Əsərləri
V cild
(1918 – aprel 1920)
Araşdırıb toplayanı, ərəb əlifbasından
latın əlifbasına
çevirəni, ön sözün müəllifi, lüğətin
tərtibçisi Şirməmməd Hüseynov
Transliterasiya
redaktorları:professor Şamil Vəliyev, elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə saylarımızda)
22-ci iclas. 09 aprel 1918
Sol eser, mülkədar Tumanovdan sonra kadet Semyonovun tribunada
görünməsi və “Biz ağacların arxasında
meşəni görmürük” deməsi simptomatikdir. Biz sol eserlərə deyəcəyik
ki, biz kadetlərin gəldiyini görürük, bu kadetlərə
isə zəif
Zaqafqaziya lazımdır ki, öz imperialist pəncələrini
yenidən bizim üstümüzə qoysunlar. Budur
onların təklifi. Onların təklifi
aydındır. Onlar deyirlər ki, guya
özlüyündə sizə müstəqillik lazım deyil.
Bu müstəqilliyi bax oradan diktə edirlər.
Bəli, bu üsullar bizə bəllidir, bu, daim
“ayır, buyur” şüarı ilə hərəkət edən
imperialistlərin üsullarıdır. İndi
isə bizi ayırmaq istəyirlər. Onlar
bir vaxtlar bunu bacarırdılar. İndi o
vaxtlar keçib gedib. İndi onlar bunu
bacarmırlar (alqışlar). Eser
partiyası haqqında mülkədar Tumanov da
danışdı, görünür, onlar özlərinin yeni
müttəfiqlərindən nümunə götürürlər
və onlar kimi ayırmaq istəyirlər. Onların
başqa arqumenti yoxdur. Müstəqillik əleyhinə
ağıllı heç nə demək mümkün deyil.
Deməli, müstəqilliyin tərəfində
duran partiyaya hücum etmək gərəkdir. İndi bu, dəbdədir.
İmperialistlərin keçmişdə dedikləri kimi
desək, hansısa bir millət panislamistdirsə – bu,
yaxşı deyil, demokratik dövrün dəbinə uyğun
gəlmir; təqsiri müəyyən millətin yox, müəyyən
partiyanın üstünə atmaq və onu “Bu, bəy
partiyasıdır” deməklə hörmətdən salmaq
lazımdır. Bu, demoqogiyadır, onun burada yeri
olmamalıdır. Başqa bir yerdə kadet partiyası, ola bilər ki, sizə inansın, lakin siz burada
öz prinsiplərinizi müdafiə edə bilmisinizsə, öz
partiyanızın prinsipinə xəyanət edirsinizsə, onda
belə xəyanətkarın sözünə inanmazlar. Bu, bəy
partiyasıdır, yoxsa demokratik partiyadır, bu barədə
onun qərarı, bəyannaməsi və s. yetərincə məlumat
verir. Burada bu partiyanı siz mühakimə etməli
deyilsiniz, onun irəli sürdüyü sizin ideyalar deyildir.
Siz kadetlərin imperialist partiyasının
arxasınca gedirsiniz. Mən Seym üzvü Semyonovun bu
sözlərini xatırlatmağı lazım bilirəm: burada
Zaqafqaziyanın müstəqilliyindən danışanda elə
bil hər tərəfə məzar sükutu çökür,
belə təəssürat yaranır ki, biz mərhumun cənazəsinin
yanındayıq; bu, belə deyil, bu o ovqat deyil, indiki halda
ovqatı bu cür müəyyənləşdirmək ona əl
verir. Siz Seymdə çoxluğun səsinə
qulaq assaydınız, görərdiniz ki, bunu görməmək
mümkün deyil. Onlar ölümü
görmürlər, müstəqilliyin elan olunmasından həyat
gözləyirlər. Biz bu məsələyə
həyəcanla yanaşırıqsa, bu sizin cənazə
yanında keçirdiyiniz həyəcan deyil. Bu, zahı qadının yanında keçirilən
həyəcandır. Mən əminəm ki, biz öz
çağamızın ad gününü keçirəcəyik
və o məclisdə bütün azad ölkələrin, o
cümlədən azad Rusiyanın da nümayəndələri
iştirak edəcəklər...
... Orada
bu aktı Seymə nə vaxt təqdim etmək lazım
olduğu müəyyən edilməyib...
... Təklif olunmuş düsturda sülh nümayəndə
heyətinin fəaliyyətinə Seymin münasibəti
haqqında heç nə deyilmir. Axı
biz bilirik ki, bu müharibəyə son qoymaq lazımdır.
