Azərbaycan alimi məşhur
"İssık yazısı"nın şifrəsini
aça bilib
Martın 28-də "Exo" qəzetində jurnalist
Nuraninin tarixçi-alim Zaur Həsənovla müsahibəsi dərc
olunub. Maraqlı olacağını nəzərə alaraq
həmin müsahibəni tərcümə edib
"525.az"-ın oxucularına təqdim edirik.
"Çarlar vadisi" ifadəsi
çoxlarının təsəvvüründə Qədim
Misiri, Luksor məbədlərini, Krımın şərq
sahillərindəki sərdabələri canlandırır. Az adam
bilir ki, hökmdarlar vadisi Avrasiyanın düz ürəyində-İssık-Kul
gölündən Yeniseyin mənbəyinəcən olan ərazidə
yerləşir. "Xalqın qan yaddaşı" əsrlərin
dərinliklərindən gələn belə bir əfsanəni
yaşadır: qədim dövrlərdə təpəliklərin
ətrafında yalnız mötəbər insanlar torpağa
tapşırılarmış. Müasir
arxeologiya bu əfsanəni büsbütün təsdiqləyib.
Çarlar vadisində həqiqətən də
mötəbər insanların dəfn olunduğu qədim
kurqanlar aşkar edilib. Amma bununla belə
arxeologiya əlahiddə elmdi. Və burada hər
tapıntı özündə xeyli sayda yeni sirlər gizləyir.
Və onlardan biri də uzun illər dəqiq
şifrələnməsi mümkün olmayan məşhur
"İssık-kurqan yazısı" idi.
Amma
artıq Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı,
tarixçisi alim Zaur Həsənov minilliklərin dərinliklərindən
bizə gəlib çatan bu sirli-sehrli yazını
açmağa müvəffəq ola bilib.
"İssık yazısı"ndakı hansı sirləri
açmaq mümkün olub? Belə
yazıların şifrələrinin açılması
prosesi özündə nələri ehtiva edir? Zaur Həsən oğlu Həsənovla söhbətimiz
bu və digər məsələlər ətrafında oldu.
-
"İssık yazısı"nın əhəmiyyətini,
onun şifrələrinin açılmasına nədən
belə önəm verilməsini tarixçi alimlər təbii
ki, yaxşı bilirlər. Amma bunu geniş
auditoriya haqqında söyləmək düzgün olmazdı.
Odur ki, gəlin, oxucuları işin məğziylə tanış edək. Ümumiyyətlə,
söhbət nədən gedir?
- Mənim
şifrələrini aça bildiyim həmin sözügedən
yazının bir çox ölkələrin mütəxəssislərinin
onilliklər boyu hörmətlə yanaşdıqları
arxeoloji tapıntılarla birbaşa əlaqəsi var.
Xatırladım ki, 1969-cu ildə Qazaxıstan arxeoloqları
Almatının yaxınlığında skif şahzadəsinin
qəbri olan kurqanı aşkar etmişdilər. Təəssüf ki, skif kurqanlarının əksəriyyəti
hələ qədim dövrlərdə qarət olunub.
Amma bu dəfə arxeoloqların bəxti gətirmişdi:
şahzadənin qəbri qarətə məruz qalmamış,
olduğu kimi
saxlanılmışdı. Mütəxəssislərin
faydalanması üçün kifayət qədər sənəd
var idi. Şahzadə parçanın
üzərinə tikilmiş qızıl nişanlarla zəngin
geyimdə dəfn olunmuşdu. Başında
hakimiyyət rəmzi olan dörd ox və büsbütün
qızıl fiqurlarla bəzədilmiş baş geyimi var idi.
Kurqanda ümumilikdə təxminən dörd
min qızıl işləmə aşkar olunmuşdu. Bundan əlavə burada dəmir qılınc,
qızılla işlənmiş xəncər, bürünc
güzgü, gümüş qaşıq, üzərində
yazısı olan gümüş cam və sair əşyalar
tapılmışdı. Bu gün mütəxəssislərin
"qızıl insan", yaxud da "qızıl
döyüşçü" adlandırdıqları həmin
bu insan skif, ya da sak şahzadəsidi. Əgər
elmdə inqilab dediyimiz arxeoloji tapıntı
anlayışı varsa, heç şübhəsiz, onlardan
biri də budu.
