“Bərpaçı” – gizli
səslə yazılmış roman
Mübariz Cəfərlinin romanlarının
süjetini həyat faktı kimi bəlkə də kiməsə danışa
bilməzsən, dinləyən
tərəf tam anlamaz,
ancaq əsərdəki
hadisələri süjet
yəni, sırf ədəbiyyat kimi nəql etsən, hakim həqiqətdir ki, danışdıqlarına gözüyumulu
inanarlar. Çünki o, dünyanı romanın
içində yaradır,
hamını yoran bəlli dünyanı əsərə daşımır.
Elə yazıçılar
var ki, onun
mətninin ilk cümləsi
hansısa həyat həqiqətinin davamıdır,
ancaq M.Cəfərlinin
ilk cümləsindən yeni
həyat başlayır. Bu hala milli nəsrimizdə az halda rast
gəlinir, hətta “ədəbi üzdəniraqlar”
bu cür əsərləri “qurama”,
“senton” adlandırırlar.
Mənsə heç kəsin
“stəkanına qənd
salmadan” M.Cəfərlinin
“Bərbaçı” romanı
haqqındakı fikirlərimi
bölüşəcəyəm.
“Bərpaçı”da
məni özünə
çəkən nədir?
O, gerçəkliyi hansısa
məlum mif, bəlli həqiqətlər
üzərində qurmur,
reallığı mifləşdirir,
olduğundan fərqli
təqdim edir. Yəni mətnlə birgə sehr başlayır – həmin aləmi (sehri) yazıçı yaradır.
Zənnimcə, oxucunu inandırmaq bacarığı qələm
adamı üçün
əsas şərtləndəndir. Məsələn,
Vaqif Bayatlı Odər “min il də gözləməliyəm”
ifadəsini elə yazır ki, elə bil min il gözləmək,
doğrudan da, mümkündür, dinməzcə
inanırsan. M.Cəfərli eyni ustalığı
nəsrdə edə bilir, “Bərpaçı”
romanında ilk situasiyadan
son məqama qədər
onun yaratdığı
dünyanın sakininə
çevrilirsən. Bu mənada, onun nəsrində “şparqalka”
yoxdur, o, həyatın
üzünü köçürmür,
həyatı yaradır.
“Bərpaçı” romanının
mahiyyətində fərqli
bir sirr mövcuddur. Sirrin “xasiyyəti” belədir
ki, səndən özünə tərəf
bir görünməz
yol çəkir, o yolla gedib ağlın
çatan qədər
həmin sirri çözürsən. Ancaq
M.Cəfərlinin romanlarında
sirrin səni aldada, açılıb yox ola,
aşkara çıxandan
sonra öncədən
sirr olmadığı
üzə çıxa
bilər. Hətta bəzi məqamlarda
bu hal elə
həddə çata
bilər ki, oxucu özünü ələ salınmış
kimi hiss edə bilər. Yəni oxucunun
“aldadılmaq” ehtimalı
gözardı edilmir. Bu mənada, M.Cəfərlinin
“Bərpaçı” romanı
xüsusi oxu diqqəti tələb edir.
“Bərpaçı” romanının
girişində verilən
“Yazılmayan qanunlar pozulmur” epiqrafını müəllifin ironiyalı,
çoxqatlı fikrini
bir neçə mənada başa düşmək olar:
1. Müəllifin
bu əsərdən başqa yazdıqları
var. Bu mətn onun davamıdır, müəllifi
özündən yaxşı
heç kimi ifadə edə bilməz deyə, o özünü (özünə
ən yaxın olanı) seçir, sitat gətirir.
2. Epiqrafın
ifadə etdiyi məna, əslində, məlumdur: “yazılmayan qanunlar pozulmur”. Təkcə qanunlarmı? Əlbəttə, yox, eyni zamanda,
yazılmayan hər bir mətn pozulmur.
Bununla müəllif epiqrafın şərtiliyinə eyham edir.
