"Elektron məhkəmə" ədalət mühakiməsinə vətəndaş etimadının artmasına xidmət edir"

 

 

ƏDLİYYƏ NAZİRİ, MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ FİKRƏT MƏMMƏDOV: "AVROPA MƏHKƏMƏSİNƏ AZƏRBAYCANDAN DAXİL OLAN ŞİKAYƏTLƏRİN SAYI ÜMUMİ AVROPA GÖSTƏRİCİSİNDƏN 2 DƏFƏDƏN ÇOX AŞAĞIDIR"

Ötən ay mətbuatda Məhkəmə-Hüquq Şurasının geniş iclasının keçirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamından irəli gələn məsələlərin müzakirə edilməsi barədə məlumat yayılmışdı. Bununla əlaqədar ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə münasibət bildirib. Müsahibəni oxuculara təqdim edirik.

 - Fikrət müəllim, dövlət başçısının "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncamını şərtləndirən amillər və onun məhkəmə fəaliyyətində hansı dəyişikliklərə səbəb olacağı barədə fikirlərinizi bölüşmək istərdik.

- Bu gün dövlət başçısı cənab İlham Əliyevin bilavasitə tapşırıqları ilə əhaliyə səmərəli xidmət göstərilməsi, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılması üzrə məqsədyönlü strategiya həyata keçirilir. Müasir informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının qəbulu (Elektron Azərbaycan), ölkə Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı ilə əhaliyə elektron xidmətlərin göstərilməsinə başlanılması və onun günbəgün genişləndirilməsi, korrupsiya ilə mübarizədə ölkə prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş və əhalinin böyük etimadını və rəğbətini qazanmış "ASAN" xidmətin təsis edilməsi vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verib. Bu baxımdan məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilib. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyub.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək. Təsəvvür edin, bu sistemin işləməsi ilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda, dərhal alacaq, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınacaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradılacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron "şəxsi kabinetə" malik olacaq, işlərin elektron dövriyəsi təşkil ediləcək.

Bu sahədə beynəlxalq təcrübəyə müraciət etdikdə maraqlı məqamlar görünür. Məsələn, Sloveniyada kiçik məbləğli iddialar üzrə elektron məhkəmə və icra sisteminin tətbiq olunması ilə 44 məhkəmədə 350 hakim və məhkəmə işçisi tərəfindən görülən iş hazırda cəmi 1 məhkəmədə 4 hakim və 62 məhkəmə işçisi tərəfindən həyata keçirilir. Avstriya, Türkiyə, Sinqapur və digər dövlətlərdə tətbiq edilən təcrübə, o cümlədən iddiaların elektron formada təqdimi və qeydiyyatı, tərəflərin SMS və digər elektron üsullarla məlumatlandırılması, müxtəlif məlumat bazaları ilə inteqrasiyanın aparılması diqqəti xüsusi cəlb edir. Lakin o da qeyd olunmalıdır ki, bütün Avropa məkanında cəmi 4 dövlətin məhkəmə sistemində (Avstriya, Estoniya, Malta və Portuqaliya) müasir İKT-lərin tam tətbiq olunduğunu demək olar.

Eyni zamanda onu da bildirmək istərdim ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması əhəmiyyətli olduğu qədər də mürəkkəb və çoxmərhələli prosesdir. Bununla əlaqədar bu sahədə qarşıda duran vəzifələr Ədliyyə Nazirliyinin geniş kollegiyasında və Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında müzakirə edilib, əhatəli tədbirlər planının hazırlanması, zəruri infrastrukturun formalaşdırılması, müasir İKT-lərin daha geniş tətbiqi, müvafiq qanunvericilik layihələrinin hazırlanması və s. məsələlər üzrə konkret tapşırıqlar verilib.

- Bildiyimizə görə məhkəmə infrastrukturunun müasirləşdirilməsi və qabaqcıl İKT-lərin tətbiqi üzrə genişmiqyaslı işlər görülüb. Bunları "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üçün hazırlıq kimi qəbul etmək olarmı?