- Siz
“İssık yazısı” barədə konkret nə deyə
bilərsiz?
- Həmin
kurqanda digər əşyalarla yanaşı, uzun illər
şifrəsini açmaq mümkün olmayan üzərində
runa yazısı olan gümüş cam da aşkar
olunmuşdu. Artıq onu oxumaq
mümkündü. İssık yazısında olan bu
runa yazısının oxunuşu göstərir ki, onun əsasında
qədim Yaxın Şərq işarələrinin, orxan-yenisey
fonetikasının olması, yazının türk mənşəliliyinə
dəlalət edir. Orijinalda yazı bu şəkildədi:
"Dort bul kuz S?ngl?y??r. Us yuz y?ğ anta?c?r. Tərcümədə belədi:
"Dünyanın dörd (küncü) tərəfindəki
tayfalar Sınqla nəğmələr qoşur. Üç yüz ağlar gözlü and
içir". Yeri gəlmişkən bu
yazının məhz belə oxunuşunun həqiqiliyinin təsdiqi
üçün Herodota, Çinin "Xan sülaləsinin
tarixi"nə, həmçinin ədəbi örnəklərə
istinad etməklə bir sıra qrammatik, tarixi faktları üzə
çıxarmağa müvəffəq olduq.
- Bunun həqiqiliyini
məhz hansı tarixi mənbələr təsdiqləyir?
- Şifrələri açılmış mətndə
ən azı dörd belə mənbə var. Bu mənbələrə
bunları aid etmək olar: qızıl
döyüşçünün adının verilməsi
qılıncının rəmzidi. Mətndə "and
içmək" ifadəsinin olması. Həmçinin
burada xatırlanan 4 və 3 rəqəmlərinin
simvolikası. İstərdim, bu barədə
sizə daha geniş məlumat verim. Mən
müəyyənləşdirdim ki, dəfn olunmuş
şahzadənin adı Sınqlıdı. Bu hətta addan da
çox, İssıkın qızıl
döyüşçüsünün rütbəsidi.
Belə ki, "Sınqlı" sözü bütün
hunların imperatoruna məxsus ilahi "Çinqlu"nun eyni
adıdı. Xan sülaləsi hakimiyyəti dövrünə
aid Çin mənbələrində bu barədə
yazılıb.
Yeri gəlmişkən,
hunlar doqquz göyə sitayiş etsələr də,
yalnız "Çinqlu"nun, yaxud "Sınqlı"nın şərəfinə məbədlər
ucaldırdılar. Hunların qılınca və
qızıl döyüşçüyə sitayiş etmələri
barədə Xan sülaləsi dövrünə aid tarixi mənbələrdə
məlumatlar verilir. Bu məlumatlara Herodotda
da rast gəlmək olar. Onun sözlərinə
görə, skiflər Aresə (müharibə tanrısı)
məbədi təpənin üstündə düzəldilən
dördkünc meydanda dəmir qılınc formasında
ucaltmışdılar. İssık
yazısında hökmdarın əhatəsi 4 rəqəmiylə
göstərilir ("dörd künclü qəbilələr").
Skif hökmdarları barədə "Tarqıtayın mənşəyi
haqqında" əsatirdə skiflərin əcdadlarının
4 qəbiləyə bölündüyü bildirilir. Yazıda
Sınqlı məmləkəti dördkünclü formada
nümayiş olunur. Öz
yazılarında Herodot da Skifiyanı dördkünclü
formada təsvir edir. Skif
hökmdarının dəfn olunduğu dəlik də
dördkünc formadadı. Qızıl
döyüşçünün başında dörd ox var.
Yazıda qəbilə şurası "üç
yüzlüyə" bölünür. Herodotun
yazdığına görə, "Tarqitayın mənşəyi
haqqında" və "Herakl haqqında" olan skif əsatirlərində
skiflərin əcdadları üç qardaşla təmsil
olunur. Yazıda Sınqlıya üç
yüz nəfərin ağladığı göstərilsə
də, Herodotda skif hökmdarına Skifiyanın bütün qəbilələrinin
elliklə ağladıqları prosesi detallarla təsvir olunur.
