hansı ürəyə sahib olduğuna işarədir və
etiraf edək ki, bu hekayənin sonundakı misradan hər bir
oxucunun qəlbi sızlayır, atalar demiş elə bil mizrab
"sarı sim"ə dəyir, kövrəlirsən. O balacanın qəlbindən
nələr keçdiyini biləndə, ürəyində
kaş ki, "böyüklərin hamısı belə
düşünəydi" deyə təəssüf hissi
keçirirsən.
Uşaqlar doğulanda saf, təmiz olur, ancaq xasiyyəti,
onun yaxşı-pis əməlləri real aləmdə
gördükləri hadisələrdən yoğrulur. Pedaqoqların
dediyi kimi onu gələcəkdə istənilən səmtə
yönəltmək valideynlərin, müəllimlərin, bir
sözlə cəmiyyətin üzərinə
düşür.
"Müdriklik dərsləri" kitabı da gənc nəslin
təlim-tərbiyəsində müəllimlərin
stolüstü kitablarından biri olmalıdır.
Hazırda
isə Aydın Mirzəzadə "Müdriklik dərsləri"
kitabının ikinci hissəsi üzərində
çalışır. Yeni-yeni fikirləri
toplamaqla məşğuldur. Hər həftə sosial
şəbəkədə, öz Facebook səhifəsində
"Müdriklərin dərsi" silsiləsini davam etdirir. Onun seçdiyi söz incilərinə isə diqqət
get-gedə artmaqdadır. Həmin fikirlər
qısa bir vaxtda neçə-neçə insan tərəfindən
paylaşılır. 400 hekayənin
toplanacağı kitabın növbəti hissəsinin 2 ildən
sonra çap edilməsi nəzərdə tutulur.
“Müdriklik dərsləri” kitabının oxucular tərəfindən
maraqla qarşılandığı isə göz önündədir. Çünki müəllifin şəxsi
səhifəsində yazılan bir həyat dərsinə
anındaca münasibət bildirilir və yüzlərlə
istifadəçi tərəfindən həmin yazılar
bir-birlərinə ötürülür. Elə son günlər
yüzlərlə insanın paylaşdığı bu fikirlər
də həmin “Müdriklik dərsləri”ndən birinə
aiddir.
"Üç
məsələ heç zaman geri qayıtmır: zaman,
söz, imkan.
Üç
məsələ həyatda ən etibarsızdır:
hakimiyyət, uğur, var-dövlət.
Üç
məsələ insanı məhv edir:
alkoqol,
təkəbbür, kin.
Üç
məsələni demək çətindir:
səni
sevirəm, bağışla, mənə kömək elə.
Üç
məsələni heç zaman itirməyə dəyməz: səbir,
ümid, şərəf.
Üç
məsələ ən qiymətlidir:
məhəbbət, əqidə, inam.
Üç
məsələ insana qiymət verir:
zəhmət, düzgünlük, nailiyyət".
İnsanın həyatdan ən böyük istəyi xoşbəxt bir ömrə sahib olmaqdır. Gəlin biz də övladlarımızın xoşbəxtliyi üçün onlara müdriklərin həyatını misal çəkək. Onlar üçün verə biləcəyimiz nə varsa, çalışaq ki, əldə edə bilsinlər. Gələcəyimiz naminə, milli əqidəmiz naminə...
Şəlalə
MƏHYƏDDİNQIZI
Azərbaycan
Radiosunun əməkdaşı
525-ci qəzet.-
2014.- 8 aprel.- S.8.