- Məhkəmə sisteminin və infrastrukturun dinamik inkişafının təmini, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ölkə prezidentinin hələ 2009-cu ildə təsdiq etdiyi Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramında əks edilib, məhkəmələrdə İKT-lərin tətbiqinin sürətləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkili, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi ön plana çəkilib. Həmçinin açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarında da vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, insan haqlarının etibarlı təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Xüsusilə möhtərəm prezidentimiz tərəfindən ötən ilin "İKT ili" elan olunması ilə əlaqədar bu sahədə tədbirlərimiz daha da genişləndirilib. Son 2 ildə 4 yeni, müasir İKT-lərlə tam təchiz olunmuş məhkəmə binası inşa edilib istifadəyə verilib. Hazırda 10 məhkəmə üçün belə binaların tikintisi aparılır, habelə çoxsaylı yeni məhkəmə binası layihələndirilmiş, digər məhkəmə binalarının bu tələblərə uyğunlaşdırılması üçün intensiv işlərə başlanılıb. Yeni inşa olunan binalarda beynəlxalq tələblərə uyğun iş prosesinin təşkilinə, vətəndaşların müraciət imkanlarının asanlaşmasına xüsusi diqqət yetirilir, proseslərin audio-video yazısını aparan sistemlər, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün zəruri infrastruktur yaradılır, müasir tipli təhlükəsizlik sistemləri quraşdırılır, vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısı alınır. Həmçinin, Dünya Bankü ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, habelə bir sıra ədliyyə və məhkəmə orqanlarında müasir İT infrastrukturunun qurulması işi tamamlanıb, elektron sənəd dövriyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanıb. Hazırda həmin sistemlər Bakı şəhəri Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq olunur.

Təhlillər göstərir ki, məhkəmələrdə ən mühüm problemlərdən biri proses iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasıdır. Məhkəmə bildirişlərinin vaxtında çatmaması çəkişmə prinsipinə əməl edilməməsi, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmaması ilə nəticələnir və haqlı şikayətlər doğurur. Bununla əlaqədar "Elektron-bildiriş" informasiya proqramı hazırlanıb və Bakı şəhərinin Xəzər rayon məhkəməsində sınaq rejimində tətbiqinə başlanılıb. Bu proqrama uyğun olaraq məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiq olunur və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir. Eyni zamanda vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılıb. Bu portal vasitəsilə vətəndaşlara məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı yaradılıb. Məhkəmələrdə təyin edilən işlərin siyahısı və yekun məhkəmə aktları bazasının formalaşdırılaraq portalda yerləşdirilməsi, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi nəzərdə tutulur. Bu sahədə ölkəmizin təcrübəsindən bir sıra dövlətlər yararlanmaq arzusunu bildirmiş, o cümlədən Xorvatyada aparılan bu işdə Azərbaycan modelinə üstünlük verilib. Hesab edirik ki, bütün bunlar "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasında təcrübi baxımdan əhəmiyyətli olacaq.

- Məlumata görə, Şuranın sonuncu iclası da Yasamal rayon məhkəməsinin qeyd edilən tələblərə uyğun inşa olunmuş binasında keçirilib və həmin texnoloji yeniliklər nümayiş etdirilib.

- Elədir. Onu da qeyd edim ki, məsələnin əhəmiyyətini nəzərə alıb biz həmin iclası yeni tətbiq olunan müasir İKT-lərdən istifadə etməklə, video-konfrans üsulu ilə keçirdik. Və bu üsulla iclasımıza ölkənin bütün bölgələrindən 80-dək məhkəməni təmsil edən hakimlər canlı olaraq qoşuldu. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi həmin iclasda Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq edilən texnoloji yeniliklər nümayiş etdirildi, hakimlərimiz və vətəndaş cəmiyyəti nümayəndələri maraqlı təkliflərlə çıxış etdi.

- Həmin iclasda məhkəmə sistemində aparılan islahatlar çərçivəsində insanların məhkəməyə əlçatanlığının yaxşılaşdırılması üzrə görülən işlər barədə məlumatlar diqqəti cəlb etdi.