Onu da bilirik ki, müharibəyə yalnız o
zaman son qoymaq olar ki, sülh nümayəndə heyətinin
mövqeyində olaq. Bu mövqeni ictimai rəy
bəyənib, buna görə də biz sülh nümayəndə
heyətinin fəaliyyətini aydın və qəti şəkildə
bəyənməliyik. Sülh nümayəndə
heyətinin fəaliyyətinin bu sanksiyası olmadan bizi
çıxılmaz vəziyyətə sala biləcək
addımlardan qarantiyamız olmayacaq. Axı
türklər Batuma hücum edəndə burada söylənən
ehtiraslı nitqlər bizə kömək etmədi. Biz real yol seçməli, Brest-Litva müqaviləsinin,
Trapezond sülh nümayəndə heyətinin tərəfində
olmalıyıq. Bu nümayəndə heyətinin
fəaliyyətinə etimad göstərməlik, yalnız bu
halda sülh müqaviləsi bağlamaq və Zaqafqaziya
dövlətini qorumaq mümkün olacaqdır. Buna görə də mən başqa, bu gün səhər
fraksiyaların çoxunun bəyəndiyi formulirovkanı təklif
edirəm. Mənim təklifim belədir (oxuyur): “Sülh
nümayəndə heyətinin məruzəsini dinləyərək
Seym onun fəaliyyətini bəyənir, ona dayandırılmş
danışıqları davam etdirməyi təklif edir,
hökumətə tapşırır ki, hərbi əməliyyatların
tezliklə dayandırılması və möhkəm sülh
bağlanması üçün tədbirlər
görsün”...
... Beynəlxalq münasibətlər təcrübəsində
mövcud olan üsullar üzərində xüsusi israr göstərməyə
burada ehtiyac yoxdur. Heç bir parlamentdə
sülh nümayəndə heyətinin geri
çağırılmasına dair belə nümunələr
olmayıb. Hökumət öz nümayəndələrinə
tapşırıq verir və onlar sülh
danışıqlarını axıra qədər
apardıqdan sonra həmin danışıqları son ratifikasiyaya
təqdim edirlər. Bunu nəzərə
almaq gərəkdir, beynəlxalq üsullardan
danışırıqsa, onlara həmişə əməl
etmək lazımdır.
Əvvəllər Seymin müəyyən qərarı
vardı, sülh nümayəndə heyətinə
etimadsızlıq irəli sürülmüşdü; indi
böhran yaranıb və yeni vəziyyət, məntiq tələb
edir ki, biz sülh nümayəndə heyətinin fəaliyyətini
bəyənək. Diplomatik gedişlər, ola bilsin,
Trapezondda, dövlətlərin beynəlxalq münasibətlərində
zəruridir, lakin burada heç bir diplomatiya lazım deyil. Aydın və qəti şəkildə demək
lazımdır ki, əvvəlki məlum vəziyyət indi
yoxdur. Biz hər şeyə müsbət
yanaşmalıyıq və mən öz düsturumda
israrlıyam.
M.Ə.Rəsulzadənin
Zaqafqaziya Seyminin
25-ci iclas. 13 aprel 1918
Azad Zaqafqaziya vətəndaşları. Böyük dövlətlərin
demaqoqlarının provokasion fəaliyyətlə məşğul
olduqları, ölkənin anarxiya alovuna
büründüyü, müəyyən ərazilərin
özlərini sovet hakimiyyətinin ideya yayıcıları
adlandıran talançıların zülmü altında
olduğu, Bakı və Suxum kimi məntəqələrin
dövlət ərazisindən kənarda qaldığı,
ölkədə qanuni hakimiyyətlə yanaşı, özlərini
Zaqafqaziyanın fövqəladə komissarları adlandıran əcnəbi
agentlərin olduğu, ölkənin millətlərarası
qırğından əziyyət çəkdiyi indiki məqamda
hamı məhz müstəqil Zaqafqaziyanın birinci kabinet
başçısının indicə bizə məlumat
verdiyi addımların atılmasını gözləyirdi. Aprelin 9-da qəbul etdiyimiz böyük niyyəti
hökumətin səyi ilə gerçəkləşdirmək,
bəyannamədə deyildiyi kimi, bizi əhatə edən
dövlətlərlə ən səmimi münasibətləri
bərpa etmək məhz belə bir məqamda mümkün
olacaq. Bu aktı, hansı şəkildə
olur-olsun, bütün əks-inqilabçılara və
anarxistlərə qarşı elan edilmiş müharibə
şəraitində həyata keçirməliyik. Hökumətin bu addımını
alqışlamaqla biz bəyannamədəki bütün bəndlərin
yerinə yetirilməsində ona yardım etməyə
hazır olduğumuzu tam şəkildə bəyan edirik.