3. “Yazılmayan mətn pozulmur” tezisiylə yanaşanda müəllif əksər mətnlərə
bədbin bir işarə edir: “yazılanlar unudula bilər, unudulmayanlar yazılmayanlardır”.
Romandakı keçidlər, xüsusən,
Əbu Həssan Əz-Ziyyadi ilə bağlı əhvalatı
olduqca uğurludur. Birincisi
müəllif insanların
yaxşı tanıdığı
məşhur sufi və irfani personaj seçmir. Yəni biz hansısa məlum
şəxsiyyətlə rastlaşmışırıq
ki, ona sözsüz
inanaq və tam mənada qəbul edək. Ona görə də nəql edilən əhvalat təxminən Y.Səmədoğlunun məşhur
frazasının ovqatını
yaradır: “İnanan inansın, inanmayan inanmasın”.
“Bərpaçı” romanında
süjet yaddaqalan deyil, ancaq kombinasiyalar
arasında elə bir işıq, sirr haləsi var ki, o oxucunun
canına hopur və olur ki,
bir müddət sonra süjeti unudursan, ancaq ayrı-ayrı işıq
seli yadında qalır və müəllif, eləcə
də, əsər haqqında söz düşəndə o haləni
xatırlayırsan. Sanki əsərdəki
o işıq romanın
özündən daha
güclüdür. Müəllifin və romanın da sonrakı taleyi məhz həmin təsirli işıqdan və halədən asılıdır.
Romanda hadisələr
bir-birindən uzaqlaşır,
aləmlər dəyişir,
(dünya və axirət, yuxu və reallıq) bu dəyişimin içində yeganə dəyişməyən insan
(Abdulla) olur. O hər aləmdə insan kimi qalır. Müəllif, əslində, dünyanın
faniliyini, insanın əbədiliyinə gizli işarə edir. Romanı danışan kimliyi tam bilinmir, bu dünyada
o dünya, o dünyadan
bu dünya danışılır. Hər iki
dünyada olan və hər iki dünyadan qalan isə sözdür (nəql edilənlər). Sanki roman gizli (naməlum) səslə yazılıb.
Romandakı hadisələr, süjet, daxili plan o qədər geniş və rəngarəngdir ki, məqalədə onları
bir-bir nəql etmək, əsəri oxumayanları ancaq çaşdıra bilər. Ona görə
də bu yazı daha çox romanı oxumuş ya da yazıdan sonra oxuyub bir
də bu məqaləyə qayıdacaq
oxucular üçündür.
Romanda akademikin (Ziya Bünyadov nəzərdə
tutulur) öldürülməsi “Qanlı
cümə” (21 fevral
1997-ci ildə, Z.Bünyadov
öldürüləndə cümə günü idi, “Qanlı cümə” İrlandiya Cümhuriyyət Ordusunun Quzey İrlandiyanın
Belfast vilayəti yaxınlığında
1972-ci ilin 21 avqustunda
80 dəqiqə ərzində
22 bomba atılması
nəticəsində 9 nəfərin
ölümü, 130-dan çox
dinc sakinin yaralanması ilə nəticələnən hadisəyə
beynəlxalq miqyasda verilən addır) hadisəsi nəql edilir. Əsərdə akademikin öldürülməsi
əmrini o dünyadan
verirlər, bununla da müəllifin nəyə işarə etdiyi bilinir: “Əgər akademikin qatili bu dünyadakı
insanlar arasında tapılmadısa, yoxdursa, deməli, onu öldürənlər başqa
dünyadan göndərilib”.
Eyni zamanda qətlin motivi Moisey Kalankatlunun “Alban tarixi” əsərini Z.Bünyadovun dilimizə çevirməsi, həmin
kitabda da peyğəmbərimizin əleyhinə
bəzi ifadələr
işlədilməsi, akademikin
həm də “Qurani-Kərimi” tərcümə
etməsi kimi məqamlarda əksini tapıb.
