Zahid Oruc:
"Azərbaycanda hüquqi dövlət
və vətəndaş cəmiyyəti möhkəm təməl
üzərində inkişaf edir"
Millət vəkili Zahid Orucla söhbətimizin məğzini vətəndaş
cəmiyyətinin mahiyyəti,
struktur və elementləri, Azərbaycanda
vətəndaş cəmiyyətinin
bərqərar olması,
bu yolda atılan mühüm addımlar, problemlər və perspektivlər, hüquqi dövlət quruculuğu sahəsindəki
irəliləyişlərin müzakirəsi təşkil
edir.
- Zahid müəllim, vətəndaş cəmiyyətinin
mahiyyətini necə ifadə edərdiniz?
- Təbii ki, müstəqil dövlətə
çevriləndən sonra
Azərbaycan və bizimki kimi bir
sıra ölkələr
özünə müvafiq
ideyalarını, siyasi
baxışlarını bilən,
daha ayıq, dünyadakı prosesləri
dərk edən vətəndaş yetişdirmə
prosesinin zəruriliyi qarşısında qaldılar.
Və bəlli oldu ki, bu, kifayət
qədər mürəkkəb
bir mahiyyət daşıyır. Çünki öz-özlüyündə sadəcə
azadlığa qovuşma
məsələnin çox
mühüm, lakin natamam hissəsidir. Gələcək dönəmlərdə məhz ictimai prosesləri daha da hərəkətləndirən,
milli mənafelərini
bilən, eyni zamanda hər hansı xarici təhlükələrə qarşı
sinə gərməyi
bacaran, bunun paralelində ölkəni
hüquqi bir formada təsis edən, onu yaradan, quran insanlara çox ciddi ehtiyac vardır.
Bu təkcə qeyri-hökumət
təşkilatları, siyasi
partiyalar sistemi, o cümlədən dövlətin
elitasında təmsil
olunan insanların işi ola
bilməzdi. Bütövlükdə biz millət olaraq
vətəndaş cəmiyyətinə
qovuşduğumuz halda
Azərbaycanın güclənməsindən
və qüdrətlənməsindən
danışa bilərik.
Əks vəziyyətdə,
biz belə hesab edək ki, yalnız
məhdud çərçivəli
bir hansısa fəaliyyət sahəsinin
təmsilçiləri, yaxud
da ki xüsusi
olaraq siyasi sistemi təşkil
edən o ünsürlər,
o qüvvələr vətəndaşların
iradəsi üzərində
müəyyən bir iş aparırlar. Bununla uğura nail olmaq mümkün
deyil. Bəzən bizdə siyasətçilər
mərhum Turqut Özalın bir ifadəsini geninə-boluna
istifadə edirlər.
O deyirdi ki, ucqarlardakı, küçələrdəki
insanlar bir çox şeyləri bilməyə bilərlər.
Yəni,
ucqarlarda yaşayanlar vətənin, dövlətin
bütün məxfi həyatını, onun beynəlxalq münasibətlər
sistemindəki yerini, bütün xarici danışıqları, əlaqələri,
qurulan siyasi taktikanı, diplomatik fəaliyyəti incəliyinə
qədər bilməyə
bilərlər. Bu normaldır, amma onların tamamilə bu prosesdən kənarda olması və öz milli iradəsini müəyyənləşdirməməsi də çox mənfi hal kimi təzahür eləyər. Elə hesab
edirəm ki, Azərbaycanda vətəndaş
cəmiyyətinin quruculuğuna
aparan yol ulu öndər Heydər Əliyevin rəhbərliyilə 1995-ci ildə
Konstitusiyanın qəbulu
və dövlətin məhz Ana Yasa əsasında dəqiq bir arxitekturasının formalaşmasından başlayıb.
Siz əgər bir jurnalist tədqiqatı aparsanız və o dövrün kütləvi
informasiya vasitələrini
təhlil etsəniz, görəcəksiniz ki, həmin vaxt milli mənafe anlayışı, milli təhlükəsizlik, xarici
maraqlar və sair çox bəsit bir şəkildə idi.
Yəni yayğın idi, ona baxış dəqiq deyildi. Yalnız ondan sonrakı
dövrdə artıq
hökumət institutları,
onların dəqiq fəaliyyət prinsipləri,
funksiyaları, fəaliyyət
çərçivəsi, həmçinin də artıq parlament, hakimiyyət qolları arasında münasibətlər,
cəmiyyətin onlar üzərindəki təsiri
və sair yönümdə qanunvericilik
addımları atılmağa
başladı. Düşünürəm ki, o zaman qoyulan
təməl doğru idi, çünki ona qədərki dövrdə ölkə həyatını təhdid
edən bəlli o daxili sabitliyi sarsıdan ünsürlərin
hamısını tərksilah
etməklə ulu öndər Heydər Əliyev Azərbaycanda bütün münasibətləri
hüquqi məcraya yönəltməyi bacardı.
Buna görə də Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu düzgün
və möhkəm təməl üzərində
inkişaf edir. Əks halda biz Fələstin, İraq və digər ölkələrdəki
kimi münasibətlərimizi
hansısa bir qanun predmeti və normativ aktlarla deyil, küçədə, avtomatlarla
müəyyənləşdirmiş olacaqdıq. Necə deyərlər,
insanlardan daha çox silahlar danışacaqdı.
- Təəssüf ki, biz müstəqillik tariximizdə
bu acı təcrübəni yaşadıq,
bu dönəmi keçdik...