Hökumətin vahid hakimiyyətin
yaradılmasından bəhs edən bənddəki qərarını
xüsusi olaraq alqışlayırıq. Vahid,
möhkəm hakimiyyətin bərpasında və bu hakimiyyətin,
əlbəttə, Dağıstanın da daxil olduğu
bütün dövlət ərazilərinə
yayılmasında ona uğur diləyirik. Hökumətin
bəyannaməsində Şimali Qafqazdan bəhs olunmaması
sırf formal mülahizələrlə bağlıdır, belə
ki, Zaqafqaziya Respublikasının astanasında məskunlaşmış
bu xalqların rəsmən ifadə olunmuş iradəsi hələlik
əlimizdə yoxdur. Ümidvarıq ki, hökumət bu
yöndə də lazımi addımlar atacaqdır; hökumətin
bəyannaməsini tam dəstəkləyərək onu dəstəkləməyə
hazır olduğumuzu bu tribunadan bir daha bildiririk
(Daşnaksütyun fraksiyasının skamyasından başqa
bütün skamyalardan alqışlar yüksəlir)
Qeyd:
M.Ə.Rəsulzadənin Zaqafqaziya Seymindəki
çıxışlarını rus dilindən filologiya elmləri
doktoru, professor Nəsir Əhmədli tərcümə edib. – red.
Milli məsələlər
Azərbaycan
Heyəti-Mürəxxəsəsi rəisi
Rəsulzadə
Əmin bəyin mühüm bəyanatı
Axirən darülfünun müdərrislərindən
Halim Sabit bəy, möhtərəm Rəsulzadə Əmin bəy
əfəndiyə bir məktub göndərmiş, Qafqasiyada,
həmçinin bütün Şərq və Şimal
türk aləmlərindəki milli cərəyanlar haqqında
istizahatda bulunmuş, cavablarının bir qəzetəyə və
ya məcmuələrdən birinə verilməsini də rica
etmiş olduqlarından Rəsulzadə Əmin bəy əfəndi
də məcmuəmizi tənsib buyuraraq izahatnamələrini
göndərmişlərdir. Böyük bir məmnuniyyətlə
eynən dərc ediyoruz.
Soruşulan
suallar bunlardır:
1.
Qafqasiya müsəlmanları arasındakı siyasi cərəyanlar
və firqələr haqqında məlumat.
2.
İttihadi-islam cərəyanı nə haldadır?
3.
İttihadi-islam ətrafında toplananların sünnilik və
şiəlik məsələsinə nəzərləri necədir?
4.
Türkçülük cərəyanı nə zaman
başladı və bugünki hal və təzahüratı nə
yoldadır?
5. Bizim
İstanbul qəzetəçilərindən birinin
şübhə etdiyi vəchlə sünnilik və şiəlik
əqidəsinin türkçülük cərəyanına
qarşı ziyanı varmı və bu möhtərəm əqidələr
haqq ərbabının bir-birinə yaxınlaşmalarına
mane olacaq surətdə var olaraqmı izah ediyor?
lll
Möhtərəm
Halim Sabit bəy!
Qafqasiya əhvali-siyasiyyəsi
ilə ora əhali-islamiyyəsi haqqında bir takım
istizahatı mütəzəmmin məktubunuzu Bursaya getmək
üzrə aldığımdan cavabını bir az təxirlə yolladığım
üçün məzur görünməmi rica edərim əfəndim.
1.
Qafqasiya müsəlmanları arasında ən qüvvətli
cərəyan milliyyət cərəyanıdır. Milliyyətpərvərliyin
Qafqasiya islamlarınca iki növü təbəllür etməkdədir:
türkçülük, islamçılıq. Türkçülüyü tərvic edən
qüvvət Türk Ədəmi-Mərkəziyyət firqəsi
“Müsavat”dır. Müsavat daha Rusiya hürriyyətinin
ibtidasında ikən milli-məhəlli prinsiplər üzərinə
qurulu Qoşma Xalq Cümhuriyyəti (Cəmahiri-Müttəfiqəyi-Ənam)
əsasını müdafiə etdi. Firqənin
nəzəriyyəsi bütün dünyanın milli hökumətlərə
təqsim ediləcəyi həqiqətinə istinad ediyor.
Bu firqəcə ideal olaraq böyük bir Turan
mütəsəvvirdir. Bu Turan Türk hökuməti-müttəfiqəsi
şəklində vücudpəzir ola biləcəkdir.
Müsavat firqəsi türkçü olmaqla bərabər,
islamiyyətdəki camiəi-diniyyəyi dəxi təqdir edər,
beynəlmilliyyəti-islamiyyə fikrinin müdafeidir. İttihadi-islamı o üç yüz milyonluq əfradın
ittihadından ibarət bilmək, ona görə mühal və
xəyaldır. Halbuki mədəniyyəti,
hürriyyəti və həyati-siyasiyyəsiylə bərabər
diri vücud halına gələn miləli-islamiyyənin mənfəətləri
iktizası olaraq ittihadları həm təbii, həm də
mümkünül-vüqudur. Bu iki əsasla
bərabər Müsavat firqəsi,
türkçülüyün də, beynəlmilliyyəti-islamiyyənin
də yalnız müasir olmaq və əsrimizdəki fünun
və sənaye ile mücəhhiz bulunmaq surətiylə
vücudpəzir olacağına əmindir. Bunun üçün də demokratdır, radikaldir.
