Nə tayı, nə bərabəri...

 

 

 

Dünya, dünya! Qalan dünya, yaman dünya, fani dünya. İsanı bizdən alan, bizi İsasız qoyan dünya. Neyləyəsən ki, ölüm haqdı, qaçılmazdı, alın yazısıdı. çarəsi, təbibi, məlhəmi. Bir gün gələn bir gün gedər bu dünyadan. isə...

Düz altmış səkkiz il bundan əvvəl baş vermiş dəhşətli bir hadisə zaman-zaman başımda dolanır, gözlərim önündə canlanır. Hərdən İsa ilə Qarayazı meşəsinə yaşılbaş, xınalı kəklik, min rəng çalarlı kol xoruzu vurmaq həvəsilə ova çıxırdıq. İllaha da yazın oğlan çağında, çəmən, çiçək xalı-xalça toxuyanda, boynu buruq tər bənövşə tikanların arasından boylananda... Çox vaxtı da şikardan əli boş qayıdırdıq.

Növbəti şikar zamanı meşənin dərinliyində şaxlı palıd ağacının ucalığında iki göyərçin qarşı-qarşıya dayanıb pıçıldaşırdılar. Tələsik göyərçinləri nişan aldım. Biri göz qırpımında yerə düşdü. Köksünü qan götürmüşdü. Gözlərini açdığı ilə yumduğu bir oldu. Göyərçinin o biri tayı palıd ağacının başına dönür, dolanır, gah da göyün dərinliyinə qalxıb haray salır, dünyanı köməyə çağırmış kimi fəqan qoparır, ahu-nalə yağdırırdı.

İsanın halı pərişan olmuşdu. Özündə, sözündə deyildi. Aya, a qansız, neylədin? Adam da göyərçinə güllə atarmı? Axı, göyərçin müqəddəs quşdu, sülh carçısıdı. Bəlkə qabaq-qənşər dayanıb bir-birilərinə eşqnamə oxuyurdular?! Bəlkə dərd-sərlərindən, balalarından söhbət edirdilər?! İnan, bizi qarğış eyləyir. Mən bərk peşmançılıq çəkdim, qanım qaraldı. Özümə nifrət elədim. Bəlkə gələcəyin böyük yazıçısının dərin müşahidəsiymiş, yazıçılığa gedən yolun başlanğıcıymış. Bəlkəsiz...

Ağstafa rayonunun Muğanlı kəndindəki orta məktəbdə İsayla bir sinifdə oxuyurdum. Buraxılış ərəfəsində olduğumuzdan gecəni gündüzə qatırdıq. Qarşımızda ali məktəbə girmək həvəsi, nigarançılığı vardı. Həm ilk dəfə olaraq məktəbi əla qiymətlərlə bitirənlərə qızıl gümüş medal təltif edilirdi. Hər ikimiz medal almaq eşqinə düşmüşdük.

Bacım Zəkiyyə Bünyadova bizə dil ədəbiyyat fənnindən dərs deyirdi. Bacım həmişə İsanı tərifləyirdi. Mən hirslənirdim. O da könlümü alır, "a atam-anam, səni tarixdən İsmayıl müəllim tərifləyir" - deyirdi.

Həyəcanlı günlər arxada qaldı. Hər ikimiz orta məktəbi medalla başa vurduq imtahansız ali məktəbə daxil olduq. İsa indiki Bakı Dövlət Universitetinin filologiya, mən tarix fakültəsində oxumağa başladıq. Sonralar taleyimiz bizi başqa yerə uğurladı. O, Moskva Qorki adına Ədəbiyyat İnstitutuna, mən SSRİ Elmlər Akademiyasının Maddi-mədəniyət Tarixi İnstitutuna. Yollarımız haçalandı, ayrıldı. Taleyimiz yazıçılıqda, alimlikdə qərar tutdu...

