Zahid Oruc: “Azərbaycanda hüquqi dövlət
və vətəndaş cəmiyyəti möhkəm təməl
üzərində inkişaf edir”
Millət
vəkili Zahid Orucla söhbətimizin məğzini vətəndaş
cəmiyyətinin mahiyyəti, struktur və elementləri, Azərbaycanda
vətəndaş cəmiyyətinin bərqərar olması,
bu yolda atılan mühüm addımlar, problemlər və
perspektivlər, hüquqi dövlət quruculuğu sahəsindəki
irəliləyişlərin müzakirəsi təşkil edir.
(Əvvəli
ötən sayımızda)
– Dedik ki,
1999-cu ildən başlayaraq yerli özünüidarəetmə
orqanlarının fəaliyyətinə start verildi. Bilirsiniz
ki, bunlar əhalinin sayı ekvivalentində müəyyənləşmiş təşkilatlardır. Onun fəlsəfəsi
mərkəzləşmiş idarəetmədən
çıxmaq, səlahiyyətləri paylaşdırmaq, cəmiyyəti
aktvləşdirmək, öz problemlərinin həllində
onların fərdi gücündən yararlanmaq və sair niyyət
idi. Amma nə yaşadıq biz? Zamanında təxminən 100
il əvvəlki fevral inqilabından sonrakı ikihakimiyyətliliyi.
Yəni, orqanlar normal şəkildə
əlahiyyətlərindən imtina etmək istəmir,
çünki bu onları yapon hökmdarına çevirərdi.
Yəni, necə deyərlər, ildə bircə dəfə
xalq qarşısına çıxmaq və əllərini
yelləyib milləti salamlamaq.
Bunu kim məqbul sayar?
İkinci
tərəfdən isə bələdiyyələrə
çox böyük eyforiya ilə qoşulan və onu müəyyənləşdirən
insanlar ciddi işlər, quruculuq, hər hansı bir
infrastrukturun bərpası və sairəni tələb edirdilər. Bunlar baş vermədikcə də
necə deyərlər küskünlük, etimadsızlıq,
xəyal qırıqlığı özünü göstərdi.
Bu sahəni əlliyə qədər qanun aktı tənzimləməlidir.
Amma onu sona çatdıra bilmişikmi? Adi bir misal göstərə
bilərəm. Mənzil istismar kontorlarının
hamısının səlahiyyəti hüquqi baxımdan ləğv
olunub. Yeni bir təşkilat
formalaşdırılmalıdır. Bunu nə bələdiyyəyə
verə bilmişik, nə də köhnələr öz
işlərini yerinə yetirə bilmirlər. Ona görə mən
düşünürəm ki, qeyd etdiyiniz o maraqları ciddi
şəkildə və üzvi olaraq tənzimləyən
qurumların da hələ ki münasibətlərində
problemlər qalmaqda davam edir. Ona görə də belə hesab
edirəm ki, bu stuktur elementləri formalaşma yolundadır. Azərbaycan
cəmiyyətində həqiqətən də hamımız
dərk eləyəndə ki, bu vətənin quruculuğu eyni
dərəcədə başqalarının maraqlarını
tanımaqdan keçir, çünki sadəcə vətəndaşı
tapdalayaraq, onun hüquqlarını əlindən alaraq
müxtəlif mənfi niyyətlərdən ona münasibət
göstərərək normal vətəndaş cəmiyyəti
qurmaq mümkün deyil.
– Vətəndaş
cəmiyyətinin elementləri ilə bağlı ölkəmizdəki
vəziyyəti necə qiymətləndirərdiniz?
– Elementlərə
gəlincə, təbii ki, xüsusi olaraq bu dövr ərzində
üçüncü sektorun-qeyri-hökumət təşkilatlarının
gəlişdiyini, dövlətin burada çox böyük
rolunu qeyd edərdim. Həmçinin də media institutu –
dördüncü hakimiyyət adlansa da, az qala birinci və
ikinci hakimiyyətin də səlahiyyətlərini mənimsəmək
istəyən informasiya orqanlarını vurğulamaq istərdim.