Türkləşmək, islamlaşmaq,
müasirləşmək firqənin düsturi-əsasını
təşkil edər.
Müsavat firqəsi sosialist bir firqə deyildir; fəqət
“şovinist” bir milliyyətçilikdən də uzaqdır. Qafqasiya
islamları tərəqqiyyati-iqtisadiyyə nöqteyi-nəzərindən
feodalizm halından çıxaraq sərmayədarlıq
üsuli-iqtisadına keçiyorlar. Burjua
qismi burada bir amili-tərəqqidir. Müsavat firqəsinin
tərzi-hərəkəti də iştə bu cəhətə
mətufdur. Hüquqi-ənamı muhafizə
etmək üzrə firqə tərəqqipərvər bulunan
növ-zühur burjua qismilə biletilaf maneyi-tərəqqi
bulunan əski feodalizm təsirində bulunan qüvvətlərə
qarşı müariz və mübariz bulunmaqdadır. Firqənin bu xüsusiyyəti bilxassə ərazi məsələsinə
aid olan proqramından anlaşılır. Firqə
əski xan və bəylərin əlində faidəsiz bir surətdə
qalan böyük torpaqlar əleyhindədir. Bu kimi ərazinin cəbrən alınıb da
möhtac bulunan kəndlilərə paylanması tərəfdarıdır.
Fəqət eyni zamanda paylanacaq ərazinin
köylünün mülkiyyətinə verilməsini bilxassə
iltizam edər. Çünki mülkiyyət
əsasının ifasında bir amili-tərəqqi
görür. Möhtac olduğu
toprağı köylü pulsuz alır. Fəzlə ərazisi
müsadirə edilməsi üzündən hasardidə olan
torpaq sahibi də təmin olunur, gərək iman etdiyi uzaq əməl,
gərək istehsalına çalışdığı
yaxın məqsəd və gərək bunların hüsuli
üçün tutduğu yol az bir zamanda
firqəyə böyük bir əksəriyyət
qazandırdı. Gərək Birinci Qafqasiya
Müsəlman qurultayında və gərək onu mütəaqibən
Moskvada toplanan Böyük Müsəlman qurultayında firqənin
tərvic etdiyi nəzəriyyə və təqdim etdiyi siyasi qərarnamələr
əksəriyyət qazandı. Milli-məhəlli
muxtariyyətlər əsasına müstənid bir Rusiya
cümhuriyyəti-müttəfiqəsi haqqındakı mətləbi
mütəzəmmin bulunan qərarnamənin Moskva
qurultayınca bir əksəriyyəti-qahirə ilə qəbulu,
Müsavat firqəsinin zəfəri-nihaisini təşkil
ediyordu.
Moskvada firqənin əməli-siyasiyyəsinə
qarşı mücadilə edən cərəyan,
islamçı və mərkəziyyətçi cərəyan
idi. Bu cərəyana görə müsəlmanlar bir millətdirlər.
İslamın tərəqqisi də Rusiya
demokratiyasının tərəqqipərvəranə və
mücəddidanə təsirinə bağlıdır. Bunun üçün də ayrı-ayrı türk və
ya müsəlman muxtariyəti-milliyyələrinə ərzi-ehtiyac
etmədən Moskva və ya Petroqradda milli və mədəni
işlərin röyəti üçün bir müsəlman
parlamanı dəvətilə iktifa etməli. Başqa xüsuslarda isə Rusiya Cümhuriyyətinin
kamilül-hüquq bir vətəndaşı olub qalmalıdır.
Moskva müzəffəriyyətindən sonra
türkçülüklə ədəmi-mərkəziyyət
fikri Rusiya islamları arasında olduqca yol aldı. Müsavat firqəsinin təsiri Qafqasiya daxilindən
çıxaraq Volqaboylarına, Krıma, Türküstana qədər
nüfuz etdi. Türküstanda xüsusi surətdə
şöbələri açıldı. Dağıstanda
qəza hövzələri təsis edildi. Qafqasiya Azərbaycanı
bulunan Bakı, Gəncə, İrəvan vilayətləri isə
az bir zamanda firqə təşkilatlarının
şəbəkələrilə əhatələndi. Nəhayət, Bakıda ilk Qafqasiya qurultayını
andıracak dərəcə şükuhlu bir firqə
qurultayı təsis edildi. Bu qurultayda millətin
bütün sünufi-mütərəqqisi iştirak ediyordu.
