2013-cü ilin şeir mənzərəsi
Bu
yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat
İnstitutunun təşkilatçılığı ilə
“Ədəbi proses – 2013: yekunlar və vəzifələr”
mövzusunda yaradıcılıq müşavirəsi
keçirilib. Ədəbi mühit və ümumən ictimaiyyət
üçün maraqlı ola biləcəyini
nəzərə alaraq müşavirə materiallarından bir
qismini dərc etməyi qərara almışıq. Bu sıradan daha bir materialı – poeziya ilə
bağlı məruzəni təqdim edirik.
Hər hansı bir şeir mətni yalnız oxucuya estetik
zövq vermək, mənəvi həzz yaşatmaq funksiyası
daşımır. O eyni zamanda məzmunu, ideyası, forması və
ümumilikdə bütün poetik göstəriciləri ilə
bir sıra vacib informasiyaların da
ötürücüsüdür. Bura mətn müəllifinin
dünyagörüşü, dünyaya və insana münasibəti,
ovqatı, mətnin yaranma zamanında mövcud olmuş insan –
cəmiyyət münasibətləri, ictimai, siyasi, sosial
mühit faktoru, subyektin və onun təmsil etdiyi cəmiyyətin
ümumi mənəvi-psixoloji durumu da daxildir və bu,
özünü daha çox mətnin mövzu, problem, ideya-məzmun
qatında ifadə edir. Həmçinin hər bir şeir mətni forma-struktur,
poetik fiqurlar, bədii vasitələr baxımından da
yarandığı dövrün ədəbi mühiti, ədəbi-estetik
zövqü, prosesin formalaşdırdığı və ya
sadəcə təzahürlər şəklində
özünü göstərən cərəyanlar, ədəbi
məktəblər, tendensiyalar və s. haqqında məlumat daşıyır.
Şeir mətnlərinə bu aspektdən yanaşdıqda
yalnız ötən il deyil, ümumiyyətlə
bir neçə illərdir gedən prosesin nəticəsi
olaraq qənaətlərimizi aşağıdakı kimi
ümumiləşdirə bilərik.
Əvvəla. Saysız-hesabsız şeir mətnlərinin meydana
çıxması adekvat olaraq poetik tutumu olan nümunələrin
nə qədər az olduğunu ortaya
çıxarır. Və maraqlı cəhət
bundan ibarətdir ki, şeir yazmaq təcrübəsi əvvəlki
illərlə müqayisədə bir çox müəlliflərin
yazı professionallığını artırsa da, bu fakt
poetik keyfiyyət göstəricisinə şamil edilə
bilmir. Araşdırılan mətnlərin böyük əksəriyyəti
forma-struktur, vəzn,
qafiyələnmə modeli, məna və fikir
baxımından tam, hətta mükəmməl təsir
bağışlayır. Lakin poetik tutum, müəllifin fərdi
üslubu, özünəməxsusluğu, orijinal deyim tərzi,
yeni fikir kombinasiyalarının yaradılması və s.
baxımından tam bir fiasko ilə
qarşılaşırıq. Nəticədə elə bir şeir qalağı ilə
üz-üzə qalırıq ki, bu, poeziyamız
üçün də, ümumilikdə ədəbiyyatımız
üçün də geriyə atılan addım kimi dəyərləndirilə
bilər. Onu da qeyd edək ki, bu, bir
sıra tənqidçilərin demək olar yekdil qənaətidir.
Məsələn, tənqidçi V.Yusifli 2011-2012-ci illərin
şeiri haqqında yazdığı məqalədə (“Azərbaycan”
jurnalı, 2013-cü il, 2-ci sayı)
oxşar qənaətini söyləyir. Tənqidçi
C.Yusifli isə məsələni bir qədər də sərtləşdirir:
“Şeir Ölüb. Kimsə dirilmə əsərini
yazmalıdır!” (“Kaspi” qəzetinə
verdiyi müsahibədən. Kaspi.az
saytı).
Müşahidələrə görə, fərdi
üslub məsələsinə demək olar diqqət verilmir. Yəni hər
hansı bir şeiri çap edərək altından istənilən
bir şairin imsazını qoymaq olar. Buna səbəb
qaldırılan problemlərin, seçilən
mövzuların eyniyyəti yox, eyni ritmli, eyni qəlibli,
bir-birinə oxşar, bir-birinə yaxın poetik vasitələr
və ifadələr üzərində qurulmuş şeirlərin
yazılmasıdır. Müasir şeirin çox az nümayəndələri var ki, öz deyim tərzi,
öz poetik məni, öz ifadə və təsvir
orijinallığı, öz poetik səmimiyyəti ilə
seçilsin.
