"Cənnətdən yuxarı"ya səyahət
Hava əhvalıma oxşayırdı.
Tutqun və bir o qədər
boğunuq. Yağış yağacaqdı. İri addımlarla
evə tələsəndə
məni qəribə bir həyəcan bürümüşdü. Yoldan qayıtmağı xoşlamasam
da bunu edirdim.
Çünki bu gün onu oxumağa başlamalıydım. Neçə
gündü gözümə
ilişən o kitabı
deyirəm...
Ağlım kəsəndən, daha
doğrusu sual verməyi öyrənəndən
bəri atamdan tez-tez cənnət və cəhənnəm haqqında soruşurdum . Əlbəttə, bu məchul
məkanlar haqqında
da ilk dəfə atamdan eşitmişdim.
Onda anlamışdım əslində
ölümün nə
olduğunu. Niyə olduğunu hələ
də başa düşməsəm. Bəlkə
də qəbul etmək istəmirəm bu
qanunu. Və heç vaxt
düşünməmişdim cənnətdən yuxarıda
olanlar haqqında. Uşaqlıqda mənə elə
gəlirdi ki, cənnətdən o tərəf
yoxdu. Allah da günahsızları
orda gözləyir.
İşə gecikməyimə baxmayaraq
qayıdıb yadımdan
çıxan kitabı
götürdüm evdən. Tən ortadan açdım
və oxuduğum ilk cümlə bu oldu. "Oğlu dünyaya gələndə ana
elə sevinirdi ki, özünü dünyanın bəxtəvəri
sandı".
Bu, Təranə Vahidin
"Cəza" hekayəsindən
idi... Sonra hava kimi ciyərlərimə çəkdim
hekayəni.
O hekayədə elə
bir cəzadan söz açılırdı
ki... Cəhənnəm
əzabı budu dedim yəqin... Qarşıdakı günlərdə
də üzüləcəkdim...
Bir az yolda,
bir az evdə, işdə
vaxt tapan kimi oxuyacaqdım bu kitabı...
Əslində yazarın
hər bir əsəri, kitabı onun
övladıdı... Amma
insan övladından fərqli olaraq o yazıçının özünə
bənzəyir zəmanəsinə
yox. Mən hekayələri oxuduqca Təranəni tanıyırdım... daha
doğrusu kəşf
edirdim... Həssaslığın rənglərini görürdüm
bu xanımda.
Kitabın 11-ci səhifəsində "İntihar"la qarşılaşdım...
Necə ki xəbər portallarında tez-tez rast gəlirəm bu sözə. Amma Təranə Vahidin hekayəsi insanın ürəyini sıxmır, əksinə
həyatın başqa tərəflərindən
xəbər verirdi. Özünü
bataqlıqda belə
hiss eləsən mütləq
uzanan bir əl olacaq həm də heç ummadığın
anda. Axşam düşmüşdü və
mən yenə yoldaydım. Əlimdə doğmama çevrilən kitab, beynimdə sayını itirdiyim fikirlər və
oxumaq arzusu... Növbəti səhifəni açdım.
Qışın qaranlıq
soyuğunda oturduğum
yerdə
"Qırmızı quyu" ya düşdüm.
Burda "azad ölkənin qulları"
ilə rastlaşdım...
Səlim və Səliməni tanıdım.Tanımaz
olaydım... Oxumaz olaydım bu
hekayəni. Əhvalatın sonluğu
beynimdə elə bir lövbər saldı ki günlərlə
kitaba yaxın dura bilmədim. Çünki bu hekayənin
məndə oyatdığı
acı, amma gerçək təəssüratlardan
ayrılmaq istəmirdim.
"...Yol boyunca əvvəlcə anasını,
sonra uşaqlarını,
ərini çağırdı.
Bu gün marketə gedəcəyini, bazarlıq
edəcəyini evlərinə
ilk dəfə belə
böyük pul aparacağını söylədi...
Yol uzanırdı. Səlimə bu dar macalda
Allahın ətəyindən
tutub heç olmasa babalarını ona tapşırmaq istəyirdi. Demək
istəyirdi ki, ey dünyanın sahibi niyə bəndələrini tərk
etmisən, onsuz da aşağılarda heç kim heç kimin səsini eşitmir, bəs yuxarıya nə olub, xətt
işləmir.? Tanrı susurdu".
Bütün bunları
Səlimə pəncərəsini
sildiyi on birinci mərtəbədən yerə
doğru getdiyi sonuncu yolda fikirləşmişdi.