Bilirsiniz, istənilən dövlət orqanı müəyyən
bir qapalılığı sevir. İnformasiyanın cəmiyyətə
çıxması sanki əngəllənir. İndi hansı
başqa təsisatlar vasitəsilə bunları ələ
götürməlisən? Dediyimiz kimi, qeyri-hökumət təşkilatları
burada önəmli rol oynamaqdadır. Həm də tələbkar
mediamız var. Nəinki onlar hansısa informasiyanı əldə
etmək üçün çalışmalar ortaya qoyurlar, bəzi
dövlət orqanları çox ciddi şəkildə bunun
qarşısını almağa
çalışırlar. Amma
eyni zamanda bu gün sosial şəbəkələr, internet
dünyası həyatımızın mühüm bir hissəsinə
çevrilib. Hər bir facebook, tvitter istifadəçisi
özü bir informasiya daşıyıcısıdır, az
qala bir saytdır, hətta bir sıra hallarda ondan da
böyük səlahiyyətləri əldə edir, bloqqerlik fəaliyyəti
çox tələbkar, ciddi müzakirə halında dövlətin
fəaliyyətini necə deyərlər ortaya qoyur. Ona görə
də mən düşünürəm ki,
qarşıdakı dönəmdə ölkənin həyatının
daha sivil formalaşması üçün müəyyən
bir təcrübə formalaşır. Bunun zəminində biz
gələcəkdə daha da qanuni, şəffaf, hesabatlı
idarəetmə sistemini yarada biləcəyik.
– Zahid
müəllim, bayaq vurğuladınız, həqiqətənmi
elə hesab edirsiniz ki, Azərbaycanda mətbuat dediyiniz qədər
təsir gücünə malikdir?
– Bir
yandan, iqtisadi bazisləri zəifdir, asılı vəziyyətdədir.
Bir tərəfdən də dövlət xeyli dərəcədə
böyük rol oynayır. Onların xüsusi maliyyə
ehtiyaclarını, maliyyə xərcəlrini öz üzərinə
götürür, eyni zamanda müxtəlif qrant layihələri
və sairlə mətbuatın tam, ciddi, sosial
dayaqlarını yarada bilməmişik. İddia eləmirəm,
“Nyu York Tayms”, “Vaşinqton Post” və yaxud da başqa bu cür
ünlü, tirajlı mətbuatın nümayəndələrinə
çevrilək. Amma hər halda bu gün ən aparıcı
qəzetlər 5-10 min tirajdan artıq çıxa bilmirsə,
demək, oxu problemimiz var. Reklam bazarımız xeyli dərəcədə
yarıtmaz vəziyyətdədir. Həmçinin də bunun
sonucu və ən önəmlisi olaraq sanki partiyalar sistemi, bədxah
əllər, çirkli maraqlar mətubat üzərində
oturuşub.Və bu da onların həmkarlar institutları, digər
bunabənzər qurumlar yaradaraq öz fəaliyyətlərini
və haqlarını tələb eləmək imkanından məhrum
eləyir. Əslində mətbuatın başlıca
missiyası nədir? Cəmiyyətdə olanları obyektiv və
qərəzsiz göstərmək. Amma bunların öz durumu
elə vəziyyətdədir ki, bir sıra hallarda bu problemlərə
çıxış əldə eləyə bilmirlər.
–
Qeyri-hökumət təşkilatları haqqında bayaq
ümumi söz açdınız. Üçüncü
sektorun Azərbaycandakı vəziyyətindən daha ətraflı
söhbət açmağınızı istərdik.