Fikrimizcə, bunun əsas səbəbi seçilmiş
formanın diktəsinə tabe olma, artıq
daşlaşmış poetik ifadə qəliblərindən
qurtula bilməməkdir. Həmçinin öz ruhi-emosional təsir
dairəsinə salan, şüraltına
köçmüş poetik ifadələrin poeziyada
mövcudluğudur. Bir də təbii olaraq
yaddan çıxarmayaq ki, istedad vacib amildir. Və təqdim edilən şeirin səviyyəsi
mütləq onun səviyyəsinə adekvat olur.
Müasir şeirdə formanın əsirinə
çevrilmə faktdır. Əlbəttə, əsrlərlə
tarixi olan klassik şeir formalarının, qəliblərin,
xüsusilə da aşıq şeiri, xalq şeiri
formalarının öz qanunauyğunluqları, öz tələbləri
var. Amma şairin şairliyi də məhz bu tələblərin
basqısı altında fikrinin, ruhunun özünəməxsus
poetik ifadəsinə nail ola bilmək və bu zaman ruhun
azadlığına mane olmamaqdır. Əksər
şairlərdə bu alınmır. Məsələn,
Balayar Sadiqin ötən il dərc olunan “Ömrün gəraylı çağları” kitabına
salınmış şeirlər uğurlu poetik
tapıntıları, maraqlı təsvir və ifadə
kombinasiyalarının çoxluğuna baxmayaraq şairin
formadan asılılığını nümayiş etdirirdi.
Nəticədə qəhrəmanın poetik məni
sanki məngənəyə düşübmüş kimi
çabalayır, formanın diktə etdiyi qafiyələnməyə,
ifadələrə, rədiflərə tabe olur, bu isə
bütün kitab boyu səpələnmiş eyni obrazların,
eyni detalların, eyni ifadələrin təkrarı ilə nəticələnirdi.
Oxşar fikirləri Mətləb Ağanın
“11-ə qədər” kitabı haqqında da söyləyə
bilərik.
Bu məqamda onu da qeyd edək ki, formanın məzmunu,
yoxsa məzmunun formanı diktə etməsi məsələsinə
şairin münasibəti həlledici rol oynayır. Və bu,
yaradıcılıq psixologiyasını
araşdıranların tədqiq etməli olduğu maraqlı
problemlərdən biridir. Çünki
şeir yaradıcılığında əldə edilən nəticələr
əsasən yaradıcılıq prosesi və müəyyən
problemlərə şair yanaşması ilə sıx
bağlıdır. Məsələn, V.Bəhmənli
“İşartı” adlı ötən il dərc
olunmuş kitabında yazır: “...kainatda qəlibsiz heç nə
yoxdur. ... Azərbaycan şeirində isə qəliblər
həm də mənanı diqtə edir. Qəlibdən
gələn mənanı ifadə etməyi bacaran yazar isə
sənətkardır”. Bu fikirlə
razılaşmayanlar, şeirdə qoyulan problemin, seçilən
mövzunun öz formasını müəyyən etdiyini
söyləyənlər də tapılacaq və bunun
özü də təbiidir. Çünki
bu yanaşmada da həqiqət payı var. Biz də o fikirdəyik
ki, fikir, ideya, məzmun formanı diqtə edir. Amma unutmaq olmaz ki, yaradıcılıq prosesi fərdi
xarakter daşıyır.
Çağdaş
şeirdə daha bir meyl isə məhz formanın
basqısına məruz qalmamaq üçün verilibsə
doğru istiqamətlənib ki, bu zaman da əks proses baş
verir. Halbuki azadlığın da öz sərhədləri
mövcuddur. Şeirdə mövzunun və
bəhs edilən problemin tələbi ilə seçilmiş
sərbəstliyin sərhədləri isə təəssüf
ki, tez-tez dağıdılır. Və bu
dəfə də, nəsrləşmə prosesi
başlayır. Nə baş verir?
Şeirdə nəinki qafiyələnmə sistemi qurulmur və
ya zəif qurulur, eyni zamanda sərbəst şeir
üçün çox vacib olan amillərdən biri – ritm
pozulur, hətta ritmsizlik meydana çıxır... Onu da qeyd
etmək istərdik ki, bu proses yalnız bizim şeirimiz
üçün xarakterik hal deyil. Məsələn,
rus şeirinin müasir durumu da oxşardır.