Əgər belə olmasaydı zəhmətinin
müqabilində aldığı
50 manatla evinin ehtiyaclarını alacaqdı...
Çoxumuzun çabaladığı
bu "qırmızı
quyu"dan bir
müddət çıxa
bilmədim...
Vətənin içində vətənsizlik yaşamaq... Doğrular pozulub əvəzində bu yazılıb alnımıza. Bu mövzu Təranə Vahidin ürəyinin sarı simidi... Tək Təranəninmi? Sənin, mənim, hamımızın... Yazarın "Tapılmayan torpaq" hekayəsində ortaq dərdimizi tapdım... Anamın Vətən həsrəti yadıma düşdü... Mən bu həsrətin içində böyüyən biriyəm. Mən üzünü xatırlamadığım nənəmi eyni dərdə görə itirən biriyəm. Bu hekayənin qəhrəmanı da doğma yerlərdən bir ovuc torpaq istəyirdi gözlərinin üstünə səpilməyə. Elə mənim nənəm də... Və hələ də o bir ovuc torpağı tapa bilməmişik. Elə bu pəjmurdə, doluxsunmuş duyğuların içində növbəti səhifəni açdım. "Müharibə Nənəm və itən vaxt" hekayəsi gözlərimə zilləndi... Baxışlarım neçə dəfə sıxıldı , neçə dəfə kədər boğazımda düyünləndi bilmədim... Bildiyim o idi ki mən Vətən dərdindən itirdiyim doğmalarımın, müharibədə şəhid olan əzizlərimin narahat ruhları ilə qarşılaşırdım hər cümlədə... Mən nənəm üçün darıxırdım... "Nənəm o köçdən sonra çox yaşamadı. Dərdini götürüb heç kimlə halallaşmadan çıxıb getdi. İllər keçdikcə hər gün köç bir az da seyrəkləşir. "Çaşqın köç" tablosu isə ürəyimin divarından elə asılıb ki, axşam - səhər yolum köçün içindən, köç içimdən keçir".
"Qərib gül" - həssaslığın gül ətrini duydum bu hekayədə... Vətənindən uzaq düşmüş Çin qızılgülünün dərd yüklü həyatına Təranənin vahid bir baxışını gördüm. "Qərib gül"ün qoxusunu yaddaşıma alıb oxumağa davam etdim. Hələ kitabı yarılamamışdım. Amma gün çoxdan axşam olmuşdu... "Vağzaldakı qarı" ilə rastlaşanda özümü yeni fırtınalara hazır hiss etmədiyimin fərqinə vardım. Hə, onun hər bir hekayəsi fırtınaya bənzəyirdi... İnsan duyğu və düşüncələrini yerindən oynadan, bəzən alt-üst edən, bəzən isə bir-birinə vuran, amma sonunda günəşli bir səma altında sakitləşməyə imkan verən bir fırtınaya. Elə hava da yavaş-yavaş sakitləşməyə başlayırdı. Üzü yaza gedirdik ... 156 səhifəlik bir kitab 156 fəsil yaşatdı mənə. "Cənnətdən yuxarı" adlı hekayəni oxuyanda isə sadəcə silkələndim... Bu hekayədən heç bir nümunə gətirməyəcəm. Zəhmət çəkib kitabı alıb oxuyun, oxuyun bu essseni.
Olumdan ölümə getdiyimiz bu səfərdə o qədər yollar keçir və keçməkdəyik ki... Sonunu bilə-bilə yaşamaqdayıq. Bu fikirlərin içində bir düşüncə də beynimdə qətiləşdi . Qalın-qalın kitablara sığmayan insan psixologiyasını bir neçə cümlə ilə verə bilmək Təranənin qələminin və ürəyinin gücündən xəbər verir. "Yol" essesində cənnətlə cəhənnəmin arasında qaldım sanki ... Mən yolda qaldım ... Mən bu ktabı sevdim ... "Cənnətdən yuxarı"da ən son oxuduğum isə yazıçı -dramaturq Əli Əmirlinin ön sözü oldu ... və fikirlərimizin üst-üstə düşməsinin sevincini yaşadım. "Təranə Vahidin hekayələri gözəl şeir kimidir, onları dəfələrlə oxuya bilərsən, hər oxunuşda da fikrin ifadə tərzinin təzə-tərliyindən, duyğuların dərinliyindən, təbiiliyindən hədsiz zövq ala bilərsən ". Qələminə qüvvət Təranə!..
Bəhruz NİFTƏLİYEV
525-ci qəzet.-
2014.- 9 aprel.- S.8.