Yazıçılar Birliyində “Luç” Azərbaycan Mədəniyyət
Xadimləri Assosiasiyasının 10 illiyi qeyd edilib
Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Azərbaycan Mədəniyyət
Xadimləri Assosiasiyasının
10 illiyinə həsr edilmiş tədbir keçirilib. Yubiley tədbirinin aparıcısı,
Milli Məclisin deputatı, yazıçı-publisist
Elmira Axundova “Luç”
assosiasiyasının strukturu
və fəaliyyəti
barədə qısa məlumat verib: “Bu ictimai təşkilatın
yaradılmasının təşəbbüsçülərindən
biri Azərbaycan Rus İcmasıdır.
Mövcud
olduğu 10 il ərzində “Luç” Azərbaycan Mədəniyyət
Xadimləri Assosiasiyası
respublikanın yaradıcı
insanlarını – Bakı
universitetlərinin rus
dili və ədəbiyyatı kafedralarında
çalışan ədəbiyyatşünas
və dilçiləri,
rusdilli dövri nəşrlərin jurnalistlərini,
həvəskar və ya peşəkar səviyyədə ədəbi
yaradıcılıqla məşğul
olan insanları sıx birləşdirmək,
Azərbaycanda rus dilini qoruyub saxlamaq və inkişaf etdirmək istiqamətində böyük
və səmərəli
iş aparıb. Assosiasiyanın fəaliyyəti çoxşaxəlidir.
O, Azərbaycan Yazıçılar
Birliyi və “Rossotrudniçestvo” agentliyi
ilə sıx əlaqə saxlayır, Rusiya ilə Azərbaycan arasında ədəbi əlaqələri
inkişaf etdirir, rusdilli yazıçıları
və ölkəmizdə
rus dilinin inkişafını dəstəkləyir”.
Assosiasiyanın katibi Marina Mürsəlova
10 il ərzində Assosiasiyada görülmüş
iş haqqında məruzə ilə çıxış edib:
“ “Luç” Assosiasiyası müntəzəm
olaraq dünya, Azərbaycan və rus ədəbiyyatının
korifeylərinin yubileylərinə
həsr edilmiş tədbirlər, rus dili və ədəbiyyatı
üzrə ustad dərsləri, beynəlxalq
ədəbi müsabiqələr
keçirir. Assosiasiya indiyə qədər
30 nəsr, poeziya və publisistika antologiyası nəşr etmişdir. Onlardan biri rusiyalı,
ikisi gürcüstanlı
müəlliflərlə şərikli
tərtib olunub. Assosiasiya üzvlərinin qüvvəsi ilə
professor Həsən Quliyevin
kitabları və ssenariləri əsasında
dörd sənədli
film çəkilib: “Əsəd
bəy”, “Qarabağ: şahidin dedikləri”, “Əsəd bəyin (Qurban Səidin) həyat və yaradıcılığı”, “Taleyin hökmü”.
Assosiasiyanın öz internet saytı vardır www.luch-az.com. Hazırda assosiasiyanın Azərbaycanda 50 üzvü, xarici ölkələrdə daha 50 üzvü var. Yubiley tədbirinin təntənəli hissəsində Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin “Luç” Assosiasiyasının sədri, professor Həsən Quliyevə Fyodor Dostoyevski medalı, Xalq yazıçısı Çingiz Abdullayevə və yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovaya Lev Tolstoy medalı təqdim edib”. Sonra “Luç” assosiasiyasının üzvlərinə fəxri fərmanlar, assosiasiyanın layihələrinin həyata keçirilməsinə kömək və dəstək göstərmiş şəxslərə – Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinə, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisova, Rus İcması sədrinin müavini Boris Voroninə, Gəncədə və regionda Rus İcmasının sədri Valeri Kozinə, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanova, Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Eldar İsmayılova təşəkkürnamələr təqdim edilib. Tədbir çərçivəsində “Ən yaxşı hekayə” beynəlxalq müsabiqəsinin yekunlarına əsasən buraxılmış 30-cu hekayələr məcmuəsinin təqdimatı da keçirilib. Bu məcmuədən seçilmiş üç ən yaxşı hekayə Yazıçılar Birliyi ilə razılaşdırılmaqla bu ilin sonuna qədər “Literaturnıy Azerbaydjan” jurnalında dərc ediləcək. “Zemlya yedina” adlanan nəsr, publisistika və poeziya antologiyasına 8 ölkədən 98 müəllifin ən yaxşı əsərləri daxil edilib. Müsabiqənin yekunlarına əsasən birinci yeri “Yuzik əmisinin qoltuq ağaclarını necə yedi” hekayəsinin müəllifi Enar Hacıyev (Azərbaycan), ikinci yeri “Eynilə atasına oxşayır” hekayəsinin müəllifi Şirməmməd Nəzərli (Azərbaycan), üçüncü yeri “Qaçqın pelmeni” hekayəsinin müəllifi Boris Qrebelnikov (Ukrayna) tutub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 12 aprel.- S.21.