– Bilirsiniz ki, ilk illər bu məsələyə münasibət sırf partiyalı bir çərçivədən qırağa çıxmırdı. Yəni əksər partiyalar qrant haqqında qanunvericiliyin imkanlarından faydalanırdılar və onlar daha çox çalışırdılar ki, hər hansı kənar maliyyə əldə eləsinlər, ona görə də müxtəlif planlar hazırlanırdı və beynəlxalq sistemə onlar dediyimiz vasitə ilə qoşulurdular. Və bu təbii ki, özünün problemlərini doğururdu. Sanki bir tərəfdən xaricdən asılılıq yaranırdı, eyni zamanda ölkə içərisindəki mübarizə zamanı bu, bir ciddi kompramat savaşına çevrilirdi. Hamı başqasını ittiham edirdi ki, sənin yardım mənbən ordandır – bir az fərqli formada ifadə eləmək istədim. Yəni, qonşunun şamı hesabına bəzi evlər işıqlanırdı. Bir müddət sonra bunun başqa bəlaları da meydana çıxdı. Bəlli oldu ki, eyni zamanda bunun təsir agentləri, nüfuz və maraq yayıcı qüvvələr də bundan faydalanırlar. Sirr deyil ki, ötən əsrin 80-ci illərində Amerika Birləşmiş Ştatlarında yeni nəzəriyyələr qalib gəldi. Ona qədər hansı doktrinalarla hərəkət elədiklərini bilirsiniz. Yəni, sovetlər dönəmində, soyuq müharibə zamanında sırf hərbi güc, iqtisadi diversiyalar və başqa xarakterli rəqabət, ulduz müharibələri, nüvə hazırlıqları və sair ortadaydı. Dediyimiz illərdən başlayaraq Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq vəzifə daşıyıcıları kimi bu QHT sektoruna daxil oldular. Onlar ingilis dilində bunu “beyin mərkəzləri”, “beyin institutları” adlandırırlar. Bu, hörümçək toru kimi dünyaya yayıldı, şəbəkələşdi, strukturlaşdı, oturuşdu və ondan sonra artıq hər bir ölkənin içərisində onlar mühüm bir təsiryaradıcı qüvvəyə çevrildilər. Ona qədər kobud hərbi müdaxilələr vardı. Panamadan, Qvatemaladan, ta Türkiyənin özünə qədər. İstənilən bir qüvvəni ayağa qaldırırdılar, hətta o cümlədən Əfqanıstanı da. Nəcibullanın, yaxud Şah Məsudun, ya da başqalarının devrilməsini nümunə göstərmək mümkündü. Yəni, ciddi şəkildə bir ssenari, əməliyyat hazırlanırdı və o ölkənin ərazisinə daxil olurdular. Və hamı da görürdü ki, Panamanı Amerika ordusu tutub və qüvvələr də orda iştirak edir. Ondan sonrakı dediyimiz zamanlarla artıq bu insan haqları üzrə ixtisaslaşmış mərkəzlər meydana çıxdı və demokratiya institutları yaradıldı və bunun artıq istənilən ölkənin iç işlərinə kənardan müdaxiləsinə elə bil ki, bir beynəlxalq zəmin yarandı. Dünənə qədər sən deyərdin ki, qoşunun, hərbi qüvvən gəlməsin. Amma bu gün insan haqları o qədər sərhədsiz məsələdir ki, mətbuat haqları, siyasi hüquqların gerçəkləşdirilməsi o qədər beynəlmiləl bir fenomendir ki, burada kim yasaqlayıcı rejim yarada bilər ki? Ona görə də Azərbaycanda da bu qurumların sanki xarici maraq daşıyıcıları olduğunu gördük. Onları bəsləyirdilər, formalaşdırmışdılar, maliyyə mənbələri də ordan idi, elə bilin ki, pulu kim verirdisə, musiqini də o sifariş edirdi. Artıq XXI əsrin əvvəllərindən Azərbaycanın böyük imkanları fonunda QHT sektoruna dövlətin dəstəyinin real, hüquqi və maliyyə əsasları yarandı. Zənn eləyirəm ki, bu işin xeyrinə oldu. Differensial fəaliyyət meydana çıxdı, daha peşəkar qeyri-dövlət sistemində həyatı, fəaliyyəti, hətta məmurların işini təhlil edən insanlar formalaşdı, kadr bankı yarandı. Ən önəmli məsələlərdən biri isə heç şübhəsiz , belə demək mümkünsə, bir nəzarət funksiyası onların əlinə keçdi. İndi tam məsuliyyətlə demək mümkündür ki, Azərbaycanda üçüncü sektor var, onların təsir imkanları böyükdür, bu gün həqiqətən də müxtəlif məsələlərlə bağlı onların irəliyə sürdükləri mövqeni qəbul elətdirə bilirlər, dövlət onlarla hesablaşır, partnyor kimi yanaşmağa çalışır, onlardan resurs kimi faydalanır. Bu gün ölkəmizi xarakterizə edən ən mühüm atributlardan biri də vətəndaş cəmiyyətini struktur elementlərindən olan həmin QHT sektorudur.
(ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 12 aprel.-
S.30.