- Əvvəla onu deyim ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə cənab prezidentin bilavasitə tapşırıqları ilə həyata keçirilən bütün tədbirlərin əsasında vətəndaşların hüquqlarının effektiv məhkəmə müdafiəsinin təşkili dayanır. Bu isə ilk növbədə məhkəməyə çatımlıq imkanının yaxşılaşdırılmasını şərtləndirir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illər məhkəməyə müraciətlərin asanlaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmələr təsis edilib. Bakı şəhərində yerləşən respublika miqyaslı apellyasiya məhkəməsi ləğv edilərək, regional xarakterli altı apellyasiya məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində ağır cinayətlər məhkəmələri yaradılıb, hərbi məhkəmə sistemi təkmilləşdirilib. Həmçinin dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilib və yeddi regional inzibati məhkəmə yaradılıb. Bütün bunlar məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması ilə yanaşı, insanlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasına və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılmasına şərait yaradıb.

Eyni zamanda iş yükünün ilbəil (2000-ci illə müqayisədə 8 dəfə) artması məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri olub. Bununla əlaqədar əsaslı təhlillər aparılaraq beynəlxalq təcrübə, o cümlədən ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının müqayisəli hesabatları nəzərə alınmaqla hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılıb, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılıb. Bu da öz növbəsində məhkəmələrdə süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaradıb.

- Yəqin ki, insanların haqlı narazılığını doğuran hallara yol verən hakimlərin məhkəmə sistemindən uzaqlaşdırılması, o cümlədən sonuncu iclasda 10 hakim barədə intizam icraatının başlanılması da məhkəmə fəaliyyətinin təkmilləşməsinə təsirsiz ötmür.

- Ölkəmizdə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduru beynəlxalq təcrübədə mövcud olan ən demokratik əsaslar nəzərə alınmaqla müəyyən olunub. Hakimlər barədə intizam icraatı yalnız qanunda nəzərdə tutulmuş zəruri əsaslar olduqda başlanılır. İntizam icraatı üzrə araşdırma isə Şuranın hakim üzvü tərəfindən aparılır. Üç ayadək davam edən bu araşdırma dövründə barəsində intizam icraatı başlanılmış hakim bütün materiallarla tanış edilir, onun izahatları dinlənilir və Şuranın iclasına ətraflı məruzə hazırlanır. Məhkəmə-Hüquq Şurasının iclasında intizam məsuliyyəti məsələsinə baxılan hakimə özünün seçdiyi vəkilin və ya hakim yoldaşının köməyindən istifadə etməklə müdafiə olunmaq, Şura üzvlərinə etiraz etmək hüququnun verilməsi, səsvermədə yalnız Şuranın hakim üzvlərinin iştirak etməsi, habelə qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna şikayət hüququnun təsbit olunması intizam icraatı prosedurunun obyektivliyinə əlavə şərait yaradır. Şura fəaliyyət göstərdiyi dövr ərzində insanların haqlı narazılığını doğuran, o cümlədən korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və s. pozuntulara yol verən hakimlərə qarşı daim barışmaz mövqedə olub. Təbii ki, öz fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən, haqlı narazılıq doğuran hakimlər məhkəmə sistemində qala bilməzlər. Məsələn, ötən il intizam qaydasında 2, qiymətləndirmə nəticəsində 4 hakimin səlahiyyətlərinə xitam verilmiş, 5 nəfər tutduğu vəzifədən azad olunub, habelə 3 məhkəmə sədri aşağı işə keçirilib. Ümumilikdə isə Şuranın fəaliyyəti ərzində 161 hakim barədə intizam icraatı üzrə qərar qəbul edilib, kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Təkcə korrupsiyaya şərait yaradan hallara yol veridklərinə görə 5 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub, habelə digər intizam tədbirləri görülüb. Hər bir hakim bilməlidir ki, insan haqlarının təmin etmək, qərəzsiz və ədalətli olmaq, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hər cür hərəkətdən çəkinmək, etik davranış qaydalarına dürüst əməl etməklə vətəndaşlara qayğılı münasibət göstərmək onun ən ümdə vəzifəsidir. Əks təqdirdə o, yüksək hakim adına layiq ola bilməz.

- Son illərdə hakim korpusunda gənc hakimlərin üstünlük təşkil etməsinin şahidi oluruq...