Mənə belə gəlir ki, İsmayıl Şıxlı İsanı çox sevirdi. Qardaş kimi, dost-mehriban kimi. Onun yaradıcılığını yüksək qiymətləndirir, nadir yazıçı, parlaq istedad sayırdı. İsanın uzun sürən ağır xəstəliyini özünə dərd sayırdı. İsmayılla qonşuyduq. Bir binada, bir blokda yaşayırdıq. Həm qohumduq. Bacım qızı Ümidənin həyat yoldaşıydı. Tez-tez görüşür, dərdləşir, fikirlərimizi bölüşürdük. Hər dəfə İsadan  söhbət salır, "ürəyi tükdən asılıdır", - deyirdi. Ha deyirəm az işlə, az canına qəsd et, sözümə baxmır, gecəni-gündüzə qatır. Qəribədi, müdriklərimiz gözəl deyib: "Yatan ölməz, yetən ölər". İsmayıl İsadan xeyli əvvəl dünyasını dəyişdi...

Bir gün “Ədəbiyyat qəzeti”nin redaktoru Ayaz Vəfalı mənə zəng etdi, görüşdük. Özünəməxsus səmimiyyətlə: - Teymur müəllim, İsa müəllim bizdən inciyib. İstəyirik onun haqqında ürək sözlərinizi yazasınız. Gülümsədim və ay Ayaz müəllim, mən hara, İsa hara, - dedim. O, isə: - belə məsləhətdi, xahiş edirəm. Axı siz onunla tələbə yoldaşı olmusunuz, - deyərək saqqızını oğurladı. Razılıq verdim. Və xahiş etdim ki, bir nəfər əməkdaşın da mənə kömək olsun. Məqalə çap olundu. Məqalənin bir yerində İsanın Çingiz Aytmatovdan böyük yazıçı olduğu vurğulamışdı.

İsanın qaynı, görkəmli şair, mənim əzizim Davud Nəsib faciəli şəkildə dünyasını dəyişdi. Yas məclisindəydim. İsa gəldi, yuxarı başa keçdi. Məni görən kimi yanıma  gəldi, öpdü. Qımışa-qımışa "Teymur, səmimi sözümdü, heç kəs mənim haqqımda belə yazı yazmayıb" - dedi. İsaya: "Biz nə yazmışıq ki? Yazdıqlarımız sənin  haqqında dəryadan götürülən damlalar qədərdi. Sən hər cür tərifə, ehtirama layiqsən", - dedim.

Etiraf etmək, haqqı-sayı, ədaləti üstün tutmaq hamıya nəsib olmur. Belə məziyyətlər qəlbi genişlərə, mənən zənginlərə məxsus olur. İsa həmişə  fəxrlə Mehdi Hüseyni özünə mənəvi ata, unudulmaz müəllim saymışdır. Anar da eyni etirafla İsaya həmişə ehtiram göstərmiş, qayğılı yanaşmış, müəllim adlandırmışdır...

İnsan ölər, insanlıq qalar bu dünyada. İsa təbiətin tacı, yer üzünün əşrəfi insandı. Yazıçı dünyasını dəyişər, yazıçılıq qalar bu dünyada... İsa tayı, bərabəri, əvəzi, bənzəri olan yazıçıydı. Ziyalı köçər, ziyalılıq qalar bu dünyada. İsa işıq paylayan, nur saçan ziyalı idi.

İsa qədirbilən xalqımızın doğması, əziziydi. Onu sevir, onunla fəxr edirdi. İsa da xalqımızın oğlu olmasıyla qürur duyur, xoşbəxtəm deyirdi. İsa zəngin mənəvi xəzinəsilə qəlblərə köçdü, yuvalandı. unudulan, yaddan çıxan oldu. Qəbrin rahat, ruhun şad olsun, əzizim.

 

 

 

Teymur BÜNYADOV

akademik 

525-ci qəzet.- 2014.- 8 aprel.- S.7.