Müasir poeziyada nəsr xüsusiyyətlərinin
artması ilə diqqəti çəkən sərbəst
şeir bir neçə ildir ki, xüsusilə gənclərin
yaradıcılığında çox müşahidə
edilir. Amma belə
görünür ki, getdikcə öz mövqeyini itirməkdədir.
Kimlərin yaradıcılığında bu cür mətnlər
var idi: Tərlan Əbilov, Fərid Hüseyn, Feyziyyə, Emir
Piri, Aqşin Evren və s. Bu mətnlər poetik fiqurlarla, nəsrin
ifadə edə bilməyəcəyi poetik vasitələrlə
yükləndiyindən “sərbəst şeir” kimi qəbul
edilir və edilməlidirlər. Bu şeirlər xüsusilə
həm də qafiyəsizliyi və ya az
qafiyələnməsi, xüsusilə də proza ritmi ilə
seçilirlər. Ümumiyyətlə isə
onu söyləyə bilərik ki, ötən ilin şeiri əvvəlki
illərdə olduğu kimi, heca şeirinin, xüsusilə
klassik xalq, aşıq şeiri formalarının üstün
mövqeyi ilə yadda qaldı.
Poeziyada olan meyl və tendensiyalar haqqında
danışmamışdan əvvəl kiçik bir
xatırlatma etmək istərdik. Professor Nizami Cəfərov
“Klassiklərdən müasirlərə” kitabında XX əsr
Azərbaycan ədəbiyyatının dörd mərhələsindən
üçüncüsünü 60-90-cı illərə aid
edir və iki məktəb, iki tendensiya müəyyən
edirdi. Rəsul Rzanın
yaratdığı modernist-eksperimental məktəb və Səməd
Vurğunun rəhbərlik etdiyi ənənəvi məktəb.
Hər iki məktəbin davamçılarını sadalayan
alim Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri, Nəriman
Həsənzadə, Məmməd Araz, Qabili ənənəvi
məktəbə, Əli Kərim, Fikrət Qoca, Fikrət
Sadıq, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə,
Vaqif Cəbrayılzadəni isə modernist-eksperimental məktəbə
aid edirdi. Bu iki məktəbin xüsusiyyətlərini
birləşdirənlər cərgəsinə isə Xəlil
Rza Ulutürk, Məmməd İsmayıl, Ramiz Rövşən,
Nüsrət Kəsəmənli daxil edilirdi. Eyni tendensiya bu gün də müşahidə olunur.
Lakin XXI əsrin əvvəllərindən başlayaraq əsasını
XX əsrin sonundan götürmüş bir sıra təmayüllərin
mövcudluğu onu söyləməyə əsas verir ki, ənənəvi
şeirlə modernist-eksperimental şeiri birləşdirən
şairlərin cərgəsini R.Rövşən, R.Behrudi,
Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Salam, Murad
Köhnəqala, Şərif Ağayar davam etdirir. Həmçinin daha sonrakı dövrdə müəyyən
qısa müddətdə olsa da “postmodernist” adı altında
eksperimental şeir nümunələri də yaranıb.
Onların müəllifləri arasında Rasim Qaraca, Azad
Yaşar, Nərmin Kamal, Murad Köhnəqalanın
yaradıcılığının ikinci dövrü və s.
qeyd etmək olar. Bundan başqa,
ənənəvi şeir nümunələri yaradan,
xüsusilə klassik aşıq şeiri üslubunda yazan
şairlərimiz də oldu ki, bu sırada da – M.İsmayıl,
Z.Yaqub, M.Köhnəqala (yaradıcılığının
ilk dövrü), M.İlqar, M.Dəmirçioğlu,
V.Əziz, İ.Qəhrəman, İ.İlyaslı,
Ş.Ağayarın (yaradıcılığının
birinci dövrü) adlarını çəkə bilərik.
Onlar aşıq şeirinin maraqlı nümunələrini
yaradaraq nəinki forma gözəlliyini, eyni zamanda da məlum
forma daxilində çox orijinal poetik tapıntılar etməyin
mümkünlüyünü göstərdilər.
