Tofiq Abdinə gecikmiş vida sözü

 

 

“DEYİRƏM, NƏ OLAYDI, AY TOFİQ, BU ÖLÜM XƏBƏRİN DƏ YALAN OLAYDI. YENƏ GÜLƏ-GÜLƏ MƏNƏ ZƏNG VURAYDIN...”

 

Ölümündən təxminən bir ay əvvəl şəhərdə Tofiqin ölüm xəbəri yayılmışdı. Çox həyəcan və sarsıntı keçirdim. Bütün ümumi dostlarımıza zəng vurub şübhə ilə yanaşdığım, inana bilmədiyim bu xəbəri dəqiqləşdirməyə çalışdım. Məlum oldu ki, xəbər yalan imiş. Dostlarımızdan biri onun evinə zəng vurub özü ilə danışmışdı. Səhəri gün Tofiq mənə işə zəng vurdu. Gülə-gülə "Kama, o dünyadan salamlar! Sənə qurban olum, mənimçün nə qədər narahatlıq keçirmisən?" dedi. Və dedi ki, Allah qoysa, görüşərik. İşdən-gücdən nə o, Aktyor Evinə gəlməyə macal tapdı, nə də mən Tərcümə Mərkəzinə.

 

Bizi çox qədim, fəqət heç zaman köhnəlməyən uzun illik dostluq birləşdirirdi. Bir binada - Aktyor Evində çalışdığımız o gözəl gənclik illərimizin bir parçası idi Tofiq. Bizim gəncliyin əzizi Anar müəllimin baş redaktoru olduğu "Qobustan" incəsənət toplusunun redaksiyası bizim Teatr Cəmiyyətinin binasında yerləşirdi. Toplunun gənc, işgüzar komandası öz maarifçilik missiyasını uğurla həyata keçirirdi. Sovet ideologiyasının qadağaları nəticəsində uzun illər müasir dünya mədəniyyətindən təcrid olunan, dünya incəsənət məkanındakı yeniliklərdən xəbər tutmaq imkanı olmayan bizlər üçün dünyaya açılan pəncərə oldu "Qobustan". Bu cəsarətli, ilhamlı komandanın sayəsində biz dünyanın incəsənət panoramını acgözlüklə izləyir, hər nömrənin çıxmasını səbirsizliklə gözləyirdik.

 

Tofiq Abdin isə başqa bir aləm idi. Haylı-küylü, düşündüyünü üzə deyən, azad düşüncəli Tofiq bizlərin çoxunu yazı-pozu aləminə gətirmişdi. Mənim kimi tənbəli yazmağa yalnız Tofiq məcbur edə bilirdi.

 

Tofiq işə çox ciddi yanaşan redaktor idi. Hər yazını bəyənməzdi. Bir müəllifə o zamanlar belə demişdi: "Sənin yazdıqların yazı deyil, pozudur". Onun bu ifadəsi indiyədək bizim sevimli sitatımız olaraq qalır.

 

Keçid dövrünün dolanbaclarında yollarımız ayrıldı. Tofiq İstanbula - konsulluqda işləməyə getdi. Ondan sonra mən daha yazı yazmadım. Tofiqsiz, Yusifsiz, Sərvərsiz, Azərsiz "Qobustan"ın sanki ləzzəti qaçmışdı. Orada mənim əzizlərim yox idi. Əvvəllər ata evinə getdiyim kimi getdiyim redaksiyaya gedə bilmirdim.

 

Sonra Vətən həsrəti ilə dolu şeirlər kitabını mənə göndərmişdi. Can, ay Tofiq, qürbət qoxuyan şeirlərin ürəyimi sızlatdı. Biz də çoxları kimi səni bəxtəvər sanırdıq ki, İstanbulda yaşayırsan.