Roman yas məclisi
(ölüm motivi) ilə başlayır, yuxu, axirət real-irreal aləmin sərhəddi və keçidləri ilə davam edir. Sanki müəllif bütün
bu ardıcıl müşayiət olunan qeyri-real ələmlə dünyanın yalan olmasına, hədərliyini
göstərir. Sonda qəhrəmanının
ölümü ilə
ölüm çevrəsi
qapanır. İlk ölüm
(yas mərasimi) xəbərdir, son ölüm
isə tale.
Romanın qəhrəmanı əsərin
sonunda (“Güzgü” adlı hissədə) o biri dünyaya qayıdır və o, özünü başqalarında
tapır. Onu o biri dünyaya, cənnətə aparırlar
(məhz aparırlar –
yəni seçim onun,əslində, heç kəsin öz ixtiyarında deyil). Onu aparanlar da ona oxşayanlar və əqidədaşlarıdır.
Nəsiminin qəzəlində
də məhz əqidə adamlarının
(möminlərin) bir-birinin
güzgüsü olması
məqamları var:
Camalı
möminin möminə
mirat
Ki, daim möminin ol mənzəridir.
yaxud:
“Möminin miratı mömindir”,
dedi Xeyrülbəşər
Güzgüyi-safi
dutun,
güzgüdə Allahı
görün!
Bu romanı birnəfəsə
oxumalısan. Çünki real və irreal dünya o qədər iç-içədir ki, o sıxlığı
böyük mütaliə vaxtına parçalayanda ardıcıllığı
izləmək olmur. “Bərpaçı”
romanında yazıçının özünün
dünyaya ünvanladığı suallar var. Ancaq
bu sualların “ipi” dərinə
sallanmır. Çünki birincisi
din şəksiz razılaşmağın
tərəfdarıdır, həm də ona
görə ki, bizim
axirət dünyayla bağlı təsəvvürümüz
var, təcrübəmizsə yox. M.Cəfərli bu cür incə, sualdolu məqamları
estetcə, həm imana, həm də
ağıla söykəncəli edir. Suallar demişkən,
gəlin romandan oxucunun beynində yarana bilən suallara nəzər salaq:
* Əbədi dünyadan,
lap elə tamam problemsiz olan cənnətdən insan bıkmayacaqmı?
* Bu dünyadan o dünyaya getmək mümkün olduğu kimi, o dünyadan bu dünyaya qayıtmaq mümkündürmü?
* Bəlkə bütün hadisələr, reallıqlar,
olanlar kiminsə yuxusudur? (F.M.Dostoyevski
“Gülməli adamın
yuxusu” hekayəsinin V hissəsində həyatın
yuxu olması fikrini əsaslandırmağa
çalışıb).
* Bəlkə bizə yuxu kimi görünənlər
həqiqətdir?
M.Cəfərlinin romanındakı sualları
bugünkü dünyaya
ünvanlanan hansı
dərəcədəsə bəşəri suallardır.
Suallar bugünkü cəmiyyət
üçün lazımdır.
Çünki bu gün
din də sualsız təbliğ (idarə) edilir (fitvalar, sanasız təriqətlərin
qayda-qanunları, onların
dünyaya dəyər
kimi sunduqları inanclar), siyasətdə hardasa “yesən də budur, yeməsən də” prinsipi ilə həyata keçirilir.
Yəni böyük qüvvələr
fikir öyrənmirlər,
öz bildiklərini yeridirlər. Bu çağda M.Cəfərlinin
sualları sürət
zamanında dayanmaq bilməyən insanı yolundan əyləmək, onlardan nəsə soruşmaq istəyidir.
O, dərin mətləbləri
ifadə edir, cavab təklif eləmir, o sualları əyan edir. “Bərpaçı” romanı
ilə təxminən
belə bir mesaj ötürür: “gəlin birgə və bir də
düşünək”. Romanda qoyulan problemlər
və yaranan suallar baxımından bu əsər indiki zamanımıza çox uyğundur.
Fərid Hüseyn
525-ci qəzet.-
2014.- 12 aprel.- S.19.