“Postmodernizm”in tələblərini rəhbər tutaraq
eksperimental şeirə üstünlük verən müəlliflər
isə əsas diqqəti forma, ifadə və təsvir vasitələri,
obrazların fərqliliyi, fikir və ifadələrin
açıqlığı və vulqarlığı,
şeirə estetik dəyər baxımından gətirilməyən
ifadələrin gətirilməsi, həyata ironik münasibətlərin
ifadəsi və ya vizual effekt üzərində cəmləyirdilər. Amma bu məqamda
onu da qeyd etməliyik ki, 90-cı illərdə müşahidə
edilən eksperiment bolluğu, “postmodernist şeir” yaratmaq istəyi,
hətta vizual effektə əsaslanan şeir yazmaq marağı
ötən bir neçə ildə artıq demək olar ki,
müşahidə edilmir. Bir sıra
yaradıcılıqlarda müəyyən keyfiyyətləri
ilə təzahür edən postmodernizm özünü təsdiqləyə
bilmədi. Yəni cərəyana
çevrilmə prosesi baş vermədi. Nəsrdən
mənzərə bir qədər fərqlidir. Belə ki, nəsrdə hələ də onun müəyyən
təzahürləri müşahidə edilir. Səbəblərdən
biri də çox güman ki, bəzi müəlliflərin –
Rasim Qaraca, Murad Köhnəqala, Nərmin Kamal və s. müəlliflərin
qərb, xüsusilə rus postmodernizmindən mənimsədikləri
müəyyən xüsusiyyətləri şeirdən nəsrə
daşımalarıdır.
Mövzu, ideya-problem baxımından 2000-ci illərin əvvəllərindən
bəri mənzərə bir o qədər də dəyişmiş
görünmür. Tanrı, Din, şikayət, sosial problemlər, sevgi, mənəvi
narahatlıqlar, öz mənəvi durumu ilə təbiətin
fəsilləri, mənzərəsi arasında paralellər
aparmaq, özünü təbiət vasitəsilə
anlatmağa çalışmaq, Vətən həsrəti,
torpaq itkisi, Qarabağ savaşı, bu itgiyə görə
özünüqınama, Dünya, Yaşam, Ölüm və
Olum fəlsəfəsi, bu dünyanın ədalətsizliyindən
bezərək yeni dünyalar, yeni cahanlar arayışı və
s. ümumi halda götürdükdə şeirimizin
mövzu-problem arsenalını təşkil edir. Amma təəssüf ki, mövzuya yanaşmada,
problemin qoyuluşunda, fikrin ifadəsində qəlibləşmə
və təkrarlanma mövcuddur. A.B.Yesin
“Ədəbi əsərlərin təhlil prinsipləri və
üsulları” kitabında yazırdı ki, “mövzu
reallığın əks olunmasıdırsa, problematika
sualların qoyuluşu, ideya isə bədii nəticələrin
çıxarılması sahəsidir. Bu o
sahədir ki, orada müəllifin dünyaya və onun
ayrı-ayrı hadisələrinə münasibəti ortaya
çıxır”. Bu fikrə əsaslansaq,
bizim şeirimizdə bədii nəticə və ideya
qıtlığının hökm sürdüyünü tam
əminliklə söyləmək olar. Və
ya belə də demək olar ki, şeirimiz eyni problemlərlə
bağlı eyni bədii nəticələr əldə edir.
Bu isə poeziyada monotonluqdan başqa bir şey
deyil.
Ötən ilin şeirində mövzu-problem
baxımından hər halda müəyyən dəyişikliklər
müşahidə edildi. Bu da özünü daha çox
müharibə faktına münasibətdə göstərir.
Məsələn, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərinin
şeiri haqqında əminliklə deyə bilərik ki, onda
mövzu, problem, ideya və xarakterlər baxımından
müharibə amilinin təsiri mövcud idi. Şeirdə təsvir
olunan xarakterlər əsasən müharibə
dövrünün formalaşdırdığı, bəzən
mənəvi yüksəkliyə qaldırdığı, bəzən
isə şəxsiyyətcə deformasiyaya uğratdığı “müharibə insanı”
modeli idi. Qaldırılan problemlər əsasən
dövrün və müharibənin meydana
çıxardığı ictimai, siyasi, sosial, mənəvi,
psixoloji problemlər idi. Müraciət
olunan mövzulardan müharibə əsas xətt kimi
keçirdi. İdeyalar da həmçinin
müharibə faktından “uzaq gedə” bilmirdi”. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərinin
şeiri haqqında əldə etdiyimiz bu qənaəti əsaslandıra
biliriksə, ötən illərin şeiri haqqında bunu
söyləmək mümkün deyil. Belə
ki, nisbətən yaşlı nəslin
yaradıcılığında müharibə faktı “xatirə”
fazasına adlayaraq “itirilmiş torpaqlara deyilən ağı”
keyfiyyətini qazandı. Bu cür şeirlərin
ən yaxşı nümunələri Adil Cəmilin “Yurd yerim
– dərd yerim” kitabında var. Ümumi halda isə şeirlərdə
“müharibə insanı” demək olar ki, görünmür.