Qurultay nümayəndələrinin nisfindən
ziyadəsi köylü və əmələ olaraq zəhmətkeş
xalqın nümayəndələri, nisfi-digəri də
ürəfa qismi ilə gənclik idi.
Türkiyədəki
Türk Ocaqlarının proqramına siyasət dəxi əlavə
etsəniz haman Müsavat firqəsi
haqqında bir fikir əldə edə bilərsiniz. Müsavat firqəsinin əmrnaməsi boyunca tələb
olunan Azərbaycan, Krım, Qırğızıstan,
Başqırdıstan, Türküstan muxtariyətləri bu
gün yaxşı-pis bir həqiqət halını
almış oldu.
Türk federalizmi başda “Açıq söz” olmaq
üzrə gərək Qafqasiya və gərək sair yerlərdə
nəşr olunan mətbuati-islamiyyənin əksəriyyəti
tərəfindən müdafiə olunuyor. Gənclik əksəriyyət
etibarilə bu milli firqəyə mənsubiyyəti ilə kəndisinə
mənəvi bir qüvvət iktisab ediyordu. Firqənin mərkəzi Bakıda bulunuyordu. Bakı sənaye və ticarət mərkəzidir.
Son zamanlarda nüfusi-ümumiyyəsi dörd
yüz mini keçməktə olan bu şəhər ticarət
və sənayecə çox irəliləmişdir. Burada yüz minə yaxın təkcə əmələ
vardır. Bütün Rusiya fabrik və zavodlarına
verdiyi neft vasitəsilə Rusiya həyati-iqtisadiyyə və sənayesinin
mühərriki məqamında bulunan mədənlərdə
çalışan bu say ordusu sosializm fikirlərində
çox irəliləmiş olan beynəl-milliyyət fikrinin
bir amili-müəssiridir. Əmələdən
əlavə burada tüccar və sair mütəvəssit
siniflərə mənsub olmaq üzrə dəxi bir çox
xaricdən gəlmə ənasir vardır. Böylə ki, əslində bir türk şəhəri
ikən Bakı, Amerika şəhərlərinə bənzər
əqvam məhşəridir. Böylə ikən
şayani-diqqətdir ki, müsəlman əmələsinin əksəri
haman Müsavat firqəsinə mənsubdurlar.
Bakı əmələsinin haman nisfi
müsəlmandır.
Müsavat firqəsi Qafqasiya həyat və şəraiti-islamiyyəsi
nöqteyi-nəzərindən bir mərkəz firqəsini təşkil
ediyordu. İbtidayi-hürriyyətdə hər yanda təəssüs
etməyə başlayan milli komitələrdə bu firqənin
bir amili-müəssir olduğu görülüyordu. Hər mərkəz kimi Müsavat iki cinahdan
düçari-təərrüz oluyordu. Sağ cinahda
“İttihadi-islam” əməli ilə təşəkkül
etmiş mühafizəkarlar duruyorlardı. Bunlar
əksərən mollalardan, böyük mülkədarlardan,
feodalizm ənənatı ilə qəti-əlaqə etmək
istəməyən ərbabi-axərdən ibarət idilər.
Əvvəlcə “Rusiyada müsəlmanlıq”
ünvanilə təəssüs edib nəzəriyyəcə
islamiyyətin qövmiyyət prinsiplərinə mütəhəmmil
olmadığını iləri sürüyor,
türkçülüyü bir təfriqə kimi tələqqi
ediyorlardı. Məsaili-ictimaiyyə
babında isə müvafiqi-şəri-şərif həll
olunacaq deyə işin içindən
çıxıyorlardı. Bədə bu
firqə “İttihad” ünvanilə adlanmışdır.
Sol cinahda əvvəl başda müsəlman bolşevikləri,
daha sonra menşevikləri gəliyor. Üçüncü
dərəcədə müsəlman sosialistlər ittifaqı
duruyordu. Müsəlman
bolşeviklərinin başında doktor Nərimanov1
durmuşdur. Siyasiyyətcə pək
kütah-nəzər olan Nərimanovla arkadaşları rus, erməni
və sair beynəlmiləl bolşevik heyətilə təşriki-məsai
edərək Müsavatın milliyyətpərvərliyinə
qarşı bütün hiddət və şiddətlərilə
mübarizə ediyorlardı. Onlar əvvəldə
Azərbaycan və sair xüsusi türk və müsəlman
muxtariyyətlərinə zidd olub türk müqəddərati-siyasiyyəsinin
rus əmələ və köylüsü təqziratından
ayrı olmadığını iddia ediyor. Müsəlman əmələsi ilə
köylünü ağaları, bəyləri, xanları və
onlara xidmət edən “namussuz” əhli-irfan və mühərrirləri
tərd və nəfy etməyə dəvət ediyorlardı.