Nəhayət, İssık yazısında Sınqlıya
ağlayanların "and içmələri" barədə
deyilənlər, Herodotun skiflərin andiçmə mərasimiylə
bağlı informasiyası ilə eynidi: "Skiflərin
dostluqla bağlı andiçmələrinin müşayiəti
ilə keçirilən razılaşmalarının
hamısı belə yekunlaşır: iri gil
cama müqavilə iştirakçılarının qanı
qarışdırılan (bunun üçün cidanı dəriyə
batırır, yaxud da dərini bıçaqla çərtirlər)
şərab süzülür. Sonra cama
qılınc, ox, balta və nizə qoyulur. Bu mərasimdən sonra uzun and nitqi söylənilir və
ardınca müqavilə iştirakçıları, həmçinin
mərasimə qatılanlar arasında olan ən hörmətli
şəxslər camda olan qanı içirlər". Oxşar şəhadətləri çinli
tarixçilər də verir. Herodotun yazdığı
skiflərin andiçmə mərasimi bizlərə Krımda
skiflərin Kul-Oba kurqanında aparılan qazıntılar
zamanı tapılmış eramızdan əvvəl IV əsrin
qızılının təsvirində gəlib
çatıb: burada iki skif bir-biriləriylə yanaq-yanağa,
burun-buruna dayanıb eyni vaxtda bir camdan qan-and içirlər. Hətta müasir Azərbaycan dilində də
"andı içmək" ifadəsi mövcuddur. Buradan da göründüyü kimi, İssık
yazısında özündə xeyli sirr gizləyən qiymətli
məlumatlar var.
- Bu sirlərdən
biri də skiflərin hansı dildə
danışmalarıdı...
- Bəli.
Avrasiyanın bizim eramızdan əvvəlinin
birinci minilliyinin tarixində skif-sak qəbilələri əsas
yerlərdən birini tutur. Bu heyrətamiz
xalq haqqında kifayət qədər yazılıb. İlk mənbələr hələ antik dövrlərə
gedib çıxır. Amma böyük təəssüf
hissiylə qeyd etməliyəm ki, bu döyüşkən
xalqların dili bizlərə yalnız onların
qonşularının - assiriyalılar, babillər, yunanlar,
farslar, romalıların yazılı məlumatları vasitəsilə
məlumdur. Amma bu mənbələrdə
də əsasən onların tanrılarının, əcdadlarının
və skif-sak hökmdarlarının adları çəkilir.
Yalnız nadir hallarda onların dilindəki bəzi
sözlər mənasının tərcüməsiylə təqdim
olunur. Skif və sakların diliylə əlaqədar
yazılı mənbələrin olmaması, nəhayətdə
skif dili ətrafında xeyli sayda mübahisələr
doğurur. Bu mübahisələr tarixçilər
arasında hələ XIX əsrin sonlarından
başlayıb, hamının qəbul edəcəyi ümumi
fikrə gəlmək üçün dəfələrlə
bu məsələyə baxılıb. Əgər
skiflərin ilkin tədqiqatçıları onları
Ural-Altay, o cümlədən türk xalqlarına aid edirdilərsə,
bu gün tədqiqatçıların müxtəlif ölkələri
təmsil edən böyük əksəriyyəti skif-sak qəbilələrinin
İran mənşəli olduğu üzərində
israrlıdır. Amma yazılı mənbələr
bu nəticələrə əsas vermir. Üstəlik,
hansısa vahid "skif dili" haqqında danışmaq o qədər
də düzgün deyil. Herodotun
"Tarix"ində Skifiyada insanların yeddi dildə
danışdığı göstərilir. Bunların hansı dillər olduğunu "tarixin
atası" dəqiqləşdirmir, amma skiflərin bir hissəsinin
elin dilində danışdığını qeyd edir. Və bu artıq skifləri vahid dildə
danışan vahid etnos kimi qəbul etməmək
üçün ciddi dəlildi. Bu gün
mütəxəssislər üçün çar skiflərin
qəbilələrinin danışdığı dil xüsusi
maraq kəsb edir. Onlar dilləri və mədəniyyətləri
barədə mühakimə yürütmək
üçün qədim yazılı mənbələrdə
kifayət qədər məlumatın olduğu qədim
dünyanın nadir xalqlarındandırlar. Herodot onların tarixini, mifologiyasını, adət-ənənələrini
əhatəli şəkildə təsvir edir,
hökmdarlarının və tanrılarının
adını çəkir, həmçinin dillərində
olan sözləri qeyd edir. "Çar
skiflər" kitabımda mən bu qəbilənin dilinin
türk dilləri qrupuna aid olduğunu müəyyənləşdirə
bilmişəm. Skiflərin və sakların dünyada məskunlaşmış
digər qəbilələrinə gəlincə isə, biz
onlar barədə nisbətdə, daha az
informasiyaya malikik. Məhz bu səbəbdən də
sakların yazılı nümunələri barədə
arxeoloji örnək bu qədim xalqın dilini öyrənmək
baxımından böyük əhəmiyyət kəsb edir.