Yaradılan poetik obrazlar Tanrısını
arayan, ona və cəmiyyətə, sosial ədalətsizliyə
etiraz edən xarakterlər kimi yadda qalsalar da, onlardan müharibənin
izi silinməkdədir.
Müharibə faktı ilə bağlı daha bir
maraqlı cəhət isə gənclərin
yaradıcılığında müşahidə olunur. Məsələn,
Ramil Əhməd, Emin Piri, Aqşin Evren, Feyziyyə və s. gənclərin
yaradıcılığında “müharibə dövrünə
düşmüş uşaqlığın təsviri” əsas
kaloritdir.
Hər
zaman üçün aktual olan sevgi şeirləri az olmasa da, diqqəti çəkən,
yaddaşa hopan hansısa konkret mətn müəllifinin
adını çəkməkdə çətinlik çəkirik.
Amma məsələn, Musa Yaqubun “Azərbaycan” jurnalında
dərc olunan şeirlərini göstərə bilərik.
O, itirilmiş, əlçatmaz, başqa dünyanın sakini
olan sevgiliyə, daha dəqiqi desək itirilmiş həyat
yoldaşına ünvanlanan bir şeirdir. Amma ümumi halda
sevgi şeirlərində hisslərin ifadəsi,
duyğuların poetik əksi bəzən uğurlu oluqda belə,
istifadə edilən hansısa adət etdiyimiz,
daşlaşmış “yolunda ölərəm”, “eşqimsən”,
“ülvi məhəbbətim”, “qara gözlüm” kimi ifadələr
o təsir effektini azaltdı. Və ya şeirin
yaratdığı təəssürat, ümumi ovqat o qədər
güclü olmadı ki, bu cür ifadələr onun
içində əriyib itsin.
İkiyə bölünmüş Vətən problemi də
ötən ilin şeirində vardı. Bu problemə
maraqlı yanaşmalardan biri Vüqar Əlisoyun şeirində
müşahidə olunur. “Yüyürürəm yaza
sarı” yazan şairin poetik qəhrəmanının bu
yüyürüşü birdən fərqli istiqamət
alır: “Ayaqyalın/başı açıq/yara
yara/buzu/qarı/yüyürürəm/yaza sarı/üzü
Araza sarı”. Amma “bu yaz hələ / muraz deyil / bu yaz hələ
/ Araz boyda kədər imiş / sevincimin / ömrü / Araza qədər
imiş”. Eyni problem Şövkət Zərin Horovluda (“Bu taydan – o
taya saralar gözün,/Sərhədlər üstündə
gileyin inlər. / Yollara yazdığın həsrət
nəğməni –/ Sulara oxuyar qəmli sahillər”, Xasay
Mehdizadənin şeirlərində də var. (“Dəmir-dəmir
çiçəklər”şeiri, sərhədi adlayan
çiçəklərdən bəhs edir).