Hətta rus bolşevikləri əsas etibarilə
müqaddərati-milliyyəyi millətin kəndisi təyin etməyə
müvafiqət etməkdə ikən bunlar müsəlman
kütləsinin böylə bir təyini-müqəddərat
keyfiyyətindən istifadələrinə belə razı
olmuyorlardı. Çünki böylə olursa cəmaət
avam olduğundan ağaların mövqeyi-iqtidara keçəcəklərini
təxminlə müsəlman “müftəxor”unun təğəllübündənsə
beynəlmiləl “proletariat” hakimiyyəti daha islahdır,
diyorlardı. Bunlar ibtidadan axıra qədər
hər növ təşkiati-milliyəyə müariz olub
Müsavatı dəxi əksixtilalçı bir qüvvət
olmaq üzrə ənzari-əcanibində təşhir etməyə
səy ediyorlardı. Böylə ikən bərəkət
versin ki, nüfuz və etibarları yalnız kəndilərindən
istifadə edən bolşeviklər nəzdinə münhəsir
qalaraq, müsəlman kütləsi hüzurunda isə etibar və
nüfuzları yoxdu. Əmələ məhəllələrində
müsəlman bolşeviklərini müsəlman əmələlər
hər zaman ədavətlə qarşılıyorlardı.
Bolşevik socialist-demokratlardan sonra sol cinah partilərindən
menşeviklər gəliyor. Bunlar dəxi
bolşeviklər kimi milliyyət cərəyanını mənfi
bir nəzərlə görüyor; fəqət onlar qədər
ifrata varmayaraq etidalla hərəkət ediyorlardı. Bunlar da zəif bir mövqedədirlər.
Sol cinaha mənsub olmaq üzrə üçüncü
dərəcədə müsəlman sosialistlər ittifaqı
gəliyor. Bu müəyyən bir parti deyil, sosialist-məşrəb,
radikal düşünən bəzi gənclərin
ittihadından ibarət bir uyuşmadır. İçlərində islamçı da var,
türkçü də. Bunların
sosializmi hər halda milliyyət rəng və ruhuyla məşbudur.
Nəzəriyyətcə sosialist olsalar da, əməliyyət
və fəaliyyətcə haman milliyyətpərvərdirlər.
Bunların Müsavata qarşı vaqe olan tənqidatı
digərləri qədər ədavətkaranə deyildir.
Məsaili-milliyyədə və əksər məsaili-ictimaiyyədə
mərkəz firqəsilə tövfiqi-hərəkət etmək
tərəfdarıdırlar. Bu firqələr
xaricində bir takım əhalicə məruf cəmaət
xadimləri dəxi vardır ki, firqələrin heç
birisinə mənsub olmayıb bitərəf namilə məşhur
olmuşlardır. Bu bitərəflər dəxi
əksərən tərzi-hərəkət etibarilə
“müsavatçı” olub əksərən də onunla təşriki-məsai
və tövhidi-hərəkətdə bulunmuşlardır.
Bu mütəfərrik cərəyanların
Qafqasiya müsəlmanları arasındakı dərəcəyi-etibarları
isə aşağıdakı adətdən anlaşıla bilər.
Mavərayi-Qafqaz
Seymində 44 müsəlman əzadan otuzu Müsavat firqəsilə
bitərəflərə, yeddisi sosialist ittifaqına,
dördü menşeviklərə, üçü də
İttihada mənsub olub içlərində bir nəfər də
olsun bolşevik yox idi. Azərbaycan Şurayi-Millisinin firqələrcə
təqsimatı dəxi bu haldadır.2
Bakı
bolşeviklər istilasına keçdikdən sonra mərkəzi
təşkilati-siyasiyyələri yağma və tarac edildikdən
sonra Qafqasiya əhali-islamiyyəsi bir tərəfdən
Bakıda intişar edən mətbuatdan,
digər tərəfdən də mütərəqqi və əməlpərvər
bir mərkəzi-idarədən məhrum qaldılar. Bu sayədə mühit sağlaşdıqca
sağlaşdı ki, bu da nüfuzi-siyasinin radikallardan
mühafizəkarlara keçməsini intac elədi. Bunun təsirində olaraq yeni bir takım təşəübati-siyasiyyə
görünməyə başladı ki, bunun dərəcəyi-etibar
və əhəmiyyətini göstərəcək bir
fürsət və vaxt daha zühur etməmişdir.
