"Milli
ideologiya probleminə fəlsəfi baxış"
kitabının II hissəsi
nəşr edilib
Bu günlərdə fəlsəfə
doktoru, dosent Faiq Ələkbərovun
"Milli ideologiya probleminə fəlsəfi
baxış" kitabının
II hissəsi nəşr
edilib. Müəllif monoqrafiyanın II hissəsində
ilk dəfə XIX-XX əsrlərdə
Azərbaycanda gedən
ideoloji proseslərdəki
ikili xətti: 1. İslam-türk mədəniyyəti
və ideologiyası: islamlaşmaq, türkləşmək,
müasirləşmək, milli
azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti
və ideologiyası: qərbpərəstlik, avropasayağı
"mollanəsrəddinçilik", milli bolşevizm-sosializm, sovet azərbaycançılığı
müəyyənləşdirib. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə
və günümüzdə
müdafiə etdikləri
ideyaların mahiyyəti
açıqlanmaqla yanaşı,
kitabda müəllifin
Azərbaycan milli ideyası və Azərbaycan milli ideologiyasına tamamilə
yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb. Nəşrdə xüsusilə milli
ideyaların çağdaş
dövrdə nə dərəcədə aktuallığı
məsələsi araşdırılaraq,
yeni fikirlər irəli sürülüb.
Həmçinin kitabda milli şüur məsələsi,
milli şüurun dini dəyərlər, habelə vətəndaş
cəmiyyəti ilə
oxşar və fərqli cəhətləri
ilk dəfə olaraq tədqiqata cəlb olunub.
Kitabda ilk dəfə
olaraq müasirləşmək
ideyası da fərqli yöndən şərh edilərək
onun milli ideologiyadakı yeri və rolu dəyərləndirilib. Monoqrafiyada Azərbaycan
milli ideologiyasının
mahiyyətini açmaq
üçün təkamül
prinsipinə əməl
edilməsini və bu zaman baş
verən siyasi-ideoloji olayların dəyərləndirilməsi
ilə yanaşı, Azərbaycan milli ideyası yaranana qədər mövcud olan və o yarandıqdan sonra da öz əhəmiyyətini
itirməyən milli ideyalar ciddi şəkildə araşdırılıb.
Kitabda azərbaycançılığın yaranmasında müstəsna
rol oynayan türkçülük cərəyanının
necə meydana çıxması və onun hansı mərhələlərdən keçməsi
də geniş şəkildə tədqiq
edilib.
Monoqrafiyada Azərbaycan milli ideologiyasının mahiyyətini
aydınlaşdırmaqdan ötrü
milli ideologiya anlayışı ilə yanaşı, milli ideyanın nədən olması araşdırılıb. Kitabda həmçinin
azərbaycançılığın mahiyyəti, onun yaranması, formalaşması
və inkişafı mərhələlərinə fəlsəfə
tarixi baxımından
da toxunulub.
AMEA-nın Fəlsəfə
Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasında monoqrafiyanın müzakirəsi
zamanı Faiq Ələkbərov bu kitabla bağlı fikirlərini paylaşıb. O, bu kitabı nə özü üçün,
nə də institutun Elmi Şurasının qərarı
ilə çap olunması üçün
yazmadığını bildirib:
"Mən öz mövqeyimi cəmiyyətə
təqdim etmək üçün yazıram.
Mən burada yazdığım hər bir cümlənin
məsuliyyətini daşıyıram.
Hesab edirəm ki, XX əsrin əvvəllərində, yəni
Cümhuriyyətə qədər,
Cümhuriyyət dövründə
və Cümhuriyyətdən
təxminən 10 il sonraya qədər, vaxtilə XIX əsrin əvvəllərində parçalanmış
Azərbaycanda yeni bir şüur formalaşdı. Bu şüurun təməl daşında türkçülük
dayanır. Burda türkçülük
dedikdə söhbət
yalnız genetik soydan getmir. Mən burada da türkçülükdən
danışanda, təkcə
mən yox, rəhmətlik Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu türkçülüyü
qanla, soyla bağlamayıblar, şüurla
bağlayıblar. Türkləşmək, islamlaşmaq dedikdə, şüur məsələsini
nəzərdə tutublar.
Sovet dövründə bizim şüurumuza yeridiblər
ki, türkləşmək,
islamlaşmaq dedikdə,
guya azsaylı etnosları türkləşdirmək
nəzərdə tutulub.
Elə bir şey yoxdur.
Onların dövründə belə şeylər olmayıb. Nəyi demək istəyirəm?
Axı indi yanlış anlaşılır ki, guya mən azərbaycanlılığın
əleyhinəyəm. Qətiyyən. Azərbaycanlılıq əsasən türk
olan, ancaq digər etnikləri də özündə birləşdirən və
etniklərə heç
bir ayrımçılıq
etməyən, yəni
siyasətdə, dövlət
qulluğunda etməyən
bir şüurdur.
Türklüyü vaxtilə kürd
də qəbul edirdi. O mənada qəbul etmirdi ki, bununla da
türk olurdu. Sadəcə,
dövlətin, əhalinin
aparıcı etnosu olması bir faktdır, reallıqdır.
Üçrəngli Azərbaycan bayrağının
birinci rənginin mavi olması hamını türk etmək deyil. Sadəcə,
bu bölgədə yaşayan insanları vahid dövlət halında birləşdirməkdir.
Mən belə işləmişəm.
Əli bəy Hüseynzadəni, Məhəmməd Əmin
Rəsulzadəni də
o cür qəbul edirəm. Ancaq mən hesab
edirəm ki, Sovet dövründə, xüsusilə 1930-cu illərdən
sonra o birləşdirici
amillər tamam başqa yerə, əks istiqamətə yozuldu. Xüsusilə,
milli aydınlarımızı,
bizim düşünən
beyinlərimizi məhv
etdikdən sonra bu baş verdi. Təkcə cismi yox, mənəvi cəhətdən
o aydınlarımızı ya məhv etdilər,
ya da fikirlərini
dəyişdirməyə məcbur
etdilər. Ondan sonra
türkləşməyə, islamlaşmağa Sovet-rus ideoloqlarının baxışları
ilə yanaşılmağa
başlandı. İslamlaşmaq olmaz, türkləşmək
hamını məhv etməkdir, mürtəcedir
- panislamizmdir, pantürkizmdir".
Müəllif Azərbaycan dövlətinin
türklük üzərində
qurulduğunu deyərək,
Prezident İlham Əliyevin çıxışlarında
dəfələrlə türk
əsri olması ilə bağlı fikirlərini də bildirib.
Qeyd edək ki, monoqrafiyadan
fəlsəfə, tarix,
politologiya, ədəbiyyat,
dilçilik, etnoqrafiya,
kulturologiya və digər elm sahələrində
çalışan müxtəlif
səviyyəli mütəxəssislərin
- bakalavrların, magistrlərin,
doktorantların, elmi işçilərin, müəllimlərin,
eyni zamanda geniş oxucu kütləsinin faydalanması
nəzərdə tutulub.
AQİL
525-ci qəzet.-
2014.- 11 aprel.- S.4.