Vaqif
Yusifli “Azərbaycan” jurnalında dərc erdirdiyi “Poeziya
–2011-2012” məqaləsində deyir: “son iyirmi ildə
şeirimizdə təbiətin səsini az eşidirik. Bircə Musa Yaqubdu ki, təbiətin pozulmuş
nizamı şeirlərində əks-səda tapır”. Həqiqətən
də çox az şair var ki, təbiətlə bir ahəngdə
olmağı bacarsın, nəinki öz mənini anlatmaq, hətta
siyasəti, sosial durumu, həyatın fəlsəfəsini belə
anlatmaq üçün təbiətə istinad edərək
onun dilində danışa bilsin, onunla təmasda olsun, onunla nəfəs
alsın. Bizim müasir şeirdə
yaradıcılığının əsas leytmotivini təbiətlə
bağlaya biləcəyimiz şair Musa Yaqubdu. Amma bununla belə, deyə bilərik ki, təbiət
də, onun fəsilləri də, rəngləri,
çalarları da, ovqatı da müxtəlif şəkillərdə
ötən ilin şeirində göründü. Əgər
Vüqar Əlisoy “Həsrət” şeirində sevgi hisslərinin
ifadəsi üçün təbiətə üz tutaraq
“yoxluğunda şaxtası var bu qışın/donsa qəlbim/ovundurmaz
ağuşun/qar üstündə sitildəyən bir
quşun/səsi düşər /səsimin ahənginə”
yazırdısa, Əlizadə Nuri təbiətin
özünü təsvir obyekti tək dəyərləndirir,
(Bir yaşıl yarpaq var, əsir ağacda, Xəzəllər
budaqdan yıxılıb qalıb./Bu soyuq axşamda
üşüyən ağac/Bir yaşıl yarpağa
sığınıb qalıb). Rəfail Tağızadə təbiətin
gözəlliyinin fərqli təəssüratlar yarada bildiyini
anlatmaq üçün “Payızı sevməyən
süpürgəçi qadın,/bu il mən
də yığışdıra bilmədim/ömrümdən
tökülən yarpaqları//payız dava açdı bizə/xəbərsiz-filansız”,
– deyir. Əbülfəz Ülvi təsvir predmeti kimi payıza
üz tutur: (Yenə yavaş-yavaş sürünür duman,/Soyuqluq duyulur günəş odunda./Dünən
budağında yarpaq adlanan,/Bu gün yerə düşür
xəzəl adında). Şamil Zaman isə təbiəti tam fərqli
bir biçimdə gördüyünü təsvir etmək
üçün payıza müraciət edir (Hec kimin sevmədiyi,/Qarıyıb – qartımış qız , –/P
a y ı z ... ). Göründüyü kimi,
ötən ilin şeiri daha çox payız ovqatında olub.
Daha bir
xarakterik xüsusiyyəti qeyd edək ki, əgər 90-cı
illərin sonu, 2000-ci illərin əvvəlləri şeirimizdə
Vətən anlayışı ilə Qarabağ
anlayışının eyniləşdirilməsi prosesi
gedirdisə, son zamanlar bu artıq daha da məhdud çərçivələrə
salınmağa başlayıb. Məsələn, Vətən
Məcnun Göyçəlidə “Göyçə”, Adil Cəmildə
Kəlbəcər sərhədlərinə sığdı. Əlbəttə, bu faktın özündə də
təbii bir qanunauyğunluq var. Unutmayaq ki, şeir duyulanın
ifadəsidir.
Bu dünyadan bezib başqa dünyalar arama – amma bunu
artıq 90-cı illərdəki kimi ölüm arama əhval-ruhiyyəsi
ilə deyil, haqq-ədalət, daha nizamlı, daha sakit, daha rəvan
bir dünyanın axtarışı üçün etmək
müasir şeirin əsas ideyalarından birinə
çevrildi.
Məsələn, Nisə Bəyim (“Düşüb yuxuda
özünü/Başqa dünyada görəsən... ), Mahir Mehdi (“Qalxasan tək şeydən bir
boy yuxarı,/Tullanıb düşəsən sonuncu qata. Yerin çəkiminnən qırağa
çıxıb, /Keçəsən olmayan vaxta, saata...)
yazır. Bir sözlə insan
üçün hər zaman əlçatmaz və gözəl
görünən “Biz olmayan yer”lə bağlı şeirimizdə
yenə də fərqli ifadə kombinasiyalarının yaranması
bu arayışın hər zaman olacağını göstərir.
Tanrı
ünvanlı şeirlər də ötən il
yenə də çox müşahidə edildi. İbrahim
İlyaslı, Əlizadə Nuri (Nədi dərələrin
kar sakitliyi, Nəyə işarədir gor sakitliyi?/Yağış əsəbindi, qar sakitliyin,
–/Bu yellə nəyisə deyirsən, Allah?!) kimi şairlərin
şeirləri hələ də “Tanrı ilə dialoq”
xüsusiyyətinin şeirimiz üçün aktual
olduğunu sübut etdi. Öz yanaşması ilə diqqəti
çəkən, amma ilk baxışdan qeyri-adi təsir
bağışlasa da, məna və poetik ifadə
baxımından özünü bir o qədər də təsdiqləməyən
şeir isə
Ağacəfər Həsənlinin “Allahın Nobel
nitqi” şeiri idi: “İnsan – sabah itkidir, /ağacdı,
bitkidir../Təkcə sular/Allahın əbədi
Nobel nitqidir”.