- Doğrudur. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi, onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilir. Bu seçim Avropa Şurasında ekspertizadan keçirilərək yüksək dəyərləndirilmiş mütərəqqi Qaydalar əsasında aparılır. Həmin qaydalarla 4 seçim prosesi təşkil olunub. 10-larla yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri tərəfindən müşahidə edilən həmin proseslərdə 2600 hüquqşünas iştirak edib, şərəfli hakim adına isə yalnız 307 nəfər layiq görülüb. Kadr seçimi tariximizdə ilk dəfə olaraq imtahanlar onlayn rejimdə internet vasitəsilə canlı yayımlanıb. Bütün müşahidəçilər imtahanların şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər verib, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsinin tətbiqini tövsiyə ediblər.

Görülən bütün bu tədbirlər nəticəsində biz məhkəmə sisteminə ayrılmış və vakant qalmış ştatların tam əksəriyyətinin komplektləşdirilməsinə nail olduq. Təsəvvür edin 2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 101 təşkil edir. Həmçinin, Apellyasiya məhkəmələri hakimlərinin sayı 3 dəfəyə,  Ali Məhkəmə hakimlərinin sayı isə 2 dəfəyədək artırılıb.

Onu da qeyd etmək istərdim ki, hazırda bütün hakim korpusunun 60 faizi, o cümlədən Bakı şəhəri üzrə 80 faizi, apellyasiya instansiyası məhkəmələri üzrə isə yarıya qədəri yeni, şəffaf prosedurlarla seçilmiş gənc nəsil hakimlərdir.

- Gənc hakimlərin məhkəmə sistemində üstünlük təşkil etməsi hansı keyfiyyət dəyişikliklərinə səbəb olub?

- Görülən ardıcıl tədbirlərin məhkəmələrə inamın artmasına və ədalət mühakiməsinə çatımlılığa müsbət təsirinin nəticəsidir ki, 2013-cü ildə məhkəmələrə daxil olan mülki xarakterli işlərin sayı ilbəil, o cümlədən 2012-ci ilə nisbətən 13 faiz artaraq 180 minə çatıb. Əlbəttə, hakimlərin iş yükünün artması bizi narahat edən faktordur. Lakin insanların pozulmuş hüquqlarının müdafiəsi üçün yuxarı icra, yaxud digər hüquq-mühafizə orqanlarına deyil, məhz məhkəmələrə müraciət etməyi üstün tutması və mübahisələrin məhkəmə müstəvisində həllini tapması bizi sevindirir.

Təsadüfi deyil ki, 2013-cü ildə birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 93, iqtisadi mübahisələr üzrə 95, inzibati mübahisələr üzrə isə 80.5 faiz təşkil edib. Bütün mülki işlər üzrə yekun qərarların 88,5, cinayət işləri üzrə hökmlərin isə 70 faizi ilə tərəflər razılaşıb, başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməyib. Xüsusilə vurğulamalıyam ki, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4, iqtisadi mübahisələr üzrə 98, inzibati mübahisələr üzrə 90,3, cinayət işləri üzrə isə 90,2 faizinin dəyişdirilməyərək sabit qalması müsbət keyfiyyət dəyişikliyinin göstəricisidir.

- Bəzi hallarda mətbuatda Avropa Məhkəməsinə Azərbaycandan olan şikayətlərin və məhkəmənin ölkəmizə qarşı qərarlarının guya artması qeyd olunur və bu məhkəmə sistemindən narazılıq fonunda göstərilir.

- Heç bir dövlət ədalət mühakiməsinin tam təkmil olmasını deyə bilməz. Avropa Məhkəməsinin ötən il bütün Avropa dövlətləri üzrə çıxardığı qərarların üçdə birinin məhz ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı olması bunu bir daha sübut edir. Avropa Məhkəməsinin həmin qərarları ilk növbədə hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna xidmət edir. Lakin təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur. O ki qaldı Azərbaycana qarşı çıxarılan qərarların sayına, onlar nəinki artıb, əksinə, 2013-cü ildə azalaraq 8 qərar təşkil edib. Halbuki, konvensiyanın tələblərinin pozulması ilə bağlı əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 32 qərar çıxarılıb. Əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarıstana, Moldovaya, Slovakiyaya qarşı çıxarılan qərarların sayı Azərbaycanla müqayisədə 2-3 dəfə çoxdur. Ümumiyyətlə, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 2 dəfədən çox aşağıdır. Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.

 

Rasim HƏSƏNOV

525-ci qəzet.- 2014.- 9 aprel.- S.5.