- Bəs,
İssık yazısı yazan xalq özü necə
adlanırdı?
- Farslar
bütün skiflərə bu qəbilələrdən özlərinə
daha yaxın olan sak adı verib. Rusiya elmi bu
xalqı skiflər adıyla qəbul edir. Amma
mən müəyyən edə bildim ki, qədim yunan mətnlərində
ümumiyyətlə, skif sözü mövcud deyil. Bu, rusların təhrif olunmuş versiyasıdı.
Yunan mənbələrində skiflər kuz kimi
təqdim olunur. Assiriya və Babil
yazılarında isə skiflər iş-kuz və aş-quz
kimi verilir. Gördüyümüz kimi, bu
xalqın əsas adı quzdu. İssık
yazısının şifrələrinin açılması
da göstərdi ki, İssık qəbilələri də
özlərini kuz adlandırıb. Bütün
bu adlar oğuz adıyla eynilik təşkil edir.
- İssık yazısını oxuduqdan sonra hansı əhəmiyyətli
nəticələrə gəlmək olar?
- Burda ən
azı iki nəticə var. Onlardan biri qədim türklərin
irqi mənşəyinə, ikincisi, türk yazılı
tarixinin yaranmasına aiddi. Mənim
qazaxıstanlı həmkarım akademik Orazak İsmaqulov
müəyyənləşdirib ki, İssık kurqanında dəfn
olunmuş "qızıl insan" semireçen saklar
üçün xarakterik olan bir qədər monqoloid cizgiləri
qarışıq avropoid tipli simaya malik olub. Alimlər onun yaşını 16-18 kimi müəyyənləşdiriblər.
Çox güman ki, o, Cənub-Şərqi
Qazaxıstanda məskunlaşmış skif-sakların gənc
şahzadəsi olub. K.A.Akişevin qeyd
etdiyi kimi, antropoloqlar müəyyənləşdiriblər ki,
eramzdan əvvəl V əsrdə (İssık şahzadəsinin
dəfn olunması bu dövrə aid edilir) Orta Asiya və
Qazaxıstanda əhalinin əsas hissəsi qabarıq şəkildə
avropoid cizgilərinə malik olub. Yalnız
Şimali Qırğızıstan və Qazaxıstanın cənub
hissəsində məskunlaşan bəzi qəbilələr
istisnalıq təşkil edib. Məhz elə
bu ərazilərdə irqi dəyişmə nəticəsində
əhalinin erkən monqollaşması prosesi baş verib.
Belə alınır ki, eramızdan əvvəl
V əsrdə avropoidlər türk dilində
danışıblar. Bu, çox vacib məsələdi.
Daşlaşmış stereotiplərə
görə, türklər yalnız monqoloidlərə aid edilə
bilərlər. Və bu gün arxeoloqlar şərti desək,
"avropoid qəbri" aşkar edəndə, dərhal belə
nəticə hasil olunur ki, bunun türklərə heç bir
aidiyyatı ola bilməz. Türk mənşəli
İssık yazısının oxunuşu isə bizim 2500 il bundan əvvəlki türk qəbilələrinin
irqi tərkibi barədə olan təsəvvürlərimizi
tamamilə alt-üst edir. İssık
yazısının oxunuşunun daha bir vacib tərəfi
eramızdan əvvəl V əsrdə türk
xalqlarının öz yazısının olmasıyla
bağlıdı. Fars yazılı
tarixinin yaranışı da təxminən həmin dövrə
təsadüf edir. Yəni, türk və fars
xalqlarının yazı mədəniyyəti
yaşıddı.