Şeirimiz cəmiyyətin diktə etdiyi sosial problemlər,
sosial ziddiyyətləri də aktual etdi. Amma kimisində bu Sabir
Yusifoğluda olduğu kimi fərdi planda qabardıldı (Yenə
bu vurhavurda /çətindi duruş gətirmək./Evindən ümidlə çıxıb bir qəpik-quruş
gətirmək.//Dərd, üstəgəl bir az sevinc,-/cəmini
tapa bilmirəm.
Bu
dünyayla dil tapmağın/çəmini tapa bilmirəm),
kimisində də Rəsmiyyə Sabirdə olduğu kimi
ümumiləşdirildi, cəmiyyətin fərqli təbəqələrinə
məxsus insanların obrazının yaradılması ilə
diqqətin vacib sosial problemlərə yönəldilməsinə
cəhd edildi (Bəlkə
/insanlardan pul yerinə/Tanrıdan /səadət dilənəsən,/Dilənçi?...).
Ötən
il şeirimizdə qadın xəttinin də
mövcudluğu özünü təsdiqlədi. Nurəngiz
Gün, Füruzə Məmmədli, Nisə Bəyim,
Gülnarə Cəmaləddin, Afaq Şıxlı, Səhər
Əhməd (bu il kitabı dərc olunub), Sara Selcan, Feyziyyə,
Rəbiqə Nazimqızı kimi müəlliflər bu xəttin
əslində dərin olduğunu, özünəməxsusluğunu,
poetik mənin təqdimində cəsarətli ruh sərgilədiyini
öz yaradıcılıqları ilə göstərdilər. F.Məmmədlinin “Ədəbiyyat
qəzeti”, “Ulduz” jurnalında, Nurəngiz Günün “Ədəbiyyat
qəzeti”, “525-ci qəzet”də dərc olunan seçmələri
də məhz fərqli qadın
psixologiyasının, fərqli qadın xarakterinin, məninin təsviri
baxımından maraqlı idi. Məsələn, “Həsrətinin
sorağına düşən – mən,/Həsrətindən
nə umuram, bilmirəm./Qısqanclıqdan ürəyimdə
üşənən/Xiffətindən nə umuram, bilmirəm./Ümidimmi
məni sənə bağlayan,/Gəlişini gözüm
üstdə saxlayan?!/Hər
görüşü ayrılıqla haqlayan/Qismətimdən nə
umuram, bilmirəm”, – yazan F.Məmmədlidə tale ilə
barışıq qadın xarakteri görünürsə, Nurəngiz
Günün poetik qəhrəmanı daha
çılğın, daha emosional təsir
bağışlayır. “Bomboş bir səssizlik,
bomboş.../Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
/nə hiss, nə səs!/Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs
hanı?/Atım sizə qalsın.
Qaytarın qamçımı!/Qamçılamaq
istəyirəm bu boşluğu!...”
Ötəri
də olsa toxunmaq istədiyimiz bir problem də var. Ötən il dərc olunan şeirlər arasında – məsələn,
jurnallarda cəmi iki müəllifin uşaq şeirinə
rastladıq. Aləmzar Əlizadə və
Mikayıl Yanar. Hər ikisi orta səviyyəli
olan bu mətnlər vacib bir problemə diqqət yetirməyin əhəmiyyətini
xatırladır. Azərbaycan uşaq ədəbiyyatı
“yaranmır” səviyyəsindədir. Yarananlar da – bir –iki
müəllifi çıxmaq şərtilə – demək olar
ki, yazıqları
mətnlərdə sadəliklə primitivliyi, bəsitliyi
qarışdırırlar.
İndi isə bir qədər statistik göstəricilərə
nəzər salmaq istərdik. Ötən il – bu
ilin üç ayı da daxil olmaqla on yeddi şeir kitabı dərc
olunub. Əlbəttə, bu bizim əldə
etdiklərimizdir. Onlar arasında Zahid
Sarıtorpağın “Tək işığın haləsi”,
Xanəli Kərimlinin “Payız duyğuları”, Mətləb
Ağanın “11-ə qədər”, Tərlan Əbilovun
“Sonuncu halqa”, Saday Şəkərlinin
“Lənətlənmiş cənnət”, Ədalət
Nicatın “Dərdin də öz dərdi var”, Məmməd
Tahirin “Bir azdan günəş doğacaq”, Vaqif Bəhmənlinin
“İşartı”, Adil Cəmilin “Yurd yerim – dərd yerim”,
Balayar Sadiqin “Ömrün gəraylı çağları”, Fərid
Hüseynin “Dözmək üçün məşq”, Sara
Selcanın “Yovşanlı düzlərdə üzü
küləyə”, Kamal Abdullanın “Nar çiçəkləri”,
Gündüz Sevindiyin “Yorğun küçə”, Əflatun
Baxşəliyevin “Taleyimin dan yeri”, Tahir Talıblının
“Qurdu qəmgin, quşu qərib”, Kəmaləddin Qədimin
”Allahı sevsəydin”, Nəzakətin “Ömrün
qatarı”, Səlim Babullaoğlunun “Polkovnikə heç kim
yazmır” kitablarının adlarını qeyd edə bilərik.