 

Tofiq lap gənclik illərindən publisistik əsərlərlə yanaşı şeirlər də yazırdı. Həmin şeirlərdə onun müharibə nəticəsində itirdiyi uşaqlıq illəri üçün bir göynək var idi. Bu sərt illərdə körpələr sanki birdən yaşlaşmış, dünyanın ağırlığını çiyinlərinə götürməli olmuş, həyatın boz üzü ilə qarşılaşmışdılar. Tofiqin də uşaqlığı bu ağır illərə təsadüf etmişdi. Şair fərqli düşüncə, duyum və deyim vasitələri ilə uşaqlığını "biçin, xarman udan" o illərə qayıdır, körpə uşaqları yaşlıya, gəlinləri qarıya çevirən dəhşətli müharibə illərini xatırlayırdı. Bu xatirələr onun bütün həyatı içindən bir sızıltı kimi keçir, bir an unudulmurdu. Onun gənclik illərində qələmə aldığı "Aman, bu çaydan keçən!", "Kimsəsiz ağaclar yazıqdı, Allah!", "Orda mənsiz ölür mənə doğmalar", "Yaş yandırır gözümüzü" kimi şeirlərinin, "Atama məktublar" poemasının elə təkcə adı onun necə zərif qəlbli şair olduğunu göstərir.

Tofiqin İstanbul şeirləri Vətən həsrəti, qürbət nisgili, ölüm qorxusu, yalqızlıq, tənhalıq, peşimanlıq, ayrılıq kimi hisslərlə doludur. Görün bir əziz türkçü dostumuz qürbətdə hansı duyğuları yaşayıb:

 

Qürbətdə dərdlər gördüm

sözlüklərdə adı belə olmayan

qürbətdə namərdlər gördüm

sözlüklərdə adı belə olmayan

 

Nə yaxşı ki, Allah məni

qəribliyə tuş elədi

Bildim Vətən damarda qan...

 

Bu adamlar sanki

ona görə yaşayır ki

mənim kimi adamların

içindəki adamı

öldürsünlər...

 

Bu ölkədə mənə hürdü

küçədəki it də...

bu qədər ki bu küçələr

mənə açıq məzar

 

ölüm qədər

məni məşğul edən

başqa bir şey yox

qorxuram çox qorxuram çox...

 

məni məmləkətimə götür, sürücü

unutmağa başladığım məmləkətimə

ağrılarını ürəyimdə

dərdlərini gözlərimdə

yaşamını vücudumda

            daşıdığım məmləkətimə.

 

Düşünürəm ki, çox acılar çəkmiş Tofiqin qismətinə Kadıköyün Acıbadəm məhəlləsində yaşamaq qisməti görəsən taleyin acı ironiyası idimi?

Nə yazıq ki, biz belə bir qəlb sahibinin, Vətənini candan artıq sevən bir insanın əsl qiymətini verə bilmədik.

Tofiq İstanbulda da, ordan qayıdandan sonra da öz maarifçilik missiyasını davam etdirərək dəyərli yazılar yazdı. "Oralarda kimlər var?" layihəsində türk dünyasının böyük insanlarını bizlərə, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini türk oxucularına tanıtdırdı.

Diri yetim, arxasız, köməksiz oğlan, kənd uşağı, öz bacarığı, qabiliyyəti ilə Bakı kimi şəhərdə özünü təsdiq edə bildi. Tofiq doğulduğu gündən ağır həyat yaşadı. Bu qeyrətli insan çox kişilərin özünə layiq bilmədiyi çox işlərin qulpundan yapışdı. Çalışdı ki, ailəsini dolandıra bilsin. Bu kəpənək qanadı qədər zərif qəlbli, bir üzlü, düz adam heç vaxt rahatlıq bilməyən narahat adam xoşbəxtliyi, rahatlığı ancaq yaradıcılıq anlarında tapdı.

 

"çoxu getmiş

azı qalmış" bu yaşdan

yalnız və yalnız

bu şeir yazmaqdır məni yaşadan.

 

Bu uzun illərdə, hər kəsin başının özünə qarışıq olduğu zamanda çox az görüşsək də, dostumuz Səmayə xanım Sultanovanın vasitəsilə Tofiqdən tez-tez xəbər tuturdum. Bilirdim ki, hardasa mənim bir dağ kimi dayanan dostum var. Nə biləydim ki, bu gənc oğlan görkəmini saxlayan, ruhən qocalmayan dostumuz bir anda bu "sahilsiz dünyaya" üz çevirib gedəcək, ölümü ilə hamımıza qiymətini verə bilməməyimizdən dolayı peşimanlıq, məyusluq hissləri yaşadacaq.

Dostlarla görüşləri təxirə salmayın. Ömrə vəfa yoxdur.

 

Kəmalə CƏFƏRZADƏ

teatrşünas

525-ci qəzet.- 2014.- 11 aprel.- S.8.