- Bu gün Dillər Universitetinin tələbələri
ilə görüşdə
həmin bu məqama xüsusi olaraq diqqət ayırdım. Çünki onların hər
birinin 19-20 yaşı
var, bir çox mətləblərdən
xəbərsizdirlər. Həmin vaxtlar Azərbaycanda bir stabilləşmə dönəmi
başlamaqdaydı, amma
ona qədərki zaman bizə çox böyük dərslər verdi. İlk növbədə sadəcə meydanlarda hayqırmaq, azadlığı
istəmək, zahiri atributlar üzərində
indekslənmək məsələnin
çox kiçik bir hissəsiymiş.
Sən demə, bu dövləti və milləti istəyərək də onu zərbə altında qoymaq mümkünmüş... Biz o dövrun adamlarını,
milli azadlıq hərəkatında rolu olanların hamısını
xəyanətkar və
cinayət törətmiş
şəxslər kimi
qaralamaq fikrində deyilik. Ancaq bilirsiniz, fortepianoda
ifa etməyi istəmək çox azdır, gərək onu bacarasan. Bu mənada siyasi
professionalizm və dövləti idarə etmək sənətinə
ciddi bir şəkildə yiyələnmək
bir fenomen kimi qarşımıza çıxdı. Hətta
mən deyərdim ki, bu, bir
məşhur, şekspircəsinə
sual idi: olum ya ölüm?
Biz onun qarşısında
qaldıq. Adətən, bunları xatırlamaq çox da insanları
şad eləmir.
Çünki bəlli mənfi
emosiyalar, çox ciddi intriqalar, qarşıdurma ruhu, şəxsi hikkə, bir sözlə, mənfi elementlərin hamısı işə düşür. Ancaq
bir gerçəklik idi ki, müstəqillikdən
sonra Azərbaycan ən azı iki il ərzində bir sosial fəlakət yaşadı, hərbi qüvvələrin, silahlı
dairələrin hakimiyyəti
ələ keçirməsi
uğrunda savaşını
qeyd elədi, hər partiya özünün şəhidləri
ilə öyünməyə
başladı. Demək ki,
Azərbaycanın bütövlüyü
uğrunda məsələ
siyasi qruplar arasında da dartışma predmetinə
çevrilmişdi. Belə demək
mümkünsə, biz yalnız
öz partiyamızın
üzvünün tabutu
altına çiyin verirdik. Təxminən belə bir mənzərə idi.
Ona görə də belə hesab edirəm ki, ölkəmizdə bu gün sadə,
sıravi insanların
da, dövləti yönləndirən şəxslərin
də hər birinin Azərbaycan cəmiyyətinin həyatına
bağlı dəqiq,
qərarlaşmış bir
münasibəti var. Biz o dövrə
qayıtmaq istəmirik,
sadəcə meydan qaragüruhu ilə, Əfqanıstan müxalifəti
təfəkkürü ilə
həyatımızı tənzimləməyin
qeyri-mümkün olduğunu
dərk edirik. Başqa tərəfdən
də bu illər ərzində ölkəmizin beynəlxalq
əlaqələrdə mühüm
yer tutması, Azərbaycanın iqtisadi cəhətdən gəlişməsi,
müharibənin ən
ağır nəticələrini
müəyyən mənada
arxada qoyması və belə demək mümkünsə,
onları islah etməsi bizə şərait yaradır ki, deyək, ölkəmiz o hadisələrdən
birdəfəlik qurtula
bilib.
- Vətəndaş cəmiyyətinin struktur və elementlərinin Azərbaycandakı vəziyyətindən danışmağınızı istərdik.
- Vətəndaş cəmiyyətini təşkil edən strukturlar ilk növbədə müxtəlif institutlardır, ictimai təşkilatlardır, həm də dövlətin özüdür. Eyni zamanda müxtəlif vətəndaş birlikləridir - etnik, milli, mədəni, humanitar zəmində formalaşmağından asılı olmayaraq. Həmçinin bütün bunların hamısı elə bir üçüncü hakimiyyət qolunu fəaliyyəti, müşahidəsi, monitorinqi və nəzarəti ilə müşayiət olunur ki, sözün həqiqi mənasında üç hakimiyyət qolu və maraqları səviyyəsində dövlətin yönləndirilməsi baş verməlidir. Etiraf etmək lazımdır, bu çox ağrılı bir prosesdir. Çox sadə bir misal göstərə bilərik: bizdə 1999-cu ildən başlayaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə start verildi. Bilirsiniz ki, bu əhalinin sayı ekvivalentində müəyyənləşmiş təşkilatlardı. Onun fəlsəfəsi mərkəzləşmiş idarəetmədən çıxmaq, səlahiyyətləri paylaşdırmaq, cəmiyyəti aktivləşdirmək, öz problemlərinin həllində onların fərdi gücündən yararlanmaq və sair niyyət idi. Amma nə yaşadıq biz? Zamanında təxminən 100 il əvvəlki fevral inqilabından sonrakı iki hakimiyyətliliyi. Yəni, orqanlar normal şəkildə səlahiyyətlərindən imtina etmək istəmir, çünki bu onları yapon hökmdarına çevirərdi. Yəni, necə deyərlər, ildə bircə dəfə xalq qarşısına çıxmaq və əllərini yelləyib milləti salamlamaq. Bunu kim məqbul sayar?
(Ardı var)
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 11 aprel.- S.6.