Cənubi
Qafqasiyada həyati-siyasiyyə bu halda ikən, Şimali
Qafqasiyada siyasi cərəyanlar bir az
başqa bir yolda cərəyan eləmişdir. Burada Əmanət
və Müridlik əsasına müstənid dini bir cərəyan
çox qüvvət peyda edərək hər şeyi şəriətə
tabe etdirmək istəyən bir, müasir bir mədəniyyət
üzərinə müntəzəm bir üsuli-idarə təsis
ilə bütün dağlıları yaşadıqları
şəraiti-həyatiyyənin müştərək mənafeyi
üzərinə tövhid etdirməkdən və Şimali
Qafqasiya ilə Dağıstandan mürəkkəb bir vəhdaniyyəti-siyasiyyə
icadından ibarət digər cərəyanla bərabər bir
də Dağlı bolşeviklərdən ibarət
üçüncü bir məsləki-qərib vardır. Axırıncı hər yanda olduğu kimi burada da təhribkar
bir rol oynamaqdan başqa bir işə yaramaz. Əvvəlincisi isə əsrə uymaz vəhmiyyat
ilə möhriqdir. Ortadakı mərkəz
cərəyanı isə Şimali Qafqasiya namına hərəkət
edən hökuməti təsis edənlərdən ibarətdir.
Bunlar birincinin mətləbini tədil ilə təmini-nüfuz
və etibar edərək bir həyati-siyasiyyə təsisinə
müvəffəq ola biləcək mahiyyətdədirlər.
Bolşeviklər xaricində dəxi Şimali
Qafqasiya münəvvəranı miyanında Rusiya mütəmayilləri
bulunub onlarla təşriki-məsai etmək tərəfdaranı
bulunmuşsa da, heç bir zaman kütleyi-nas tərəfindən
məzhəri-qəbul olmamış, bolşevik xürucundan
sonra isə tamamilə ortadan qaldırılmışdır.
Şimdiki halda Qafqasiyanın gərək
şimalında və gərək cənubunda olsun Türkiyə
təvəccühatından, Türkiyə təmayülatından
qüvvətli bir cərəyan təsəvvür olunamaz, qəlbi-millətdən
qopan bu arzu adətən ünsüri bir mahiyyət iktisab eləməktədir.
Azərbaycan hökumətinin dəvəti üzərinə Gəncəyə
gəlmiş olan orduyi-Osmaniyyə komandanı möhtərəm
Nuri Paşa həzrətlərinə qarşı əmsalı
naməsbuq bir surətdə göstərilən istiqbal, milli gənc
şairlərimizdən Ə.Cavad əfəndinin “Niyə gəlmədin?”
itabi-aşiqanəsilə xitab elədiyi Türkiyə
haqqında bəslədiyi hissiyyatı ilə arzuyi-ümumiyə
nə dərəcə sadiq bir tərcüman olduğunu
göstəriyordu.
2.
İttihadi-islam Qafqasiya üçün artıq bir əməl
və arzu şəklindən çıxaraq tətbiqat və
əməliyyat məsələsi təşkil eləmişdir.
İftiraqi-islam bir çoxlarının
düşündüyü kimi məzhəblərin təəddüdündən
hasil olma bir məsələ deyil, bəlkə ərbabi-məzahib
arasındakı ədəmi-təhəmmül və yekdigərinə
qarşı ibraz olunan ehtiramsızlıq məsələsi
idi. Hürriyyəti-məzahib hürriyyəti-vicdan
məsələsidir. Əhli-məzahib
arasında müsahilə və ehtiram mövcud olursa ixtilaf
vaqe olsa da rəhmətlik olur. Bu hal
Qafqasiyada tamamilə hasil olmuşdur. İndiki
halda Qafqasiyada şiələr də var, sünnilər də;
fəqət şiə və sünni məsələsi
yoxdur.
3. Şiəlik
və sünnilik birər ictihad məsələsidir. Qafqasiya ittihadçılarınca ictihadlar möhtərəm
tutulmalı, kimsə kəndi ictihadından dolayı müaxizə
edilməməlidir. İttihadı tövhidi-məzahib
şəklində tələqqi edib də Qafqasiya
ittihadçılarından bəzi müfritləri
sünniliyi də şiəliyi də inkar edərək: “Mən
nə sünni, nə də şiə deyil, islamam” deyənlər
varsa da, inad və təəssüb olmayınca fürunun əsli
unutdurmayacağına qane olanlar və ittihadın hüsuli
üçün yalnız təəssübün ortadan
qalxmasıyla iktifa edənlər daha çoxdur.
4.
Türkçülük cərəyanı əslinə
baxılsa Bakıda yövmi türkcə qəzetələr təsis
olunduğu andan etibarən zimni bir surətdə
başlanmışdır. Ana dili məktəbi, ana dili
yazısı tələb edərkən Qafqasiya cəmaəti-islamiyyəsi
haman türkçülüklə
süluk ediyordu. Möhtərəm Ağaoğlu Əhməd
bəy kəndi “İrşad”ı ilə islam,
islam deyə bağırıyor və ittihadi-islamdan bəhs
ediyordu isə də bu bir sözdü. Məna
etibarilə dönüb dolaşıb islamçılık və
türkçülük şəklini alıyordu. 1905-ci ildə Hüseynzadə Əli bəy əfəndi
Bakıda nəşr olunan “Füyuzat”ı ilə “Türk
qanlı, islam etiqadlı və firəng qiyafətli olalım”
derkən daha sərih bulunan “Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək” düsturunu ilham
etmək istiyordu. Hər nə qədər
Əhməd bəylə Əli bəy türkləri təlqin
ediyorlardısa da aşkar türkçülük etdikləri
yoxdu. Bu fikir sonradan qüvvət bulmaya
başladı. “Türk yurdu”nun
yurdçuluğunun Qafqasiya üzərinə təsiri oldu.