Ədəbi orqanlarımızda görməyə adət etdiyimiz bir sıra müəlliflərin yaradıcılıq nümunələri çap edilmişdir. Onların arasında Vaqif Bəhmənli, Nazir Rüstəm, Ağasəfa, Rəfail Tağızadə, İnqilab İsaq, Afaq Şıxlı, İsa Sevər, Kəmaləddin Qədim, Əbülfət Mədətoğlu, Xatirə Fərəcli, Sayman Aruz, Əlirza Həsrət, Dilsuz Musayev, Elxan zal Qaraxanlı, Səhər Əhmədin adını çəkə bilərik. Eyni zamanda “Ulduz” jurnalında Kərəm Kürqıraxlı, Bilal Alarlı, Avdı Qoşqar, Fəxri Müslüm, Faiq Hüseyinbəyli, Xanım İsmayılqızı, Xəzangül, Sona Vəliyeva, Oqtay Rza, İbrahim Yusifoğlu kimi imzaları qeyd edə bilərik. Onu da deyək ki, hər iki jurnalda əsasən eyni müəlliflərin imzalarına rast gəldik. Amma bu qədər imza bolluğunda konkret olaraq hansısa müəllifin şeirlərindən seçmələrinin xüsusi olaraq yadda qaldığını müəyyən etməli olsaq cəmi bir neçə imzanı qeyd edə bilərik. İlk növbədə Musa Yaqub, İbrahim İlyaslı. Bütün seçmələrlə. Firuzə Məmmədli, Nazir Rüstəm, Əbülfət Mədətoğlu, Valeh Bahaduroğlu, Zirəddin Qafarlı, Nisə Bəyim, Mətləb Ağa, Gülbala Mehdi, Şövkət Zərin Horovlu, Rəsmiyyə Sabir, Gülnarə Cəmaləddin, Sabir Yusifoğli seçmələr içərisində bir neçə şeirlə. Və ..... Balayar Sadiq, Anar Amin, Əlizadə Nuri, ... bir neçə maraqlı poetik ifadə ilə. Bəlkə də qəribə bölgüdür. Amma oxu prosesi ortaya belə bir nəticə qoyur.
Musa Yaqubun seçmələrini hər zaman yaddaqalan edən təbiilik, səmimiyyət – təbiətlə də, daşla da, dərdlə də özü ilə olduğu qədərində içdən bir səmimiyyətlə danışması, sözü zorlamadan, sındırmadan, qaçmaq istəyən bir ifadəni məcburən tutaraq mətnə salmadan yazmasıdır. Şeirindəki işığın, pozitivizmin, sevginin, oxucuya nəfəs aldıracaq oksigenin bolluğudur. “Bir az saymazyana, bir az biganə/Hələ ki canımda can saxlayıram –/Ruhum uçmaq üçün dəli-divanə –/Nə bir əlləşirəm, nə can çəkirəm,/Gümüş türbə, nə də qızıl cam üçün/Mən cığır çəkirəm, ağac əkirəm,/Mən çiçək dərirəm o dünyam üçün./Buraxdım ömrümü üstdən aşağı, /Tanrıdan gələcək sərəncam üçün...)
Beləliklə, bunlar ötən il dərc olunan şeirimiz haqqında əldə edilən qənaətlər idi. Bacardığımız qədər obyektiv dəyərləndirməyə çalışdıq. Ona da əminik ki, qüsurların və problemlərin çoxluğuna baxmayaraq, şeirimizin uğurlu nümunələri də, nümayəndələri də olacaq. Şeirimizin çoxəsrlik ənənəsi bunu tələb edir.
Nərgiz CABBARLI
525-ci qəzet.-
2014.- 12 aprel.- S.28-29.