- Ola
bilsin, bu sualım diletantlıq kimi görünsün, amma bilmək
istərdim, ümumiyyətlə, bu yazıların oxunuşu
prosesi necə olur?
- Bu işdə həqiqətən də xeyli mürəkkəbliklər var. Məsələn, mixi xətli mətnlərdə bir işarə bütöv bir sözün, yaxud ayrıca hecanın məğzini verə bilər. Qədim mətnlərin əksəriyyətində yazı zamanı sait hərflər buraxılır. Mütəxəssislər hər şeydən əvvəl bu yazını ərsəyə gətirən dilin özünü müəyyənləşdirməlidi ki, bu da bəzən müasir elmə məlum olmayan dil olur. Söhbətin getdiyi "İssık yazısı"na gəlincə isə, bu yazı qədim türklərin orxon-yenisey və talas yazılarına çox bənzəyən işarələrlə ərsəyə gəlib. Mətn 25 işarədən ibarətdir, bundan başqa, burada düzbucaqlı formasında olan bir ideoqramma və mətndən kənar bir yazılı işarə var. Bu yazının şifrəsini açmağı öz üzərinə götürmüş təhqiqatçılar xeyli sayda suala cavab tapmalıydılar. Məsələn, düzbucaqlı ideoqramma oxunuş zamanı harda olmalıdı - mətndən solda, yoxsa sağda? Yəni, bu mətnin əvvəli hansıdı, axırı hansı? Əgər bəzi saitlərin buraxıla biləcəyini nəzərə alsaq, burda dəqiq neçə hərf var? Və nəhayət, bu 25 işarə özündə hansı səsləri ehtiva edir? Belə oxunuş bizlərə bu artefaktı miras qoymuş, artıq tarixçilərə məlum olan həmin xalqın dilinə nə qədər uyğun gəlir? Və hər ehtimal gərək dəqiq və inandırıcı şəkildə əsaslandırılıb sübut edilsin. İssık kurqanı camının üzərindəki yazını əvvəllər də dəfələrlə oxumağa cəhd ediblər, amma şübhə yeri qoymayan dəqiq nəticələrə gələ bilməyiblər.
- Deməli, "İssık yazısı"nın oxunuşuna və şifrəsinin açılmasına əvvəllər də cəhdlər olub?
- Bəli. Amma təəssüf ki, bu cəhdləri uğurlu adlandırmaq olmaz. Belə ki, Y.Xarmatta İssık yazısının İran dilləri əsasında oxumağa cəhd edib. İssık yazısının 25 işarədən ibarət olduğu halda, Xarmatta transkripsiyada onu latın əlifbasının 67 hərfiylə yazıb. Başqa sözlə desək, o, yazının mətninə heç nəyə əsaslanmadan 42 yeni hərf əlavə edib. Amma türkoloqların da gümüş camdakı yazının şifrəsinin açılmasına cəhdləri o qədər inandırıcı alınmayıb. Türkoloqlar əsasən mətnin əvvəliylə sonunu düzgün təyin edə bilməyiblər. Yazıya süni şəkildə artıq mətnin özündə olan saitləri əlavə ediblər. Mətnin istiqaməti də düzgün təyin olunmayaraq, sağdan sola verilib. Özü də mətnin özündə bu məsələyə birbaşa işarə verilib. Nəhayət, ən əsası, şifrələrin açılmasına cəhdlərin biri də tarixlə təsdiqlənmir. İssık yazısı özündə 2500 il əvvəlin yazı nümunəsini ehtiva edir. İssık yazısının şifrəsinin açılması skif-sak qəbilələrinin gerçək tarixini üzə çıxarmağa imkan yaradır ki, orada da hələ aydın olmayan çox şeylər var. Və təəssüflər oslun ki, bu gün bu tarixlə bağlı səhv düşüncədə olanlar da kifayət qədərdir.
- Söhbətə görə təşəkkür edirik.
525-ci qəzet.-
2014.- 11 aprel.- S.4.