Nəhayət, “Açıq söz” qəzetəsi
yövmi qəzetə olmaq üzrə Qafqasiyada
türkçülük cərəyanının vasiteyi-nəşri-əfkarı
bulundu. Bir çox gənc şair və
mühərrirlərimiz türkçülük məsləkinin
müridi kəsildilər. Mehmed Emin bəy
türkcəsini hər kəs təqlidə başladı.
Bu yolda Cavad bəy nam gənc bir şairimizin
“Qoşma” namilə nəşr elədiyi nümunələr,
barmaq üsulu şeir yazmada azərbaycanlı türklərin
müvəffəqiyyətlərini göstərir. Digər müqtədir şairlərimiz bulunan
Hüseyn Cavid əfəndinin dəxi barmaq üsuluyla
yazdığı qiymətdar parçaları vardır.
Qafqasiya türkçüləri eyni zamanda
xalqçıdırlar. Xalq ədəbiyyatını
tədqiq edən müdəqqiqlərimiz, həyati-milliyəyi
təsvirlə uğraşan mühərrirlərimiz və
türklüyü ruhuna yabancı bulunan təsiratdan xilasa
çalışan mücahidlərimiz vardır.
Siyasət sahəsində isə
türkçülüyün nə dərəcə müəssir
olduğu yuxarıda zikr elədiyimdən bir daha təkrara
lüzum görmüyorum.
5. Şiəliklə
sünniliyin türkçülük cərəyanına
ziyanını bilmiyorum. Şiəliklə
sünnilik cərəyanlarının
türkçülükdən pək çox zərər
gördükləri isə meydandadır. İttihadi-islam
fikri hər yerdən ziyadə Qafqasiyada ruyi-qəbul
gördü. Çünki bu fikir eyni
zamanda milliyyət fikrilə də bir gəliyordu. Çünki şiə də, sünni də kəndisinin
türk olduğunu dərk etdikcə mucibi-ixtilaf bir şeyi
qalmıyor. İkisi də qatı
ittihadi-islamçı kəsiliyordu. Doğrusu,
məzkur qəzetənin mülahizəyi-məluməsini oxurkən
Şimali Azərbaycan türklüyü namına hissiyatım
rəncidə olmuş, ürəyimdə bir acı duymuş
idim. Sualınızla məzkur
acının ürəyimdə qalmadığına səbəb
olduğunuz üçün sizə təşəkkürlər
edərim.
Azərbaycan
Heyəti-Mürəxxəsəsi rəisi Rəsulzadə Məhəmməd
Əmin
“Yeni məcmuə”,
25 temmuz (iyul) 1918, ¹54,
İstanbul, səh. 26-28
Yazını bizə Türkiyənin Mərmərə
Universitetinin əməkdaşı, həmyerlimiz Mehdi Gəncəli
təqdim etmişdir.
İstizah – açıq izah tələb etmə
Tənsib – münasib görmə, uyğun hesab etmə
Mütəzəmmin – əhatə edən, içərisinə alan
Mühal – qeyri-mümkün, çətin
Mətuf – əyilmiş, bir tərəfə doğru dönmüş
Qahirə – üstün gələn; qalib
Nisf – yarı, yarım
Mütəvəssit – orta, mərkəzi; vasitəçi
Məşrəb – gediş, hərəkət; həvəs, meyl
İntac – nəticələnmək
Təşəüb – şöbələrə ayrılma, qollara ayrılma
(Ardı var)
1 Mətndə Nərimanovun adə mürüttib xətasından olsa gərək Zeymanov olaraq verilmişdir. (M.G.)
2 Xalqın böyük əksəriyyətini fərqli millətlərdən insanların meydana gətirdiyi Bakıda 22 oktyabr 1917-ci ildə keçirilən seçkilərdə Müsavat səslərin 40 %-ni alarkən bolşeviklər sadəcə 15 % səs ala bildi. (Nesrin Sarıahmetoğlu “Azerbaycan Tarihçiliğinde Bakı Mart Olaylarının Yeniden Değerlendirilmesi [31 Mart 1918], Büyük Devletler Kıskancında Bağımsız Azerbaycan, s. 23, IQ Kültür Sanat Yayıncılık, İst. 2010)
Məhəmməd
Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 12 aprel.- S.26-27.